MİLLİ
QURTULUŞDAN BAŞLANAN TƏRƏQQİ YOLU
Çağdaş
tariximizin ən parlaq səhifələri xalqımızın
böyük oğlu, görkəmli dövlət xadimi,
ümummilli lider Heydər Əliyevin mənalı və şərəfli
ömür yolu ilə ayrılmaz vəhdət təşkil
edir.
Bu dahi, fenomenal şəxsiyyət doğma Vətənə, xalqa, torpağa, milli ideallara sonsuz məhəbbətlə, sədaqətlə bağlı olmuş, daim qurub-yaratmaq amalı ilə çalışmışdır. Azərbaycanın üzləşdiyi ən ağır, çətin məqamlarda onu bəlalardan, faciələrdən xilas edərək Vətən, xalq yolunda misilsiz fədakarlıqlar göstərmişdir.
1993-cü ilin iyun ayında ikinci dəfə siyasi hakimiyyətə gələndə Azərbaycan parçalanmaq, vətəndaş müharibəsi astanasında idi. Ölkəni xaos, hərc-mərclik, böhran bürümüş, digər tərəfdən torpaqlarımız namərd düşmən tərəfindən işğal olunurdu. Ulu öndərin mətin mövqeyi, uzaqgörən siyasəti nəticəsində ölkənin müstəqilliyi qorundu və ölkəmiz məhvolma təhlükəsindən xilas edildi. Daxili sabitlik, ictimai asayiş, əhalinin təhlükəsizliyi təmin olundu. İnsanlar rahat, əmin-amanlıq şəraitində yaşamağa başladılar.
1994-cü ilin sentyabr ayının 20-də imzalanan “Əsrin müqaviləsi”, bütün sahələrdə aparılan uğurlu islahatlar nəticəsində dinamik və davamlı inkişafın təməli qoyuldu. Hüquqi, demokratik dövlət quruculuğu sahəsində inamlı, uğurlu addımlar atıldı.
İqtisadiyyatın digər sahələri kimi rabitənin inkişafı da ümummilli liderin adı ilə bağlıdır. Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə rabitənin inkişafına yüksək diqqət və qayğı göstərmişdir. Ölkənin hər yerində rabitə sahəsində görülən işlər geniş vüsət almışdır. Müdrik rəhbərin qayğısı sayəsində ölkə iqtisadiyyatında ilk xarici investisiya telekommunikasiya sahəsinə qoyulmuşdur.
Ümummilli liderin siyasi kursunu uğurla, əzmkarlıqla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının, bütünlükdə rabitənin inkişafını prioritet sahə kimi daim diqqət mərkəzində saxlayır. Aparılan uğurlu islahatlar və həyata keçirilən qlobal layihələr sayəsində Azərbaycan İKT və internet istifadəçiləri göstəricilərinə görə MDB ölkələri arasında liderdir.
Azərbaycan poçtu sürətli inkişaf yolundadır. Bu gün o, beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərir. “Azərpoçt” MMC sürətli və keyfiyyətli poçt xidmətlərinə görə dünya ölkələri arasında öncül yerlərdən birini tutur.
“Azərpoçt” MMC respublikamızda ən geniş xidmət şəbəkəsinə malikdir. Vətəndaşların və hüquqi şəxslərin poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin edilməsi məqsədilə vahid çağrı mərkəzi yaradılıb. Poçt filialları və şöbələr müasir kompüterlərlə və digər texniki avadanlıqlarla təchiz edilib. Əhalinin bütün təbəqələrinə, eləcə də hüquqi şəxslərə ənənəvi və qeyri-ənənəvi poçt və maliyyə xidmətləri göstərilir. Bu sahədə informasiya texnologiyalarının ən son nailiyyətləri geniş tətbiq olunur. Rabitəçilərin qazandığı bütün uğurlar müstəqilliyimizin bəhrələridir.
Ulu öndərin əziz, unudulmaz xatirəsi daim ürəklərdə, yaddaşlarda yaşayır. O, elə bir əbədi günəşdir ki, parlaq şəfəqləri daim həyatımıza, inkişaf yolumuza işıq saçacaqdır.
Səfalı PAŞAYEV,
“Azərpoçt” MMC-nin Masallı
poçt filialının rəis