Əbədi İstiqlalımızın tarix yaşadan monumental abidəsi

 

 

Müasir Azərbaycan Respublikası müstəqilliyinin bərpasına nail olarkən özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yayan 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal” abidəsi ucaldılıb.

 

1990-cı ilin iyulunda Moskvadan Bakıya qayıtdıqdan sonra Naxçıvana üz tutan Heydər Əliyevi avqust ayında qədirbilən Naxçıvan əhalisi təşəbbüs göstərərək, həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan MSSR Ali Sovetinə deputat seçdi. MR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında analoji qərarlar qəbul edilsin. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı proseslər, o cümlədən 1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə Azərbaycan xalqının Milli Azadlıq Hərəkatının mərkəzi Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri də məhz Heydər Əliyev oldu. Sonrakı proseslərdə Heydər Əliyevin deputat kimi nümayiş etdirdiyi ardıcıl və mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli təklifləri onu tezliklə xalqın liderinə çevirdi.

 

Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də Azərbaycanın müstəqillik yolunun əsasını qoyub. “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”, - deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas edib, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atdı. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı.

 

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Tale ulu öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

 

Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti XX əsr dünya siyasi mədəniyyətinin ən qabaqcıl demokratik formalarını öz dövlət təsisatlarında milli zəmində tətbiq etməyin ilk təcrübəsi idi. Bu təcrübə zamanın sınağından uğurla keçərək yeni dövrdə Azərbaycanın dövlətçilik ənənəsinin əsasını yaratdı. Bu bizim xalqımız üçün taleyüklü bir nailiyyət idi.

 

Əgər o zaman Cümhuriyyət yaranmasaydı, sonradan ölkəmizin Sovet İttifaqı tərkibinə müttəfiq respublika kimi daxil olması və bu İttifaq dağılarkən, bir suveren dövlət kimi öz müstəqilliyini bərpa etməsi də mümkün olmayacaqdı. Heydər Əliyev Azərbaycan Ali Sovetində oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu. Bundan əvvəl, ümummilli lider Azərbaycan rəhbərliyinin SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə qoşulma cəhdinə də hamıdan qabaq - 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmişdi.

 

Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir deyə bəyan edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir həlqəni təşkil etdiyini, bununla xalqımızın milli şüurunda zəngin dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha nümayiş etdirdiyinə toxunan Prezident İlham Əliyev yüz üç il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını və iki il ərzində fəaliyyət göstərməsini tarixi hadisə kimi səciyyələndirib. Ümummilli lider Heydər Əliyev müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirir və Cümhuriyyət ideyalarının ölkədə daha geniş şəkildə yayılmasına çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin atributlarının müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilməsi ulu öndərin müstəsna xidməti idi. Bu gün zamanında Naxçıvan Ali Məclisində üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul olunmasına dair qərar verilməsi kimlərəsə adi görünə bilər. Lakin unutmamalıyıq ki, bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu bir dövrdə baş vermişdi.

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Xalqımız həmin tarixi ən əziz bayramlarından biri - Respublika Günü kimi təntənə ilə qeyd edir. Azərbaycanda müstəqil, azad, demokratik respublika qurmaq məqsədini öz qarşısına qoymuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər xalqımızın tarixində dərin iz buraxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, onun aşılamış olduğu müstəqillik hissi xalqımızın yaddaşından heç vaxt silinməmişdir. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutduğunu nəzərə alaraq, onun adının əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyev Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında Sərəncam imzalamışdı. 2007-ci il mayın 25-də “İstiqlaliyyət” küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal” abidəsinin açılışı olmuşdur. Abidə Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin binası arasında ucaldılıb. Qranitdən və mərmərdən yonulmuş abidə üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam oldu. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən, ölkədə və ölkə xaricində Milli bayram təntənələrini özündə təcəssüm etdirən silsilə tədbirlər həyata keçirildi. Bugünkü Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olan və qurulan Xalq Cümhuriyyətinin varisidir. Cümhuriyyətin yaratdığı ənənələr Azərbaycan dövlətinin fəaliyyətində layiqincə davam və inkişaf etdirilir. Ölkənin ərazi bütövlüyü bərpa olunub. Bu gün Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə uğurla addımlayan və qlobal strateji əhəmiyyətə malik, bölgədə söz sahibi olan qüdrətli dövlətdir.

 

 

 

Mustafa KAMAL,

 

Respublika.- 2021.- 4 iyun.- S.1;2