Birliyin, həmrəyliyin möhtəşəm təcəssümü

 

 

Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində 1992-ci il may ayının 28-də əlamətdar hadisə - “Ümid” körpüsünün açılışı olub. Həmin tarix iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq və ən nəhayət, ağır blokada vəziyyətində olan Naxçıvanın yaşaması və inkişafı baxımından böyük əhəmiyyətə malik idi. Türkiyə ilə Azərbaycanı birləşdirməklə Türk dünyasının coğrafi bütünlüyünü də təmin edən bu körpü qardaşlığın bariz nümunəsi idi. Dünyanın başqa bir yerində mənəvi cəhətdən bu qədər dəyəri olan, istifadəyə verilməsi bayrama çevrilən, insanların içindəki ümidi, həsrəti, könül bağlılığını ifadə edən başqa bir tikili tapmaq çətindir.

 

Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovşağında, Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvan tarix boyu düşmənlərin hədəfində olub. Ötən əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyini qazandığı bir vaxtda ermənilər məqsədli şəkildə Naxçıvanı blokadaya salıb, bu qədim Azərbaycan torpağını ələ keçirmək üçün yenidən məkrli planlar həyata keçirməyə başlayıblar. Belə bir dövrdə ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublikanı bütün təhlükələrdən, o cümlədən işğaldan qorudu. Ümummilli liderimizin bu məqsədlə həyata keçirdiyi tədbirlərdə dostqardaş ölkə olan Türkiyə ilə əlaqələrin qurulması mühüm yer tutub. Türkiyə-Azərbaycan münasibətləri dərin tarixi köklərdən qaynaqlanır, müasir mərhələdə isə daha geniş xarakterli miqyas alıb.

 

Avropanın böyük və qüdrətli dövlətlərindən, səlahiyyətli söz sahiblərindən biri sayılan Türkiyədə məmləkətimizin ayrılmaz bir parçası olan, otuz ilə yaxın bir müddətdə məkrli erməni qonşularımızın təqsirləri ucbatından iqtisadi blokada şəraitində yaşayan bölgəyə bu qədər sevgi və məhəbbətin olması da qürurvericidir.

 

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında 1992-ci il mayın 28-də açılmış “Sədərək-Dilucu” körpüsü mühüm mərhələ oldu. Naxçıvan Muxtar Respublikasının ictimai, iqtisadi həyatında böyük önəm kəsb edən və iki qardaş xalqın uzun illər qovuşmaq arzusunu yerinə yetirən “Ümid” adı almış bu körpünün istifadəyə verilməsi böyük hadisəyə çevrildi. Bu  mühüm əhəmiyyətli keçidin tarixi, strateji, geosiyasi, iqtisadisosial əhəmiyyəti haqqında danışmazdan əvvəl Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının xalqlarımızın tarixi qələbəsi sayılan Türkiyə-Azərbaycan birliyində körpü rolunu oynaması, qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi olması məsələləri üzərində dayanmaq lazımdır. “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, - deyən Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk ötən əsrin 20-ci illərində öz ölkəsi üçün yaranmış şəraitdən istifadə edərək 11 kilometrlik sahəni Azərbaycana çıxış əldə etməklə eyni kökə sahib olan iki xalqı bir-birindən ayrı düşməyə qoymamışdır. Mustafa Kamal Naxçıvanla bağlı fikirlərini belə ifadə etmişdir: “Azərbaycana bağlı Naxçıvan vilayəti qardaş Türkiyə ilə 11 kilometrlik sərhəddə olan türk yurdudur. Naxçıvan türk dünyasının qapısıdır, onu qorumaq lazımdır”. Körpünün açılışı günü Naxçıvan torpağı böyük bayram əhval-ruhiyyəsi yaşadı. Naxçıvanın tarixində ilk dəfə olaraq dünyanın ən iri dövlətlərindən birinin - Türkiyənin baş naziri birbaşa bu torpağa qonaq gəldi. Bu münasibətlə hava limanında qarşılanma mərasimi də böyük təntənəyə çevrildi. Həmin tədbirdə xüsusi təyyarə ilə gəlmiş Türkiyənin 150 nəfərdən artıq yüksək çinli məmur və yaradıcı ziyalılarından ibarət nümayəndə heyəti də iştirak edirdi.

 

Ulu öndər Heydər Əliyev “Ümidkörpüsünün Türkiyə ilə Azərbaycan arasında iqtisadi, mədəni əlaqələrin genişlənməsinə və inkişaf etməsinə, qardaş xalqların bir-birinə yaxınlaşmasına xidmət etdiyini nəzərə alaraq 9 iyun 1992-ci il tarixli qərarla “Sədərək-Dilucu” körpüsünü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd keçid qapısı elan etdi. Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin bugünkü səviyyəsi, Türk dünyasının birlikbütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlərə qiymət veriləndə “Ümidkörpüsünün strateji əhəmiyyəti xüsusi vurğulanır. Bu körpünün Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıc nöqtəsi, təkcə Türkiyə ilə Azərbaycanı yox, eyni zamanda, Türk dünyasını birləşdirən körpü kimi mühüm əhəmiyyətə malik olduğu xüsusi qeyd olunur.

 

Ümidkörpüsünün davamı olaraq Naxçıvanla Türkiyə arasında hava nəqliyyatının fəaliyyət göstərməsi və Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu xəttinin inşası blokada vəziyyətində yaşayan Naxçıvanın qardaş ölkə ilə əlaqələrindəki tarixi rolunun bərpasına səbəb olmuşdur.

 

Ötən dövr ərzində  qardaş ölkənin yaxın vilayətləri ilə muxtar respublika arasında iqtisadi-ticarət və humanitar əlaqələrin inkişafı davamlı xarakter alıb. Bu gün Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə mövcud olan qarşılıqlı əlaqələr dinamik  inkişaf edir. Hər bir uğur, qələbə “Ümid”lə başlayır. O zaman olduğu kimi, Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsündə iki qardaş ölkənin igid oğulları bir-birinə qovuşdu, könüldən-könülə körpü salaraq düşmənin köksünə od yağdırdı.

 

1992-ci il 22-25 martda Türkiyədə baş nazir Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisaditexniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzalanmışdır. 1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında, Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələri yaradıldı. Bundan əlavə, Naxçıvan şəhəri yaxınlığında İstilik Elektrik Stansiyası tikildi. Türkiyə Respublikasının İqdır vilayətindən  92 kilometrlik bir məsafədən yüksəkgərginlikli elektrik xətlərinin Naxçıvana çəkilməsi başa çatdırıldı ki, bu da Naxçıvanın elektrik enerjisinə olan ehtiyacını əsasən ödəmiş oldu. Qısa müddət ərzində protokolda nəzərdə tutulmuş digər önəmli tədbirlərin reallaşdırılması üçün konkret işlər görülməyə başlandı. Telekommunikasiya sahəsində muxtar respublikanın ehtiyaclarını ödəmək üçün Türkiyənin “Teletaş” şirkətinin nümayəndələri bölgəyə gəldilər. Qardaş ölkənin Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının Naxçıvana səfəri zamanı böyük miqdarda texniki yardım, gübrə, toxum göndərilməsi haqqında razılıq əldə edilmişdi. Naxçıvan Muxtar Respublikasının qonşu Türkiyə vilayətləri - Qars, İqdır, Ağrı, Ərzurum, Van ilə də əlaqələri yaranır və möhkəmlənirdi. Heydər Əliyev Türkiyədə səfərdə olarkən dəfələrlə bu bölgələrdə olmuş, həmin vilayətlərin nümayəndə heyətləri də öz növbəsində Naxçıvana işgüzar səfərlər etmişdilər. Xüsusən, Qars və İqdır vilayətləri ilə əlaqələr sürətlə, yüksələn xətt üzrə inkişaf edirdi.

 

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə Türkiyə rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərdə, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə apardığı danışıqlarda təkcə Naxçıvanın deyil, həm də Azərbaycanın, onun Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən təcavüzə məruz qalması ilə bağlı problemləri ön plana çəkir, bütün diplomatik fəaliyyətini həmin problemin həllinə yönəldirdi. Bütün bu diplomatik gedişlər isə iqtisadi blokadanın ağır məngənələri altında yaşayan Naxçıvanın çətin imtahanlardan uğurla çıxmasına şərait yaratdı.

 

Türk dünyasının birlik və həmrəyliyində də Naxçıvanın xüsusi yeri olub. 2008-ci ildə Türkiyə baş nazirinin Naxçıvana səfər etməsi, 2009-cu ildə isə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə iştirak etmək üçün Naxçıvana gəlməsi qardaş ölkənin Azərbaycanın bu qədim diyarına verdiyi önəmin əyani ifadəsidir. 2010-cu ilin oktyabr və 2018-ci ilin dekabr aylarında Azərbaycan-Türkiyə biznes forumlarının Naxçıvanda keçirilməsi isə iqtisadi əlaqələrin yeni müstəvidə sürətli inkişafı üçün əlverişli imkanlar açıb. 2017-ci il dekabrın 20-də Türkiyə Respublikasının o zamankı baş naziri Naxçıvan Muxtar Respublikasına səfər edib. Hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilir. Xüsusilə iqtisadi ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Türkiyə hökumətinin qəbul etdiyi tənzimləmə qərarına görə, Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlər tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı verilməsi isə ikitərəfli münasibətlərin uğurlu inkişafının nəticəsidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsindəki əməkdaşlıq da ilbəil genişləndirilir.

 

Naxçıvan Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müasir inkişafına da öz töhfələrini vermişdir. 2008-ci il iyunun 4-də Prezident İlham Əliyev Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanı Naxçıvan Muxtar Respublikası Ali Məclisində rəsmən qarşılamış, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına dair danışıqlar aparılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın eyni vaxtda Naxçıvana səfəri böyük siyasi məna daşımışdır. Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinin regional əməkdaşlığa böyük töhfə olduğunu bildirən Prezident İlham Əliyev mətbuat üçün bəyanatında Türkiyənin hökumət başçısının bölgəyə səfərini yüksək qiymətləndirib. İstər təkbətək, istərsə də geniş tərkibdə keçirilən görüşlərdə iki dövlət arasında dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq duyulub. Geniş tərkibdə keçirilən görüşdə “Sizin Naxçıvana səfəriniz çox böyük əhəmiyyət daşıyır və əminəm ki, onun nəticələri də çox uğurlu olacaqdır, Naxçıvan qədim Azərbaycan torpağıdır və Türkiyə ilə Azərbaycan arasında yeganə sərhəd yeri buradır” - ölkə başçımızın bu sözlərinə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan onu da əlavə edib ki, “sərhəd şəhəri Naxçıvanda keçirəcəyimiz görüşlərin çox böyük mənası olacaqdır. Bu baxımdan biz buna çox böyük əhəmiyyət veririk”. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” hər iki liderin o zamankı əminlik ifadəsinin möhtəşəm təcəssümü oldu.

 

 

Mustafa Kamal

 

Respublika.- 2021.- 23 iyun.- S.1;6.