Azərbaycan-Türkiyə strateji əməkdaşlığı regionda sabitliyə, sülhə və inkişafa xidmət edir

 

1918 -ci il mayın 26-da Zaqafqaziya Seyminin fəaliyyəti dayandırıldı. Mayın 27-də Seymin buraxılması ilə bağlı bu qurumda olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi. Toplantıda Azərbaycanın idarə olunması üçün Müvəqqəti Milli Şuranın yaradıldığı elan edildi. Mayın 28-də Milli Şuranın ilk iclasında bir neçə məsələ müzakirə edildiİstiqlal Bəyannaməsi qəbul olundu.

 

Azərbaycan istiqlalının elan olunduğu gün Batumda azərbaycanlı nümayəndələr türklərlə danışıqlar apararkən, Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında Nəsib bəy Yusifbəyli Osmanlı dövlətindən yardım istəmək zərurətini bildirmişdi.

 

İstiqlal Bəyannaməsindən sonra Zaqafqaziya hökumətinin Batumdakı sülh danışıqları aparan heyəti parçalandı. 1918-ci il iyunun 4-də isə Türkiyə nümayəndəliyi ilə dostluq haqqında müqavilə imzalandı. İmzalanan sənədin birinci maddəsi belə idi: “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında daima sülh və möhkəm dostluq olacaqdır”... Sülh, dostluq, qardaşlıq... Azərbaycan-Türkiyə bu prinsiplərə həmişə sadiq qalıbdır...

 

Tarixi hadisələrin həm insan, həm də dövlətlərin taleyində öz rolu var. 2020-ci il təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əlamətdar il oldu. 30 il ərzində işğal altında olan Qarabağ torpağı Azərbaycanın rəşadətli ordusu tərəfindən azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyuldu. Bu qələbənin əldə olunmasının bir sıra ciddi səbəbləri var. İlk növbədə, İkinci Qarabağ savaşında qazanılan qələbənin kökündə dayanan başlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir.

 

Digər səbəb isə Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Bu savaş dönəmində hansı düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, hamı bir yumruq kimi birləşdi. Bizim möhtəşəm qələbəmizin digər əsas mühüm amili Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır. Əlbəttə, burada bizə dəstək olan dövlətləri də unutmamalıyıq.

 

Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə də biz bu dəstəyi daim hiss etdik. Xüsusi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

 

Türkiyə və Azərbaycan arasında olan dostluq və qardaşlıq əsrlər boyu sınaqlardan çıxıb. Çanaqqala döyüşündə xalqlarımızın çiyin-çiyinə döyüşməsi, Qafqaz İslam Ordusunun Azərbaycanı işğaldan azad etmək üçün ölkəmizə gəlməsi belə sınaqlardandır. İkinci Qarabağ savaşı isə bu qardaşlıq münasibətlərini bir daha təsdiq etdi. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

 

Bu gün Qarabağ Zəfəri ilə regionda yeni dövr üçün əməkdaşlıq baxımından qapılar açıldı və bu zəfər dünyanın yeni düzənə keçdiyi dövrdə daha əhəmiyyətlidir. Məhz belə həssas bir dönəmdə Azərbaycan və Türkiyə səylərini birləşdirərək daha güclü olmalıdır. Hazırda Asiya, Avropa, Rusiya və ABŞ iqtisadi imkanlarını genişləndirmək üçün müxtəlif layihələrlə çıxış edirlər ki, bunların da sırasında ÇininBir kəmər, bir yol” layihəsi daha diqqətçəkəndir. Bu mənada Azərbaycan-Türkiyə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi zərurətə çevrilir.

 

Doğrudur, indiyədək hər iki ölkə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri vasitəsilə enerji sahəsində əməkdaşlıq edir, TANAP layihəsi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti də birgə həyata keçirilən layihələrin mühüm tərkib hissəsidir. Lakin Qarabağ Zəfərindən sonra yeni, geniş ortaq istehsal imkanlarının dəyərləndirilməsi, yeni layihələrin həyata keçirilməsi kimi məsələlər gündəmə gəlir.

 

Azərbaycanın zəfərindən sonra bölgədə 6 ölkə arasında əməkdaşlıq imkanları yaranıb ki, bu da həmin ölkələrin rifahına əhəmiyyətli təsir göstərəcək. Naxçıvana çəkiləcək yeni yol da bu baxımdan mühüm rol oynayacaq. Naxçıvan dəhlizinin açılması Ön AsiyaOrta Asiyaya çıxış imkanlarımızı daha da genişləndirəcək. Bir sözlə, bu birgə layihələr gələcəkdə regional aktordan qlobal güc amilinə çevrilmək üçün zəmin yarada bilər.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il martın 31-də keçirilən videokonfrans formatında qeyri-formal Zirvə görüşündə Azərbaycan Prezidenti gələcək əməkdaşlığın perspektivlərindən danışarkən demişdir: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq... Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

 

Vətən müharibəsində parlaq qələbədən sonra ölkəmiz yeni dövrə qədəm qoyub. İşğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində artıq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, indi əsas hədəf Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir.

 

Bərpa-quruculuq layihələrinin gerçəkləşdirilməsi istiqamətində kontraktlar imzalanıb və şübhəsiz ki, bu müqavilələri reallaşdıracaq Azərbaycanın tərəfdaşları sırasında türk şirkətləri ilk yerlərdə dayanır. Əlbəttə, buna qədər də türk şirkətləri respublikamızın iqtisadi inkişafında önəmli rol oynayıb. Türkiyənin özəl qurumları tərəfindən Azərbaycanla indiyədək 400-dən çox layihə həyata keçirilib. Bu şirkətlərin bir hissəsinin hazırda Qarabağın bərpası və yenidən qurulması prosesində azərbaycanlı adamları ilə sıx əməkdaşlıq şəraitində çalışmaları da onların qardaş dəstəyinin bariz ifadəsidir.

 

Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıqda Preferensial Ticarət Sazişimühüm yer tutur. Belə ki, bununla bağlı 2019-cu ildə imzalanmış sazişi artıq Türkiyə Parlamenti ratifikasiya edib.

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə, o cümlədən insan hüquqlarının qorunması istiqamətində də sıx əməkdaşlıq əlaqələri formalaşıb. Ölkələrimiz arasında təhsil sahəsində əlaqələr daim inkişaf edir. Təkcə bir faktı deyək: Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faizdən çoxdur. Türkiyədə isə 23 min Azərbaycan vətəndaşı təhsil alır.

 

Bəli, qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri hazırda ən yüksək səviyyədədir. Dostluq və qardaşlıq üzərində qurulan dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında Azərbaycan və Türkiyə prezidentlərinin misilsiz rolu var.

 

Dövlətlərarası münasibətlərdən danışarkən, burada Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıqdan da söz açmaq yerinə düşər: “Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq formatı yaxşı nəticələr verib” - deyən Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətinin videoformatda qəbulu zamanı daha sonra bildirib: Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq. Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduqbunu bütün dünyaya nümayiş etdirdik. Ancaq biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək”.

 

Onu da qeyd edək ki, Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə, İslam dövlətlərinə təsir imkanları da vacib amildir. Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Eyni zamanda Pakistan-Türkiyə əlaqələri də diqqət mərkəzindədir.

 

Türkiyə ilə Pakistanın regionda və xüsusən də müsəlman ölkələri üçün sabitlik, sülh və rifahı təmin təmin etmək istiqamətində ortaq mövqedə olduğunu bildirən Pakistanın Hava Qüvvələri komandanı general Mücahid Ənvər Xan Türkiyənin Azərbaycana verdiyi dəstəyin də bunun açıq nümunəsi olduğunu söyləyib.

 

Bəli, bu gün bütün türk dünyası, müsəlman aləmi daha bir sevincli anını yaşayır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videoformatda keçirilən görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın: “Arzum odur ki, ən qısa zamanda - Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq” - istəyinin reallaşdığı bir gündür. Bu gün yenə dost sevinəcək, düşmən xar olacaq. Birki, dost gəlişi həmişə bayramdır... Bu gün yenə üçrəngli, al-qırmızı, üstü hilallı bayraqlarımız qoşa dalğalanacaq. Və dalğalandıqca dünyaya daha bir mesaj göndərəcək: Biz dünyada sülh istəyirik!..

 

 

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 15 iyun.- S.4.