Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq
islahatları və inzibati məhkəmələrin
yaradılması
İnzibati Məhkəmələr-10
il
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparılmağa başlanılmış, respublikamız inkişaf yolu kimi demokratik, hüquqi, dünyəvi və sosial dövlət quruculuğu yolunu seçmişdir. Ölkənin iqtisadi, siyasi, sosial və hüquq sistemində bu məqsədləri təmin etməyə yönəlmiş fundamental tədbirlər görülmüşdür. Həyata keçirilmiş məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət yeni - 3 pilləli müstəqil məhkəmə sistemi və konstitusiya ədalət mühakiməsi yaradılmışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparılmağa başlanılmış, respublikamız inkişaf yolu kimi demokratik, hüquqi, dünyəvi və sosial dövlət quruculuğu yolunu seçmişdir. Ölkənin iqtisadi, siyasi, sosial və hüquq sistemində bu məqsədləri təmin etməyə yönəlmiş fundamental tədbirlər görülmüşdür. Həyata keçirilmiş məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət yeni - 3 pilləli müstəqil məhkəmə sistemi və konstitusiya ədalət mühakiməsi yaradılmışdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə və çağırışlarına uyğun olaraq daha da dərinləşdirilmişdir. Belə ki, 2004-cü ildə “Məhkəmələr və hakimlər” haqqında Qanunun əsaslı şəkildə yenilənməsi, eləcə də “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun qəbul edilməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.
Məhkəməyə əlçatanlığın məhkəmə sisteminin quruluşundan, xüsusilə ixtisaslaşdırılmış və regional məhkəmələrin fəaliyyətindən asılı olduğu nəzərə alınaraq, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı institusional islahatlar həyata keçirilmişdir. Belə ki, regionların dinamik sosial-iqtisadi inkişafı şəraitində bölgələrdə yaşayan insanların məhkəmələrə müraciətini asanlaşdırmaq və keyfiyyətini yaxşılaşdırmaq, habelə regionlarda hüquq institutlarının inkişafı məqsədilə 2006-cı ildə respublika apelyasiya və iqtisad məhkəmələrinin əvəzinə 6 regional apelyasiya və 3 yerli iqtisad məhkəməsi təşkil edilmişdir. Eyni zamanda, məhkəmə-hüquq sisteminin inkişafında ən mühüm tədbirlərdən biri kimi ilk dəfə olaraq inzibati ədliyyə institutu təsis edilmiş, 2011-ci ildən 6 bölgədə dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan yeni inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır.
İnzibati məhkəmə icraatının yaradılmasını ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında əhəmiyyətli yeni mərhələ kimi qiymətləndirmək lazımdır. İnzibati məhkəmələrin fəaliyyətə başlaması isə bu sahədə iki çox mühüm qanunvericilik aktının - “İnzibati icraat haqqında” Qanunun və İnzibati Prosessual Məcəllənin eyni anda 2011-ci il 01 yanvar tarixdən qüvvəyə minməsi ilə bağlı olmuşdur.
“İnzibati icraat haqqında” Qanunun qəbul edilməsi Azərbaycanda mövcud inzibati hüququn kökündən dəyişdirilməsinə, Konstitusiyada təsbit edilmiş hüquqi dövlət və qanunun aliliyi prinsiplərinə uyğun olan yeni inzibati hüquq modelinin yaradılmasına səbəb olmuşdur. Belə ki, inzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir.
İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələndirmək hüququnu əldə etmiş olur. Bununla da, hüquqi dövlət prinsipinə uyğun olaraq bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına real şərait yaranır.
İnzibati Prosessual Məcəllənin qəbul edilməsi nəticəsində isə inzibati orqanlarla fiziki və hüquqi şəxslər arasında mübahisələrə yeni yaradılan inzibati məhkəmələr tərəfindən baxılmasının prosessual qaydaları müəyyənləşdirilmiş, artıq dünya təcrübəsində uğurla sınaqdan keçmiş inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı hüquqi müdafiənin yeni təkmil mexanizmlərinin tətbiqinə başlanılmışdır. Beləliklə, istənilən müasir cəmiyyətdə həyatın ən mühüm aspektlərindən biri olan inzibati münasibətləri, yəni inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətləri tənzimləyən normativ bazanın formalaşdırılması prosesi yekunlaşdırılmış, inzibati münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmələrdə baxılması qaydası təsbit edilmişdir.
2020-ci il yanvarın 1-dən etibarən isə ölkəmizdə mövcud inzibati-iqtisadi məhkəmələr sistemi ləğv edilmiş, bu sahədə ixtisaslaşmış məhkəmələrin iki sistemi - inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılmışdır. Bu isə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə birbaşa bağlıdır. Həmin Fərmanla məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və bu sahədə islahatların dərinləşdirilməsinin təməli qoyulmuş, yeni yol xəritəsi müəyyən olunmuşdur. Ölkə Prezidenti islahatların yeni mərhələsinin hədəflərini belə müəyyən etmişdir: müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.
Ayrıca inzibati və kommersiya məhkəmələri sistemlərinin yaradılması yolu ilə məhkəmələrdə ixtisaslaşmanın dərinləşdirilməsi yeni dövrdə məhkəmə sisteminin səmərəli fəaliyyət göstərməsinin mühüm vasitələrindən biri kimi qəbul edilir. Aydındır ki, inzibati və iqtisadi sahələr üzrə yaranan mübahisələrdən irəli gələn işlərə baxarkən ədalət mühakiməsini yüksək keyfiyyətlə həyata keçirə bilmək üçün hakimlər yüksək peşəkarlıq səviyyəsinə, daha dərin hüquqi biliklərə və zəngin təcrübəyə malik olmalı, spesifik sahələrlə bağlı hüquq münasibətlərinin ən son inkişaf istiqamətlərindən xəbərdar olmalıdırlar. Bu ehtiyac isə qaçılmaz olaraq ixtisaslaşmanı labüd edir. Ona görə də Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 03 aprel tarixli Fərmanında ədalət mühakiməsi sahəsində ixtisaslaşmanın dərinləşdirilməsi həlledici vasitələrdən biri kimi müəyyənləşdirilmişdir.
Beləliklə, ölkəmizdə yaradıldığı dövr üçün mütərəqqi yenilik olsa da, hazırkı zamanın tələblərinə və çağırışlarına uyğun olaraq ikili təbiətə (publik və xüsusi hüquqa aid) malik mübahisələrə baxan inzibati-iqtisadi məhkəmələr sistemindən daha optimal üsul kimi qəbul edilən ixtisaslaşmış məhkəmələr sisteminə keçid edilmişdir. İnzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mülki mübahisələrə baxmağa başlamışlar. Bununla da, həm ixtisaslaşmanın artırılmasına şərait yaradılmış, məhkəmə quruluşu optimallaşdırılmış, eləcə də məhkəmə sistemində iş yükünün daha balanslaşdırılmış bölgüsü təmin edilmişdir. Bu gün ölkəmizdə - Bakı İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsi, Şirvan İnzibati Məhkəməsi, Gəncə İnzibati Məhkəməsi, Şəki İnzibati Məhkəməsi və Naxçıvan MR İnzibati Məhkəməsi ixtisaslaşmış birinci instansiya məhkəmələri kimi fəaliyyət göstərir. İnzibati və kommersiya məhkəmələri sistemlərinin ayrılması prinsipinin apelyasiya və kassasiya instansiyalarında da öz məntiqi davamını tapması üçün mövcud məhkəmə kollegiyalarının quruluşunda da dəyişikliklər aparılmış, yuxarı instansiya məhkəmələrində də iki müvafiq inzibati və kommersiya kollegiyaları yaradılmışdır.
İnzibati məhkəmələrin
10 illik fəaliyyətinə baxış
2011-ci ildən fəaliyyət göstərən inzibati məhkəmələrdə baxılan işlərin təhlili onu göstərir ki, vətəndaşlar tərəfindən bu məhkəmələrə edilən müraciətlərin sayı artmaqda davam edir. Əgər 2011-ci ildə birinci instansiya qismində inzibati məhkəmələrə 6818 müraciət olmuşdusa, 2017-ci ildə bu rəqəm 27245-ə, 2019-cu ildə 19862-yə, pandemiya şərtlərinin hökm sürdüyü 2020-ci ildə isə 16348-ə çatmışdır. Bu, sözsüz ki, ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində məhkəmə müdafiəsi hüququnun reallaşdırılması imkanlarının genişləndirilməsi, məhkəməyə daha asan əlçatanlığın təmin edilməsi ilə bağlıdır.
Bu gün pensiya, müavinət və digər sosial təminatların alınması ilə bağlı işlər, vergi, gömrük, sosial sığorta ödəmələri, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması, tikinti hüququnun həyata keçirilməsi, inzibati orqanların publik hüquq sahəsində həyata keçirdikləri fəaliyyətlə bağlı vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi, inzibati orqanla hakim, dövlət qulluqçusu və hərbi qulluqçu arasında xidməti hüquq münasibətləri ilə bağlı işlərə, eləcə də, inzibati orqanların publik hüquq sahəsindəki fəaliyyətlərindən doğan digər bir çox mübahisələrə inzibati məhkəmələrdə baxılır.
Statistik rəqəmlərin təhlili onu göstərir ki, 2011-2020-ci illərdə birinci instansiya məhkəmələrində mahiyyəti üzrə baxılmış və qərar çıxarılmaqla həll edilmiş işlərin sayında vətəndaşların xeyrinə yekunlaşmış işlərin sayı həmişə yüksək olmuşdur. Belə ki, 2011-ci ildə baxılmış işlərin 84,1 faizi, 2012-ci ildə 80,3 faizi, 2013-cü ildə 80,5 faizi, 2014-cü ildə 84,5 faizi, 2015-də 82,7 faizi, 2016-da 84,4 faizi, 2017-də 90,6 faizi, 2018-ci ildə 87,6 faizi, 2019-cu ildə 70,1 faizi və 2020-ci ildə isə 56,9 faizi vətəndaşların xeyrinə yekunlaşmışdır. Bu rəqəmlər isə, fikrimizcə, inzibati məhkəmələrin vətəndaşların hüquqlarının müdafiəsində xüsusi rola malik olduğunun təsdiqi kimi qəbul edilə bilər.
2020-ci ilin rəqəmlərinə diqqət yetirdikdə görünür ki, ötən il məhkəmələrin icraatında olmuş işlərin 23 faizi sosial təminat və pensiya hüququ, 24 faizi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, 11,6 faizi müharibə veteranı adı və vəsiqəsinin verilməsi, 7,5 faizi yaşayış yeri üzrə qeydiyyata alma və qeydiyyatdan çıxarılma, 5,3 faizi vergi, 2,2 faizi xidməti hüquq münasibətləri, 26 faizi isə digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də bələdiyyələrin qərar və hərəkətləri ilə bağlı mübahisələr təşkil etmişlər.
Ötən illərin təcrübəsi həm də onu da göstərir ki, inzibati işlər üzrə apelyasiya və kassasiya məhkəməsində baxılan işlərin sayında da artım olmuşdur. Belə ki, ölkə üzrə 2011-ci ildə 414, 2012-ci ildə 1555, 2013-cü ildə 2307, 2014-cü ildə 2601, 2015-ci ildə 3039, 2016-cı ildə 3881, 2017-ci ildə 4608, 2018-ci ildə 5284, 2019-cu ildə 3881, 2020-ci ildə isə 3615 işdən apelyasiya instansiyası məhkəmələrinə şikayət verilmişdir.
Öz növbəsində Ali Məhkəməyə verilmiş kassasiya şikayətlərinin sayı da ilbəil artmışdır. Belə ki, 2011-ci ildə 130, 2012-ci ildə 840, 2013-cü ildə 1606, 2014-cü ildə 1693, 2015-ci ildə 1885, 2016-cı ildə 2458, 2017-ci ildə 2666, 2018-ci ildə 3166, 2019-cu ildə 3960, 2020-ci ildə isə 2701 işdən kassasiya şikayəti verilmişdir.
Beləliklə, ötən onillik dövrü biz ölkəmizdə inzibati məhkəmələrin təşəkkül tapması və inzibati məhkəmə icraatı prinsiplərinin həm məhkəmələrin özlərində, həm də ümumən hüquq ictimaiyyətində mənimsənilməsi və yerləşməsi dövrü kimi xarakterizə etmək olar. İnzibati münasibətlər sahəsində yaranacaq mübahisələrə yeni prosessual prinsiplərin və yanaşmaların tətbiq edilməsi mexanizmi artıq səmərəli fəaliyyət göstərir. Əminliklə deyə bilərik ki, inzibati orqanların qərarlarına və digər publik hüquq sahəsindəki fəaliyyət formalarına qarşı inzibati məhkəmə icraatı qaydasında hüquqi müdafiə sistemi bu gün ölkəmizdə hüquqların səmərəli müdafiə vasitələrindən biri kimi mövcuddur, üstəlik müasir inkişaf tendensiyalarına uyğun təkmilləşməkdə davam edir.
İnzibati məhkəmə icraatının səmərəliliyinin artırılması
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş məhkəmə-hüquq sisteminin inkişafının yeni mərhələsinin hədəflərinə uyğun olaraq inzibati məhkəmələrin fəaliyyətində də əsas məqsəd vətəndaşların hüquqlarının məhkəmələrdə daha etibarlı müdafiəsini təmin etmək, məhkəmələrə etimadı möhkəmləndirmək, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılmasına nail olmaqdır.
Sözügedən məqsədi təmin etməyə yönəlmiş vacib yeniliklərdən biri vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etməyə imkan verən yeni hüquqi mexanizmlərin işə salınması olmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin dördüncü hissəsinə əsasən “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması” Qaydası layihəsi Ali Məhkəmə tərəfindən hazırlanmış və Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul olunmuşdur. Bununla da ədalət mühakiməsinin həyata keçirilməsi zamanı nöqsanların müəyyən edildiyi sahələrdə məhkəmə fəaliyyətinin monitorinqini aparmaq mümkün olmuşdur. 2020-ci il 18 sentyabr tarixdə Ali Məhkəmənin Plenumunda qəbul edilmiş qərarlarla kommersiya və mülki kollegiyalarda baxılan bəzi mübahisələrlə bağlı artıq belə monitorinqlərin keçirilməsinə başlanılmışdır və gələcəkdə inzibati məhkəmələrin fəaliyyəti ilə bağlı məsələlər üzrə də monitorinqlər keçiriləcəkdir.
Ali Məhkəmədə məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ-hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə İnzibati Prosessual Məcəllənin 98-1-ci maddəsində təsbit edilmiş yeni mexanizmə müraciət edilərək iki məsələ üzrə İnzibati Kollegiyanın Qərardadı qəbul edilmişdir - “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 13 avqust 2020-ci il tarixli Qərardad və “”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardad. Sözügedən qərardadlar vahid məhkəmə təcrübəsini təmin etmək üçün olduqca əhəmiyyətli olmuşlar.
Ali Məhkəmənin İnzibati Kollegiyası 2020-ci ilin iyun ayından etibarən öz fəaliyyətində “Ədalət mühakiməsinin və məhkəmələrin fəaliyyətinin keyfiyyətinin ölçülməsinə dair (inzibati işlər üzrə) sorğu”nun tətbiqinə başlamışdır. Bununla da keyfiyyəti ölçməyə şərait yaradan yeni meyarları nəzərə almaqla məhkəmə fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinə imkan yaranmışdır. Bundan başqa, Ali Məhkəmədə mütəmadi olaraq məhkəmələrdə inzibati mübahisələrə baxılması vəziyyətinə dair ətraflı analitik hesabatlar hazırlanır. Həmin hesabatlarda bütün məhkəmə instansiyaları üzrə inzibati məhkəmələrin iş yükü, baxdığı mübahisələrin kateqoriyası, məhkəmə qərarlarının sabitliyi və icrası ilə bağlı və s. məsələlər ətraflı təhlil olunur. Hesabat həmçinin ölkə üzrə bütün inzibati məhkəmələrə və apelyasiya instansiyası məhkəmələrinə göndərilməklə onlarla bölüşülür, müvafiq təkliflər alınmaqla məhkəmə icraatının effektivliyinin artırılmasına yönəlmiş zəruri tədbirlər həyata keçirilir.
Məhkəmə qərarlarının sabitliyinin və vahid məhkəmə təcrübəsinin yerləşməsinin təmin edilməsi bu gün Ali Məhkəmənin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Statistik məlumatlara görə, Ali Məhkəmə apelyasiya məhkəmələrinin qərarlarını mülki və cinayət işləri ilə müqayisədə, inzibati işlər üzrə nisbətən daha çox ləğv edir və ya dəyişdirir. Belə ki, 2011-ci ildə Ali Məhkəmə inzibati mübahisələr üzrə baxılmış işlərlə bağlı apelyasiya məhkəmələrinin qərarlarının 16,2 faizini, 2012-ci ildə 18,7 faizini, 2013-cü ildə 28,5 faizini, 2014-cü ildə 33,5 faizini, 2015-ci ildə 29,5 faizini, 2016-cı ildə 30,1 faizini, 2017-ci ildə 34,8 faizini, 2018-ci ildə 30,5 faizini, 2019-cu ildə 30 faizini və 2020-ci ildə isə 29,1 faizini ləğv etmiş və ya dəyişdirmişdir. Məhkəmə qərarlarının sabitliyinə və vahid məhkəmə təcrübəsinin yerləşməsinə nail olmaq üçün Ali Məhkəmədə mütəmadi olaraq konkret işlərə baxılması nəticəsində apelyasiya məhkəmələrinin ləğv edilmiş bütün qərarlarının xüsusi meyarlar üzrə öyrənilməsi işi aparılır. Bu zaman ayrılıqda hər bir apelyasiya məhkəməsinin, eləcə də həmin məhkəmədəki hər bir məhkəmə tərkibinin qərarlarının ləğv səbəblərinin ümumiləşdirilməsi hədəflənir. Əldə edilmiş nəticələr həm bütövlükdə ölkə üzrə, həm də ayrı-ayrı apelyasiya məhkəmələrinə və hakimlərə münasibətdə işlərə baxılarkən yol verilmiş pozuntuları müəyyənləşdirməyə imkan verir. Bundan sonra isə yol verilmiş pozuntuların təkrarlanmaması üçün müvafiq tədbirlər həyata keçirilməklə son nəticədə apelyasiya məhkəməsinin qərarlarının ləğvinin azaldılmasına, bununla da, məhkəmə qərarlarının sabitliyinə nail olmağa çalışılır. Bu məqsədlə Ali Məhkəmənin özünün qərarlarının keyfiyyəti ilə bağlı məsələlər də diqqətdə saxlanılmaqla bundan irəli gələn məsələlər daim təhlil edilir, zəruri tədbirlər görülür.
Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə artan iş yükü ədalət mühakiməsinin həyata keçirilməsinin əsas problemlərdən biri olmaqda davam edir. İnzibati işlərlə bağlı məhkəmələrdə iş yükünün artması bir tərəfdən, sözsüz ki, həyata keçirilən islahatlar nəticəsində məhkəmə müdafiəsi hüququnun reallaşdırılması imkanlarının genişləndirilməsi, məhkəməyə əlçatanlığın artması ilə bağlıdır. Lakin inzibati məhkəmələrdə iş yükünün artmasını doğuran həm məhkəmələrin, həm də inzibati orqanların fəaliyyətindən irəli gələn digər səbəblər də var. Qeyd edilməlidir ki, bu səbəblər müəyyən özünəməxsusluqlar nəzərə alınmaqla əksər ölkələrin məhkəmə sistemləri üçün xas olan vəziyyətdir. Ona görə də beynəlxalq təcrübə də nəzərə alınmaqla daim optimal həll yolları üzərində işlənilməlidir. Son zamanlar ixtisaslaşma istiqamətində həyata keçirilən islahatlar da məhz bu məqsədə yönəlmişdir.
Sözsüz ki, məhkəmə icraatının səmərəliliyinin artırılması məhkəmə fəaliyyətinin idarə olunmasında daimi prioritet vəzifə olaraq görülməlidir. İnzibati mübahisələrə baxan hakim məhkəmə icraatını xidməti vəzifəsinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin bütün hallarının tam və hərtərəfli araşdırılmasını təmin edəcək qaydada aparmalı, aidiyyəti sübutları toplamalı, inzibati orqanlardan faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi, eləcə də məhkəməyədək aparılmış inzibati araşdırma materiallarını tələb etməli, həmçinin işin qanuni həllinə xidmət edən İPM-də nəzərdə tutulmuş bütün prosessual imkanlardan istifadə etməlidir. Bir sıra hallarda iş yükünün artması məhkəmə fəaliyyətinin prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən lazımi qaydada həyata keçirilməməsindən irəli gəlir. Ali Məhkəmə və apelyasiya məhkəmələri tərəfindən ləğv edilmiş qərarların təhlili də onu göstərir ki, qərarların ləğv edilməsinin böyük əksəriyyətinin səbəbini mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırmasının aparılmaması təşkil edir. Odur ki, əsas məqsədlərdən biri mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin bütün hallarının tam və hərtərəfli qaydada müəyyənləşdirilməsini təmin edəcək məhkəmə araşdırmasının aparılmasını təmin etməyə nail olmaqdır. Bu istiqamətdə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində əhəmiyyətli nəticələr əldə edilmişdir. Ancaq bu, daimi təkmilləşdirmə tələb edən bir prosesdir və məhkəmə fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına yönəlmiş kompleks tədbirlər ardıcıllıqla davam etdirilməkdədir.
İş yükünün artmasının əsas səbəblərindən biri də, fikrimizcə, inzibati orqanların bəzi hallarda öz fəaliyyətlərində məhkəmə təcrübəsini nəzərə almaması ilə bağlıdır. Formalaşmış məhkəmə təcrübəsinin nəzərə alınmaması mübahisələrin və məhkəmələrin iş yükünün sayının süni şəkildə çoxalmasına səbəb olur. Bu hal məhkəmə fəaliyyətinin optimallaşdırılmasına ciddi maneə törədir, hakimlərin həddən artıq işlə yüklənməsinə və əlavə dövlət vəsaitinin xərclənməsinə səbəb olmaqla, son nəticədə ölkədə ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinə də təsir edir. Belə ki, vətəndaşlar son nəticədə haqlı olduqları və formalaşmış məhkəmə təcrübəsi mövcud olduğuna görə məhkəmə mübahisələrinin açılacağı halda necə yekunlaşacağı böyük ölçüdə əvvəlcədən bəlli olan işlər üzrə iddia qaldırmağa məcbur olurlar. Nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsinin əhəmiyyəti və hüquqi nəticələri yalnız məhkəmələrin işlərə baxılması ilə bağlı fəaliyyətinə şamil edilmir. Vətəndaşlar oxşar işlərin məhkəmələrdə necə həll olunduğuna etimad edərək onların da eyni mübahisələrinin inzibati orqan tərəfindən məhkəmədə həll edilmiş işlərə uyğun qaydada nəzərə alınmasına ümid edə bilərlər. Öz növbəsində inzibati orqanlar da oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini - əgər onun dəyişdirilməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmürsə və bunun üçün müvafiq mexanizmlərdən istifadə olunmursa - öz inzibati praktikalarında nəzərə almalıdırlar. İnkişaf etmiş ölkələrin təcrübəsi də onu təsdiq edir ki, məhkəmə təcrübəsinin inzibati orqanların praktik fəaliyyətlərində nəzərə alınmasını təmin etmədən inzibati məhkəmələrdə iş yükünün real azalmasına nail olmaq mümkün olmur.
Ötən illərin təcrübəsi həmçinin onu da göstərir ki, bu gün hələ də bəzi inzibati orqanlar öz fəaliyyətlərini “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qura bilməmişlər. Halbuki, həmin Qanunun qəbul edilməsi ölkəmizin hüquq sistemində yenilik yaratmaqla əvvəllər ayrı-ayrı normativ-hüquqi aktlarda səpələnmiş və çox zaman səthi şəkildə mövcud olan inzibati orqanlardakı icraat qaydalarını hüquqi dövlət prinsipinə uyğun olaraq səmərəli idarəçiliyə nail olmaq üçün vahid qaydada tənzimləmişdir. Bu gün müvafiq sahənin xarakterik xüsusiyyətləri nəzərə alınmaqla ayrıca qanunla tənzimlənən xüsusi inzibati-hüquqi müddəalar istisna olmaqla inzibati hüququn sahələrindən asılı olmayaraq “İnzibati icraat haqqında” Qanun bütün inzibati orqanlarda icraatın məzmunu və gedişi barədə məsələləri tənzimləyən əsas normativ-hüquqi akt kimi çıxış edir. Ona görə də vətəndaşların müraciətlərinə baxılması zamanı inzibati orqanlar qanunun tələb etdiyi qaydada icraat başlamalı, həmin icraatı dinlənilmə və yardım etmə hüququnu təmin etməklə hüququna toxunan şəxslərin iştirakı ilə aparmalı, icraatın aparılmasına dair təməl prinsiplərə riayət etməli, mübahisəli məsələyə aid xidməti vəzifəsinə görə bütün sübutları toplamalı, qanuni və əsaslandırılmış formada qərar qəbul etməlidirlər. Bəzi hallarda inzibati orqanların fəaliyyətinin düzgün qurulmaması nəticəsində aydındır ki, həmin orqanların qərar və hərəkətlərindən məhkəmələrə verilən iddia ərizələrinin sayı artır.
Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. İnzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlmişdir. Ona görə də vətəndaşların hüquqlarının daha səmərəli və vaxtında təmin edilməsinə dair ümumi məqsədə nail olmaq üçün inzibati məhkəmə icraatı ilə yanaşı, paralel olaraq inzibati orqanlardakı icraatın qanunvericiliyin tələblərinə uyğun aparılması işi də daim təkmilləşdirilməlidir.
İxtisaslaşmış inzibati məhkəmələr yarandıqdan sonra inzibati hüququn və prosesin formalaşması, tətbiqi və inkişafı istiqamətində atılan addımlardan biri də bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur. Belə ki, 2011-ci ildə Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin Assosiasiyası Avropa İnzibati Hakimlər Assosiasiyasının üzvlüyünə qəbul edilmişdir və həmin vaxtdan etibarən assosiasiya çərçivəsində əməkdaşlıq davam etdirilir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlığı xüsusilə qeyd etmək olar. Belə ki, istər “İnzibati icraat haqqında” Qanun, istərsə də İnzibati Prosessual Məcəllə məhz bu qurumun və onun tərəfindən cəlb edilmiş ekspertlərin yaxından iştirakı ilə hazırlanmışdır. GİZ-lə əməkdaşlıq çərçivəsində uzun müddət ərzində hakimlərin davamlı təlim təşkil edilmiş, Azərbaycana və Almaniyaya qarşılıqlı təlim səfərləri baş tutmuş, inzibati hüquq və inzibati prosesə aid xeyli qiymətli tədris vəsaiti hazırlanmış, çoxsaylı birgə konfranslar və seminarlar keçirilmişdir. Bütün bunlar isə ölkəmizdə inzibati məhkəmə icraatının keyfiyyətinin yüksəldilməsinə ciddi təsir göstərmişdir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində Avropa Şurası və Avropa İttifaqı ilə qarşılıqlı faydalı münasibətlər qurulmuşdur. 2020-ci ildən başlayaraq Avropa İttifaqı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birlikdə “Azərbaycanda Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrin İnkişafına Əlavə Dəstək” adlı layihənin icrasını həyata keçirir. Layihənin əsas məqsədi ədliyyə sistemində xidmətlərin keyfiyyətini artırmaqla əhalinin və xüsusilə sahibkarların ədalət mühakiməsinə çıxışını yaxşılaşdırmaqdır. Bu məqsədə çatmaq üçün ixtisaslaşmış məhkəmələrin institusional və hüquqi potensialını artırmaqla onların fəaliyyətlərini yaxşılaşdırmaq, həmçinin mübahisələrin alternativ həlli mexanizmlərini, o cümlədən arbitraj və mediasiyanı təşviq etmək nəzərdə tutulur.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanla müəyyənləşdirilmiş məqsədlərə nail ola bilmək üçün qısa müddət ərzində kompleks tədbirlər görülüb. Həm hakimlərin maddi təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, həm də məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində tədbirlər davam etdirilib. Yeni məhkəmələrin yaradılması, apelyasiya və kassasiya instansiyası məhkəmələrində kollegiyaların tərkibinin dəyişməsi ilə bağlı müvafiq kadr islahatları həyata keçirilib. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi imkanları daha da genişləndirilib. Qanunvericilik sahəsində də əhəmiyyətli işlər görülüb, əhatəli yeni paket qanunvericiliyə əlavə və dəyişikliklər isə qəbul edilmə ərəfəsindədir. Paralel olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, icra intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması, eləcə də hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin edilməsi üzrə də ardıcıl tədbirlər görülür.
Məhkəmə sisteminin səmərəliliyi, sözsüz ki, böyük ölçüdə hakimlərin fəaliyyətindən çox asılıdır. Ona görə də ölkə Prezidenti cənab İlham Əliyevin 03 aprel 2019-cu il tarixli Fərmanında ilk növbədə, bütün məhkəmə sədrlərinə və hakimlərə tövsiyə edilib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər. Odur ki, bu gün icraatın sözügedən prinsiplərə dönmədən riayət etməklə aparılması, hakimlərin ədaləti və qanunçuluğu daim rəhbər tutmaları məhkəmə fəaliyyətinin üzərində qurulduğu təməl dəyərləri təşkil edir.
Ulu öndər Heydər Əliyev deyirdi: “Ədalətsizliyi ədalətsizliklə aradan qaldırmaq olmaz. Ədalətsizlik ədalətlə aradan qaldırılmalıdır”. Prezident cənab İlham Əliyev isə bu xüsusda mövqeyini belə ifadə edir: “...Həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul olunmuş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.”
Bu gün Azərbaycan özünün qürurlu tarixini yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbə ölkəmizdə həyatın bütün sahələrində inkişafa yeni bir təkan verib, xalqımızın firavan gələcəyə olan ümidlərini daha da möhkəmləndirib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Azərbaycan öz gücü ilə beynəlxalq hüquq normalarına uyğun olaraq ədaləti bərpa edib, ədalət zəfər çalıb. Bundan sonra 30 il düşmən tapdağından qalan, maddi-mənəvi sərvətləri talan edilən yurdumuzun həmin bölgələrində də ədalət və qanun bərpa olunur. Bundan isə hər bir Azərbaycan vətəndaşı fəxarət hissi keçirərək qürur duyur. İnanırıq ki, inzibati məhkəmələr də öz fəaliyyətləri ilə bundan sonra da bütün ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı, qanunun aliliyinin bərqərar olmasına öz layiqli töhfələrini verməkdə davam edəcəklər.
Xəqani MƏMMƏDOV,
Azərbaycan Respublikası
Ali Məhkəməsinin
İnzibati Kollegiyasının sədri.
Respublika.- 2021.- 18 iyun.- S.8.