Xatirələrdən silinməz insan
Keçdiyi həyat yolunun qiyabi səyahətinə çıxanda bu tarixlərin hər birinin bir kitab qədər əhəmiyyətli olduğunu görürsən. Çünki hər bir tarixin kökündə, mayasında, qayğıkeşliyin, işgüzarlığın, zəhmətə qatlaşmağın, hər kəsə olan mehribanlığın, səmimiliyin, lazım gələndə məqsədyönlü prinsipiallığın təntənəsini hiss edirsən. Adını eşidib üzünü görməyənlərdən də, özü ilə çiyin-çiyinə çalışanlardan da, bir süfrədə oturub duz-çörək kəsdiyi adamlardan da haqqında soraqlaşanda ancaq bu cavabları eşidirsən: ürəyi daim eli, obası üçün döyünən, hamının xoş günlərinə sevinən, dərdinə, qəm qüssəsinə dərindən heyfslənən, dəstək olan, ən əsası da dövlətə, dövlətçiliyə sədaqətli insan idi.
Mən özüm “Respublika” qəzetində müxbirlik fəaliyyətinə başlayandan Qəbələnin Icra Hakimiyyətində onunla tanışlığımın ilk günlərindən bu deyilənlərin canlı şahidi olmuşam. Rayon icra hakimiyyəti başçısının birinci müavini kimi mətbuat işçilərinə çox həssas, qayğıkeş idi. “Respublika” qəzetinin ən fəal oxucusu və təbliğatçısı olmasından qürurlanırdı. Dəyərli məsləhətlərindən, təkliflərindən, lazım gələndə göstərdiyi köməkliklərdən çox bəhrələnmişəm.
Mətləbdən çox uzaqlaşmayıb 1935-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində anadan olan, Şəkidəki ikiillik Müəllimlər İnstitutunu qurtarandan sonra bir müddət riyaziyyat müəllimi kimi fəaliyyət göstərən, sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda qiyabi yolla ali təhsil alan, ictimai fəallığına, idarəetmə qabiliyyətinə görə rayonda rəhbər vəzifələrə irəli çəkilən mədəniyyət şöbəsinin müdiri, bir neçə ildən sonra rayon icra hakimiyyəti başçısının birinci müavini təyin olunan Əhmədiyyə Məmmədovun dövlətə, dövlətçiliyə xidmət etdiyi bəzi məqamları xatırlatmaq yerinə düşər.
Müəllim işlədiyi, məktəb direktoru olduğu illərdə gənc nəslin yüksək keyfiyyətlə təlim tərbiyə almasında, gələcəyin əsil fədakar dayaqları kimi yetişməsində, rayon mədəniyyət şöbəsinə rəhbərliyi illərində Qəbələnin qədim tarixinin daha dərindən öyrənilib təbliğ olunmasına, mədəniyyət müəssisələrinin dövrün tələblərinə uyğun fəaliyyətlərinin canlandırılmasına, mədəniyyət sahəsindəki istedadların tapılıb ortaya çıxarılmasına da qayğısı ilə seçilib. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi və iqtisadi strategiyasının daha firavan sabaha aparacağına möhkəm inanan Əhmədiyyə müəllim 1993-cü ildə Yeni Azərbaycan Partiyasının Qəbələdə ilk özəyinin yaradılmasına nail olub və ömrünün sonunadək bu partiyanın yerli təşkilatının sədri vəzifəsini daşıyıb. Böyük nüfuz və inam, hörmət sahibi idi. Vətəndaş məmur ünsiyyətindən söhbət düşəndə həmişə bu fikri vurğulayırdı ki, icra hakimiyyəti hər kəs üçün inam, ümid ünvanıdır. Heç kim bu ünvandan naümid ayrılmamalıdır.
Əhmədiyyə Məmmədovun ayrı-ayrı tədbirlərdə Qarabağ torpaqlarının erməni vandallarının əsarətində olmasından və Heydər Əliyev siyasətinin bu işğala gec-tez son qoyacağından bəhs edən söhbətlərinin iştirakçısı olmuşam. Milyonlardan biri kimi, onun da ruhu arzuladığı günə qırx dörd günlük müharibədə Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan İlham Əliyevin səyi, iradəsi, dəmir yumruğu ilə qazanılan qələbəyə qovuşdu.
Haqqında söhbət açdığımız Əhmədiyyə Məmmədov sovet dövrünün bir çox bürokratçılıqları ilə də, doxsanıncı illərin əvvəllərində respublikada hökm sürən xaos vəziyyətlərlə də üzləşib. Amma heç vaxt öz əqidəsindən dönməyib, dövlətin, dövlətçiliyin keşiyində mərdliklə dayanıb. Bir sözlə, ayların, illərin fırtınasından ömrü ömür kimi yaşamağıyla mərdliklə çıxıb. Bu kimi keyfiyyətlərinə, həm də öz dövləti vəzifəsini, Vətənə xidmətini ləyaqətlə yerinə yetirdiyinə görə 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin sərəncamı ilə III dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edilmişdir.
İllərin əks sədası, sadəlikdən qidalanan bir ömür sahibinin dövlətə, dövlətçiliyə sədaqətini onunla eyni illərdə bir yerdə çalışanlar da ürəkdən gələn səmimi sözlərlə belə ifadə etdilər:
Sədaqət Bayramova - Qızıl Aypara Cəmiyyəti Qəbələ Rayon Təşkilatının sədri:
—Uzun illər mən də rayonda rəhbər vəzifələrdə çalışmışam. O vaxtkı komsomol məktəbində oxuduqdan sonra partiya, sovet təşkilatlarında müxtəlif vəzifələr daşımışam. Əhmədiyyə müəllimlə çalışdığım illərin xatirələri mənim üçün daha əzizdir. Çünki ondan həmişə qayğıkeşlik, dəyərli ağsaqqal məsləhəti, təcrübəli rəhbər, işçiyə xas olan köməklik görmüşəm. Məncə o, dövrünə görə bizim hamımız üçün bir məktəb idi və biz o ocaqdan yetərincə bəhrələnmişik. Bu gün də o, qəlbimizdə yaşayır, heç vaxt da unudulmayacaq.
Varis Yaqubov, təqaüdçü:
—Qayğıkeş rəhbər işçi, sədaqətli dost, ağıllı məsləhətçi, hamımızı bu gündən sabaha nikbinliklə baxmağa ruhlandıran bir insan idi. Mən “Respublika” qəzetinin bu cür mövzuya müraciətini alqışlayıram.
Bu xoş ifadələrlə dolu xatirələrin sayını artırmaq da olar. Bütün bunların hamısı Əhmədiyyə Məmmədov adlı bir ömür kitabına yazılan unudulmaz tarixlərdir. Bəlkə də oxuculara adi görünər bu tarixlər, hətta bəziləri bu cür tarixə malik insanların ölkəmizdə yüz minlərlə olduğunu söyləyərlər. Amma unutmayaq ki, bu cür mənalı ömür yolunu bu günümüzün fəallarına, sabahımızın etibarlı dayaqlarına tanıtmaq hamımızın borcudur.
Rasim AMANOV
Respublika.- 2021.- 17 iyun.- S.21.