Azərbaycan şəhidlərinin sərdarı

 

İyunun 18-i Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür

 

 

 

2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. 5 saat təkbətək döyüşüb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır. Gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

 

Mübariz hər bir vətənpərvər insanın yüksəlmək istədiyi şəhidlik zirvəsini fəth etdi. Mübariz İbrahimovla Azərbaycanda vətənpərvərliyin yeni dalğası yayıldı. Qəhrəman Azərbaycan övladının nümayiş etdirdiyi şücaət ölkədə ona bənzəmək istəyənlərin sayını artırdı. Mübarizin qəhrəmanlığı ölkə sərhədlərini aşdı.

 

Torpaq, ana, Vətən sevgisi doğulduğumuz, həyata göz açdığımız gündən ana südü ilə qanımıza hopur, bütün ömrü boyu bizimlə olur. Bu sevgi müqəddəs bir sevgidir. Hər bir qeyrətli Vətən övladı bu sevgiyə son anına qədər sadiq qalır. Lazım gələndə bu yolda şirin canından belə keçməyi bacaranlar isə əbədiyyətə qovuşurlar. Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun cəmi 22 illik şimşək ömrü bu sevgiyə gözəl nümunədir.

 

Mübariz sadə, zəhmətkeş bir insanın —Ağakərim kişinin ailəsində dünyaya göz açan üç oğuldan biri, sonbeşik övlad idi. Ağakərim kişi, Şamama ana bu sonbeşik övladlarına Mübariz adı vermişdilər. Niyə məhz Mübariz?! Bəlkə elə sonbeşik övladları dünyaya göz açdığı ilk günlərdən valideynlərinə əyan olmuşdu ki, hələ ağılı kəsməyən, hər şeyə qəribə nəzərlərlə diqqət yetirən bu uşaq haqsızlıqla barışmayan, cəsur, mübariz bir yeniyetmə olacaq. Amma Ağakərim kişi də, Şamama ana da sonbeşik haqqında danışırlar ki, Mübariz lap kiçik yaşlarından özündən əvvəlki qardaşlarından fərqlənir, işgüzarlığı, zəhmətsevərliyi ilə seçilir, ən vacib xüsusiyyəti isə bu idi ki, hər hansı haqsız hərəkətlə barışa bilmirdi. İllər keçdikcə Mübarizin bu keyfiyyətləri daha da möhkəmlənirdi.

 

Biləsuvar rayonunun Əliabad kəndi abad yaşayış məntəqələrindən biridir. Mübarizin göstərdiyi yenilməz hünərə qədər bu kənd adi kəndlərdən biri idi. Artıq 11 ildir ki, Əliabad kəndini bütün türk dünyası tanıyır. Bu kənddəki tam orta məktəb Mübarizgilin evindən çox uzaq deyil. Elə Mübarizbu məktəbdə təhsil alıb. Müəllimləri və sinif yoldaşları danışırlar ki, Mübariz adi bir uşaq deyildi. İntizamlı, ədəb-ərkanlı, ancaq qaynar bir uşaq idi. Dərslərini də yaxşı oxuyurdu. O, orta məktəbin yuxarı siniflərində oxuyanda artıq Qarabağ müharibəsi başlamışdı. Torpaqlarımız işğal olunmuşdu. Həmin rayonlardan olan soydaşlarımız qaçqın həyatı yaşayırdılar. Doğma yurd-yuvalarından olmuşdular. Mübariz isə bu hala heç cür dözə bilmirdi. “Bircə əsgərlik vaxtım tez çatsaydı” -deyirdi. O gün də gəlib çatdı. Mübariz hərbi xidmətə yollandı. Daxili Qoşunlarda xidmət edirdi. İki il beləcə keçir. Mübariz bir Vətən əsgəri kimi bişib-bərkiyir, hərbi biliklərə yiyələnir. 2007-ci ildə hərbi xidmətini çavuş kimi başa vurur. Ata-anası sonbeşik övladlarının uca boyuna, möhkəmlənmiş əzələlərinə fərəhlə baxırlar. Mübariz bir müddət mülki işlərdə çalışır, təsərrüfatda valideynlərinə kömək edir. Ancaq bu, çox çəkmir. Hər gün eşitdiyi cəbhə xəbərləri onu narahat edir. Və Mübariz qəti qərarını verir: “hərbi xidmətə qayıtmalıyam. Mən hələ düşmənlərə öz sözümü deməmişəm...”.

 

Ata-anasını razı salır, yenidən hərbi forma geyinən Mübariz öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə başlayır. Hər gün rastlaşdığı hadisələr onun nankor qonşularımız olan ermənilərə nifrətini daha da artırır. Mübariz daha dözə, əsəblərini cilovlaya bilmir. Çoxdan beynində dolaşan fikirləri, ürəyində gəzdirdiyi son qərarını bir daha götür-qoy edir. Hərbi hissənin sakit bir küncünə çəkilib ata-anasına sonradan bütün türk dünyasına səs salacaq kiçik məktubunu yazır: “Canım atamanam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim artıq dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanacan bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz... Haqqınızı halal edin”.

 

Və 2010-cu ilin 18 iyununda gecə ölümə meydan oxuya-oxuya hərbi hissəni tərk edir. Düz deyirlər ki, qəhrəmanlıq üçün bir an da kifayətdir. Amma bunun üçün illərlə hazırlaşmalısan.

 

Mübarizin qəzəbdən, nifrətdən yanan ürəyini ancaq düşmənin məhvi söndürə bilir. Hərbidə qazandığı təcrübə köməyinə çatır: minalanmış ərazini təhlükəsiz keçə bilir. İndi o arzusunda olduğu erməni qaniçənləri ilə üz-üzədir. Əlindəki silahını bərk-bərk sıxır. İlk həmlədə çoxlu sayda düşmən əsgərləri pərən-pərən düşürlər. Bu qeyrətli, ürəyində sonsuz Vətən, torpaq sevgisi gəzdirən Azərbaycan əsgərinin güllələri boşa getmir. Bir neçə saat təkbaşına, qeyri-bərabər davam edən döyüşdə Mübariz İbrahimov əsl qəhrəman kimi şəhid olur, gözlərini əbədi yumur...

 

Tarixə səs salan, yatan ruhlarımızı oyadan bu qəhrəmanlıq ürəklərdə iz qoyur. Ana tarix misli- bərabəri olmayan bir qəhrəmanlığın şahidi olur. Cəmi 22 illik bir ömür yaşamış bu cəngavər, ölməz Vətən oğlunun hünəri, igidliyi ata-anasına, qardaşlarına qohumlarına, dost və tanışlarına, Azərbaycan xalqına, bütün türk dünyasına sonsuz başucalığı gətirir...

 

Öz qəhrəmanlığı ilə düşmən tərəfini sarsıltmış igid Mübariz İbrahimovun cəsədi bir neçə aydanuzun danışıqlardan sonra geri alınaraq torpağa tapşırılır. Elin qəhrəman, mübariz oğlu ikinci Fəxri Xiyabanda dəfn olunur. Məzarı xalqın ziyarət yerinə çevrilir. 2010-cu ilin noyabrın 7-də Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində iştirak edən Prezident İlham Əliyev demişdir: “ Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir”.

 

Vətən, torpaq yolunda şəhid olanlar ölmürlər, şəhidlik zirvəsinə ucalaraq əbədiyyət hüququ qazanırlar. Məhz Mübariz İbrahimov kimi...

 

Əliabad kəndində Mübarizin doğulub boya-başa çatdığı ata evi bir günolsun qonaqsız-qarasız olmur. Bu evdə hər şey Mübarizi xatırladır.

 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına məktəb-lisey kompleksi, küçələr var. Mavi sulardaMübariz İbrahimov” gəmisi üzür. “Müqəddəs zirvə” filmi onun igidliyindən, qəhrəmanlığından bəhs edir. Qəhrəmanın döyüş yolundan bəhs edən neçə- neçə kitab var.

 

2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

 

Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevincqürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi. Artıq Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində olduğu kimi, Milli Qəhrəman Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi postda da Azərbaycan Bayrağı dalğalanır. 2020-ci ilin dekabrın 10-da Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında demişdir: “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igidlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”.

 

 

 

Müşfiq MİRZƏ

 

Respublika.- 2021.- 17 iyun.- S.17.