Zəngilan müasirləşəcək, insanlar sidq-ürəklə yurd
yerlərinə dönəcəklər...
Zəngilan bizim babalarımızın, əcdadlarımızın yurdudur, igidlər məskənidir. Bu yerlərin sakinləri çayların nəğməli sahillərində, atlas geyimli dağların qoynunda böyümüşlər. Yamyaşıl yamaclar, meşə və ormanlar bu yerlərin qoynuna çıxanlara gəl-gəl deyir.
Ötən günləri, yaddaşımızın saralmaqda olan vərəqlərini yavaş-yavaş çevirib, xəyala daldıqca, belə qənaətə gəlirsən ki, işğaldan əvvəl Zəngilan respublikamızın qabaqcıl kənd təsərrüfatı rayonlarından biri olub, insanların həyat tərzi maksimum səviyyəyə çatdırılıb, abadlıq və quruculuq işləri diqqət mərkəzində olub.
Faktlar, rəqəmlər, müxtəlif hüquqi sənədlər, dövrün tələblərindən doğan həyat epizodları göstərir ki, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Zəngilanın tərəqqisi, əmək məhsuldarlığının yüksəldilməsi həmişə diqqət mərkəzində olub, rayonda uğurlu nəticələrə imza atılıb.
Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Zəngilanın tarixinin qədimliyini qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci illərdə, yəni 636-cı ildə qoyulub. “Zəngilan şəhəri” dedikdə əslində Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan, yaxud da Pircivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə “Pir” sözü olduğu üçün, yaxud da tariximizi təhrif etmək məqsədilə rayona 1930-cu ildə Zəngilan adı verilmişdir. İlk adı Pircavan olan bu şəhər isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır və 1967-ci ildə hazırki Zəngilan şəhərinə şəhər statusu verildi.
Birinci Qarabağ savaşından əvvəl Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə, (Ağ Oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur.
Ötən əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçuçayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru əhəng quyularına qədər bir ərazidə salınmışdı. Bu şəhərin özünün bir çox məhəllələri vardır.
Çeşməgözlü, Köhnə Pircivan, MTS məhəlləsi, Məscid düzü, Şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, Rayşelk (ipək idarəsi olan yer), Pavilyon məhəlləsi, Çala dərə, Üst məhəllə və sair məhəllələr vardır.
Zəngilanın ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-cü və 1979-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparmışdır. Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir.
Burada “Şəhri Şərifan” və ya Şəhri Xəlifan adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşirdi, qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunurdu. Məlum olmuşdur ki, bu şəhər Cənubi Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşir. İlk qazıntılar burada ilk mədəni təbəqənin olduğunu aşkar edir. Burada IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. IX əsrdə formalaşdığı, əsası qoyulduğu görünür. Şəhər XIV-XVII əsrlərə kimi mövcud olmuşdur. Qazıntılar və tapılmış arxeoloji materiallar şəhərdə metalişləmə sənətinin inkişaf etdiyini göstərirdi. Şəhərin iqtisadiyyatında çəltiklik xüsusi yer tuturdu. Bunu şəhərdə tapılan düyü anbarı sübut edirdi.
Zəngilandakı memarlıq abidələrindən biri Şərifanda yerləşən Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıdıb və yuyub aparıb. Abidənin ancaq sərdabə hissəsi bizə qədər gəlib çatmışdır. Azərbaycan orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Onun 3 qolu çatmatağla, dördüncü tərəfi isə müstəvi tavanla örtülmüşdür.
3 metr dərinlikdə aşkar edilmiş hamam kompleksi çox maraq doğurur. Əsasən bişmiş kərpicdən Naxçıvan-Təbriz memarlığı üslubunda inşa edilən bu kompleksin su qızdırılan otağı, buxarxanası və yuyunmaq yeri və hovuzları salamat qalmışdır.
Zəngilanın işğalına qədər rayonun Məmmədbəyli kəndində olan türbə dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılmışdı. Türbə piramidal günbəzlərlə örtülmüş səkkizguşəli prizmadan ibarət idi.
Günbəzdə tikinti materialları kimi daşdan istifadə edilmişdir. Kərpic tikintilərdə
olduğu kimi, bu türbənin divarı yükdaşıyıcı
kütləyə və
üzlüyə bölünmür.
Üzlük eyni zamanda divarın əsas hissəsini təşkil edirdi.
Zəngilanın Hacalı kəndindəki dairəvi bürc - bu tarixi abidəsi
də qorunurdu. Çox təəssüf
ki, onun haqqında bizim əlimizdə nə şəkil, nə də məlumat vardır.
Həkərinin sağ sahilində
olan Yenikənd kəndində də XIV əsrə aid sərdabə
mövcud idi. Onun da üst hissəsi
uçmuş, alt hissəsi
dövrümüzə gəlib
çatmışdır.
Zəngilanın mərkəzində olan məscid XVII əsrə
aid edilir. İçərisində mehrab və
taxça var idi. Rayonun Bartaz, Sobu, Qıraq,
Muşlan, Malatkeşin
- Şəfibəyli kəndlərində,
Mincivan qəsəbəsində
də məscidlər
var idi. Rayon
ərazisində tapılmış
qoç heykəlləri
və at fiqurları da uzaq keçmişdən
xəbər verirdi.
Rayonun Bartaz kəndi ilə Beynəli kəndi arasında hündür bir dağın üstündə xalq arasında “Qız qalası” adlanan bir qala da
var idi. Qala əsasən
müşahidə məntəqəsi
rolunu oynamışdır.
Rayonun Yeməzli və Bartaz kəndlərində
qədim alban kilsələri var idi.
Zəngilanın rayon mərkəzində diyarşünaslıq
muzeyi fəaliyyət göstərirdi. Onun yüzlərlə eksponatı var idi. Onlar xalqın uzaq
keçmişindən bu
günümüzə qədər
olan həyat tərzini, məişət
və mədəniyyətini
əks etdirirdi.
Rayonda xalq qəhrəmanı Koroğlunun
adı ilə hallandırılan daş var idi. Bu daş
ağ rəngdə
idi.
Zəngilanın mərd, cəsur oğulları Böyük
Vətən müharibəsində
rəşadətli döyüş
yolu keçmiş, düşmənə sarsıdıcı
zərbələr endirmiş,
cəbhədən neçə-neçə
döyüşçülər orden və medallarla
qayıtmışlar.
Birinci Qarabağ
savaşında zəngilanlılar
faşist xislətli ermənilərə qarşı
cəsarətlə vuruşmuş,
Vətənin azadlığı
uğrunda odlu səngərlərdə sinələrini
düşmən gülləsinə
sipər etmişlər.
Zəngilanlılar tarixi qələbənin müqabilində qürur hissi keçirir, sevinirlər. Zəngilan çox tezliklə
müasirləşəcək, bərpa və quruculuq işləri vüsət alacaq, rayonun iqtisadi potensialı artacaq, insanlar ata-baba yurdlarında əmək xariqələri yaradacaqlar.
Qədir ASLAN
Respublika.- 2021.- 3 mart.- S.7.