Müstəqilliyimizi əbədiyyətə
qovuşduran qayıdış
15 iyun Milli Qurtuluş
Günü
Azərbaycanda
milli dövlətçilik ənənələrinin bərpası
və qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi,
ölkədə demokratik prinsiplərə əsaslanan
hüquqi islahatların aparılması, respublikamızın
bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik
uğurlar məhz Heydər Əliyev kimi böyük şəxsiyyətin,
müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində
mümkün olmuşdur.
Zaman ötdükcə, ömür keçir və həyatda baş verən çox vacib hadisələr belə yavaş-yavaş unudulur. Ancaq xalqımızın yaddaşına əbədi həkk olunmuş bir tarix var ki, ona zaman da təsir edə bilmir. Azərbaycan üçün 1993-cü il iyunun 15-i məhz belə tarixlərdəndir. Bəli, həmin gün ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətimizin xilas anının başlanğıcı - Milli Qurtuluş Günüdür.
Düz 28 il bundan öncə, yəni 1993-cü ilin iyun ayının əvvəlində ölkəmizdə cərəyan edən hadisələr hər birimizin yadındadır. Həmin vaxt Azərbaycan dövlətçiliyi və müstəqilliyi görünməmiş təhlükə qarşısında idi. Baş vermiş qarışıqlıqdan xarici və daxili qüvvələr hər vasitə ilə istifadə etməyə fürsət gözləyirdilər. Hakimiyyət dairələri çaşqınlıq içərisindəydi, ölkə başlı-başına qalmışdı. Günlər ötdükcə təhlükə artırdı.
Belə təhlükəli vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyev bir daha Vətəninə, millətinə olan məhəbbətini nümayiş etdirib iyunun 9-da Bakıya gəldi. “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə sərf edəcəyəm. Buna heç kimin şübhəsi olmasın. İkincisi, mən heç bir vəchlə bir daha Azərbaycanın başqa bir dövlətin tərkibinə daxil olmasına öz imkanlarım qarşısında yol verməyəcəyəm...” Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildikdən sonra Milli Məclisdə söylədiyi bu sözlərin hamısını reallaşdırdı, yerinə yetirdi. O, əvvəlcə ölkəni quldur, separatçı qüvvələrdən təmizlədi, sonra isə müstəqil dövlət quruculuğuna başladı.
O illərdə Azərbaycan siyasi-iqtisadi böhran içində boğulan, yarıdağılmış bir məmləkət idi. Onda ulu öndər Heydər Əliyev çıxışlarının birində belə demişdi: “Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar on gündür ki, barmaq-barmağa vurmayıblar. Kabinetlərdə boş-boş şayiələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm”. Bəli, məhz bu fəaliyyətin hesabına Azərbaycan yaşayır, tərəqqi edir və bu gün hər birimizə onun nəticələri bəllidir. Hazırda vətənimiz öz iqtisadi inkişafına və göstəricilərinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur və xalqımızın rifahı qabaqcıl dövlətlər ilə müqayisə olunur.
Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz Heydər Əliyev kimi böyük şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.
Müstəqillikdən sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri də 1995-ci ildə referendum yolu ilə qəbul olunan ilk milli Konstitusiyamızdır. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin şəxsi rəhbərliyi altında hazırlanmış ölkəmizin Əsas Qanunu beynəlxalq standartlara cavab verən mütərəqqi bir Konstitusiyadır. Müasir Azərbaycan cəmiyyətinin ən yüksək demokratiya ideyalarına uyğun inkişaf etmək istəyi bu Konstitusiyanın bütün müddəalarında qabarıq şəkildə özünü büruzə verir. Beynəlxalq prinsiplərə cavab verən, bazar iqtisadiyyatına hər vasitə ilə rəvac verən, demokratik, dünyəvi dəyərləri özündə əks etdirən Konstitusiya - Əsas Qanun 27 noyabr 1995-ci il tarixdə qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulu bütövlükdə xalqımızın müstəqillik tarixində əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası özündə əks olunan mütərəqqi müddəalar, bəşəri dəyərlər baxımından əvəzolunmazdır. Konstitusiyamız dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən başlıca prinsipləri özündə ehtiva etdirir. Əsas Qanunumuz Azərbaycan Respublikasında həyata keçirilən bütün islahatların mənbəyidir. Məhz Konstitusiyamızda bəyan edilən prinsiplərə əsaslanaraq ölkəmizdə demokratik quruluşa nail olmaq mümkün olmuşdur.
Ölkəmiz 1996-1997-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandumudur. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qanunvericilikdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixində Azərbaycan Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur.
2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər bir təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın qanunvericiliyinin Avropa standartlarına uyğun təkmilləşdirilməsinə, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.
Ümummilli liderimiz Heydər Əliyev hər zaman dövlət və milli maraqları əsas tutaraq düşünülmüş, çevik xarici siyasət aparmışdır. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.
Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratmışdır.
1993-cü ildən etibarən Azərbaycan özünün sağlam bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli iqtisadiyyatını qurmağa başladı. Azərbaycan özünün təbii ehtiyatlarına, insan potensialına və digər şərtlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı. Məhz Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir ki, bazar münasibətlərinin prinsipləri üzərində qurulmuş Azərbaycan milli iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası təmin edilmişdir.
Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. İmzalanan neft müqavilələri, reallaşan iqtisadi proqramlar hesabına Azərbaycan qısa zamanda tərəqqi etdi, gücləndi.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun uğurları müstəqil Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük əzm və qətiyyətlə davam etdirdiyi bu sosial-iqtisadi siyasət strategiyası gündəlik həyatımızda yeni-yeni nailiyyətlərə yol açır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə reallığa söykənən adekvat addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, yeni dövrün tələbi kimi qarşıda duran prioritet vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Bunun nəticəsi kimi müstəqil Azərbaycan iqtisadi cəhətdən günbəgün möhkəmlənir, qüdrətlənir, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin siyasi fəaliyyəti dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilir. Möhtərəm Prezidentimizin bütün fəaliyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasına, ölkəmizin mövqelərinin daha da möhkəmləndirilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, Milli Ordunun qüdrətlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına, yeni iş yerlərinin açılmasına istiqamətlənib. Azərbaycan Prezidenti öz məntiqli diplomatik fəaliyyəti ilə Avropa inteqrasiyasına öz sadiqliyini nümayiş etdirir, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini yeganə variant hesab etməklə sülh tərəfdarı olduğunu bəyan edir. Ölkəmiz dünyanın super dövlətləri, ABŞ və Rusiya ilə və eləcə də regiondakı qonşu dövlətlərlə, həmçinin MDB üzrə tərəfdaşlarla qarşılıqlı şəkildə tamamlanan əlaqələrini möhkəmləndirməkdə davam edir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki bazasının yeniləşdirilməsi, hərbçilərin döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi, etibarlı hərbi sənaye kompleksinin yaradılmasına böyük önəm verir. Bu gün Cənubi Qafqazda ən güclü, ən qüdrətli ordu Azərbaycandadır. Bunu Azərbaycan əyani şəkildə sübut etdi. Ötən il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq şanlı ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində otuz ilə yaxın müddətdə işğalda olan torpaqlarımız azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti böyük şücaətlər göstərərək düşmən ordusunu darmadağın etdi. Azərbaycan əsgəri erməniləri kapitulyasiya bəyanatını imzalatdırıb qarşısında diz çökdürdü. Bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edib və xalqımız 44 günlük müharibənin qələbə sevincini yaşayır.
Bu gün Azərbaycan sürətlə inkişaf edir, qüdrətli dövlətə çevrilir. Bunlarsa ulu öndər Heydər Əliyevin dövlət quruculuğunda seçdiyi düzgün strategiyanın və bu strategiyanın hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi hesabına mümkün olub. Xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edir və Prezidentimiz cənab İlham Əliyev ətrafında daha da sıx birləşməyə çağırıram.
Əbülfəz BABAYEV,
texnika elmləri doktoru, professor.
Respublika.- 2021.- 13 iyun.- S.5.