“Nizami Gəncəvi və davamlı
inkişaf”
Azərbaycan
Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə
Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı,
“PAŞA Holdinq”in baş sponsorluğu ilə iyunun 4-də
İqtisadiyyat və idarəetmə sahəsində magistr və
doktorantların III Beynəlxalq elmi konfransı
keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunmuşdu.
Konfransda iqtisadiyyat naziri, təhsil naziri, dövlət rəsmiləri, millət vəkilləri, dünyanın 34 ölkəsindən 695 tədqiqatçı, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssisləri, özəl sektorun rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və alimlər iştirak etdilər.
Konfransın açılışı Nizami yurdu olan Gəncə şəhərində baş tutdu. Konfransdan öncə ulu öndər Heydər Əliyevin Gəncədə ucaldılan abidəsi, Nizami Gəncəvinin məqbərəsi və Şəhidlər Xiyabanı ziyarət edildi.
Tədbir iştirakçıları UNEC magistrlərinin Gəncənin Heydər Əliyev Mərkəzində təşkil edilən rəsm sərgisi və əl işləri ilə tanış oldular.
Sevindirici haldır ki, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alan magistrant və doktorantlar üçün təşkil etdiyimiz bu konfrans artıq ənənəyə çevrilməkdədir. Sayca üçüncü olan konfransımız Azərbaycanın ali məktəbləri və elm müəssisələrini təmsil edən gənc tədqiqatçılarımıza elmi mübadilə və tədqiqat təcrübəsini paylaşmaq üçün ən müasir platformanı təklif edir.
Konfransın hazırlıq işlərinə
ötən ildən etibarən başlanılmışdı.
Konfrans CONAL Conference
Alerts, İnternational Conference Alerts, World Conference Alerts, WorldCat
kimi dünyanın nüfuzlu elmi konfrans platformalarının
üzvüdür. Bundan əlavə, konfransa
göndərilmiş məruzələrdən
seçilmiş tədqiqat işləri dünyanın 30-a
yaxın nüfuzlu elmi platformasında indekslənən beynəlxalq
elmi jurnalda nəşr olunacaqdır. Seçilmiş məruzələrin
bəziləri isə elmi redaktorlu kitab halında beynəlxalq
nəşriyyatda dərc olunacaq və həmin kitabın
elektron versiyası dünyanın nüfuzlu Harvard Universiteti,
Oksford Universiteti, Yale Universiteti, Stanford Universiteti, Princeton
Universiteti, Kolumbiya Universiteti, Toronto Universiteti, Çikaqo
Universiteti, Royal Danish Library, Duke Universiteti, British Library, Halle
Wittenberg Universiteti, Biblioteque Nationale de France kimi ali təhsil
müəssisələrinin kitabxana kataloqlarında yer alacaq. Əlavə olaraq, konfransda təqdim olunmuş məruzələrin
dünyanın nüfuzlu indeksli və yüksək impakt
faktorlu xarici jurnallarda nəşr olunması nəzərdə
tutulub.
Dünyanın müxtəlif ölkələrinin
universitetlərini və tədqiqat mərkəzlərini təmsil
edən tədqiqatçıların konfransımıza
marağının artması isə bizi xüsusilə
sevindirir. Konfransın əhatə dairəsinin genişlənməsi
və onun təşkilinə peşəkar yanaşma keyfiyyətcə
daha yüksək mərhələyə keçid
üçün böyük imkanlar yaratmışdır.
Konfransın elm və təşkilat komitəsində 17
ölkəni təmsil edən alimlər fəaliyyət
göstərirdi. Bu konfransı əvvəlki iki konfransdan fərqləndirən
cəhətlərdən biri də seçilmiş ən
yaxşı tədqiqatların 30-dan çox nüfuzlu akademik
platformalarda indekslənən beynəlxalq elmi jurnalda nəşr
olunması imkanını yaratmasıdır.
Ümid edirəm ki, Azərbaycanın gənc tədqiqatçılarının
beynəlxalq elmi platformalara çıxmaq imkanlarının
artırılması istiqmətində atılmış bu
addım gələcəkdə daha da inkişaf etdiriləcək,
konfrans materiallarının nüfuzlu elmi platformalarda indekslənməsi
təmin ediləcək.
Şərq
fəlsəfəsinin parlaq incilərindən olan Nizami
yaradıcılığına Qərb fəlsəfəsi
ruhunda təhsil almış tədqiqatçıların,
xüsusilə ABŞ-ın Prinston Universitetinin professoru Maykl
Barrinin və Corc Vashington Universitetinin Təhsil və Bəşəri
İnkişaf fakültəsinin dekanı, professor Maykl Feyerin
videoməruzələri konfransda xüsusi maraq doğurdu.
4 gün davam edən konfransda 35 ölkədən olan
700-ə yaxın tədqiqatçı tərəfindən
aparılmış 510 elmi araşdırmanın nəticələrinin
onlayn rejimdə müzakirəsi təşkil olundu. Məruzə seksiyaları
ilə yanaşı, dünyanın müxtəlif ölkəsindən,
BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf
Bankı kimi nüfuzlu təşkilatların mütəxəssislərinin,
universitetlərin, dövlət qurumları və özəl
sektor nümayəndələrinin iştirakı ilə aktual
mövzulara həsr olunan 16 “workshop”, 26 xarici tədqiqatçının,
eləcə də elmi fəaliyyətlərini dünyanın
nüfuzlu universitetlərində davam etdirən 10 həmyerlimizin
və Azərbaycan alimlərinin bir-birindən aktual və ciddi
iqtisadi mövzuları əhatə edən məruzələri
onlayn rejimdə canlı yayımlanaraq müzakirə edildi.
Müzakirələrdə müasir dünyanın və
ölkəmizin dayanıqlı inkişaf problemlərinə
Nizami irsinin prizmasından yanaşmalara xüsusi yer verildi.
Təşkil
edilmiş konfrans “Nizami Gəncəvi və davamlı
inkişaf “ mövzusuna həsr edilmişdi.
Dayanıqlı inkişaf probleminin elmi
aktuallığı ötən əsrin ortalarından meydana gəlməyə
başlamışdır. Müasir insan elmin sürətli
inkişafı ilə maddi nemətlərin istehsalında
misilsiz inkişafa nail olmuş, ən müxtəlif tələbatların
ödənilməsi imkanlarını xeyli genişləndirmişdir.
Lakin insanın maddi aləmində baş verən
sıçrayışı, inkişafla onun mənəvi
dünyasının nisbi sabitliyi arasında yaranan təzadlar bəşəriyyət
qarşısında tamamilə yeni və elmi yanaşmanı tələb
edən problemləri qarşıya çıxarır.
Cəmiyyətdə baş verən hadisələrə
ümumbəşəri mövqedən yanaşma Nizami
yaradıcılığında xüsusi yer tutur. Fikrimcə,
Nizaminin əsərlərinin məhz bu cəhəti onun daimi
müasirliyini, böyük elmi və mənəvi əhəmiyyətini
daha yaxşı əks etdirir. Nizaminin cəmiyyətdə
tutduğu mövqelərinə, ideologiyalarına və həyata
baxışlarına görə biri-birindən kəskin şəkildə
fərqlənən insanların mənəvi dünyasına
baxışları xalqımızın multikultural dəyərlərinin
nə qədər qədim və dərin köklərə
malik olmasının parlaq nümayişidir.
Şübhəsiz ki, Nizami dövründə hələ
iqtisad elmi mövcud deyildi, ancaq iqtisadi həyat o zaman da var idi
və digər mütəfəkkirlər kimi Nizami də əsərlərində
iqtisadi həyatın bu və ya digər tərəflərinə
toxunur, iqtisadi fikir və baxışlarını irəli
sürürdü. Dahi Nizaminin əsərlərinə baxdıqda cəmiyyətin
ictimai-iqtisadi quruluşu, əmək bölgüsü, sərvət
və onun mənbələri, mübadilə, istehlak, ticarət,
qiymət, pul və s. məsələlər üzrə dəyərli
fikirlərə rast gəlmək mümkündür.
Düşünürəm ki, Nizami irsinin
iqtisadçılar tərəfindən tədqiqi iqtisad elminin
ən müasir cərəyanlarından olan davranış
iqtisadiyyatı və institusional iqtisadiyyat, eləcə də
dövlətin iqtisadi proseslərdə iştirakı istiqamətində
yeni konseptual ideyaların ortaya çıxarılması
üçün əhəmiyyətli nəticələr verə
bilər.
Nizami Gəncəvi yaradıcılığında
dayanıqlı inkişafla bağlı da çox dəyərli
fikirlərə rast gəlmək mümkündür. Hər
şeydən əvvəl o, cəmiyyətin maddi və mənəvi
sərvətini artıran əsas mənbəyin əmək
olduğunu düşünürdü.
N.Gəncəvi dünyada ticarətin inkişaf
üçün əhəmiyyətini vurğulayaraq “Dünya
alış-veriş siyasətilə çiçəklənməyə
başlamışdır” fikrini irəli
sürmüşdür. Onun iqtisadi baxışlarında
mühüm məsələlərdən biri də
ixtisaslaşma və əmək bölgüsüdür.
Nizami bu məsələyə sərvətin və
bolluğun əsas amili kimi yanaşır. Eyni zamanda bu məsələdə
hər kəsin öz peşəsi üzrə
ixtisaslaşmasının vacibliyini vurğulayır: “O vaxt ki,
hər kəs öz peşəsindən əl çəkər,
cahanda abadlıq heçə uğrayar”. Buna görə də
Nizami məsləhət görürdü ki, “hər kəsin
hünərinə görə iş verilməlidir.” O deyirdi:
“Halına, bacarığına görə o peşəni
seç ki, gördüyün işdən xəcalət
çəkməyəsən”. Bunun əksinə
olduqda isə adamlar öz peşəsindən əl çəkib,
başqa təsadüfi işlərlə məşğul
olmağa başlayırlar və bunun nəticəsində
ölkə iqtisadiyyatının nizamı pozulur, hərc-mərclik
və yoxsulluq başlayır.
N.Gəncəvi yaşadığı cəmiyyətin
ictimai ziddiyyətlərini dərindən qavramış,
mövcud quruluşdakı ədalətsizliklərlə
razılaşmamış, cəmiyyətdəki sosial ədalətsizliyin
aradan qaldırılması və cəmiyyətin yenidən
qurulması üçün yollar axtarmışdır. Cəmiyyətin
ədalət və təbii qanunlar əsasında qurulması
və idarə edilməsi kimi həyati məsələlər
onun əsərlərində əsas yer tutur. Onun bu sahədəki fikirləri ictimai-iqtisadi fikir
tariximizin qiymətli inciləri sayıla bilər.
Bu gün Azərbaycan BMT-nin Dayanıqlı
İnkişaf Məqsədlərinə həssaslıqla
yanaşan ölkələrdəndir. Bu, hər şeydən
öncə Azərbaycan iqtisadiyyatının
dayanıqlığına xidmət edən amildir. Təsadfi
deyil ki, Azərbaycan BMT-nin 2030 Gündəliyinə nail olmaq
istiqamətinə sadiqliyini nümayiş etdirən ölkələr
sırasındadır. 2016-cı ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin
Azərbaycan hökumətinə göstərdiyi dəstəyin
əlaqələndirilməsi üçün əsas tərəfdaş
kimi fəaliyyət göstərən Dayanıqlı
İnkişaf üzrə Milli Əlaqələndirmə
Şurasının yaradılmasına dair fərman
imzalamışdır. Eyni zamanda Azərbaycan
Dayanıqlı İnkişaf Məqsədlərini milli səviyyədə
sürətləndirmək üçün atıla biləcək
konkret siyasət və proqramlaşdırma
addımlarını əks etdirən MAPS (2030 Gündəliyi
naminə aktuallaşdırma, sürətləndirmə və
siyasətə dəstək) missiyasını həyata
keçirən ilk ölkələrdəndir.
Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyilə Ermənistanın
işğalı altında olan Qarabağ işğaldan azad
edildi. Xalqımızın Vətən
Müharibəsində qazandığı möhtəşəm
zəfər regionumuzda tamamilə yeni reallıqları
yaratmaqla yanaşı, Azərbaycanın və
bütövlükdə regionumuzun dayanıqlı
inkişafı üçün yeni perspektivlər də
açır. Ölkə
iqtisadiyyatının 1/5-nin milli iqtisadi dövriyyəyə
daxil olması və regional iqtisadi əməkdaşlıq
üçün yaranan yeni imkanlar bunu deməyə əsas
verir. İşğaldan azad olunmuş ərazilərimizdə
“ağıllı şəhər” və “ağıllı kənd”
layihələrinin işlənməsi və
reallaşdırılması, yaşıl enerji və
müasir enerjiyə qənaət texnologiyalarından istifadə,
təbii resursların istehsal proseslərinə cəlb
olunmasında yüksək ekoloji standartların tətbiqi, yeni
nəqliyyat dəhlizlərinin açılması kimi strateji
məsələlərin elmi cəhətləri də bu
gün Azərbaycan iqtisadçılarının gündəmində
olan əsas mövzulardandır. Təşkil
olunan müzakirələrdə bu məsələlərə
də geniş yer verildi, həm elmi, həm də praktiki əhəmiyyət
kəsb edən nəticələr canlı yayımlanaraq,
geniş ictimaiyyətə, elm cameəsinə təqdim olundu.
Burada təqdim edilən elmi məruzələr, gənc
tədqiqatçıların peşəkar inkişafına
xidmət etməklə yanaşı, iqtisadi siyasət
tövsiyələri baxımından da ölkəmiz
üçün çox faydalı olacaq.
Bütün bu göstərilənlər rəqəmsal
və innovasiyalı iqtisadiyyatımızın özəllikləri
nəzərə alınmaqla, konfransda əsas müzakirə
mövzuları sırasında özünə yer tutmuşdu. Bu özəlliklər isə
sənaye inqilabları, idarəetmədə informasiya
texnologiyalarından geniş istifadə, ağıllı şəhər
(kənd) və yaşıl iqtisadiyyat, innovasiya mədəniyyətinin
formalaşması, risklər və onların xüsusiyyətləri,
korporativ sosial məsuliyyət, yeni maliyyə alətləri,
elektron ticarət və süni intellektin imkanları qismində
ciddi müzakirə obyekti olublar.
Konfrans hələ də davam edən pandemiya şəraitində
keçirildi.
Bu gün dünyada baş verən pandemiya və
onun yaratdığı sosial-iqtisadi problemlər, bir daha
dayanıqlı inkişaf konsepsiyasının
aktuallığını sübut edir və bu istiqamətdə
axtarışları intensivləşdirir. Bütün bu fərqliliklər III beynəlxalq
konfransda müzakirə mövzularının da seçilməsini
şərtləndirmişdir. Belə ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
Qarabağın bərpası ilə bağlı verdiyi
tövsiyələr, o cümlədən “ağıllı
şəhər”, “ağıllı kənd”, “yaşıl
enerji” kimi yeni inkişaf modellərini nəzərə alaraq,
konfransı təşkil etdik. Seminarlar “Ağıllı və
dayanıqlı şəhərlər”, “Azərbaycanda
postmüharibə dövründə məşğulluq və
investisiyalar”, “Gəncə timsalında şəhərlərin
brendləşməsi”, “Müasir dünyada rəqəmsal
iqtisadiyyat”, “Blokçeyn texnologiyalar və rəqəmsal
valyutalar”, “IV Sənaye inqilabı”, “Sosial biznes və sosial
sahibkarlığın iqtisadiyyata təsirləri”, “Azərbaycanda
elektron ticarət və elektron ixracat perspektivləri”,
“Yaşıl şəhərlər və yaşıl
inkişaf perspektivləri”, “Akademik uğurun formulası” kimi
mövzuların müzakirəsinə həsr edilmişdi.
Konfrans
günlərində təşkil olunan müzakirələrdə
gələcəyin dünyasında mühüm rola sahib olan
“ağıllı şəhərlər”in əhəmiyyəti,
onların perspektivləri, Azərbaycanda tətbiq istiqamətlərinin
müzakirəsi ilə başlayan “workshop”lar çərçivəsində
şanlı ordumuzun zəfəri ilə yekunlaşan 44
günlük Vətən Müharibəsindən sonrakı
dövrdə işğaldan azad olunmuş bölgələrdə
məşğulluq və investisiya məsələləri
müzakirə olundu, təkliflər səsləndirildi, eləcə
də dövlətin bu istiqamətdəki siyasəti təhlil
edildi. Daha sonra regional inkişafda, turizm və
iqtisadi potensialın artırılmasında mühim rola sahib
olan şəhərlərin brendləşməsinə Gəncə
şəhəri nümunəsində baxılmış, Azərbaycanda
şəhər brendləşməsi və Gəncənin gələcək
inkişafı üçün mühüm təkliflər səsləndirildi.
Müasir dünyamızın ən aktual
mövzularından biri olan rəqəmsal iqtisadiyyat, onun
günümüzdə təsirləri, istifadə istiqamətləri
və ölkəmizdə tətbiqi ilə bağlı
müzakirələr aparıldı və təkliflər səsləndirildi.
Bununla yanaşı, rəqəmsallaşmanın
yaratdığı imkanlardan biri də blokçeyn texnologiyasının
tətbiqi və istifadə sahəsinin böyüməsi, rəqəmsal
valyuta bazarlarının genişlənməsi mövzusu da əsas
müzakirə mövzularından oldu. Bu gün
bütün dünyanı öz cənginə alan
pandemiya şəraiti bütün iqtisadi bazarlara, o cümlədən
daşınmaz əmlak bazarına da təsirsiz
ötüşmədi. Pandemiyanın daşınmaz əmlak
bazarlarına təsirləri ABŞ, Hong Kong, Niderland və Azərbaycandan
olan investisiya mütəxəssislərinin iştirakı ilə
müzakirə olundu, postpandemiya dövrü üçün
investisiya mühiti ilə bağlı təhlillər
aparıldı və fikirlər səsləndirildi. Ölkəmizdə zaman keçdikcə daha da
inkişaf etdirilən istiqamətlərdən biri də sosial
sahibkarlıq və sosial biznesdir. Sosial
biznes və sosial sahibkarlıq haqqında “workshop”da bu sahədə
tədqiqatçı, mütəxəssis və sosial biznes təşəbbüskarı
olan xanımların iştirakı ilə müzakirələr
aparıldı. IV sənaye inqilabı, bu
inqilabın maliyyə və real sektor üçün nələri
vəd etdiyi, gündəlik məişət həyatımıza
təsiri ilə bağlı xarici və yerli tədqiqatçılarının
iştirakı barədə geniş məlumat verildi. Bundan
əlavə, “yaşıl şəhər” layihələri,
bu şəhərlərin gələcək dünyamız
üçün önəmi, inkişaf perspektivləri və
yaşıl şəhərlərlə bağlı ölkələr
tərəfindən atılması lazım olan addımlar
haqqında BMT, UNEP, Dünya Bankı, Yaponiyanın TEPSCO
şirkətinin nümayəndələrinin iştirakı ilə
maraqlı müzakirələr təşkil olundu. Konfransın son günündə isə Nizami Gəncəvi
əsərlərində iqtisadiyyat və idarəetmə ilə
bağlı fikirlər təhlil olunaraq, şairin əsərlərinə
iqtisadi prizmadan yanaşma göstərildi. Konfransın
son “workshop”unda tədqiqat metodları, elmi tədqiqatların
keyfiyyətinin artırılması, doktorantura təhsilində
dissertasiya mövzusunun seçilməsi, nüfuzlu elmi
jurnallarda tədqiqatların çap olunması ilə
bağlı xarici professorlar tərəfindən gənc tədqiqatçılara
tövsiyə xarakterli məlumatlar verildi.
Bu il Prezident İlham Əliyev Respublika
Günü münasibətilə Azərbaycan xalqına təbriklərini
işğaldan azad edilmiş Ağdamdan ünvanladı və
Ağdamın Baş Planını Ağdamdan olan
ziyalılarla müzakirə və təsdiq etdi. Ağdamın Baş Planı Ağdamı dünyada
bənzəri olmayan şəhərə çevirəcək.
Bu Baş Planda Qarabağ Universitetinin
yaradılması da nəzərdə tutulmuşdur. Bununla bağlı konfransda təklifimiz səsləndirildi.
Ağdamda
yaradılacaq Qarabağ Universitetini IV sənaye
inqilabının tələblərini nəzərə alaraq,
gələcəyin Azərbaycanını, yəni rəqəmsal
Azərbaycanı quracaq, Azərbaycanın rəqəmsal
transformasiyasını təmin edə bilən insan kapitalı
formalaşdıracaq universitet kimi görürük.
Magistr və doktorantların növbəti IV beynəlxalq
konfransın Ağdamda, “Smart universitet”, rəqəmsal təhsil
rəqəmsal elm kimi mövzulara həsr edilməsi
yaxşı olardı.
Fariz
ƏhmƏdov,
Azərbaycan
Dövlət İqtisad
Universitetinin
(UNEC)
Beynəlxalq
Magistratura və
Doktorantura
Mərkəzinin direktoru,
dosent.
Respublika.- 2021.- 17 iyun.- S.18.