“Ruhlar şəhəri”nə
həyat qayıdır
44 gün davam edən Vətən müharibəsində qazanılan parlaq qələbə sınan qürurumuzu, itirilən torpaqlarımızı, inamımızı və arzularımızı bizə bəxş edib. İşğaldan azad edilən torpaqlarda çox böyük layihələr həyata keçirilir. Bərdə - Ağdam avtomobil yolunun çəkilişi həmin layihələrin tərkib hissəsidir. Bu, sıradan bir yol tikintisi deyil. Bu yol Böyük Qayıdış yoludur. Bizi yurdumuza, işğaldan azad edilmiş ərazilərimizə aparan yoldur.
Mayın 28-də Prezident cənab İlham Əliyev yolun təməlini Ağdam rayonunun Ətyeməzli kəndinin girişində, Uzundərə adlanan yerdə qoydu. İndi burada işlər sürətlə gedir. Qürurverici görüntülərdir. Yolun tikintisi də başa çatacaq, Ağdam da bərpa olunacaq. Dövlət başçısının dediyi kimi, elə bir Ağdam qurulacaq ki, bütün dünya üçün örnək olacaq. 27 il Vətən həsrəti ilə yaşayan ağdamlılar bu yolla yenidən qurulan gözəl Ağdam şəhərinə qayıdacaqlar.
Qeyd edək ki, bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işləri əhatə edir. Bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək. Yolun uzunluğu 44.5 kilometrdir. Mütəxəssislərin fikrincə, bu yollar vasitəsilə Şərqdən Azərbaycana, İrana və Türkiyəyə göndəriləcək malların daha qısa marşrut və zaman içərisində son ünvanına göndərilməsi baş tutacaq. Ağdamdan gələcək illərdə həm Xankəndiyə, həm də Bakı-Türkiyə dəmir yoluna birləşəcək yeni xətlərin çəkilməsi Dağlıq Qarabağın Azərbaycana inteqrasiyasını möhkəmlədiriləcək. Bir sözlə, bu yollar eyni zamanda regionların inkişafına və tərəqqisinə xidmət edəcək.
Vaxtilə Ağdam şəhəri əhalisinin sayı 36 min nəfər olub. Cənab Prezidentin tapşırığına uyğun olaraq, birləşdirilən kəndləri və əhalinin artımı da nəzərə alınaraq şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar olub. İndi şəhərin ərazisi iki dəfə böyüdülür. Bir sözlə, Ağdam Azərbaycanın böyük sənaye və turizm şəhərlərindən biri olacaq. Bundan başqa, Baş Plana uyğun olaraq birinci mərhələdə 71 kəndi daha rahat, daha uyğun qurmaq üçün 33 kənd layihəsi işlənib. Ondan sonrakı mərhələdə qalan kəndlər də tədricən bərpa ediləcək. Kəndlərdə ilkin islahatlar kənd təsərrüfatı torpaqlarını əhatə edəcək. İslahatlara əsasən, hər bir nəfərə, təqribən 25 sot pay torpağı nəzərdə tutulub, eyni zamanda, hər ailəyə 18 sot həyətyanı sahə müəyyən olunub. Rayon sakinləri istəsələr həm intensiv təsərrüfat qura, həm də dədə-baba qaydası ilə öz işlərini apara biləcəklər.
Ağdam şəhər sakini Natiq Cavadov ürək sözlərini dilə gətirir:
-Ağdamın dəyərli təhsil ənənələri olub, bu qədim diyar Azərbaycan elminə görkəmli alimlər bəxş edib. Ağıllı şəhər və dayanıqlı şəhər konsepsiyasında təhsilin inkişafı xüsusi nəzərə alınıb. Prezidentin göstərişi ilə Ağdamda Qarabağ Universitetinin yaradılması nəzərdə tutulub. Bu, bütün Ağdam ziyalılarının, eləcə də ağdamlıların ən böyük arzularından biri idi. Sonsuz sevinc içərisindəyik. Təhsilə, elmə, gələcəyə qoyulan bu investisiya yaxın zamanlarda öz gözəl bəhrəsini verəcək. Bundan başqa,Təhsil Nazirliyinin təklifi ilə 15 məktəb layihəsi də verilib. Universitetdən əlavə, xüsusi orta təhsil müəssisələri və liseylər də yaradılacaq. Bir sözlə, Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə ziyalılar adından, çoxminli təhsil işçiləri adından dərin minnətdarlığımızı bildiririk.
Ağdam şəhərinin Baş Planının təqdimatında ağdamlılara gözəl sürpriz, əsl möcüzə təqdim olundu. Demək, Ağdam dünyanın ən gözəl şəhərlərindən biri olacaq, həm də qeyri-adi gözəlliyi ilə başqalarından seçiləcək. “Ağıllı şəhər” layihəsi ilə tikilən Ağdam şəhərində tramvay, velosiped, avtomobil və piyada yolları bir-biri ilə kəsişməyəcək, şəhərin mərkəzində böyük bir süni göl yaradılacaq, meşə-park salınacaq. Meşə-park ərazisində 2800 ədəd Eldar şamı ağacının əkilməsi nəzərdə tutulur. Artıq 1500 ədəd ağac əkilib. Ağacların dibinə dirək basdırılıb və suvarılması təmin edilib. Digər ağaclar payız mövsümündə əkiləcək.
Sözün əsl mənasında, Ağdamın xarabalıqları üstündə müasir bir şəhər inşa olunacaq. Ağdam şəhərinin içindən keçəcək kanalın suyu burada yaradılacaq gölə töküləcək. Təkcə meşə-park deyil, Dağüstü park, İmarət kompleksi, Zəfər muzeyi, qayıqla gəzintiyə çıxmaq üçün kanal, üzərində təsvirlər verilən göl, şəhərətrafı bağlar və sair “ruhlar şəhəri” adlandırılan Ağdam tək Azərbaycanın deyil, Qafqazın ən gözəl şəhərinə çevrilməsinə səbəb olacaq.
Ermənilərin dağıtdıqları yaşayış və ictimai binaların bir çoxu olduğu kimi saxlanacaq, açıq havada muzey kimi qorunacaq, erməni vəhşiliyi qonaqlara və turistlərə nümayiş olunacaq. Ağdam həm də “yaşıl enerji” zonasına çevriləcək.
Ağdam şəhər sakini Habil Qurbanov Prezidentin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak edib. Təəssüratları çox zəngindir, tarixi bir hadisənin şahidi olub. Habil müəllim söhbət zamanı dedi:
-İnanın ki, həyatımın ən xoşbəxt günlərindən birini yaşadım. Yeni Ağdamın təməli qoyuldu. Sevincimizin həddi-hüdudu yoxdur, uzun illər həsrətini çəkdiyimiz yurd yerinə qayıdırıq, əcdadlarımızın torpağına sahib çıxırıq. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev nəsib etdi. Bu xoşbəxtliyi təkcə bizə yox, keçmiş məcburi köçkünlərə yox, bütün Azərbaycan xalqına bəxş edib. Bizim itmiş inamımız qaytarılıb. Bizim ölməkdə olan ümidlərimiz yenidən dirçəldilib, taleyimizə yeni bir həyat yazılır. Şəhərin Baş Planına baxanda elə bildim ki, möcüzələr adasındayam. Dünyanın bir çox şəhərlərində olmuşam. Dünyada Ağdamın bənzəri olmayacaq. Prezidentimizə, Qalib Ali Baş Komandana dərin minnətdarlığımı bildirirəm.
Şəhər sakini Əkbər Rüstəmov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Oğlu Sənanla çiyin-çiyinə erməni təcavüzünə qarşı döyüşüb. Sənan döyüşlərin birində qəhrəmanlıq göstərərək şəhid olub. Şəhid atası deyir:
-Əvvəlcə onu deyim ki, qırx dörd gün davam edən müharibə dövlətimizin gücünü, Silahlı Qüvvələrimizin rəşadətini, xalqımızın birliyini göstərdi. Biz Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, xain düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə cansağlığı. Ağdamın Baş Planının təqdimatını televizordan izlədim. Çox sevindim, qürur duydum. Yeni bir Ağdamı görəcəyik, nəvə-nəticələrimiz müasir bir şəhərdə yaşayacaq. Bundan böyük xoşbəxtlik ola bilməz. Bütün ağsaqqallar adından möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.
Salman ALIOĞLU
Respublika.- 2021.- 5 iyun.- S.5.