Şəhidlik vətəndaşlıq borcu və şərəfdir

 

Qarabağ savaşı — bizdən asılı olmadan başlayan bu müharibədə iştirak etmək hər birimiz üçün vətəndaşlıq borcuna çevrilmişdi. Torpaqlarımız işğal olunur, yurd yerlərimiz viran qoyulur, vətənimiz parçalanırdı. Belə bir məqamda həmin dövrdə əsl azərbaycanlı oğlunun döyüş meydanını seçməkdən başqa yolu qalmırdı. Ancaq pərakəndə, xaotik şəkildə aparılan bu müharibə arxası güclü olan düşmənin üzərində qələbə çalmağı təmin etmirdi. Tökülən qanlar, verilən qurbanlar acımızı artırsa da, o torpaqların bir gün geri qaytarılacağına ümidimizi artırdı. Səbri dolub-daşan xalq bir gün ayağa qalxıb elliklə savaşa qoşuldu. 44 günlük müharibə qələbəmizlə başa çatdı. Qəhrəmanlıq tariximizin yeni bir səhifəsi yazıldı. Bu yolda şəhid olan, sağlamlığını itirən hər bir vətən övladı salnaməyə çevrildi. İllər ötəcək, nəsillər dəyişəcək bu qəhrəman övladlarımız heç vaxt unudulmayacaq... Adını şəhidlik zirvəsinə yazdıran Murad da onlardan biridir.

 

Məmmədov Murad Elşən oğlu 1996-cı il sentyabr ayının 25-də Bakının Nizami rayonunda ziyalı ailəsində anadan olub, 272 saylı orta məktəbi bitirib. Hələ orta məktəbdə oxuyarkən bir çox xüsusiyyətlərinə görə yoldaşlarından həmişə fərqlənərdi. Dərslərini yaxşı oxumaqla yanaşı, məktəbin ictimai həyatında da fəal iştirak edərdi. Duymaq, anlamaq və nəyisə mütləq reallaşdırmaq məharəti güclü idi. Odur ki, məktəbdə keçirilən bütün tədbirlərdə yaxşı təşkilatçı kimi öz bacarığını nümayiş etdirir, fərdi qabiliyyəti ilə yadda qalırdı. Elə indioxuduğu məktəbin müəllim kollektivi, ona dərs deyən müəllimlər Muradı çalışqan, nizam-intizamlı, ədəbli bir şagird kimi xatırlayırlar. Heç kəsin qəlbinə dəyməz, heç kəsi incitməzdi. İdmanla da məşğul olurdu, dəfələrlə uğurlar qazanmış, fəxri diplomlar, fəxri fərmanlarla təltif olunmuşdu.

 

Hamı kimi Muradın da arzuları vardı. Hər şeydən əvvəl, torpaqlarımızın işğaldan azad olunmasını istəyirdi. Təbii ki, ali təhsil alıb cəmiyyətdə layiqli bir yer tutmaq, bacarıqlı mütəxəssis olmaq arzusu ilə də yaşayırdı. Orta məktəbi bitirən il sənədlərini Türkiyənin Erciyer Universitetinə verirorada rus dili və ədəbiyyatı fakültəsinə qəbul olur. Oxuduğu illərdə qabaqcıl tələbələrdən biri olur. Ali təhsilini bitirib Vətənə qayıdır. Qayıdan kimi hərbi xidmətə çağrılır. Bir il Gəncədə hərbi xidmətdə olur. Tərxis olduqdan sonra Bakıya qayıdan Murad buradakı şirkətlərin birində operator işləməyə başlayır. Gənc mütəxəssis qısa zamanda özünü tanıda bilir, yoldaşlarının hörmətini qazanır.

 

2020-ci il sentyabr ayının 27-də ermənilərin növbəti təxribatına cavab olaraq Azərbaycan ordusu hərbi əməliyyatlara, torpaqlarımızın mənfur ermənilərdən azad olunması uğrunda Vətən müharibəsinə başlayır. Döyüşlərin ilk günündə səfərbərliyə çağırılan Murad Füzuli istiqamətində gedən vuruşmalara qatılır. Sürətlə irəliləyən ordumuzun uğurlu döyüşləri Muradı da sevindirir, daim ruhlandırırdı. Demək olar ki, bütün cəbhə bölgəsində olmuşdu. Öndə gedir, qəhrəmancasına vuruşurdu.

 

Oktyabrın 15-i onun üçün son döyüş olur. Həmin gün Hadrud qəsəbəsi istiqamətində gedən 5 saatlıq gərgin döyüşlərdə ağır yaralanan Murad şəhid olur. O, Nizami rayonunda yerləşən Şəhidlər xiyabanında dəfn olunub. İndi onun da məzarı digər şəhid məzarları kimi and yerinə çevrilib. Təəssüf ki, böyük, tarixi qələbəmizi görmədi Murad. Ancaq bu qələbənin qazanılmasında onun da payı var. Torpaqlarımızın azad olunması üçün canından keçən Murad kimi igid oğullarımız bu xalq durduqca yaşayacaq.

 

Vətən, yurd yerimiz, babalarımızın uyuduğu müqəddəs torpaq, onların yadigarıdır. Onu qorumaq, bu yolda şəhid olmaq vətəndaşlıq borcu olduğu kimi, həm şərəfdir.

 

Yavər NURUYEV.

 

Respublika.- 2021.- 2 mart.- S.6.