Əsas hədəf təhsildə elmi fəaliyyətin dəstəklənməsidir
Polis Akademiyası-100
Müasir
Azərbaycan Respublikasının milli inkişaf modelinə əsaslanan
sosial-iqtisadi və hüquqi dövlət quruculuğu müstəvisində
əldə edilən nailiyyətlər bütün sahələrdə,
o cümlədən təhsil və elm sahələrində də
irəliləyişlərə təkan vermişdir.
Respublikamızda elm siyasətinin əsasını qoyan ulu öndər Heydər Əliyev kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir.
Qarşıya qoyulan əsas hədəf ali təhsilin məzmununda elmi fəaliyyətin dəstəklənməsindən ibarətdir. Eyni zamanda, professor-müəllim heyətinin, tədqiqatçıların və təhsilalanların dünyanın yüksək reytinqli elmi jurnalları, konfrans materialları və monoqrafiyaları barədə elmi məlumatlara çıxışının təmin olunması, nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin formalaşdırılmasıdır.
Qeyd edilənləri prioritet qəbul edən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının fəaliyyətinin mühüm istiqamətlərindən birini elmi-tədqiqat kontekstində elm və təhsilin inteqrasiyası təşkil edir.
DİN-in Polis Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi-tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Akademiyanın elmi-tədqiqat işləri cəmiyyətimizin bütün sahələrində, o cümlədən təhsil, elm, qanunvericilik yaradıcılığı, hüquq-mühafizə fəaliyyəti və s. sahələrdə milli dəyərlərə və beynəlxalq standartlara müvafiq olaraq həyata keçirilən proqram səciyyəli islahatların tələblərinin, DİN-in normativ aktlarının, Polis Akademiyasının Elmi Şurasının qərarlarının icrasının təmin edilməsinə yönəlmiş illik iş planı əsasında akademiyanın struktur qurumu olan Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsi tərəfindən təşkil edilir.
Elmi-tədqiqat işinin əhəmiyyəti yalnız pedaqoji prosesə xidmətlə məhdudlaşmır, bu iş yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına da kömək edir. Çünki əməkdaş tədris etdiyi və ya çalışdığı sahəyə yaradıcı yanaşaraq psixoloji cəhətdən təkmilləşir, elmi-pedaqoji təfəkkür daha da formalaşır, hadisə və faktları təhlil etmək, qruplaşdırmaq, ümumiləşdirmək, nəticə çıxarmaq qabiliyyətləri isə daha da sürətli inkişaf edir. Tədqiqatçı-müəllimdə intensiv formalaşan bu cür təfəkkür qabiliyyətləri pedaqoji prosesdə özünü göstərir, onun səviyyəsini artırır və tədris zamanı tədricən təhsilalanların təfəkkürünə yüklənir. Bu da təhsilalanların fənləri yaxşı səviyyədə mənimsəməsində, bilik və bacarıqlara mükəmməl yiyələnməsində mühüm əhəmiyyət kəsb edən amillərdəndir.
Polis Akademiyasının professor-müəllim heyəti dövlətin, cəmiyyətin maraq dairəsinə xidmət edən elmi araşdırmalar aparır, bu araşdırmaların nəticələri təhsildə və təcrübədə elmi əsaslarla tətbiq edilir, həmçinin qanunvericilik aktlarının təkmilləşdirilməsinə, yeni Dövlət proqramlarının qəbuluna xidmət edir. Ali təhsil müəssisələrində, o cümlədən akademiyada müəllimin apardığı elmi-tədqiqat işi əsas etibarilə bu və ya digər elm sahəsi üzrə dissertasiyaların müdafiəsi ilə nəticələnir. Elmi dərəcəni alan müəllimin müdafiə etdiyi sahə üzrə bir mütəxəssis kimi elmi ictimaiyyət dairəsində adının tanınması onda qürur hissinin yaratdığı qədər də məsuliyyətini xeyli artırır, o daha da səmərəli fəaliyyət göstərməkdə maraqlı olur. Bu da ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işinin yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına xidmət etməsi ilə nəticələnir.
Elmi-tədqiqat işi akademiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri kimi onun rəhbər və professor-müəllim heyətinin xidməti vəzifəsidir. Polis Akademiyasının elmi potensialını onun əməkdaşları təmsil edir. Hazırda akademiyada 2000 nəfərdən artıq əyani və qiyabi təhsilalanların təlim-tərbiyəsi və təhsili ilə məşğul olan müəllimlərin 16 nəfəri fəlsəfə doktoru, 1 nəfəri hüquq elmləri doktoru, eyni zamanda 1 nəfəri professor, 12-si isə dosent olmaqla elmi-pedaqoji fəaliyyəti həyata keçirirlər. Hazırda akademiyanın 17 əməkdaşı fəlsəfə doktorluğu, 4 əməkdaşı isə elmlər doktorluğu üzrə elmi-tədqiqat işi hazırlayır.
Uğurlarımızdan biri də akademiyada magistratura və doktorantura pillələrinin yaradılmasıdır. Magistraturanın ilk buraxılışını fərqlənmə diplomu ilə bitirən məzunumuz akademiyada elmi və pedaqoji fəaliyyətini davam etdirir. Eyni zamanda akademiyanın 12 doktorantı elmi-tədqiqat işi aparır, onlardan 4-ü akademiyanın əməkdaşlarıdır.
Polis Akademiyasında aparılan elmi-tədqiqat işinin əsas hissəsi fənn proqramlarının tərtib edilməsinə, dərsliklərin hazırlanmasına, dərs vəsaiti və metodiki göstərişlərin yazılmasına, pedaqoji prosesin qanunauyğunluqlarının və inkişafedici imkanlarının üzə çıxarılması üzrə tövsiyələrin tərtib edilməsinə, habelə təlim və tərbiyə proseslərinin uzlaşdırılması üzrə təkliflərin verilməsinə həsr olunmuşdur.
Polis Akademiyasında professor-müəllim heyəti tərəfindən fənlərin didaktik təminatının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Fundamental tədqiqatların səviyyəsi və əsas istiqamətləri üzrə tədrisin müasir tələblər səviyyəsində qurulması və fənlərin didaktik təminatının zənginləşdirilməsi məqsədilə akademiyanın professor-müəllim heyəti tərəfindən bu günə kimi 200-dən çox fənn proqramı, 10 dərslik, 100-dən çox dərs vəsaiti, 40-dan çox mühazirələr toplusu, 50-yə yaxın sxemlər albomu və 100-dən çox tədris-metodiki vəsait, praktikum hazırlanaraq təhsilalanların istifadəsinə verilmişdir. Həmçinin akademiya əməkdaşları 3 kommentariyanın həmmüəllifi, 10-a yaxın monoqrafiyanın müəllifidir. Onu da vurğulayaq ki, bəzi vəsaitlər təkmilləşdirilərək təkrar nəşr edilmişdir. Qeyd edilən vəsaitlərin 200-dən çoxuna Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qrif verilmişdir. Təqdirəlayiq haldır ki, həmin vəsaitlərdən akademiya ilə yanaşı, respublikanın və eyni zamanda MDB-nin ali təhsil müəssisələrində tədris olunur.
Akademiyanın professor-müəllim heyəti tərəfindən hazırlanmış tədris resursları 150.000-dən çox fondu olan 1921-ci ildə təşkil olunmuş akademiyanın kitabxanasının zənginləşməsinə və oxuculara xidmət edir.
Burada aparılan elmi-tədqiqat işlərinin nəticələrinə əsasən əməkdaşlar tərəfindən son illər ərzində 300-dən çox respublika, 50-dən çox elmi məqalə, xarici ölkələrin mətbuatında respublika daxili 50-yə yaxın və xarici ölkələrdə isə 20-dən çox elmi tezis nəşr olunmuşdur.
Əməkdaşları mütəmadi olaraq xarici ölkələrin ali təhsil müəssisələri və elmi mərkəzlərində təcrübə mübadiləsinə cəlb olunur, birgə vəsaitlərin hazırlanmasında və məqalələrin yazılmasında iştirak edirlər. Bu cür əlaqələrin qurulması fənlərin təhsil resursları ilə zənginləşdirilməsində və qarşılıqlı olaraq ayrı-ayrı dövlətlərin qanunvericiliyi ilə müqayisəli təhlilində öz müsbət təsirini göstərməkdədir.
Akademiyanın elmi fəaliyyətinin təkmilləşməsi və genişlənməsində keçirilən tədbirlərin, xüsusilə də beynəlxalq və respublika səviyyəli elmi konfransların xüsusi əhəmiyyəti vardır. Belə ki, təhsil müəssisələrinin beynəlxalq aləmdə tanınmasına təsir göstərən amillərdən biri də onların beynəlxalq səviyyəli elmi-praktiki konfransları təşkil etməsi, həmçinin bu kimi konfranslarda iştirak etməsidir. Təhsil sisteminin Avropa məkanına inteqrasiyası həmin dövlətlərin bu sahədəki təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi günün tələblərinə çevrilmişdir. Artıq akademiyada hüququn müxtəlif sahələri üzrə beynəlxalq elmi-praktiki konfransların keçirilməsi davamlı xarakter almışdır. Bu kimi tədbirlər elm və tədris sahəsində çalışanların hazırlıq səviyyəsini yüksəldir, kollektiv qarşısında məsuliyyətini artırır və akademiyada obyektiv elmi mühitin formalaşmasına və sanballı əsərlərin yazılmasına stimul verir. Son illər ərzində akademiyanın təşkilatçılığı ilə hüquq-mühafizə orqanlarının nümayəndələrinin, respublikanın xüsusi təyinatlı və digər ali təhsil müəssisələrinin, eləcə də 20-dən çox xarici ölkənin tanınmış hüquqşünas alimlərinin və mütəxəssislərinin iştirakı ilə müxtəlif mövzularda beynəlxalq elmi-praktik konfranslar keçirilmişdir. Əldə edilmiş müsbət təcrübənin tədris-təlim prosesində tətbiq edilməsi məqsədilə konfrans materialları toplu şəklində nəşr edilərək iştirakçılara təqdim edilmişdir.
Bütün sahələrdə olduğu kimi, polis təhsil sistemində də beynəlxalq inteqrasiya olmadan davamlı inkişafı təsəvvür etmək çətindir. Bu amil beynəlxalq əlaqələrimizin miqyasına əsaslı təsir göstərmişdir. Müasir beynəlxalq təcrübənin tətbiqi və öyrənilməsi məqsədilə müxtəlif dövlətlərdə keçirilən konfrans, seminar, təlim və beynəlxalq intellektual müsabiqələrdə professor-müəllim heyətinin iştirak etməsi nəticəsində əldə edilmiş nəticələr müvafiq olaraq tədris-təlim prosesinə tətbiq edilir. Eyni ilə, xarici ölkələrin ali təhsil müəssisələrinin nümayəndələrinin akademiyada keçirilən beynəlxalq konfranslarda iştirakı, Akademiyanın Avropa Polis Kollecləri Assosiasiyasının üzvü olması, Beynəlxalq Polis Akademiyaları Assosiasiyasında müşahidəçi qismində çıxış etməsi, xarici ölkələrin 23 ali təhsil müəssisəsi ilə bağlanmış əməkdaşlıq protokolu, eyni zamanda, 20-yə yaxın beynəlxalq proqramlarda iştirakı professor-müəllim heyətinin xarici ölkələrdə tədris və elmi-tədqiqat fəaliyyətlərinin yerinə yetirilməsi üçün önəm yaratmışdır.
Elmi yeniliklərin respublikamızda və beynəlxalq aləmdə elmi ictimaiyyətə yüksək səviyyədə təqdim olunması, elmi tədqiqatların aparıcı elm-təhsil müəssisələrində müzakirə edilməsi, habelə hüquq ictimaiyyətinə çatdırılması kimi prioritet bir vəzifəni qarşısına qoyan akademiyanın elmi-hüquq jurnalı dövlət qeydiyyatından keçirilmiş, tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına salınmış və Beynəlxalq Standart Seriya Nömrəsi almışdır.
Elm və təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinə, həmçinin professor-müəllim heyətinin Ali Attestasiya Komissiyasının yaratdığı dissertasiya şuralarında və elmi seminarlarda üzv kimi iştirakları da aiddir. Belə ki, hazırda Akademiyanın bir əməkdaşı AAK-ın ekspert şurasının sədr müavinidir. Paralel olaraq əməkdaşlarımız müdafiə şuralarının və elmi seminarların üzvü olaraq, 20-dən çox dissertasiya işlərində opponentlik və müxtəlif səviyyədə rəyçi kimi çıxış etmişdir. Onu da qeyd edək ki, 2 əməkdaşımız Rusiya Hüquq Elmləri Akademiyasının üzvüdür.
Hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlar, eyni zamanda müasir düşüncəli gənclərin hazırlanması və onların elmi fəaliyyətə cəlb olunması istiqamətinə yönəldilir. Təhsilalanları elmi-tədqiqat işlərinə cəlb etmək, gələcək mütəxəssislərin hazırlıq səviyyəsini yüksəltmək, magistrantların araşdırmalarını elmi ictimaiyyətə təqdim etmək akademiyada əsas məsələlələrdən biridir.
Kursantlarda yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması və gücləndirilməsi, gənclərin elmi, yaradıcı və tətbiqi fəaliyyətə cəlb olunması formalarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi üçün tədris-elm-tərbiyə prosesinin vəhdətini təmin edən sistemin yaradılmasında Akademiyanın Kursant Elmi Cəmiyyətinin əhəmiyyətli rolu vardır. Bu məqsədlə akademiyada kafedralar Kursant Elmi Cəmiyyəti xətti ilə müsabiqə, olimpiada, viktorina, elmi seminar və dəyirmi masalar təşkil edirlər. Son illər ərzində kafedralar KEC-in xətti ilə kursantlara elmi yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması, onların elmi-tədqiqat işlərinə geniş cəlb olunması məqsədilə 50-dən çox tədbir keçirmişlər. Kursantların 100-dən çoxu respublika və beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirak etdiklərinə görə onlara fəxri fərman, sertifikat və təşəkkürnamələr təqdim edilmiş, DİN-in və akademiya rəhbərliyinin əmrləri ilə mükafatlandırılmışdır.
Akademiya elmi-tədqiqat işlərini aparmaq üçün kursantların biliyinin qiymətləndirilməsinə obyektiv yanaşır, kifayət qədər istedada, qabiliyyətə malik olanları və özünü elmə, təhsilə həsr etmək istəyənləri akademiyada xidmətini davam etdirmək üçün müvafiq vəzifələr təklif edilir. Bu işin müsbət nəticəsidir ki, hazırda akademiyanın professor-müəllim heyətinin, elmi işçilərinin yarıdan çoxu fərqlənmə diplomu ilə bitirən məzunlarımızdır.
Beləliklə, 100 illiyini qeyd edən Polis Akademiyası artıq elmi kadrların hazırlıq səviyyəsinin, elmi-tədqiqat işləri və elmi əsərlərin keyfiyyətinin yüksəlməsi mərhələsindədir. Polis Akademiyası elmi dərəcəsi olan kadr hazırlığına xüsusi önəm verərək, eyni zamanda həm də öz xalqını, vətənini sevən əsl vətəndaş və hərtərəfli dünya görüşünə malik hüquqşünas, beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı mütəxəssis yetişdirir. Bu işdə respublikanın və akademiyanın elmi-tədqiqat fəaliyyətinə qiymətli töhfələr verən, elmi fəaliyyət və əsərlərinə məsuliyyətlə yanaşan, bütün bacarıq və qabiliyyətlərini elmimizin inkişafı üçün səmərəli istifadə edən professor-müəllim heyətinin rolu danılmazdır.
Məzunu və özümə şərəf bilərək əməkdaşı olduğum Daxili İşlər Nazirliyinin Polis Akademiyası bundan sonra da təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasına, təhsilalanlarda müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə xidmət etməklə, ölkəmizdə elm və təhsilin inkişafına öz töhfəsini verəcəkdir.
Hikmət EYVAZOV,
Daxili İşlər Nazirliyinin Polis
Akademiyasının Elmi-Tədqiqat və
redaksiya nəşriyyat şöbəsinin rəisi,
polis polkovniki, hüquq üzrə
fəlsəfə doktoru, dosent.
Respublika.- 2021.- 18 iyun.- S.12.