Müasir innovasiyalar,
mükəmməl təhsil
Azərbaycan Texnologiya Universiteti-50
Bu
gün bütövlükdə Azərbaycandakı sürətli
innovativ inkişaf hər bir bölgədə özünü
göstərməkdədir. Eyni zamanda ali təhsil
ocaqlarının müasir standartlara
uyğun yenidən qurulması, onların
lazımı avadanlıqlarla təchiz olunması təhsilin
keyfiyyətinə müsbət təsirini göstərir. Nümunəvi ali təhsil ocaqlarından biri də Azərbaycan Texnologiya Universitetidir
(UTECA). Yarandığı dövrdən günümüzə
qədər burada keçmiş sovetlər birliyi və respublikamızın xalq təsərrüfatının müxtəlif
sahələri üçün
40 mindən artıq kadr hazırlanmışdır.
Universitet müasir təhsil
infrastrukturuna, zəngin
kitabxana fonduna, zəruri maddi-texniki bazaya və idman kompleksinə malikdir. Müəllim və tələbələr
müasir kompüter texnikası ilə təchiz olunmuş kitabxanadan və kompüter resurs mərkəzindən fəal
istifadə edirlər.
Azərbaycan Texnologiya Universitetinin
əsası 1970-ci ildə
ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun
Kirovabad filialı kimi
fəaliyyətə başlaması
ilə qoyulub. 1980-ci ildə bu filialın
bazasında Krasnodar Politexnik
İnstitutunun Bakı
filialı ilə Kənd Təsərrüfatı
İnstitutunun “Şərabçılığın
texnologiyası” ixtisası
birləşdirilir və
ali təhsil ocağı Azərbaycan Texnologiya İnstitutu adını alır. Gəncədə yerləşən
Texnologiya İnstitutu Qafqazda texnoloq-mühəndis
yetişdirən dövrünün
ilk və yeganə ali məktəbi
kimi böyük nüfuz qazanır. Respublika ali
məktəbləri arasında
1982-ci ildə keçirilən
yarışda ikinci yeri, iki il
sonra isə ilk yerləri tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı
Respublika Komitəsinin
Fəxri Fərmanı
ilə təltif edilir. Dəfələrlə Keçici Qırmızı
Bayraq ordeni ilə mükafatlandırılır.
Hazırda universitetdə ölkə
iqtisadiyyatının kadr
tələbatı nəzərə
alınmaqla 20-dən çox
ixtisas üzrə mütəxəssis yetişdirilir.
Üç minə yaxın
tələbəsi olan
universitetdə 4 fakültə
və 14 kafedrada 276
professor-müəllim heyəti
çalışır. UTECA-nın 50 illiyi münasibətilə il ərzində müxtəlif tədbirlər
keçirilib. Yarıməsrlik bir tarixi fakültələr
öz profillərinə
uyğun xatirələrdə
əbədiləşdirməyə çalışıblar. Dizayn və toxuculuq kafedrasının əməkdaşlarının
əl işi olan, qədim Gəncə ornamentlərini
və müasir texnologiyanı özündə
əks etdirən xalça universitetin muzeyində və yaddaşlarda 50 illiyin xatirəsi kimi qalacaq. Yarandığı gündən indiyə
qədər keçdiyi
inkişaf yolundan bəhs edən, yubileyə həsr edilmiş kitab isə gələcəkdə
araşdırmaçıların tarixi sənədinə çevriləcək. Nəşrin hazırlanmasında universitet
həyatında uzun illər əməyi olan mütəxəssislər
iştirak edib. UTECA-nın 50 illiyi
münasibətilə 100-ə yaxın əməkdaş
təltif edilib. Onlardan 4 nəfəri - professorlar Akif Süleymanov, Əhməd Məlikov, dosentlər Nazim Vəliyev və Hamlet Kəsəmənli
Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi” döş
nişanı, 19 nəfəri
Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunublar. 70-dən çox əməkdaş
isə UTECA-nın 50 illiyi münasibətilə
müxtəlif medallara
layiq görülüb.
Bu günlərdə universitetin
50 illiyinə həsr olunmuş “Universitet - sənaye əlaqələrinin
keyfiyyət təminatının
əsas problemləri”
adlı onlayn beynəlxalq konfrans keçirilib. Konfransda Təhsil Nazirliyinin, Gəncə Şəhər
İcra Hakimiyyətinin
nümayəndələri, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan
və bir çox ölkələrin
elm adamları, respublikamızda
fəaliyyət göstərən
universitetlərin rektorları,
professor-müəllim heyəti,
eləcə də universitetin əməkdaşlıq
etdiyi müəssisələrin
təmsilçiləri iştirak
ediblər. Tədbir çərçivəsində
Texnologiya Universitetinin
50 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
UTECA-nın rektoru,
professor Akif Süleymanov
qeyd edib ki, konfransın mövzusu müasir ali təhsil
ocaqlarının inkişaf
göstəricilərini hədəfə
alır. Məqsəd
bu hədəflərə
çatmaq üçün
görülən işlərin
daha da təkmilləşdirilməsinə
nail olmaqdır. Rektor bu
istiqamətdə görülən
işlərə misal
olaraq Təhsil Nazirliyi tərəfindən
tövsiyə edilən
və artıq
4-cü ildir ki, icrası uğurla davam edən Müştəriyə yönəlmə
Proqramı haqqında
ətraflı danışıb.
Proqram çərçivəsində universitet hazırda 34 müəssisə ilə aktiv əməkdaşlıq
edir. Nəticədə universitet texnoparkında
10-a yaxın çeşiddə
məhsul istehsal edilir.
Universitetin beynəlxalq əlaqələrində
də nailiyyətlər
var. Belə ki, universitetdə keçirilən
görüşdə Fransa
səfirliyinin mədəniyyət
və əməkdaşlıq
üzrə müşaviri
İvv Oberman, Əməkdaşlıq və
Mədəniyyət Attaşesi
Vənsan Lorenzini, Dilçilik və təhsil sahəsində əməkdaşlıq missiyasının
rəhbəri Şarlot
Rayen iştirak etmişlər. Tərəflər elm və mədəniyyət
sahəsində qarşılıqlı
əməkdaşlıq üçün
razılığa gəlmişlər.
Ukrayna, Azərbaycan, Özbəkistan və Gürcüstan arasında
Transfer Texnologiyası layihəsində
respublikamızdan Azərbaycan
Texniki Universiteti və Azərbaycan Texnologiya Universiteti (UTECA) iştirak etmişdir. UTECA müəllimləri distant təhsilin təşkilinə
dair sertifikatlar almışlar. Türkiyə
Respublikasının qabaqcıl
ali məktəblərində,
Rusiya Federasiyası,
Belarus, Özbəkistan, Ukrayna,
Gürcüstan respublikalarının
tanınmış universitetlərində
beynəlxalq konfranslarda
iştirak etmişlər.
Eyni zamanda universitetin geniş layihələrdə
iştirakını da
xüsusilə qeyd etmək olar.
Ümumiyyətlə, Azərbaycan Texnologiya Universiteti əməkdaşlıq
etdiyi müəssisələrin
coğrafiyasını daha
da genişləndirir. Belə ki,
universitet yüngül
sənaye sahəsində
nüfuza sahib, Mingəçevir
Tekstil Fabrikini ən son yüngül sənaye avadanlıqları
ilə təchiz edən Avropa şirkəti ilə birgə təhsil mərkəzi yaratmışdır.
Türkiyənin Boğaziçi
Universiteti ilə birgə layihəyə, Rusiyanın Dubna şəhərində yerləşən
Birləşmiş Nüvə
Tədqiqatları İnstitutu
ilə birgə elmi-tədqiqat işlərinin
yeni mərhələsinə
başlamış, Kuala Lumpur Universiteti arasında əməkdaşlığın təməli qoyulmuşdur.
Eyni zamanda Koreya Respublikasının Azərbaycandakı
səfiri ATU-da əməkdaşlıq məsələlərini
müzakirə etmiş,
Ümumdünya Əqli
Mülkiyyət Təşkilatı
(ÜƏMT) ilə Azərbaycan
Hökuməti arasında
imzalanmış memorandum çərçivəsində
Texnologiya və İnnovasiyaya Dəstək
Mərkəzi (TİDM) fəaliyyətə
başlamışdır. Həmçinin ölkənin qabaqcıl texnologiya şirkətlərindən
olan “Neuron Technologies” arasında
müqavilə imzalanmışdır.
Müqavilə müasir dünya
texnologiyalarına əsaslanan
“Unibook” - təhsilin informasiya idarəetmə sisteminin universitetdə tətbiqini nəzərdə
tutur. Ölkənin aparıcı mobil
operatoru “Azercell
Telecom” MMC-nin nəzdində
fəaliyyət göstərən
“Barama” sahibkarlıq və innovasiya mərkəzinin ilk regional ofisini
açmış, “Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə əməkdaşlığın
istiqamətləri genişləndirilmişdir.
Universitet xarici ölkələrin
qabaqcıl universitetləri
ilə də sıx əlaqə qurmaqdadır. Moskvada
Azərbaycanın Rusiyadakı
fövqəladə və
səlahiyyətli səfiri
Polad Bülbüloğlu
ilə görüşən
universitetin rektoru,
professor Akif Süleymanov
ATU-nun Rusiyanın ailə
təhsil müəssisələri
ilə əlaqələrinin
daha da genişləndirilməsi
üçün səfirliyin
bu işlərə dəstəyi müzakirə
olunmuşdur.
Universitetdə tələbələrin sosial-mədəni həyatı və asudə vaxtının təşkili yüksək səviyyədədir. Gigiyenik tələblərə cavab verən yüksək sürətli internetlə təmin edilmiş kafe, müasir idman zalı və tibb məntəqəsi tələbələrin istifadəsindədir. Universitetdə Tələbə Gənclər Təşkilatı, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti, Şən və Hazırcavablar Klubu və digər ictimai qurumlar fəaliyyət göstərir. Bu qurumlar şəhər və respublika miqyasında ictimai-siyasi, mədəni tədbirlər, intellektual və idman yarışlarında tələbələrin iştirakını təmin edirlər. Məhz bunun bariz nümunəsidir ki, tələbələr və məzunlar arasında dünya və Avropa çempionları vardır. Onlardan Hakim Nəzərəliyev sambo üzrə 7 dəfə dünya və 5 dəfə Avropa çempionu olmuş, Məmişov Sadiq Şərqi Avropa çempionatında karate üzrə 3-cü yeri tutmuşdur, bir çox idmançılar medallarla, Fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil edilən mini-futbol turnirində ATU (UTECA) komandası Gəncədə keçirilən oyunun qalibi olub. Gəncənin 2019-cu ilin Avropanın İdman şəhəri seçilməsi ilə bağlı şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında təşkil edilən “Gənc qızların Bahar - 2019 kuboku” layihəsi üzrə yarışda Azərbaycan Texnologiya Universitetinin (UTECA) badminton və dama üzrə komandaları bütün rəqiblərinə qalib gələrək kuboka sahib olublar. Göründüyü kimi, missiyası yüksəkixtisaslı kadrlar yetişdirmək olan universitetin amalı, nümunəvi təhsil mərkəzi olaraq, gənclərdə texnologiyalara maraq və həvəsi maksimum dərəcədə yüksəltməkdir.
Zabit XƏLİLOV
Respublika.- 2021.- 18 iyun.- S.11.