MÜƏLLİM ÖMRÜ

 

Xoşbəxt yaşamaq hər kəsin arzusudur. Səadətə, xoşbəxtliyə qovuşmaq üçün hərə bir yol seçir. Əməyə, zəhmətə, biliyə, elmə söykənən yollar isə insanı daim ucaldır.

 

Azad uşaq yaşlarından çətinliyin, əzab-əziyyətin, zəhmətin nə olduğunu gözəl bilib. Atası Ağadadaşın 12 nəfərlik ailənin dolanışığı üçün gecə-gündüz zəhmətə qatlaşması, anası Xalisənin onunla birgə ailə qayğılarını çəkməsi Azadın uşaq yaddaşında dərin iz buraxıb. Üzləşdiyi çətinlikləri ruhdan düşməyib yoluna qoyması, çoxlu uğurlar qazanması onun ailə ənənələrinə sadiqliyindən qaynaqlanır.

 

Azad Abdullayev 1961-ci il may ayının 26-da Astara şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1977-ci ildə Astara şəhər 1 saylı tam orta məktəbini bitirib. Müqəddəs müəllim peşəsini seçib. Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin məzunudur.

 

1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə olub. Ordu sıralarında bərkdən-boşdan çıxıb. Əmək fəaliyyətinə Astara rayonunun Şahağacı kənd tam orta məktəbində ingilis dili müəllimi kimi başlayıb. Bacarığını, işgüzarlığını, təşkilatçılıq qabiliyyətini nəzərə alıb onu Seləkəran kənd əsas məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini təyin ediblər.

 

1990-cı ildə qabaqcıl, səmərəli pedaqoji fəaliyyətinə görə rayon təhsil şöbəsində metodist vəzifəsinə irəli çəkilib. 1993-cü ildə isə təzə fəaliyyətə başlayan Astara Pedaqoji Kollecində müəllim, sonra metodist kimi fəaliyyətini davam etdirib.

 

1997-ci ildə kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Təhsil ocağında tədrisin keyfiyyətinin yüksəldilməsində, müəllim kadrlarının hazırlanmasında səmərəli işi, uğurları ilə diqqəti cəlb edib. Rayonrespublika mətbuatında onun nümunəvi, qabaqcıl təcrübəsi barədə yazılar dərc olunub. Elmi jurnallarda 10-dan çox məqaləsi çap olunub. Təhsil problemləri, metodik işlərin və pedaqoji təcrübənin təşkili məsələləri haqqında yazdığı məqalələr maraqla qarşılanıb. Təhsillə bağlı keçirilən treninqlərdə fəal iştirak edərək sertifikatlar qazanıb. Dəfələrlə Astara Pedaqoji Kolleci, Astara Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyi tərəfindən fəxri fərman və mükafatlara layiq görülüb.

 

2012-ci ildə təhsil sahəsində uzun illər səmərəli fəaliyyətinə görə Azad Abdullayev Təhsil Nazirliyinin kollegiya qərarı ilə “Qabaqcıl təhsil işçisidöş nişanı ilə təltif edilib. Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə keçirdiyi “Ən yaxşı yazı” müsabiqəsində II dərəcəli diploma layiq görülüb. Hazırda kollecdə ixtisası üzrə müəllim işləyir.

 

Azad müəllim hansı vəzifədə işləməsindən asılı olmayaraq ömrünün 40 ilini həsr etdiyi müəllim peşəsinin şərəfini, nüfuzunu həmişə qoruyub. Halal zəhmətlə dolanıb. Kollektivdə, cəmiyyət arasında böyük hörmət, ad-san qazanıb.

 

Xeyirxahlığı, nəcib əməlləri ilə tanınan Azad müəllim Astara Pedaqoji Kollecdə də sayılıb-seçilir, sevilir. Zəngin təcrübəsini həvəslə gənclərə öyrədir, onlardan heç vaxt köməyini əsirgəmir.

 

Azad müəllim ötən illərə fəxarətlə, qürurla baxır. Qazandığı hörmət, məhəbbət və nüfuz onun üçün daha qiymətlidir. Ömür kitabının hər səhifəsi maraqlı və yaddaqalandır. O, həm də gözəl ailə başçısıdır. Övladları Aqşin iqtisadçı, Şəbnəm psixoloqdur. Hər ikisi ailə ənənələrini sədaqətlə davam etdirir.

 

Azad müəllimi daha fərəhli, sevinc dolu aylar, illər gözləyir. Yeni, daha böyük uğurlar, nailiyyətlər qarşıdadır.

 

 

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.- 2021.- 17 iyun.- S.21.