ICESCO İslam ölkələri
arasında əməkdaşlığın genişlənməsində
maraqlıdır
Ötən
əsrin 90-cı illərinin əvvəllərindən
başlayaraq bütün dünya “Qloballaşma nədir?”
sualı üzərində düşünməkdədir. Qloballaşmanın
tarixi əslində, onun
heç də yeni bir proses
olmadığını göstərir. Belə ki, bu proses indiyə
qədər müxtəlif
formalarda təzahür
etmişdir.
Mədəniyyətin qloballaşması geniş
mənada dünya iqtisadiyyatının və
informasiya texnologiyalarının
inkişafının nəticəsi
olaraq xalqların dünya dövlətləri
sisteminə inteqrasiyasını,
onlar arasında mədəni əlaqələrin
inkişafını və
qarşılıqlı mədəni
irsini nəzərdə
tutur. Mədəniyyətin qloballaşması dünya mədəni dəyərlərinin sintezini
və yeni formada təşəkkülünü
ehtiva edir. Bu halda qloballaşmanın
dərəcəsindən asılı
olmayaraq, öz kökümüzə bağlılığımızı
itirməməliyik, çünki
kökündən qopandan
sonra bu yenilik daha böyük
fəsad doğuracaqdır.
Bu gün İslam
dünyası ölkələrinin
qarşısında duran
vəzifələrdən biri
də İslam aləmində elmin, təhsilin, İslam aləminin zəngin mədəni irsinin qorunmasını təmin etməkdən ibarətdir. Bu baxımdan İslam Konfransı Təşkilatının
İslam ölkələri
Elm, Təhsil və Mədəniyyət Təşkilatının
(ICESCO) son illərdəki fəaliyyəti
yüksək dəyərləndirilir.
Ümumiyyətlə, Azərbaycan Respublikasının
İslam Konfransı Təşkilatı ilə
əməkdaşlıq münasibətlərinin
inkişafı ölkəmizin
xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və
strateji əhəmiyyət
daşıyır. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk
olaraq İKT-yə üzv olmaq barədə müraciət
etmiş, 1991-ci ilin dekabrında təşkilata
üzv seçilmişdir.
Həmin
dövrdə ermənilərin
işğalçılıq siyasətinə məruz qalmış, informasiya-təbliğat
imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam ümməti dövlətləri tərəfindən
dəstəklənməsi və
onun vasitəsilə təcavüzün ağır
nəticələrinin dünya
ictimaiyyətinə çatdırılması
çox vacib məsələlərdən idi.
Artıq
1991-ci ildə İKT-nin
nümayəndə heyəti
problemi öyrənmək
və münaqişəni
sülh yolu ilə tənzimləmək
imkanlarını araşdırmaq
məqsədilə Azərbaycanda
səfərdə oldu.
O zaman İKT BMT, Ermənistan,
Türkiyə və Rusiyanın nümayəndələri
ilə problemlə bağlı müzakirələr
apardı. Rəsmi Yerevanın tutduğu
qeyri-konstruktiv mövqe
İKT-nin Ermənistan
ilə bu məsələyə dair
hər hansı məsləhətləşmələrinə
son qoymuş və təşkilat çərçivəsində
Ermənistanın Azərbaycana
qarşı təcavüzü
ilə bağlı
İKT-nin yekdil və birmənalı mövqeyi formalaşmışdır.
1992-ci ilin sentyabrında BMT Baş Assambleyasının
növbəti sessiyası
zamanı İKT-yə
üzv dövlətlərin
xarici işlər nazirlərinin ənənəvi
koordinasiya görüşünün
yekun sənədində
“Ermənistan-Azərbaycan münaqişəsinə
dair” müvafiq maddə salınsa da, o dövrdə respublikamız üçün
İKT-nin imkanlarından
lazımi fayda əldə etmək, Azərbaycanın bu təşkilat çərçivəsində
maraqlarını daha səmərəli qorumaq və ifadə etmək mümkün olmamışdır.
1994-cü
ilin may ayından etibarən ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən,
Azərbaycanın Səudiyyə
Ərəbistanı Krallığındakı
səfirinə İKT Baş
Katibliyi yanında Daimi nümayəndə səlahiyyətləri verildikdən
sonra Əl-Riyaddakı
səfirliyimiz vasitəsilə
mənzil-qərargahı Səudiyyə
Ərəbistanının Ciddə
şəhərində yerləşən
İKT Baş Katibliyi
və onun müxtəlif qurumları,
o cümlədən İslam
İnkişaf Bankı
ilə səmərəli
iş aparılmağa
başlanmışdır.
Son illər AR-İKT münasibətləri
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur. Şübhəsiz,
təşkilata üzvlüyün
ilk illərində müharibə
şəraitində olan
Azərbaycanın xarici
siyasətinin başlıca
məqsədi erməni
təcavüzünün səbəb
və məqsədləri,
onun ağır nəticələrinin dünya
ictimaiyyətinə çatdırılması
ilə bağlı olmuşsa da, İKT ilə əməkdaşlıq
təkcə bu problemin həlli ilə məhdudlaşmamış,
çoxşaxəli, qarşılıqlı
maraq əsasında əməkdaşlıq əlaqələrinin
inkişafına üstünlük
verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
2005-ci ilin dekabrında
İKT-nin Məkkədə
keçirilmiş III fövqəladə
Zirvə görüşündə
iştirakı, onun təşəbbüsü ilə
2006-cı ilin iyununda Bakıda İKT Xarici İşlər nazirlərinin
növbəti 33-cü konfransının
keçirilməsi, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
2008-ci ilin iyununda Bakıda “Mədəniyyətlərarası
dialoqda qadınların
rolunun genişləndirilməsi”
mövzusunda beynəlxalq
forum və s. tədbirlər
yuxarıda qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə
bilər.
Bu əlaqələrin inkişafında Heydər
Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri
böyükdür. Təsadüfi
deyildir ki, Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də
ICESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.
İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının
(ICESCO) Baş Konfransının
Bakıda keçirilən
XII sessiyasında da qarşılıqlı əlaqələr
məsələsi müzakirə
edilmişdi. Qeyd edək ki, təşkilatın
ali qərarverici
orqanı olan Baş Konfrans hər üç ildən bir toplanır. ICESCO-nun ümumi
fəaliyyət strategiyasını
müəyyən edən
Baş Konfrans zamanı təşkilatın
fəaliyyət sahələrinə
aid olan məsələlərlə
bağlı əlaqələndirmə
və qiymətləndirmə
həyata keçirilir,
qurumun növbəti üç il
üçün Fəaliyyət
planı və büdcəsi təsdiqlənir.
Konfransı giriş sözü
ilə açan Azərbaycan Prezidenti İlham Əliyev son illər ərzində
ICESCO-nun nüfuzunun artdığını,
ICESCO-nun dəstəyi ilə
Bakı şəhərinin
2009-cu ildə İslam
mədəniyyətinin paytaxtı
elan edildiyini və bütün bunların ICESCO-nun Azərbaycana,
Azərbaycan mədəniyyətinə
və bu gün Azərbaycanın İslam aləmində oynadığı rola verdiyi yüksək qiymətin ifadəsi olduğunu qeyd etdi. Ölkə başçısı sonra
dedi: “ICESCO Azərbaycanı
daim dəstəkləyir.
Xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
işində ICESCO daim
Azərbaycanın mövqeyini,
yəni haqq-ədaləti
açıq şəkildə
dəstəkləyir. Cənab əl-Tuveycrinin
çoxsaylı çıxışlarında
bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirilir.
Buna görə biz ICESCO-ya minnətdarıq, bütün müsəlman
aləminə minnətdarıq”.
Azərbaycanın dinlərarası, mədəniyyətlərarası
münasibətlərin inkişafına
verdiyi töhfələrdən
danışan Prezident
İlham Əliyev ölkəmizdə ICESCO-nun bilavasitə
məşğul olduğu
sahələrin uğurla
inkişaf etdiyini, mədəni abidələrimizin
dövlət tərəfindən
qorunduğunu, təhsilə
böyük diqqət
göstərildiyini, savadlılığın
təxminən 100 faizə
çatdırıldığını, elmin, yeni texnologiyaların,
kosmik sənayenin sürətlə inkişaf
etdirildiyini də diqqətə çatdırdı.
2015-ci ildə Bakıda
keçirilmiş Avropa
Oyunlarının mahiyyətindən
danışan İlham
Əliyev demişdir:
“Birinci Avropa Oyunlarının müsəlman
ölkəsində keçirilməsi,
hesab edirəm ki, sadəcə olaraq idman məsələsi
deyil. Bu, eyni
zamanda, dediyim kimi, bizim multikulturalizmə,
millətlərarası münasibətlərə
verdiyimiz dəyərli
töhfə olmuşdur.
İki ildən sonra - 2017-ci ildə isə Bakıda İslam Həmrəylik oyunları
keçiriləcəkdir. Bax, bu iki hadisə
əslində Azərbaycanın
hansı mövqelərə
malik olduğunu əyani şəkildə
göstərir”.
Həmin konfransda ICESCO-nun direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə Azərbaycanın
dövlət ordeni olan “Dostluq” ordeni ilə təltif edildi.
Öz çıxışında rəhbərlik etdiyi təşkilatın təhsil, elm, texnologiyalar, mədəniyyət və ünsiyyət sahələrində qlobal elmi mərkəz kimi fəaliyyətindən danışan əl-Tuveycri ICESCO-nun 2016-2018-ci illər üçün tədbirlər planında üç strateji məqsədin qarşıya qoyulduğunu bildirdi. Qeyd etdi ki, bunlar gənclərin İslam aləmində davamlı inkişafa səfərbər olunması üzv dövlətlərin təhsil, elm, mədəniyyət və ünsiyyət sahəsində yürütdükləri siyasətdə keyfiyyətin, idarəçiliyin və bərabərliyin təşviqi, əsas diqqətin insan hüquqlarının, mədəniyyətin təbliğinə, sosial ədalətə və birgə yaşayışa hörmətlə yanaşılmasına yönəltməkdən ibarətdir. ICESCO-nun baş direktoru müasir dünyada və müsəlman aləmində baş verən hadisələrə də münasibət bildirərək dedi: “...Azərbaycan Respublikası işğal olunmuş Dağlıq Qarabağ ərazilərinin birmənalı olaraq azad edilməsinə nail olacaq və işğal altındakı torpaqlar heç vaxt düşmənə nəsib olmayacaq. Biz bu bəyanatı tərəddüd etmədən veririk... Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bəşəriyyətə qarşı cinayətdir... Vaxt artıq çoxdan yetişib. Bu cür cinayətlərin qarşısı alınmalıdır”.
Konfransda həmçinin bildirildi ki, müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq, qəbul ediləcək qərarlar isə İslam ölkələri arasında əməkdaşlığın daha dərinləşməsinə töhfə verəcəkdir.
Zümrüd QURBANQIZI
Respublika.- 2021.- 17 iyun.- S.12.