Gəncləri vətənpərvərlik ruhunda yetişdirilən xalq yenilməzdir

 

Zamanın tələbinə uyğun bacarıqlı, geniş dünyagörüşlü, ümumbəşəri əxlaqi dəyərlərə sahib, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət hisslərini özündə inkişaf etdirən, müstəqil Azərbaycan naminə hər zaman, hər yerdə yorulmadan, əzmlə, fədakarlıqla çalışan gənc nəslin yetişməsi bu gün çox vacibdir. Ölkəmizin daha da inkişafı və çiçəklənməsi yolunda layiqli vətəndaş olaraq öz bilik və bacarıqlarını əsirgəməyən, qazandıqları yüksək intellektual dəyərlərlə Azərbaycanın parlaq simaları olan gənclər dövlətin aparıcı qüvvələri olmaqla bərabər, həm də bu gün dünya ölkələri sırasında müstəqil bir dövlət kimi gündən-günə inkişaf edən, möhkəmlənən, söz sahibi olan Azərbaycanın işıqlı sabahının qurucularıdır.

 

Bir millətin yüksəlməsi o millətin gənclərinin təlim-tərbiyəsindən, inkişafından və dünyaya inteqrasiyasından çox asılıdır. Gəncləri vətənpərvərlik ruhunda yetişdirilən xalq hər zaman tərəqqiyə qadirdir. Bu gün Azərbaycan müstəqilliyinin əbədi, qüdrətinin tükənməzliyi ilə dünyanın diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev irsinə sadiq, respublikamızın təməl dəyərlərini, xalqımızın milli əxlaq və mədəniyyətini mənimsəmiş, azad və elmi düşünə bilən, hər zaman vətən və millətinin mənfəətini hər şeydən üstün tutan Azərbaycan gənci istər elm, təhsil, istərsə də idman sahəsində üçrəngli bayrağımızı dünyanın hər yerində şərəflə dalğalandırır, Vətənimizi azad, suveren bir dövlət kimi dünya miqyasında qürurla təmsil edir.

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının ölkə gənclərinə olan inam və etibarı, diqqət və qayğısı, müstəqil dövlətimizin daha etibarlı və gözəl gələcəyinin formalaşması üçün yüksək əhəmiyyətə malik fərman və sərəncamları gənclərin qarşısında mühüm vəzifələr qoyur. Davamlı inkişaf strategiyasının mühüm hissəsini təşkil edən gənclər siyasəti ölkəmizdə uğurla davam etdirilir.

 

Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edir, dövlətin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi beynəlxalq aləmdə təbliğ edirlər. Bu tədbirlər Azərbaycan gənclərinin dünyagörüşünün, fəallığının artmasında, onların beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır.

 

Azərbaycanda gənclər siyasəti dövlətin həyata keçirdiyi siyasi kursun prioritet istiqamətlərindən biridir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini, dünyagörüşünün artırılmasını, sosiallaşmasını, inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkilini, potensiallarının üzə çıxarılmasını həyata keçirməklə ölkəmizdə insan kapitalının inkişafına töhfə verən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tabeliyində Gənclər Mərkəzləri fəaliyyət göstərir.

 

Bakı və onun rayonlarında, eyni zamanda bölgələrimizdə gənclər siyasətinin əsas infrastrukturu olan Gənclər Evi şəbəkəsinin genişlənməsinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, rayonlarda dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarələrinin fəaliyyətinə yardım göstərilməsidir.

 

Bu gün Naxçıvan Muxtar Respublikasında, Ağcabədi, Ağstafa, Daşkəsən, Göygöl, Masallı, Qobustan, Quba, Saatlı, Tərtər, Zərdab və s. rayonlarda Gənclər Mərkəzi, Gəncə, Astara, Balakən, Qusar, Şirvan, Tovuz və başqa rayonlarda Gənclər Evi fəaliyyət göstərir. Gənclərin karyera quruculuğu, yerli və beynəlxalq proqramlarda iştirakı, təcrübə proqramları, təlim və görüşlər, inkişaf məktəbləri, təkmilləşdirmə proqramları, asudə vaxtlarının səmərəli təşkili sahəsində fəaliyyətlərini həyata keçirən Bakı Gənclər Mərkəzi 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılaraq ölkə gənclərinin istifadəsinə verilmişdir.

 

Dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına mühüm təkan verən Gənclər Mərkəzlərində gənclərin fərdi inkişafı, dünyagörüşü, təfəkkürünün formalaşması və təkmilləşdirmə proqramları sahəsində fəaliyyətlərin həyata keçirilməsi üçün müxtəlif səpkili tədbirlər, inkişaf proqramları, gənclərin təkmilləşdirilməsi, maariflənməsi, yüksək bilik və bacarıqlar əldə etməsi üçün müxtəlif kurslar və inkişaf məktəbləri, təcrübə proqramları, təlim və görüşlərin həyata keçirilməsi nəzərdə tutulan yerli və beynəlxalq layihələr həyata keçirilir. Bunun nəticəsidir ki, bu gün mədəniyyət və incəsənət, elm, texnika və təhsil sahələrində nailiyyətlər qazanan, respublikamızı xarici ölkələrdə, beynəlxalq miqyaslı tədbirlərdə yüksək səviyyədə təmsil edən gənclərin sayı ildən-ilə artır.

 

Sabunçu rayonunda fəaliyyət göstərən və gənclər siyasətini həyata keçirən sosial xidmət müəssisəsi olan Sabunçu Gənclər Evi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq 2014-cü ildə istifadəyə verilmişdir.

 

Sabunçu Gənclər Evində gənclərin xarici dilləri sərbəst öyrənmələri üçün xarici dil kursları, gənclərin idmanla mütəmadi olaraq məşğul ola bilmələri üçün trenajor, fitnes, gimnastika, stolüstü tennis, taekvando və bilyard dərnəkləri, gənclərin peşə təhsili almaları üçün xalçaçılıq, rəsm və tibbyönümlü kurslar, məktəbəqədər hazırlıq, şahmat, məntiq, rəqs və psixoloji mərkəz də fəaliyyət göstərir.

 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən siyasətin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuş, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artırılmasına olduqca müsbət təsir göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmiş Suraxanı Gənclər Evi də bu siyasətin uğurlu nəticəsidir.

 

Balakən Rayon Gənclər Evi rayon gənclərinin asudə vaxtının səmərəli təşkili, nümunəvi və müasir düşüncəli gənclik yaratmaq üçün fəaliyyət göstərir. 2008-ci ildə rayon gənclərinin istifadəsinə verilən Balakən rayon Gənclər Evində mədəni-kütləvi tədbirlər və asudə vaxtın təşkili otağı, internet klub, stolüstü oyunlar otağı, trenajor zalı, treninqlər, gənclərin vətənpərvərlik tərbiyəsi üçün nəzərdə tutulmuş otaqlar, kitabxana, 45 nəfərlik konfrans zalı və s. fəaliyyət göstərir.

 

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsi tikilib istifadəyə verilmişdir.

 

2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamış Kürdəmir rayon Gənclər Evində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait yaradılıb. Gənclər Evində stolüstü oyunlar, kompüter və milli kulinariya kursları fəaliyyət göstərir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili və vətənpərvərlik ruhunun yüksəldilməsi üçün Kürdəmir rayonunun Gənclər Evinin binası genişləndirilərək, müasir standartlara uyğun inşa olunmuşdur.

 

Rayon gənclərinin toplantı mərkəzinə çevrilmiş Gənclər Evində gənclərin bilik səviyyəsini artırmaq və müasir texnologiyaları daha da mükəmməl öyrənmələri üçün 2012-ci ilin iyul ayından etibarən kompüter və ingilis dili kursları da fəaliyyət göstərir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Gənclər Evində gənc müəllimlər, həkimlər, sahibkarlar, idmançılar bölmələri yaradılmış və burada mütəmadi olaraq viktorinalar və turnirlər təşkil olunmuşdur.

 

2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən yaradılan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Sumqayıt Gənclər Evi sosial xidmət müəssisəsi olaraq gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi daşıyır.

 

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Rayonda yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasında mərkəz böyük rol oynayır. Burada həm təlim keçən gənclərin, həm də idmançıların rahat istirahəti təmin olunub. Mərkəzdə kompüter bilikləri və xarici dil üzrə xüsusi kurslar təşkil olunmuş, müxtəlif mövzularda “dəyirmi masa”lar keçirmək üçün müasir üslubda konfrans zalı yaradılmışdır.

 

Açıq havada quraşdırılan idman qurğuları, futbol, basketbol və voleybol meydançaları gənclərdə idmana olan həvəsi daha da artırır. Kompleksdə inşa olunan 6 kottecdə gənclərin istirahəti üçün hər cür şərait yaradılıb.

 

Son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin sosial siyasət kursunun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biri olan gənclər siyasəti uğurla davam etdirilir. Dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə gənclərin inkişafı ilə bağlı mühüm dövlət proqramları və strategiyalar qəbul olunur. Ulu öndərin milli dövlətçilik irsini bu sahədə də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi nəticəsində iqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regional və qlobal miqyasda davamlı olaraq artan respublikamızda gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atılır, gənclərin intellektual və innovativ yaradıcılıq potensialının reallaşmasına şərait yaradan, ictimai təşəbbüslərini dəstəkləyən lazımi qərarlar qəbul edilir.

 

Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin inkişaf strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin yaradıcı innovativ potensialının üzə çıxarılmasına, azərbaycançılıq və dövlətçilik prinsipi əsasında tərbiyəsinə, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə, sağlamlığının qorunmasına, təhsil və məşğulluq məsələlərinə, qərarların qəbulu prosesində iştirakının artırılmasına yeni imkanlar yaradır.

 

Gənclər siyasətinin əsasını azərbaycançılıq ideologiyasının təşkil etdiyini, Azərbaycan gənclərinin vətənpərvərliyinin milli mentalitet əsasında formalaşdığını bildirən ölkə başçısı Şuşada hərbçilərlə görüşü zamanı tarixi zəfərimizdən danışarkən ordumuzun tərkibinin əsasını gənclərin təşkil etdiyini, Vətən müharibəsinin iştirakçılarının əksəriyyətinin gənclər olduğunu vurğulayaraq demişdir: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Dövlət başçımız çıxışlarında dönə-dönə həm də onu vurğulayır ki, düşmən üzərində qələbədə payı olan gənclərin əksəriyyəti o dövrün uşaqlarıdır - yəni torpaqlarımızın işğalından sonrakı dövrün. O uşaqlar ki, görmədikləri, yalnız xəyallarında canlandırdıqları ata-baba yurdları uğrunda son nəfəsinədək vuruşub zəfər tariximizi yazdılar. Ölkə başçısının da qeyd etdiyi kimi “bax, budur vətənpərvərlik”.

 

Bu gün dövlət gənclər siyasətinin məğzində də gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək amili dayanır.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2021.- 9 iyun.- S.1;3.