Əbədi müstəqilliyə aparan böyük
qayıdış
15 iyun Milli Qurtuluş
Günüdür
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bu tarix ölkənin hərtərəfli inkişafına, dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə yönələn yeni bir mərhələnin başlanğıcıdır.
Sözsüz ki, müasir tariximizin böyük bir mərhələsi görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur. 1993-cü ilin gərgin iyun günləri hər birimizin xatirindədir. Dönüb geriyə baxanda ötən 28 ildə Azərbaycanın necə dəyişdiyini, sürətlə inkişaf etdiyini, müstəqilliyinin daha da möhkəmləndiyini, dünya birliyində özünə layiqli yer tutduğunu, regional və qlobal miqyasda söz sahibinə, Cənubi Qafqazın liderinə çevrildiyini görərik. 1993-cü ilin iyununda ölkəmizin parçalanmaq, müstəqilliyimizin itirilmək təhlükəsi yaşandığı ərəfədə biz bugünkü möhtəşəm uğurlarımızın yaxın gələcəkdə olacağını təsəvvür belə edə bilməzdik. Amma bunlar baş verdi, çünki ağrı-acılı iyun günlərində Azərbaycan xalqı ən doğru və ən müdrik seçimini edərək ulu öndər Heydər Əliyevə üz tutmuşdu.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi məhz ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamların göstəricisi idi. Həmin tarixi iclasda Heydər Əliyev ömrünün sonrakı hissəsini Azərbaycana həsr edəcəyini bəyan etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
15 iyun Azərbaycanın tərəqqisinin başlanğıc tarixidir. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi və Milli Qurtuluş Günü Milli Məclisin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyildiyi kimi: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi.
Bəşəriyyət elə dühalar yetişdirir ki, onlar özləri tarix yaradır, Vətəninin və xalqının xilaskarı kimi onun taleyini dəyişə bilirlər. Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev məhz belə şəxsiyyət idi. Müasir tariximizin bütöv bir epoxası, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu gün müstəqil Azərbaycanın mövcudluğu və qüdrətli bir ölkəyə çevrilməsi üçün hamımız Heydər Əliyevə borcluyuq. Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan xalqı müstəqil dövlətini elan etdikdən sonra daha aydın hiss olunmaqda idi. Həmin dövrdə siyasi qeyri-sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, ölkəni bürümüş xaos və anarxiya, erməni təcavüzkarları ilə müharibədə acı məğlubiyyətlər müstəqilliyimizi təhlükə qarşısında qoymuşdu. Getdikcə daha çox insan dərk edirdi ki, zamanında milli məfkurənin genişlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə cavab olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla, respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib, reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri xalq üçün yaşanmış bir ömrün qızıl salnaməsidir.
2000-ci ildən dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında test üsulu ilə seçilmiş, ölkədə fəaliyyət göstərən hakim korpusu təzələnmişdir. Görülmüş tədbirlər əhali arasında məhkəmələrə inamı artırmış, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış “cəza qanunları” təəssüratı aradan qalxmışdır. 2004-cü ilin sonunda məhkəmələr və hakimlər haqqında qanunun əsaslı şəkildə yeniləşməsi, Məhkəmə-Hüquq Şurası haqqında xüsusi qərarın qəbul edilməsi ədalət məhkəməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ulu öndərin iqtisadi, siyasi və hüquqi islahatlar kursunu inamla davam etdirmişdir. Prezident İlham Əliyevin inamla gerçəkləşdirdiyi məhkəmə-hüquq islahatlarının əsasında hüquqi dövlət quruculuğunun, vətəndaşların qanuni maraq və mənafeyinin ədalət məhkəməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi dayanır. Dövlət başçısının “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanunun tətbiq edilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanı vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə meydan açmışdır.
Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi Heydər Əliyevin öz xalqı qarşısında əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, həm də onu əbədi və dönməz etdi.
Müstəqilliyimizin otuzuncu ilini yaşadığımız bir vaxtda keçilən yola bir daha nəzər salmaq, tarixin dərslərindən nəticə çıxarmaq lazım gəlir. Keçmişi xatırlamaq, tarixdən ibrət götürmək bizə, hər şeydən əvvəl, gələcəyin yolunu düzgün müəyyənləşdirmək üçün gərəkdir. Həqiqətən də, tarixin çoxəsrlik təcrübəsi təsdiqləyir ki, müstəqilliyin qorunub saxlanması onun əldə olunmasından da qat-qat çətin vəzifədir. İrimiqyaslı qlobal siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirmək iqtidarında olan şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin taleyi baxımından müstəsna əhəmiyyət daşıyan 1993-cü il 15 iyun hadisələrinin -indiki Qurtuluş Gününün mahiyyətinə vararkən söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Yoxsa, fürsət itiriləcək, məhrumiyyətlər olacaq və qurbanlar hədər gedəcək. Bu mənada Mustafa Kamal Atatürkün Türkiyə, Şarl De Qollun Fransa üçün etdiklərini Heydər Əliyev ən çətin məqamda Vətəni və xalqı naminə edib. Dövlət o vaxt güclü və yenilməz olur, qarşısına çıxan maneələri dəf edə bilir ki, onun rəhbəri ilə xalqı arasında möhkəm birlik olsun. Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində aparıcı rol oynayıb, xalqımızı bəlalardan qoruyub. Dünyanın ən dahi şəxsiyyətlərindən biri olan ulu öndərimiz Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına və Vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. Ulu öndər böyük qürur hissi və fəxrlə deyirdi: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımızın bu günü və sabahı ilə yaşamışam ... Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Milli Qurtuluş Günü Azərbaycanın tarixində ən önəmli hadisə kimi xüsusi əhəmiyyətə malikdir. Böyük siyasi xadim Heydər Əliyev bu qayıdışla tamamilə dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmış Azərbaycan dövlətini səbirlə, qətiyyətlə, müdrikliklə yenidən qurmağa başladı. Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.
Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Ulu öndərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
Demokratik, hüquqi dövlət quruculuğu və onun əsas tərkib hissəsi olan məhkəmə-hüquq islahatları Heydər Əliyev siyasi kursunun və dövlətçilik ənənələrinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir, praktik tədbirlərin dairəsi genişləndirilir, ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər edilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında son 03 aprel 2019-cu il tarixli Fərmanını buna misal göstərmək olar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq ardıcıl tədbirlər görülmüş, ədliyyə və məhkəmə orqanları yüksək infrastrukturla təmin edilmiş, vətəndaş məmnunluğu təmin edilməklə bir çox nailiyyətlərə imza atılmış və bu proses davam etməkdədir.
Builki Milli Qurtuluş Günü digər bayramlardan fərqlidir. Məlum olduğu kimi, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına qatıldılar. Festivalda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarxın təqdimi isə ulu öndərimizin ən böyük arzusunun həyata keçməsinin təsdiqi idi.
Heydər Əliyev xalqımızın qürur və iftixar yeri, Azərbaycanın əbədi milli sərvəti, dünəni, bu günü və sabahıdır! Onun ideyaları və siyasəti əbədiyaşardır. Ən yüksək dəyəri və qiyməti də, məncə, Heydər Əliyev özü hələ sağlığında “Azərbaycan var olduqca, mən də var olacam, Azərbaycan yaşadıqca, mən də yaşayacağam” deməsi ilə vermişdi. Azərbaycan isə həmişə var olacaq, ulu öndər də qəlblərdə qurduğu taxt-tac ilə həmişə yaşayacaqdır!
Ələddin CƏFƏROV,
Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin və Məhkəmə
Hakimləri Assosiasiyaları
İttifaqının sədri.
Respublika.- 2021.- 9 iyun.- S.3.