“Yaşıl dəhliz” mexanizminin
tətbiqi gömrük rəsmiləşdirilməsinin
daha çevik
aparılmasına şərait yaradır
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamlarına və digər hüquqi aktlara uyğun olaraq ölkəmizdə mühüm tədbirlər həyata keçirilmişdir. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədilə “Yaşıl dəhliz”, eləcə də beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılmasının təmin edilməsi bunun bariz nümunəsidir. Həyata keçirilən tədbirlərin əsasında Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il tarixli fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq edilib.
2019-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş, ölkəmizdə idxal-ixrac əməliyyatlarında tətbiq edilən “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etmək məqsədi daşıyır. Daha əlverişli biznes mühiti, sürətli sərhəd keçidi, yüksək ixrac potensialı, çevik və şəffaf gömrük nəzarəti və qanunvericiliyə könüllü riayət edilməsinə xidmət edən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi biznesin inkişafında, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsində, sahibkarların bu sahədə qarşılaşdıqları problemlərin birdəfəlik həllində, gömrük nəzarəti tədbirlərinin optimallaşdırılmasında, gömrük rəsmiləşdirilməsinin daha çevik aparılmasında müstəsna rol oynayır.
Sərhəd buraxılış məntəqələrindən keçid, gömrük xidmətlərindən istifadə zamanı prioritetlik, minimum fiziki yoxlamalar, gömrük ekspertizasının prioritet qaydada aparılması, gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması, xarici ticarət üzrə təlimlərdə iştirak kimi imkanlara malik olan “Yaşıl dəhliz” buraxılış sistemi həm də idxal olunan malların şəxsin anbarına birbaşa aparılması və gömrük məntəqəsinə gəlmədən malların boşaldılması və malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi kimi spesifik üstünlüklərə də malikdir.
Öz fəaliyyətlərində gömrük tənzimlənməsi tədbirlərinin tətbiqi ilə bağlı öhdəliklərini vaxtında və qüsursuz yerinə yetirən, gömrük qanunvericiliyinin tələblərini pozmayan xarici ticarət iştirakçılarına “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə icazə verilir. Respublikamızda fəaliyyət göstərən bir neçə şirkətin - “Nestle Azərbaycan” MMC, “Karat Holding” MMC, “Mc Donalds” MMC, “Procter and Gamble” MMC, “Avrora” MMC, “İdxal” MMC, “AMD Trade” MMC, “İmeks” MMC və “Crokurs” MMC-nin də “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəsi təmin edilib.
Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi hesabatlarını vaxtında verən, vergiləri tam həcmdə və lazımi vaxtda ödəyən, muzdlu işçilərinin sayını və əməkhaqlarını düzgün bəyan edən, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparan, gücləndirilmiş elektron imzaya sahib olan və yazışmaların elektron şəkildə aparılmasına üstünlük verən, saxta sənədlər qəbul və təqdim etməyən, son 3 il ərzində iqtisadi sahədə cinayətin törədilməsinə görə barəsində cinayət təqibi aparılmayan vergi ödəyiciləri “Partnyor vergi ödəyicisi statusu” əldə edərək şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən “Yaşıl dəhliz” sistemindən istifadə edə bilər.
Vergi ödəyiciləri üçün fərdi və sürətli xidmətlərin göstərilməsi prinsipləri əsasında yaradılan “Yaşıl dəhliz”ə həm Vergilər Nazirliyinin, həm də vergi ödəyicisinin təşəbbüsü ilə qoşulmaq mümkündür. Belə ki, vergi ödəyicisi “Partnyor vergi ödəyici statusu”nun əldə olunması üçün vergi orqanlarına müraciət etdikdə, həmin müraciət vergi orqanları tərəfindən araşdırılır və Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin fəaliyyəti göstərilən meyarlara uyğun gələn vergi ödəyiciləri müəyyən edilərək ona “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildiriş verilir və həmin vergi ödəyiciləri “Yaşıl dəhliz”dən istifadə etmək hüququ qazanırlar.
Malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük ərazisinə buraxılışını nəzərdə tutan “Yaşıl dəhliz” sistemi qaydalarına əsasən, buraxılış sistemlərindən istifadə olunması, gömrük nəzarətinin həyata keçirilməsi və gömrük yoxlamalarının aparılmasının zəruriliyinin müəyyən olunması məqsədilə idxalatçılar yüksək, orta və aşağı risk qruplarına bölünürlər. Yalnız aşağı, bəzi hallarda isə orta risk qrupuna aid olan idxalatçılar “Yaşıl dəhliz” buraxılış sistemindən faydalana bilirlər. Yeni Qaydalara müvafiq olaraq, aşağı risk kateqoriyasına daxil olan idxalatçılar - idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son bir il ərzində təcrübəsi olan, gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqlarına malik və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqavilə bağlayan, beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə daşımalar həyata keçirən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən, malların saxlanması üçün nəzərdə tutulan anbarlardan istifadə edən və qaçaqmalçılıq və ya gömrük ödənişlərindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş idxalatçılara idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilir.
“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş şəxslər həm də gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi, gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsi, gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi, gömrük orqanları tərəfindən malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirilməsi, gömrük orqanlarının razılığı əsasında gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsini gömrük orqanları əməkdaşlarının tərəfindən iş yerindən kənarda və iş vaxtından kənar saatlarda aparması, idxal olunan malların idxalatçı tərəfindən müəyyən edilən anbarlara birbaşa aparılması kimi bir sıra üstünlüklərə də malik olur.
Beləliklə, gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatları zamanı şəffaflığın təmin olunmasına, qeyri-neft sektorunun, aqrar sahəsinin inkişafı istiqamətində davamlı görülən işlərə dəstək olan, bütün sahələrdə istehsalın dayanıqlı artımının təmin olunmasında böyük əhəmiyyət kəsb edən “Yaşıl dəhliz” buraxılış sistemi ölkədə həyata keçirilən islahatların növbəti, uğurlu mərhələsidir.
Mehparə ƏLİYEVA
Respublika.- 2021.- 15 iyun.- S.5.