Torpağına baş əyirik, ey Vətən!..

 

 

Şuşamızın, Qarabağımızın azad edilməsi, Natəvanın, Üzeyirin, Bülbülün yurd-yuvasına qaytarılması ilə tariximizin yeni, möhtəşəm bir mahnısı - Qarabağ nəğməsi yarandı!

 

Şəhidlər xiyabanında sıralanan şəhid məzarlarının önündən adi seyrçi kimi ötüb keçə bilmirsən. Xəyalın qanadları alıb o çağlara aparır səni. Tarixin qara səhifələri vərəq-vərəq çevrilir. Bu anda unudulmaz Əbdülhaq Hamidin qızıl kəlmələri yada düşür. Sanki o, dahi sərkərdənin müdrik deyiminin davamı olaraq yazmışdı: “Torpaq uğrunda ölən varsa, - Vətəndir!”.

 

Əsrlər boyu torpaq uğrunda şəhid olanlarımızın sayı bilinməz. Bu günədək də Vətənləşən doğma torpağımız məhz belələrinin qanı bahasına bizlərə ərməğandır. Bu misilsiz varidatı qorumaq istəyi idi ki, 1990-cı ilin yanvarında insanlarımız şəhidlik zirvəsinə yüksəlməyə can atdılar. Nə yaxşı ki, dünyada sən varsan Vətən! Üstündə dayandığımız torpaq bizimdir. Və bu torpaq millətimizin, azərbaycanlıların mövcudluğunun, varlığının təsdiqidir.

 

Mənim doğma dilim varo, ulularımızın bizlərə misilsiz varidatıdır. Bayrağım, himnim, sərhədlərim və bir də onları qoruyan güclü ordum var! Milləti-millət, xalqı-xalq, dövləti-dövlət edən atributlarımız. Sənə qovuşmaq üçün gedən yol heçasan olmadı. Xoşbəxtik!.. Alnına döyüş yazılan, hər sınaqdan zəfərlə çıxan, 30 illik torpaq nisgilinə 44 gündə son qoyan xalqın nümayəndəsiyik.

 

Bəşər tarixində Şərq intibahı kontekstində iki dəfə - XII və XX əsrlərdə intibah dövrünü yaşayan, Azərbaycan! Bu, heç də hər xalqa, məmləkətə nəsib olan səadət deyil. Biz bu misilsiz xoşbəxtliyə qovuşmuş xalqın təmsilçiləriyik.

 

Bir əsrdə iki dəfə azadlığına qovuşan, nəhayət sərkərdələrinin gücü, iradəsilə onu əbədi, dönməz edən, kimin-kim olduğunu dünyaya göstərən Azərbaycanın vətəndaşlarıyıq...

 

Bu gün rahat yaşaya biliriksə, böyük qələbəmizin sevinc payını dadırıqsa, dünya durduqca qəhrəman oğullarımıza - şəhidlərimizə, qazilərimizə, dövlətimizə, onun başçısı, Ali Baş Komandana, qeyrətli babalarımızın bizə əmanət qoyduğu yurd yerimizi qoruyanlara borcluyuq.

 

Dünyada elə xalqlar var ki, milli intibahı, yeniləşmə metodunu anlaya bilməmiş, düşüncə və elm kasıblığı ucbatından dolayı şablonçuluğu hələ də davam etdirməkdədir. Ona görə də o xalqlar tərəqqidə yol qət etmiş ölkələrlə müqayisədə xeyli geridə qalırlar. Bizim yenilənmə tariximiz isə indi dünyanı idarə edən böyük güclərin bir çoxunun tarixindən daha qədimdir. Əsrlər boyu müxtəlif dövlətlər qurmuş, mədəniyyətlər yaratmış xalqımız, nəhayət, keçən əsrin əvvəllərində Azərbaycanın unudulmayan ən şanlı bir gününü-1918-ci ilin 28 mayını müstəqillik günü olaraq yaşadı. Azərbaycanın istiqlal günü milyonlarla soydaşımızın sevinc günü, şəhidlərimizin iftixar günü, vətənimizin qamətini qaldıraraq dünyaya öz gözüylə baxdığı fərəh günü, ağzıdualı ağsaqqallarımızın, ağbirçək nənələrimizin əllərini səmaya yüksəldərək böyük Yaradana həmd günü idi...

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Əlbəttə, müstəqillik bir millətin ümid üfüqlərinin genişlənməsi, mənəvi səfalətlərdən qurtulması, ruhani rəzalətdən uzaqlaşmasıdır və bu mənada xalqımız da illərin boşluqlarını doldurmağa çalışdı. Müstəqil Azərbaycan dövləti milli ayrı-seçkiliyi, təfriqəçilik ənənələrini, məzhəb ayrılığını rədd edən, milli bütövlüyü, bütün vətəndaşların siyasi hüquqlarını, mədəni haqlarını təsdiqləyən inkişafı isə mənəviyyata bağlı elmdə gördü. Bu inkişafsa çox qısa zamanda azad seçkisindən milli ordusuna, beynəlxalq əlaqələrə qədər hər bir sahəni əhatə etdi. Lakin iki yaşına çatmadan bolşevik hücumuna məruz qaldı və devrildi. Ancaq xalqımız “Bir kərə yüksələn bayraq, bir daha enməz” kəlamını özünə əbədi şüara çevirdi. Nəhayət, Sovet imperiyasının süqutunu münasib zaman kimi dəyərləndirərək 1991-ci ildə yenidən istiqlal marşını oxumaq şərəfinə nail oldu.

 

Təbii ki, bu illəri böyük bir ağrı, Qarabağ dərdi ilə yaşamalı olduq. Ölkə başçısı İlham Əliyev hakimiyyətə gəlişinin ilk illərindən Qarabağ düyününü beynəlxalq qanun çərçivəsində, sülh yolu ilə açmağa ciddi səy göstərirdi. Eyni zamanda müstəqilliyin kövrək addımlarını möhkəmləndirməyə, güclü dövlət yaratmağa çalışırdı. Nəhayət, Prezident İlham Əliyev xalqın iradəsinə, dövlət ətrafında sıx birliyinə arxalanaraq Qarabağ problemini müharibə ilə yoluna qoydu: 44 gün ərzində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi, tarixi qələbə qazanaraq Qarabağı işğaldan azad etdi: “Dağlıq Qarabağ Azərbaycanın rayonlarından biridir, ona ayrıca status verilməsi qeyri-mümkündür”-deyən Ali Baş Komandan düşmənin bu arzusunu da gözündə qoydu. 30 il əsarətdə qalan Vətənin azadlığı yolunda şəhidlər verdik. Tökülən qanlar hesabına o torpaqlarda bayrağımızı ucaltdıq. Şəhid oğullarımız, qazilərimiz sübut etdi ki, bayrağımız sadə bir əsgi parçası deyilonlar tökülən qanlarıyla onun hər bir rəngini əbədiləşdirdilər.

 

Şuşanın işğalından sonra güllələnən, sonra sökülərək Ermənistana aparılıb bir müddət “əsir saxlanılan”, nəhayət ulu öndər Heydər Əliyevin ciddi səyi nəticəsində vətənə gətirilən dahi Üzeyirin, Bülbülün, Xan qızı Natəvanın heykəlləri öz yerinə qaytarıldı. Heykəl güllələmək, onu deşik-deşik etmək mənəvi-əxlaqi eybəcərliyin, qəddarlıq və vəhşiliyin ən rəzil örnəyidir ki, bu murdarlıq da bütün dünya xalqları içərisində yalnız ermənilərə məxsusdur. Şuşamızın, Qarabağımızın azad edilməsi, Natəvanın, Üzeyirin, Bülbülün yurd-yuvasına qaytarılması ilə tariximizin yeni, möhtəşəm bir mahnısı-Qarabağ nəğməsi yarandı!

 

Qarabağın işğaldan azad olunması - tarixi həqiqətin zəfər nəğməsidir və bu nəğmənin müəllifi Azərbaycan ordusu, yenilməz Azərbaycan xalqı, baş qəhrəmanı Ali Baş Komandan İlham Əliyev, leytmotivi isə onunQarabağ Azərbaycandır!” şüarıdır...

 

Mayın 11-də Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı o gün dünyaya əbədi bir mesaj oldu. Onu qayıdış, ləyaqət, birlik bayramı adlandıran dövlət başçısı: “... Bu il uzun fasilədən sonra birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq...”.

 

Həmin gün Zəfər nəğməmizin səsi bütün dünyada eşidildi. Eşitmək istəməyənlər də eşitməyə məcbur oldu, ikili standartla yaşayan dünyanın kar qulaqlarını batırdı. Qürurluyuq, çünki, bu gün dünyaya Günəş kimi doğan Azərbaycanın övladlarıyıq! Günəşin əbədiliyinə isə şübhə yoxdur... Nə qədər varıq, torpağına baş əyirik, ey vətən!..

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 17 iyun.- S.13.