Naxçıvanda böyük
enerji potensialı yaradılıb
Naxçıvan Muxtar Respublikası çoxəsrlik tarixə, maddi-mədəniyyət abidələrinə malik olan qədim Azərbaycan torpağıdır. 1921-ci ildə Zəngəzurun Ermənistana birləşdirilməsi bölgəni Azərbaycanın əsas hissəsindən ayrı salmışdır. Naxçıvan üç tərəfdən Ermənistanla, bir tərəfdən isə İran və Türkiyə ilə həmsərhəddir.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verən hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycandan gələn elektrik xətlərinin Ermənistan tərəfindən kəsilməsi və həmin ilin noyabrında qaz nəqlinin dayandırılması regionu ağır duruma saldı.
Dəmiryol nəqliyyatında qatarların hərəkətinin dayanması (odun, daş kömür, neft məhsullarının qıtlığı) əsas gücü energetika təsərrüfatının üzərinə saldı. O illər Naxçıvanda enerji daşıyıcılarına olan tələbat çox az səviyyədə ödənilir, elektrik enerjisi fasilələrlə yaşayış üçün zəruri olan mühüm obyektlərə verilirdi. Araz çayı üzərində İranla birgə tikilən su elektrik stansiyası da tələbatın yalnız 5-6 faizini ödəyirdi.
Ulu öndər Heydər Əliyev muxtar respublikada yaşanan bu çətinliklər barədə demişdi: “Gecə saat ikiyə, üçə qədər iş otağımda az işıq verən neft lampası ilə oturub işləyirdim, bunu hamı bilirdi. Evlərə elektrik, istilik vermək üçün heç bir imkan yox idi. İnsanlar həqiqətən donurdular...”.
Həmin dövr ümummilli liderin Naxçıvanın xilası uğrunda fəaliyyətinin əsas istiqaməti muxtar respublikanın energetika və yanacaq problemlərinin həllinə yönəldi. 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyev həmin ilin dekabr ayında Türkiyənin “Aralıq” yarımstansiyasından “Sədərək” yarımstansiyasına 31,5 kilovoltluq elektrik xəttinin çəkilməsinə nail oldu və bölgəyə 3-4 meqavat gücündə enerji ötürülməyə başlandı. Həmin ərəfədə ulu öndərin başçılığı ilə Naxçıvan nümayəndə heyətinin Türkiyəyə səfəri əhəmiyyətli hadisə oldu. 1992-ci ilin mart ayında gerçəkləşən səfər zamanı Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və Naxçıvanın düşdüyü ağır vəziyyət müzakirə olundu. Görüşün nəticəsi olaraq, muxtar respublikanın qonşu dövlətlərlə bütün sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə birgə protokol imzalandı.
1992-ci ilin avqustunda Heydər Əliyev İran İslam Respublikasına ilk səfərini etdi. Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair protokol imzalandı və İran İslam Respublikasından muxtar respublikaya 42 meqavat elektrik enerjisi daxil oldu. 1993-cü ilin may ayında Türkiyənin İğdır şəhərindən muxtar respublikaya 87,5 kilometr uzunluğunda xəttin çəkilişi başa çatdırıldı və həmin dövrdən 55-60 meqavat həcmində elektrik enerjisi ötürülməyə başlandı. Ümummilli liderin təşəbbüsü ilə Türkiyə və İranla bağlanan müqavilələr sonrakı illərdə də muxtar respublikanın sosial-iqtisadi cəhətdən dirçəlməsində mühüm rol oynamışdır.
Ulu öndərin yolunu müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya ilk səfərini edərkən demişdir: “Naxçıvanın əsas problemlərindən biri elektrik enerjisi məsələsidir. Bilirsiniz ki, buraya elektrik enerjisinin əsas hissəsi xaricdən gəlir. Naxçıvana 140 meqavat həcmində elektrik enerjisi verilir. Onun yalnız 20 meqavatı daxildə istehsal olunur. Qalanı isə Türkiyə və İrandan alınır. Bizim proqramlarımız, planlarımız var. Bu istiqamətdə işlər aparırıq ki, Naxçıvanı elektrik enerjisi ilə tam şəkildə təmin etmək üçün layihələr həyata keçirək. Qaz verilməsi məsələsi də gündəlikdədir. Bu istiqamətdə də işlər aparılır. Əlbəttə, əgər Naxçıvanla Azərbaycan arasında əlaqə olsaydı, buraya qaz vermək problem olmazdı... Belə olan halda, əlbəttə, başqa yollar arayırıq ki, bu məsələni də həll edək. Mən əminəm ki, bu məsələni həll edəcəyik. Bu məsələ də öz həllini taparsa, əlbəttə ki, Naxçıvanda yeni müəssisələrin yaradılması prosesi daha da sürətlə gedəcəkdir. Bizim məqsədimiz bundan ibarətdir”.
Muxtar respublikaya, nəhayət, 14 illik fasilədən sonra təbii qazın nəql olunması bərpa edildi. 2005-ci ildən Azərbaycan Naxçıvana təbii qazın verilməsini svop əməliyyatları ilə İran vasitəsilə həyata keçirir. Bu müqavilə 2025-ci ilə qədər qüvvədədir. Eyni zamanda Naxçıvanın qaz təchizatının daha da dayanıqlı olması və Naxçıvana qazın ötürülməsinin şaxələndirilməsi məqsədilə Türkiyədən də qaz nəqli həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikasında energetika sahəsində əldə olunan uğurlar ilk növbədə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə bağlıdır. Ölkə başçısının 2006-cı ilin dekabr ayında muxtar respublikaya səfəri zamanı istifadəyə verilən yeni elektrik stansiyaları regionun elektrik enerjisi ilə təchizatında idxaldan asılılığı aradan qaldırdı. Prezident İlham Əliyev açılış mərasimində demişdir: “Vaxtilə qaranlıqda, qazsız, işıqsız yaşayan Naxçıvan artıq görülən işlər nəticəsində və orada tikilən və bərpa olunan elektrik stansiyalarının hesabına elektrik enerjisi ixrac edə biləcəkdir”.
Dövlətimizin
başçısı həmin gün
bölgə üçün xüsusi əhəmiyyət kəsb edən, ümumi gücü 87 meqavat olan Naxçıvan
modul elektrik
stansiyasını işə saldı. Hazırda
Naxçıvanda tam gücü
ilə işləyən enerji müəssisələrindən
biri də Heydər Əliyevin uzaqgörən
siyasəti nəticəsində 1971-ci ildə Araz
çayı üzərində tikilib
istifadəyə verilmiş su elektrik
stansiyasıdır. İl ərzində burada 93 milyon kilovat/saat elektrik enerjisi
istehsal olunur.
Muxtar respublikada
Vayxır Su Elektrik Stansiyası da istifadəyə verilmişdir. Onun ümumi gücü 4,5 meqavatdır. Burada istehsal olunan enerji ucuz başa
gəlir. Stansiya Türkiyənin
“Cengiz İnşaat Anonim” və “Aksoy” şirkətləri arasında imzalanmış
ortaq müqavilə əsasında Heydər Əliyev Su Anbarı üzərində quraşdırılıb.
Digər
stansiyalardan fərqli olaraq, bu obyektin
layihəsi, quraşdırılması,
sazlanması və digər xərcləri yerli imkanlar hesabına ödənilir.
İstehsal olunan enerji Şahbuz rayonunda istehlakçıların tələbatını
tam ödəyir.
Energetika təsərrüfatında həyata
keçirilən tədbirlər
təkcə yeni və müasir tipli elektrik stansiyalarının tikintisindən
ibarət deyil. Eyni zamanda,
yüksəkgərginlikli elektrik
xətlərində yenidənqurma
və əsaslı təmir işləri aparılıb. Hazırda əsas
diqqət ucuz və alternativ enerji mənbələrinin
yaradılmasına yönəldilib.
Bu məsələ regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramında
da əksini tapıb. Bölgədə
kiçik dağ çayları üzərində
su elektrik stansiyalarının tikilməsinin
vacibliyini vurğulayan
Prezident İlham Əliyev bu sahədə qarşıda
duran vəzifələrdən
danışaraq demişdir
ki, Naxçıvanda tikilən elektrik stansiyalarının və
növbəti illərdə
tikiləcək su elektrik stansiyalarının
gücü elə olmalıdır ki, muxtar respublikada enerji təhlükəsizliyi
tam şəkildə daxili
resurslar hesabına təmin olunsun.
Ulu öndərin
siyasi kursunu uğurla davam etdirən ölkə başçısının rəhbərliyi
ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm
qoymuşdur. Bu sahədə
həyata keçirilən
tədbirlər blokada
şəraitində yaşayan
Naxçıvan Muxtar
Respublikasında da enerji təhlükəsizliyini
təmin etmişdir.
Belə ki, ölkə başçısının
iştirakı ilə
ümumi gücü
87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiya tipli 22 meqavat gücü olan Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat “Arpaçay-1” və
1,4 meqavat “Arpaçay-2” Su Elektrik
Stansiyasının tikilib
istifadəyə verilməsi,
2019-cu ildə isə Kəngərli rayonunun Qabıllı kəndində
2 meqavat gücündə
yeni Günəş Elektrik Stansiyasının qurulması Naxçıvanın
etibarlı enerji təminatına səbəb
olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri
Vasif Talıbov dövlətimizin başçısına
layihə ilə bağlı görülən
işlər barədə
məlumat verərək
bildirdi ki, son illərdə yeni stansiyaların tikilib istifadəyə verilməsi
Naxçıvanın etibarlı
enerji təminatına
imkan yaradıb. Bunun nəticəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi
tam təmin edilib, bir zamanlar yalnız
idxal hesabına elektrik enerjisinə olan tələbatını
ödəyən Naxçıvanda
daxili istehsal hesabına ixrac potensialı yaranıb, bütün yaşayış
məntəqələri fasiləsiz
və dayanıqlı
elektrik enerjisi ilə təchiz edilib.
Araz çayı
üzərində tikilən
Ordubad Su Elektrik Stansiyasının gücü
36 meqavatdır. Stansiya üçün tutumu 1,5 milyon kubmetr
olan su anbarı
inşa olunub. Bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir.
Tənzimləyici bənddə ümumi
işlərin 80 faizi yekunlaşıb. Su elektrik stansiyasında orta illik elektrik
enerjisi istehsalı 190
milyon kilovat/saat nəzərdə tutulur.
Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasına səfəri
çərçivəsində Azərbaycan Televiziyasına
müsahibə verib: “Təəssüratlarım çox
müsbətdir. Hər zaman
Naxçıvanda olanda,
burada inkişafı görəndə çox
sevinirəm. Bu, mənim Naxçıvana
15-ci səfərimdir və
hər səfər çərçivəsində bir çox obyektlərin açılışında
iştirak edirəm.
Naxçıvan sürətlə inkişaf
edir. Bütün sahələr üzrə
işlər müsbət
istiqamətdə gedir.
Bu gün bir
neçə infrastruktur
layihəsinin açılışında
iştirak etmişəm,
o cümlədən Ordubad
şəhərində içməli
su və kanalizasiya layihəsinin istifadəyə verilməsini
qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı bütün istiqamətlər üzrə
muxtar respublikada görülən işlər
məni çox sevindirir. Təkcə onu demək
kifayətdir ki, qazlaşdırmanın səviyyəsi
artıq 100 faizə çatıb. Elektrik enerjisi
ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda
işıq yox idi, enerji yox
idi. Azərbaycandan gələn xətlər
də Ermənistan tərəfindən kəsilmişdi.
İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə
edir. Bu, çox önəmlidir.
Çünki bu, Naxçıvanın
gözəl təbiətinə
və ekoloji vəziyyətinə töhfə
kimi qəbul edilməlidir”.
Naxçıvan Muxtar Respublikasında energetika infrastrukturu müasir tələblər
səviyyəsində qurulub,
alternativ və bərpa olunan enerji mənbələrindən
səmərəli istifadə
edilərək, günəş
və su elektrik stansiyaları istifadəyə verilib. Nəticədə vaxtilə idxal hesabına enerji tələbatını ödəyən
Naxçıvanda enerji
təhlükəsizliyi tam təmin
olunub.
Kamil İSMAYILOV
Respublika.- 2021.- 10 iyun.- S.1;7.