Azərbaycanı qələbədən-qələbəyə
aparan ideyalar
Azərbaycanda 1988-ci ildən başlayaraq baş verən siyasi hadisələri unutmamışıq. Həmin vaxt ölkədə yaranmış xaos, anarxiya və özbaşınalıqdan istifadə edən bəzi qüvvələr, “xalq hərəkatının lideri” pərdəsinə bürünərək küçələrə atıldı. Yalan vədlərlə insanları aldadaraq öz ətrafına toplayan “demokratiya fədailəri” sonradan özlərini “Xalq Cəbhəsi” adlandırdılar. 1988-1993-cü illərdə cəbhədəki məğlubiyyətlər, Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, anarxiya, xaos, vətəndaş müharibəsi və s. ölkədə gərgin vəziyyət yaratmışdı.
Müstəqil ölkəmizin memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim işıq salacaq.
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etməsinə baxmayaraq, müstəqilliyi itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Ordu və dövlət quruculuğu istiqamətində hər hansı bir əhəmiyyətli addımlar atılmırdı, daxili çəkişmələr nəticəsində Azərbaycan vətəndaş müharibəsi astanasında idi, separatizm baş qaldırmışdı, bədxah qonşularımızın ölkəmizə qarşı ərazi iddiaları və təcavüzkar siyasəti davam edirdi. Bu dövrdə bir sıra ərazilərimiz işğal olundu, Xocalı soyqırımı törədildi. Həmin dövrdə daxildəki bəzi qüvvələr hakimiyyətə gəlmək üçün müxtəlif xarici kəşfiyyat orqanları ilə işbirliyi edərək ölkəmizin müstəqilliyinə qarşı çıxırdılar. Siyasi partiyaların silahlı dəstələrə malik olması, ayrı-ayrı kriminal dəstələrin yaradılması, ictimai-siyasi sabitliyin olmaması Azərbaycanı süqutun astanasına gətirib çıxarmışdı. Yəni həmin dövrdə Azərbaycan olduqca çətin vəziyyətdə idi və çoxsaylı iqtisadi, siyasi problemlərlə qarşı-qarşıya idi. Milli maraqlardan uzaq mövqe tutan səriştəsiz insanların hakimiyyətdə olması həm ölkə daxilində hərc-mərcliyin, xaosun, ciddi böhran və tənəzzül meyillərinin yaranmasına səbəb olmuşdu, həm də erməni təcavüzü ilə üzləşən Azərbaycan çarəsiz vəziyyətdə qalmışdı. Ayrı-ayrı siyasi partiyalar isə ölkənin milli maraqlarını, təhlükəsizliyini qorumaq əvəzinə öz məhdud maraqları uğrunda mübarizə aparırdılar. Silahlı dəstələrə malik olan belə partiyaları məhz hakimiyyət uğrunda mübarizə maraqlandırırdı.
1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Demokratik, sivil, hüquqi dövlət yaradılmasından dəm vuranlar hakimiyyətdə vahid liderlik üçün bütün vasitələrə əl atdılar. Qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini tamamilə itirdiklərinə görə də hakimiyyətdən getməli oldu. Çünki xalq yaxşı bilirdi ki, bu iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar. Bu səbəbdən hər kəsin qəlbində AXC-Müsavat cütlüyünə qarşı dərin nifrət kök salmışdı. Bütün bu mənfi keyfiyyətlər isə AXC-Müsavat cütlüyündə özünü qabarıq göstərmişdi. Onların hakimiyyətdə olan funksionerləri arasında silahlı qarşıdurma yarandı. Hakimiyyət daxilində yaranmış qruplaşmaların silahlı qarşıdurması, nəhayət, vətəndaş müharibəsi həddinə çatdı.
Tarix sübut edir ki, xalqların və dövlətlərin üzləşdiyi fəlakətlərin aradan qaldırılmasında şəxsiyyətlərin qətiyyəti, prinsipiallığı, tutduqları mövqe və xarizması böyük əhəmiyyətə malikdir. 1991-1993-cü illərdə Azərbaycanın üzləşdiyi dərin siyasi böhran, anarxiya və xaotik proseslər təsdiq edirdi ki, yalnız qətiyyətli, iradəli siyasi lider xalqın başının üstünü almış bütün təhlükələri aradan qaldıra, hələ kövrək olan müstəqilliyimizi yaşada bilər.
Hakimiyyətdə olanlar öz cəbhədaşlarından canlarını qurtarmaq üçün o vaxt Naxçıvanda Ali Məclisin sədri olan ulu öndər Heydər Əliyevə müraciət etdi. 1993-cü ildə ölkə ictimaiyyətinin ümid bəslədiyi, inandığı lider Heydər Əliyev idi. Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqın özünün böyük oğlu, həyatı və mübarizəsi üçün ümummilli liderlik missiyasını yerinə yetirə biləcək Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki yaxşı bilirdilər ki, belə bir vəziyyətdə Azərbaycanı düşdüyü bəladan yalnız Heydər Əliyev xilas edə bilərdi. Bunu nəzərə alan o vaxtkı hakimiyyət ulu öndəri Azərbaycana rəhbərliyə dəvət etməklə əslində xalqı yox, özlərini xilas etmək barədə düşünürdü. Ölkədə qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, idarəçiliyin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən erməni təcavüzü genişlənir, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçılar məkrli niyyətlərlə baş qaldırırdılar.
Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlamış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız zəngin dövlətçilik təcrübəsi olan bu böyük insan aradan qaldıra bilər. Bunun üçün Naxçıvana - ulu öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi.
Ölkənin ağır bir vəziyyətində iqtidarda, müxalifətdə olanlar da xilas olmaq üçün Heydər Əliyevin Bakıya gəlməsini istəyirdi. İflasa uğradıqları ilə barışmalı olan cəbhəçilər vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər. Hansı ki, buna qədər özlərinə əsas təhlükə, ən ciddi rəqib xalqın içərisində böyük hörməti və nüfuzu olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi hesab edir və onu necə sıradan çıxarmaq barədə düşünürdülər. Bu niyyətin gerçəkləşməsi üçün hətta 1992-ci ilin oktyabrında Naxçıvanda Heydər Əliyevə qarşı çevriliş etməyə, onu Ali Məclisin sədri vəzifəsindən devirməyə cəhd etmişdilər. Buna baxmayaraq, Heydər Əliyev cəbhəçilərin ən çətin məqamlarında onlara kömək əlini uzatmış, Gəncədə başlayan və sürətlə dərinləşən hakimiyyət böhranı zamanı başını itirmiş iqtidarın xahişlərini nəzərə alıb, yalnız dahilərə məxsus ürək genişliyi ilə hamını dövlət başçısı ətrafında birləşməyə çağırmışdı.
1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirdi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı. İnsanlar “Heydər baba, xalqı bu bəladan qurtar!” kimi şüarlarla ulu öndəri qarşılamaq üçün hava limanına toplanmışdılar. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə xahişləri qəbul etməyən Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü.
Heydər Əliyev Gəncədə şəhər sakinləri, hərbi qulluqçuları ilə görüşüb söhbət etdi, ağsaqqal sözünü dedi. Ulu öndər həyatını təhlükəyə atsa da, taleyüklü missiyasını şərəflə yerinə yetirdi. Sonradan bu səfər zamanı onun fiziki məhvi barədə cəhdlərin olması faktları aşkarlandı. Hərçənd ki, riskli səfərə yola düşərkən ona qarşı qəsdlərin olacağını Heydər Əliyev yaxşı bilirdi. Lakin xalqın güclü məhəbbətinin qarşısında cinayətkarların aciz olması bəlli idi. Heydər Əliyevin Gəncəyə səfəri ölkədə yaranmış vətəndaş qarşıdurmasını aradan qaldırdı.
Heydər Əliyevin Bakıya gəlişi, o cümlədən Gəncəyə səfər etməsi ilə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu istəməyən dairələrin planları alt-üst olmağa başladı. Ona görə məhz həmin vaxtlarda birdən-birə respublikamız həm xaricdən, həm də daxildən zərbələrə məruz qaldı. Azərbaycanı istəməyən dairələr yeni planlarını işə saldılar. Ön cəbhədəki bəzi ordu hissələrinin siyasi oyunlara qatılmasından, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni hərbi birləşmələri yeni hücum əməliyyatına başladılar. Azərbaycanda vəziyyət həddindən artıq gərgin idi. Ölkədə siyasi hakimiyyətin fəaliyyəti tamamilə iflic olduğu belə bir vəziyyətdə xalqın yeganə ümidi yalnız Heydər Əliyevə idi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin məhz ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi. Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi və 6 gün sonra Ali Sovetin sədri seçilməsi ilə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı qoyuldu. Məhz iyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev dühasının xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Heydər Əliyev şəxsiyyətinin miqyası, nəhəngliyi və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi və Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ona qismət oldu.
Heydər Əliyev 1993-cü il iyunun 24-də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Bundan sonra Azərbaycan xalqı onu ağır bəlalardan qurtaran xilaskarını -Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Beləliklə, ölkədəki siyasi hakimiyyət böhranı tam aradan qaldırıldı.
Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin 1993-cü ildə yenə də xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Ulu öndər respublikaya rəhbərlik etdiyi dövrdə var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur. Heydər Əliyev deyirdi: “Xalq mənə ümid bəsləyir, mən bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram”.
Müstəqil ölkəmizin memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim işıq salacaq. Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Ötən ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması Qurtuluş Günündən sonra tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan növbəti böyük Zəfər oldu.
Kamaləddin MƏNSİMOV,
“Nabucco Architecture and Construction” şirkətinin direktoru.
Respublika.- 2021.- 15 iyun.- S.7.