Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir!

 

Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi yeni bir tarixi addımdır

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ malik olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi-iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Bu gün Türkiyə əhəmiyyətli sosial-iqtisadielmi-texniki tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilib.

 

Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatlar ilə dəstək verdi. Türkiyə Azərbaycan ilə münasibətlərində hər zaman ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutdu.

Xalqlarımızın istək və iradəsindən qaynaqlanan Azərbaycan və Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir. Dostluq və qardaşlıq zəmini üzərində qurulan dövlətlərarası münasibətlərin bu səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri var. Çoxşaxəli ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi yolunda dövlət başçılarının qətiyyətli siyasəti, qardaş ölkənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvidə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

 

Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyədən böyük dəstək aldığımızı vurğulayan cənab İlham Əliyev bildirib ki, hörmətli Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlayan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi: “Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır”.

 

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Şuşada təkbətək görüşü, bu qədim tarixi şəhərdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması, prezidentlərin mətbuata birgə bəyanatlar verməsi və burada keçirilən təntənəli tədbirlər yüksək səviyyədə keçdi. Bu günü əlamətdar və tarixi bir gün kimi səciyyələndirən cənab İlham Əliyev bildirib ki, bu gün biz azad edilmiş Şuşada görüşürük. Bu gün buradan, qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq. Bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır: “Şuşa şəhəri işğaldan keçən il noyabrın 8-də azad edilmişdir. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan bu şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı”.

 

Bəli, 44 günlük müharibədən - azadlıq savaşından sonra qazanılan qələbə Azərbaycan xalqını necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarımızı da sevindirdi. Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşada keçirilən bugünkü rəsmi mərasimlər, təntənələr fərqli bir sevgi dolu həyəcan yaşadan xoş anlar, saatlar ortaya qoydu.

 

Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Qarabağ torpağına, Şuşaya səfərinin tarixi əhəmiyyəti böyükdür. Burada imzalanan Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamədir və iki qardaş dövlətin əlaqələrini ən yüksək zirvəyə qaldırır. Müttəfiqlik haqqında Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə yenidaha sıx əlaqələrin qurulduğunu göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. İki ölkənin beynəlxalq müstəvidə birgə əməkdaşlığı, fəaliyyəti, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və digər bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi bəyan edilir. Bəyannamədə yer alan iki məsələni xüsusi vurğulamaq lazımdır. Birinci, müdafiə sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım məsələləri. Türkiyə və Azərbaycan bir daha təsdiq edir ki, təhlükəsizliklərini birgə təmin edəcəklər. İkinci önəmli məsələ nəqliyyat-tranzit məsələsidir. Sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər öz əksini tapıb, bu, yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir.

 

Türkiyə və Azərbaycanın dünya miqyasında, dünya çapında nadir birliyi, müttəfiqlik nümunəsi göstərdiyini bəyan edən cənab İlham Əliyev bildirib ki, Müttəfiqlik haqqında Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb: “XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk. Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək birliyimizin istiqamətini göstərir.

 

Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Türkiyə Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi. Bu savaşın ilk günlərindən son dəqiqələrinə qədər Türkiyənin siyasi, mənəvi dəstəyi Azərbaycana zəfərə doğru yolda əlavə güc verdi. Türkiyənin bütün bölgələrindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha dünyaya xalqlarımızın birliyini nümayiş etdirdi. Bu həmrəyliyə böyük dəyər verən cənab İlham Əliyev bildirib ki, biz müharibə dövründə bütün türk xalqının məhəbbətini, sevgisini, həmrəyliyini bir daha gördük: “Onsuz da bilirdik ki, biz bir millət, iki dövlətik, necə ki, rəhmətlik atam demişdir. Ancaq müharibə bir daha bütün dünyaya bunu göstərdi və biz heç vaxt bu dəstəyi unutmayacağıq”.

 

Dövlətimizin başçısı cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən etibarən  Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu günə qədər ardıcıl verdiyi bəyanatları, göstərdiyi davamlı siyasi səyləri və təşəbbüsləri, bütövlükdə türk xalqının mənəvi dəstəyini yüksək qiymətləndirdi, bu siyasidiplomatik addımların belə çətin və məsuliyyətli günlərdə Azərbaycana əvəzsiz kömək olduğunu bütün dünya ictimaiyyətinə bəyan etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  beynəlxalq müstəvidə atdığı qətiyyətli addımlar, düşünülmüş diplomatik gedişlər işğal altında olan torpaqlarımızı qaytarmaq uğrunda Azərbaycanın haqq savaşında qələbəsinə böyük təkan verdi.

 

Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatlar ilə dəstək verdi. Türkiyə Azərbaycan ilə münasibətlərində hər zaman ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutdu. Böyük öndər Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədəri, sevincini sevinci bildi. Bu anlamla həm o Vətəndə, həm bu Vətəndə xalqlarımız Qarabağı otuz il boyunca sinələrdə, könüllərdə yara etdi. Bu gün bu ağır yaraların sağalmasının sevincini paylaşmaq üçün Şuşada görüşən prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əmindirlər ki, Qarabağ əvvəlki ehtişamına yenidən qovuşacaq. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən çiçəklənəcəyi, tərəqqi və inkişaf edəcəyi günləri yaxın vaxtlarda görəcəyik.

 

Belə ki, bu gün Qarabağda sosial və sənaye infrastrukturu sahəsində intensiv aparılır. Yeni magistral yollar çəkilir, körpülər salınır, enerji stansiyaları açılır, yüksəkgərginlikli xətlər çəkilir, yeni su anbarları yaradılır. Hava limanları inşa edilir. Vətən müharibəsində olduğu kimi, bərpa işlərində də Türkiyədən olan qardaşlarımız öz səy və bacarıqlarını bizdən əsirgəmirlər.

 

Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edən Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yarandığını vurğulayıb. Bildirib ki, Azərbaycan bu məsələdə son dərəcə istəklidir.

 

Azərbaycan kimi Türkiyə də coğrafi qonşuluq əlaqələrini daha dərin əməkdaşlıqlara yönəltmək məqsədi olduğunu bəyan edir. Altılı platformanın perspektivlərinin bölgədə sülhə və əməkdaşlığa yol açacağına inamını ifadə edir. Qeyd edək ki, bu altılı platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstanİran var. Bu addımı atmaq üçün Türkiyənin Azərbaycanla hər cür fədakarlığa hazır olduğunu bəyan edən dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu tarixi fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmaması ən böyük arzumuzdur: “Bölgədəki yeni reallığa fayda vermək istəməyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq”.

 

Şuşa Bəyannaməsi haqqında da prezidentlərin mətbuata birgə bəyanatlarında geniş yer verilib. Bu tarixi sənəd qardaş ölkələrimizin əlaqələrinin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirir. Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra mühüm məsələləri əhatə edir. Birgə bəyannamədəki bütün müddəalar bir daha təsdiq edir ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir!

 

Şükür ƏLİZADƏ

 

Respublika.- 2021.- 23 iyun.- S.10.