Ermənilərin yerlə-yeksan etdiyi dini abidələrdən biri - Papı məscidi

 

Cəbrayılın özünəməxsus gözəlliyi olan Papı kəndinin yaşı əsrlərlə ölçülür. Kənd həmişə dindar, qonaqpərvər, mərd və qoçaq insanları ilə seçilib. Oradakı qədim məscid bu kəndin uzaq keçmişindən xəbər verir. Təsadüfi deyil ki, sovet hökuməti qurulana qədər bu kənddə neçə-neçə din xadimi olub.

 

Atəş Verdiyev, Çapar Kazımlı və Şakir Albalıyevın müəllifi olduqları “Cəbrayıl rayonunun toponimləri” ensiklopedik məlumat kitabında Papı sözünün etimologiyası belə izah olunur: “Bizcə, Papı-Bavı eyni kökə və mənaya malik sözlərdir. Qədim mənbələr əsasında müəyyənləşdirdik ki, “bab+pap” Məkkənin müqəddəs qapısının adıdır. Bu söz dini termin səciyyəlidir. Çox güman ki, bu müqəddəsliyi qorumaq, yaşatmaq üçün yerli əhali lap qədim dövrlərdən öz yaşayış məskənlərinə bu adları veriblər.

 

Cəbrayıl rayonunda xanəgah, məscid, türbə və məqbərələrlə yanaşı, 40-a yaxın ziyarətgah var. Təəssüf ki, bu abidələrin tədqiqi uzun müddət diqqətdən kənarda qalmışdı. Yalnız ötən əsrin 70-ci illərində sistemsiz də olsa, ilkin araşdırmalar başlandı. 1989-cu ildə Mil-Qarabağ arxeoloji ekspedisiyasının tərkibində yeni dəstə yaradıldı və onun qarşısına Azərbaycanın cənub-qərbində yerləşən Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ərazisindəki arxeoloji abidələri tədqiq etmək məqsədi qoyuldu. Cəbrayıl rayonunda həyata keçirilən kəşfiyyat-axtarış işləri nəticəsində müxtəlif dövrlərə aid 20-dən çox yaşayış məskəni, kurqan, qala, türbə, orta əsr qəbiristanlığı qeydə alındı, bunlardan bir neçəsində ilkin qazıntılar aparıldı. Tanınmış alim Məşədixanım Nemətova Cəbrayıl rayonunun Şıxlar və Xubyarlı kəndlərində türbələrin üzərindəki kitabələri araşdıraraq onların XIV əsrin əvvəllərində inşa olunduğunu, qoç fiqurları olan köhnə qəbiristanlıqların isə XIV-XV əsrlərə aid olduğunu müəyyənləşdirimişdi.

 

Cəbrayılın tarixi-mədəni abidələri sırasında Papı kəndinin qədim məscidi xüsusi yer tutur. Bu dini abidə nəsildən-nəslə ötürülmüş canlı tarixdir.

 

Papı məscidi haqqında tarixi mənbələrdə dolğun məlumata rast gəlmədik. Yalnız məscidin XIX əsrdə tikildiyi bildirilir. Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyindən məscidin eskizini, kənd sakinlərindən isə ermənilər tərəfindən viran qoyulmuş məscidin fotolarını  əldə edə bildik. Papı məscidi sayılıb-seçilən el ağsaqqalı Hacı İmamverdinin təşəbbüsü ilə kəndin imkanlı adamlarının pulu hesabına inşa olunmuşdu. Birotaqlı ev formasında olan məscidin divarları yerli materiallardan (pud daş) hörülmüşdü. Məscidin azan vermək üçün minbəri də olub. İki qapısı, iki pəncərəsi var idi. Məscid, həm də mədrəsə kimi fəaliyyət göstərib. Sonralar dövlət və partiya orqanlarında müxtəlif vəzifələrdə çalışmış şəxslər ilk təhsillərini bu mədrəsədə almışdılar. Çox təəssüf ki, Papı məscidi erməni qəsbkarları tərəfindən vəhşicəsinə  dağıdılıb.

 

Təkcə doğulduğu Cəbrayıl torpağında deyil, bütün Qarabağda hörmət-izzət sahibi olan el ağsaqqalı Mirzəli Əliyev Papı məscidinin əsas mollalarından biri olmuşdu. Ömrüboyu halallıq və düzlüyü bayraq edən Mirzəli kişini 73 illik ömründə heç bir çətinlik öz əqidəsindən döndərə bilməmışdi. Bu müdrik insan haqqında Cəbrayıl ziyalılarının dilindən yalnız bu kəlmələri eşitmək olar:

 

“Mirzəli Əliyev ömrüboyu halal yaşayıb, düz söz danışıb”.

 

“Molla Mirzəli özü bir universitet idi. İlahiyyat elmləri öz yerində, dünyəvi elmlərə də dərindən bələd idi”.

 

“Mirzəli kişinin məclisində iştirak edən hər kəs sanki bir həyat dərsi alırdı. Mərasimlərdə dini hədislərlə yanaşı, Nizamidən, Füzulidən də danışardı. İnsanların qəlbini imanla, hikmətlə doldurardı”.

 

Mirzəli Əliyevin atası Kərbalayı Molla Mehralı qazının katibi idi, savadlı və gözəl xətti olub. O, oğlu Mirzəlini 7 yaşında Gövhər Ağa məscidinin mədrəsəsində təhsil almaq üçün Şuşa şəhərinə aparır. O dövrdə Şuşada böyük banklar fəaliyyət göstərirdi. Şuşa bankirləri xeyriyyə məqsədilə yaxşı oxuyan uşaqların təhsilinə kömək edirdilər. Tale Mirzəlinin də üzünə gülür. 1910-cu ildə Cəbrayıldan onu və Ağdamdan bir neçə uşağı təhsil almaq üçün İrana göndərirlər. Mirzəli Ərdəbil, Miyanə və Təbriz şəhərlərində orta dini təhsilini davam etdirir.

 

Oğlu Həsən Əliyev deyir: “Atamın təhsilə olan böyük marağı onu Tehran darülfünuna aparıb çıxarır. Altı il orada tam təhsil alır. Darülfünunu müvəffəqiyyətlə başa vurur və təhsilin ən yüksək dərəcəsi olan “Mirzə” titulu alır. Atamın əsl adı Əli olub, elmi dərəcədən sonra ona Mirzəli adı verilib. Atamın söylədiyinə görə, darülfünunda dini elmlərlə yanaşı, Nizami, Firdovsi, Füzuli də tədris edilirdi. 1926-ci ildə atam Cəbrayıl rayonunun Papı kəndinə qayıdır. Mövcud siyasi vəziyyəti qiymətləndirərək Azərbaycan Dövlət Universitetində Filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur, eyni zamanda, Ağdam şəhərində yeni açılmış ikiillik Müəllimlər İnstitutunda təhsilini davam etdirir. Cəbrayılın ucqar rayon olduğunu, orada müəllim çatışmazlığını və Mirzəlinin Azərbaycan Dövlət Universitetində təhsil aldığını nəzərə alıb, onu Soltanlı kəndinə dil-ədəbiyyat müəllimi təyin ediblər. Həqiqətən də, Cəbrayıl rayonunun Soltanlı kəndində bir çox alimlərin yetişməsində onun əvəzsiz rolu olub. Həmin vaxtlar, yəni 1927-1937-ci illərdə Azərbaycanın ucqar yerlərində işləyən müəllimlər əsasən orta təhsilli idilər.

 

Mərhum yazıçı Sabir Əhmədov həmişə atama öz təşəkkürünü bildirər, qardaşı - Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova dərs dediyini minnətdarlıqla xatırlayardı. Cəbrayılın yaşlı ziyalılarına yaxşı məlumdur ki, ovaxtkı Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov rayona gedəndə atamı savadına görə yanında oturdub sərhəd zastavasında İran casuslarından götürülən bütün sənədləri ona tərcümə etdirib. Mircəfər Bağırov atama yüksək etimad göstərib, onu dəfələrlə mükafatlandırıb. Sonralar həmin ziyalılar atamdan soruşanda  ki, Mirzə, necə oldu o, səni həbs etdi? Atam deyirmiş ki, elə bu dostluğa görə o, məni güllələtmədi.

 

Ruhani təhsilli ziyalıların 1937-ci ildə bir sinif kimi ləğv edilməsi prosesi atamdan da yan keçməyib və repressiya olunub. “Xalq düşməni” damğası vurularaq Qazaxıstanın Qaraqanda vilayətinə sürgün edilib. Cəbhəyə göndərilməsi üçün Stalinə dəfələrlə məktub yazıb. Cavabında isə bildirilib ki, “xalq düşməni”nə Vətəni etibar etmək olmaz.

 

Sürgündən qayıdan “xalq düşmənləri” qanuna görə sərhəddən 100 kilometr aralıda yaşaya bilərdilər. Atam da köhnə tələbə yoldaşlarının Ağdamdan olduğunu nəzərə alıb, buranı özünə yurd yeri seçir. Həqiqətən də, onu tanıyan həmin şəxslər Ağdamda böyük nüfuz sahibləri idi və onlar atamı Ağdam camaatına savadlı bir adam kimi tanıdıblar. 1947-ci ildən 1953-cü ilə qədər o, Ağdam ikillik Müəllimlər İnstitutunda təsərrüfat işlərində çalışıb”.

 

Stalinin ölümündən sonra ilk bəraət verilən ziyalılardan biri Mirzəli Əliyev olub. O vaxt Ağdam Rayon Maarif Şöbəsinin müdiri işləmiş Mamed Həsənov onun maarif naziri Mehdi Mehdizadə ilə görüşünü belə xatırlayır: “Eşitdim ki, maarif naziri Mehdi Mehdizadə Ağdama gəlir. Rayon partiya komitəsindən, icraiyyə komitəsindən məlumat aldım ki, heç bir siyasi tədbir yoxdur. Yəqin etdim ki, maarifdə hər hansı bir məsələ ilə əlaqədar gəlir və çox həyəcanlı idim. Mehdi Mehdizadənin çox prinsipial insan olduğunu nəinki mən, bütün respublika bilirdi. O, mənə bütün təhsil işçiləri və məktəb direktorlarının iştirakı ilə iclas təşkil etməyi tapşırdı. Eyni zamanda, rayonun rəhbər orqanları da həmin iclasda iştirak edirdilər.

 

O, Mirzəli müəllimi tribunaya, öz yanına dəvət edərək dedi: “Mən bir maarif naziri kimi respublikada bu cür savadlı bir ziyalının olması ilə fəxr edirəm. Özümə borc bildim ki, onu sizə şəxsən özüm təqdim edim”. Mehdi Mehdizadə həmin şurada Mirzəli müəllimi Ağdam gecə məktəbinə müəllim təyin etdi və onunla həmişə əlaqə saxladı”.

 

 

 

Həsən Əliyevin dediyinə görə, universitetdə Mirzəlinin müəllimi olmuş Həmid Araslı Əlyazmalar İnstitutuna rəhbərlik edəndə dəfələrlə onu instituta baş mütəxəssis kimi dəvət etmişdi. Mirzəli Əliyev ora getməsə də, Həmid Araslı məktub, telefon vasitəsilə, hətta adam göndərməklə heç kimin oxuya bilmədiyi əlyazmaların oxunmasını ondan xahiş etmişdi.

 

Ağdamın böyük ziyalılarından biri, 3 nömrəli orta məktəbin direktoru Surxay Qurbanov Mirzəli Əliyevin savadına yüksək dəyər verib, onu direktoru olduğu məktəbə dəvət edib və ömürlərinin sonuna qədər dost olublar.

 

Mirzəli bəraət aldıqdan sonra Şeyxülislam tərəfindən dəfələrlə Ağdam məscidinə axundluq təklifi alıb. O, heç bir vaxt dünya malına aldanmayıb və övladlarının gələcəyini nəzərə alaraq bu təklifi qəbul etməyib.

 

İşlədiyi məktəblərdə dil-ədəbiyyat müəllimləri Firdovsi, Nizami, Füzuli yaradıcılığındakı ərəb, fars sözlərinin sətiraltı mənalarını ondan soruşardılar.

 

Bağbanlar məktəbinin direktoru işləmiş Eldar müəllim söyləyir ki, Şuşada Xurşidbanu Natəvanın ev-muzeyində əlyazmaları oxumaq üçün Bakıdan alimlər gəlmişdi. Mirzəli müəllimi tanıdığımdan həmin yazıları oxumağı ondan xahiş etdim. O, əlyazmaları uca səslə oxuyub izah etdi. Alimlər onun dərin savadına heyran olduqlarını gizlətmədilər.

 

Mirzəli Əliyev ömrünün son vaxtlarında Ağdam şəhər 3 nömrəli orta məktəbində kitabxana müdiri işlədi.

 

Cəbrayıl rayonunun el ağsaqqalı Köçəri Babayev rayonda vəfat edən tanınmış adamların hüzrünə gələndə öz sürücüsü Cəmil kişini Ağdama göndərib Mirzəlini gətizdirirdi.

 

Ağdamda da Mirzəli məclislərdə elmi-dini söhbətlər aparanda ab-hava başqa cür olurdu. Ağdam camaatı onun xətrini çox istəyirdi. Bu gün də onun haqqında gözəl xatirələr yaddaşlarda yaşayır.

 

Mirzəli Əliyev 1976-cı il mayın 8-də vəfat edib. Ağdamın Qarağacı qəbiristanlığında dəfn olunub. Qızı Tamara tibb işçisi işləyib, oğlu Fikrət Əliyev uzun müddət Azərbaycan Respublikası Xarici Əlaqələr İdarəsində şöbə müdiri, SSRİ-nin Misir, İran, Suriya və Nigeriyadakı səfirliklərində aparıcı mütəxəssis, Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində müfəttiş, gənclik illərində isə Neft Daşlarında komsomol komitəsinin birinci katibi işləyib. Digər oğlu Sabir Əliyev Kənd Təsərrüfatı İnstitutunu bitirib, alim-zootexnikdir, qızı Elmira Azərbaycan Tibb Universitetini bitirib, həkim işləyib. Oğlu Həsən Əliyev uzun müddət Ağdam Rayon Partiya Komitəsində çalışıb, Bakı Ali Partiya Məktəbini bitirib. 1991-ci ildə Ağdam Rayon İcra Hakimiyyətində işləyib. Hazırda Ağdam Rayon İcra Hakimiyyətinin Abşeron rayonu üzrə səlahiyyətli nümayəndəsidir, Bakı Dövlət Universitetinin müəllimidir.

 

Qismətə bax... Mirzəli Əliyev 1903-cü ildə Cəbrayıl rayonunun Papı kəndində Kərbalayı Molla Mehralının ocağında dünyaya göz açmışdı. Papı məscidi də Kərbalayı Molla Mehralının həyətində tikilmişdi. Sovetlər dövründə Mirzəli Qazaxıstan çöllərinə sürgün olunur, Papı məscidi də fəaliyyətini dayandırır, bir müddət anbar, sonra da mağaza kimi istifadə olunur.

 

Mirzəli Əliyevin Ağdamdakı qəbri və Papı məscidi 27 il erməni əsarətində qaldı. İkisi də 27 ildən sonra erməni əsirliyindən qurtardı. Buna tale oxşarlığı da demək olar.

 

Mirzəli Əliyevin doğulub boya-başa çatdığı doğma Qarabağ indi düşmən tapdağından azaddır. Ömrüboyu halallıqla yaşamış el ağsaqqalı Mirzəli Əliyevin narahat ruhu bu gün şaddır və bizi doğma torpaqlara səsləyir. İnanırıq ki, müqəddəs ocaqlarımız, məscidlərimiz tezliklə doğmalarının isti nəfəsi ilə qızınacaq.

 

 

 

Elçin Kamal,

 

yazıçı-publisist.

 

Respublika.- 2021.- 3 mart.- S.4.