Şuşa zirvəsi, qardaşlıq təntənəsi
Müharibə qurtardı, ədalət zəfər çaldı. Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində çox möhtəşəm və tarixi bir gün yaşandı. Dostları sevindirən, düşmənlərin göz dağına çevrilən həmin gün tarixin səhifələrinə qızıl hərflərlə həkk olunub. Qədim qala divarları türk dünyasının lideri Rəcəb Tayyib Ərdoğanın Şuşaya gəlişindən elə bil bir boy da ucalıb, daha əzəmətli, daha vüqarlı görünür. Şuşaya bu Qələbə, bu Zəfər, bu toy-büsat çox yaraşır, torpağı, otu, çiçəyi, ormanları, buz bulaqları sevinir, Cıdır düzü, Gəlin qayası, Ərimgəldi, Topxana, Daşaltı çayı öz əzəməti ilə göz oxşayır.
Səkkiz aya yaxındır ki, xalqımızın tarixinə qızıl hərflərlə yazılan qələbə sevincini yaşayırıq. Ağlayan, kədərli gözlərimiz indi sevincdən, qürurdan günəş şəfəqləri kimi parıldayır. Şuşa işğaldan azad edilib! Şuşa yaradanın yer üzünə bir ərməğanıdır, Azərbaycan mənəviyyatının, mədəniyyətinin paytaxtıdır, əsrarəngiz, füsunkar gözəlliyi ilə hər kəsi heyran edib. Hər daşı özü boyda bir tarixdir, salnamədir, təbii muzeydir, möhtəşəmliyi ilə hər şeydən yüksəkdə dayanan yurd yerimizdir, qibləgahımızdır, pirimiz, dinimiz, imanımızdır Şuşa.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Şuşa haqqında dediyi sözlər yaddaşımıza əbədi yazılıb. Ulu öndər deyib:
- Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibi olublar və Qarabağda Azərbaycan torpağının qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur.
Ulu öndərin vəsiyyətini oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyev şərəflə və fədakarlıqla yerinə yetirib. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi xalqlarımızın milli-mənəvi sərvəti kimi yüksək dəyərləndirilir.
Şuşa şəhər sakini Əbülqasım Novruzov deyir:
- Uşaqlığım, gəncliyim Şuşada keçib. Uzun illər Şuşanın idman şərəfini qorumuşam. Bu illər ərzində nəinki, bir gün, heç bir anda olsun Şuşanı unutmadım, gecələr yuxumdan çıxmayıb, Şuşanın həsrəti ilə nəfəs almışam. Şuşanın insanları, bütün daşları, qayaları, qədim binaları, küçələri, on yeddi məhəlləsi, adət-ənənəsi, dünyanın heç bir yerində olmayan aurası heç zaman yaddan çıxmayıb. Şuşanın hər qarışını xatırlayıram, o yerlər mənə çox əzizdi, o yerlərə qayıtmaq ən böyük arzumdu. Tək mən yox, bütün şuşalıların arzusudur. Şuşada keçirilən tədbir ürəyimizi dağa döndərdi, qürurumuzu yüksəltdi. Müzəffər Ali Baş Komandanımız və birinci xanım Mehriban Əliyeva qardaş Türkiyənin Prezidentini Şuşada qarşılamaları tariximizin ən şərəfli bir səhifəsi oldu. Şuşanı bütün dünya bir daha tanıdı ki, bu qədim yurd yeri Azərbaycanındır, onun təbii və milli sərvətidir.
Başqa bir həmsöhbətim, Şuşa şəhər sakini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Akif Məhərrəmov deyir:
- Hələ bir neçə il bundan əvvəl, möhtərəm Prezidentimiz İlham Əliyev xalqa demişdi ki, biz, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, dövlət bayrağımız orada dalğalanacaq. Dünyada çox az lider xalqına verdiyi vədlərin hamısını yerinə yetirə bilir. Bütün səmimiyyətimlə deyirəm ki, Prezidentimiz xalqımıza verdiyi bütün vədləri ardıcıllıqla, böyük səriştə ilə, dayanmadan yerinə yetirir. Baxın, Ali Baş Komandanımız Ermənistan adlı dövlətin 30 ildə yaratdığı mifi cəmi 44 günə yerlə-yeksan etdi, işğal altında qalan torpaqlarımızın böyük əksəriyyətini müzəffər Azərbaycan ordusu böyük zəfərlə azad etdi, məğlubedilməz erməni ordusu darmadağın edildi, onlar silah-sursatlarını ataraq qaçmağa başladılar. Xalq-İlham Əliyev birliyinin sarsılmazlığı qarşısında ermənilər tab gətirə bilmədilər. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinin yeni və qürurlu bir səhifəsidir.
Akifin sözünə qüvvət üçün deyək ki, düşmən Ermənistan və onun havadarları uzun illər boyu bir şeyi unutdular. Onlar bizim ruhumuzu, ümidimizi, birliyimizi, torpaq uğrunda mübarizəmizi işğal edə bilmədilər. Azərbaycanın igid oğulları sıldırım qayaları aşaraq qalaya qalxdılar. Yüngül silahlarla düşmənin topunu, raketini, əsgərlərini, muzdluları məhv etdilər. Ermənilər bu hücumdan şoka düşdülər, ağıllarına gəlməyən istiqamətdən ağır zərbə aldılar. Qəhrəman oğullarımız erməniləri diz çökdürdülər. Şuşadakı təntənə, atəşfəşanlıq, qardaş Türkiyənin ali qonağını qarşılamaq Prezident İlham Əliyevin siyasətinin şah səhifəsi kimi tariximizin salnaməsinə yazılıb.
Şuşa şəhər sakini Vaqif Qasımov da Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibə veteranıdır. Vaqif söhbət zamanı sevincini bölüşərək deyir:
- Şuşada böyük bir tədbirin keçirilməsi düşmənlərin bağrını yardı, xainlərə ağır zərbə vurdu. Zənnimcə, dövlət tədbirinin Şuşada keçirilməsi və burada Türkiyə ilə Azərbaycanın müttəfiqliyi ilə bağlı bəyannamənin imzalanması bu qədim şəhərin gələcək taleyinə ən gözəl töhfə oldu.
Ötən ilin payızında qələbə soraqlı günlər yaşadıq. Bir daha şahidi olduq ki, Prezident İlham Əliyevin sözləri ilə əməlləri həmişə üst-üstə düşür. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan ötən il noyabrın 8-də Bakıdakı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib:
- Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!
Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Müzəffər Ali Baş Komandanın düşmənə qarşı alov saçan bu sözləri bütün xalqımızın qürurunu, vüqarını, şərəfini özünə qaytarıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qardaş Türkiyə həmişə yanımızda olub, öz dəstəyini əsirgəməyib. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Tarixdən məlumdur ki, Qars müqaviləsi ilə Naxçıvan ərazisinin təhlükəsizliyi Türkiyə tərəfindən təmin olunub. 2021-ci il 15 iyun Şuşa Bəyannaməsi isə Qarabağın təhlükəsiz və abad bir regiona çevrilməsinə təkan verəcək.
Qardaş payı daha qiymətli, daha şirin olur. Şuşada qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı hədiyyə edilib. “Xarıbülbül” kompozisiyasında isə Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir. İki dost və qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi çox böyük tarixi əhəmiyyət daşıyır. Hər şeydən əvvəl, münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması iki ölkənin maraq və mənafelərinə xidmət edir. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil sahələrindəki imkan və potensiallarının birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlər Şuşa Bəyannaməsinin ana xəttini təşkil edir.
Azərbaycan qardaş Türkiyə ilə birlikdə aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirir, bu birliyin qorunması üçün önəmli addımlar atır. Şuşa görüşü, sözün əsl mənasında, zirvə oldu, qardaşlığın təntənəsinə çevrildi.
Salman ALIOĞLU
Respublika.- 2021.- 23 iyun.-
S.10.