Prezident İlham Əliyevin beynəlxalq
ictimaiyyətə aydın və birmənalı mesajları
Dövlətimizin
başçısının dünyada bənzəri olmayan mətbuat
konfransı haqqında bəzi düşüncələr
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünyada geniş rezonans doğurub. Azərbaycan dövlətinin başçısı ilk dəfə idi ki, yerli və xarici jurnalistlərlə məhz bu cür yeni formatda görüşürdü. Koronavirus pandemiyası bundan əvvəl də müəyyən tədbirləri, həmçinin KİV nümayəndələrinə müsahibələri məhz onlayn formatda keçirməyə zərurət yaradırdı. Bununla belə, ötən həftə biz tarixdə ilk dəfə Azərbaycan Prezidentinin eyni vaxtda çoxsaylı yerli və xarici jurnalistlərin iştirakı ilə çox geniş onlayn mətbuat konfransının şahidi olduq. Bizim hamımız üçün formadan daha çox məzmunun həmişə böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, hər halda dünya jurnalistikasının gözümüzün qabağında yaşadığı texnoloji tərəqqinin ağlasığmaz səviyyəsini qeyd etmək istərdik. İndi artıq “tet-a-tet” rejimdə, əlində mikrofon, kamera, qələm-kağız tutmuş jurnalistlərin əyani müsahibələrindən rəqəmsal XXI əsrin böyük ekranda və internet şəbəkəsində birbaşa translyasiya edilən genişmiqyaslı mətbuat konfranslarına keçid baş verir. Hətta ilk baxışda müasir dövr üçün adi sayılan, bizim peşəmizin nümayəndələrinin çoxunun qısa müddətdə vərdiş etdiyi yenilik də bu gün Azərbaycanın zamanla ayaqlaşmasına, çox vaxt başqa dövlətlərə gözəl nümunə göstərməsinə dəlalət edir.
Prezident İlham Əliyev 4 saatdan çox müsahibə verdi, sualları dörd dildə cavablandırdı, bir dildən digərinə çox rəvan keçid etdi. Jurnalistlərdən birinin qeyd etdiyi kimi, təkcə bu fakta görə həmin mətbuat konfransı Ginnesin Rekordlar Kitabına daxil edilməyə layiqdir. Bu fonda qonşu Ermənistan tamamilə miskin və aciz görünür, çünki erməni jurnalistlərin özlərinin etiraf etdikləri kimi, onların ölkəsinin rəhbəri fikrini hətta öz ana dilində izah etməyə çətinlik çəkir, dedikləri heç də həmişə lazımınca əlaqəli olmur.
Qarşımızda, sadəcə, Azərbaycan Prezidenti çıxış etmirdi. Qarşımızda əyləşən, sualları dinləyən və onlara son dərəcə sərrast cavablar verən cəmi üç ay bundan əvvəl Azərbaycan xalqının Vətən müharibəsində möhtəşəm Qələbə qazanmış dövlət başçısı idi. Qarşımızda qalib Ordunun sərkərdəsini, Müzəffər Ali Baş Komandanı gördük! Buna görə də tamamilə gözlənilən idi ki, məhz bu mətbuat konfransı bütün dünyanın diqqətini cəlb edəcək. Hazırda həmin mətbuat konfransının dünya mediasında bu qədər geniş işıqlandırılması buna əyani sübutdur. Aydın məsələdir ki, bu mətbuat konfransını yaxın-uzaq ölkələrdə siyasətçilər, icmalçılar, politoloqlar və ən müxtəlif kalibrli ekspertlər diqqətlə izləyir, deyilən hər bir sözü, səslənən hər bir fikri təhlil edir, ola bilsin müəyyən gizli sətiraltı mənaları duymağa çalışırdılar. Hərçənd buna elə bir zərurət yox idi, çünki Prezident İlham Əliyev həmişəki kimi, birbaşa, açıq danışır, heç bir ikimənalılığa, yozumlara yer qoymurdu.
Bu və ya digər səbəblər üzündən birbaşa yayımı izləyə bilməyənlər üçün isə həmin gün rəqəmsal XXI əsrin daha bir yeniliyi - “Twitter” və “Telegram” kanalı köməyə gəldi. Səmimi etiraf edirəm, sosial media platformaları bazarında bolluq şəraitində mən “Twitter”in böyük fanatı olmamışam və hətta “Telegram” kanalından istifadə etməmişəm. 2020-ci ilin ildırımsürətli Vətən müharibəsi isə sanki hiss olunmadan, lakin müharibənin özü kimi çox sürətlə öz təshihlərini etdi, başqa platformaları ikinci plana keçirdi. Bütün Azərbaycan “Telegram” kanalında qeydiyyatdan keçməyə tələsdi, çünki ölkəmizin Müdafiə Nazirliyinin hərbi məlumatları və informasiya agentliklərinin, o cümlədən AZƏRTAC-ın qaynar xəbərlərinə istinadla ən operativ rejimdə bu kanala daxil olmağa başlamışdı. Prezidentin tvitləri isə az qala Vətən müharibəsinin növbəti rəmzinə çevrildi. Ölkəmizdə və xaricdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin mikrobloqunda qısa, lakin böyük coşqu və sevinc hissi doğuran xəbərlərini səbirsizliklə gözləyirdilər. İnsanlar bu xəbərləri bir-birinə göndərməyə və sosial şəbəkələrdə paylaşmağa tələsirdilər. Bu, artıq hər birimizin heç vaxt unutmayacağı fenomen idi. Bu, Vətən müharibəsinin və Böyük Qələbənin ən emosional məqamlarından biri idi.
İndi də belə oldu, mətbuat konfransında iştirak edən jurnalistlər, habelə birbaşa yayımı “YouTube” kanalında izləyən reportyorlar Prezidentin cavablarında səslənən fikirləri çox qısa formada, tezislər şəklində, bəzən bircə cümlə ilə “Twitter” və ya “Telegram” kanalı vasitəsilə ötürürdülər. Həmin vaxt küçələrdə, avtomobillərdə, qatarlarda, avtobuslarda olan vətəndaşlar isə məlumatları və tvitləri öz smartfonlarında izləyir, mətbuat konfransının gedişindən dərhal xəbər tuturdular. Sonrakı günlər ərzində isə Prezidentin söylədiyi ən mühüm fikirlər, verdiyi mesajlar dövlətimizin başçısının rəsmi mikrobloqunda yerləşdirildi. Bir məqamı xüsusi qeyd etmək istərdim ki, həmin fikirlər çox gözəl tərtib edilib. Yəni, bu, sadəcə, bir-iki cümləlik mətn deyil, infoqrafika elementlərindən və rənglərin uğurlu qammasından istifadə edilməklə tərtib olunmuş fikirlərdir. Bunun özü də digər dövlətlərin başçılarına bir nümunə ola bilər.
Mətbuat konfransının tarixi təsadüfi seçilməmişdi. Həmin gün Azərbaycan xalqı ilə bərabər, bütün sivil dünya da Xocalı soyqırımının kədərli ildönümünü qeyd edirdi. Təsadüfi deyil ki, Prezident çıxışının elə ilk cümləsində məhz bu mövzuya toxundu, hər şeyi öz adı ilə adlandırdı. “Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi”, - deyən Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi ki, ölkəmiz güclü dövlət kimi bir daha heç vaxt erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək. Azərbaycan xalqının döyüş meydanında Xocalı qurbanlarının qisasını alması bunun sübutudur. Prezident dedi: “44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq”.
Erməni silahlı dəstələrinin törətdiyi dəhşətli cinayətin ildönümü günündə Azərbaycan Prezidentinin xarici jurnalistlərlə görüşü bu mətbuat konfransına müəyyən rəmzi məna verir və dünya birliyi ilə ünsiyyətdə “sözün gücü”nü nümayiş etdirirdi. Axı, bir sıra mühüm mesajlar siyasi mərkəzlərə məhz KİV-lərlə çatdırılır.
M ətbuat konfransının gedişində mesajlar isə bol idi. Onlardan ən əsaslarına diqqət yetirək: münaqişə artıq keçmişdə qalıb, Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünü bərpa edib. Bu, tarixin məntiqli gedişidir, indi onu heç kəs geri döndərə bilməz. Ermənistan logistik baxımdan təcrid olunub, mənəvi-siyasi baxımdan sarsılıb, onun iqtisadi imkanları tükənib. O, kənardan kömək göstərilməsə və qonşu ölkələrlə normal münasibətləri bərpa etməsə, ayağa qalxmaq iqtidarında deyil. Azərbaycan daha da güclənəcək, Ermənistan isə daha da zəifləyəcək, bu iki dövlətin gücü arasındakı fərq daha da artacaq. Buna görə də Köçəryan-Sarkisyan xuntasının başçılarının revanş haqqında hər hansı populist söhbətləri nəinki absurddur, həm də, ilk növbədə, Ermənistanın özü üçün təhlükəlidir. “Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir”, - deyə birmənalı şəkildə xəbərdarlıq edən Prezident Əliyev öz mesajını maksimum aydın şəkildə səsləndirdi. O, sualların birinə cavab verərkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən sitat gətirdi. Putin demişdi ki, Ermənistanın üçtərəfli Bəyanatı yerinə yetirməkdən imtina etmək cəhdi ondan ötrü “intihar” olacaq. Prezident İlham Əliyev əlavə etdi ki, o, rusiyalı həmkarının bu fikrinə tamamilə şərikdir.
Prezident ona sual verən jurnalistlərə, eyni zamanda, kompüterlərin, qacetlərin və televizorların ekranları qarşısındakı tamaşaçılara bir daha, bu dəfə artıq Müzəffər sərkərdə kimi xatırlatdı ki, erməni işğalının davam etdiyi bütün onilliklər ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, habelə ayrı-ayrı ölkələr Azərbaycana misli görünməmiş dərəcədə təzyiq edirdilər. Onlar özlərinin qeyri-rəsmi mesajlarında Bakıya “yaranmış reallıqlarla” barışmağın zəruri olması barədə siqnal verir, bizim ölkəmizi “uduzmuş tərəf” adlandırır və Azərbaycana “pis” ilə “ən pis” arasında seçim etməyi məsləhət görürdülər. Yaxşı, onları müəyyən mənada başa düşmək olar - xüsusən ikili standartların, gizli və açıq islamofobiya və türkofobiyanın hökm sürdüyü dünyada uzaq və yad Azərbaycan xalqının amalları onların nəyinə gərəkdir! Onlar üçün əsas məsələ beynəlxalq reytinqlərini yüksəltməkdən ötrü guya nizamlanmış bir münaqişəni öz aktivlərinə yazmaq idi. Qarabağın kimə - işğalçılara, yoxsa bu yerin əzəli sahiblərinə, öz ata-baba yurdlarından qovulmuş sakinlərə qaytarılması isə onları az narahat edirdi.
İndi rollar dəyişib: Azərbaycan qalib gəlib, yeni reallıqlar yaranıb. İndi qoy, elə həmin qüvvələr məğlub olmuş tərəfi dilə tutsunlar ki, o, bizimlə barışsın. “İndi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər”, - deyə qarşı tərəfə xəbərdarlıq edən Prezident bu mesajı başqa aktorlara da ünvanlayırdı.
Bununla əlaqədar, əldə edilmiş razılaşmaların yerinə yetirilməsini pozan, lakin köhnə adəti üzrə öz təqsirini başqasının üstünə yıxmaq istəyən Ermənistan rəhbərliyinin növbəti yalanını ifşa etmək çox vacib idi. Söhbət erməni tərəfin daim Azərbaycanı hansısa “hərbi əsirləri” saxlamaqda, Bakının guya “razılaşmaları pozaraq” həmin şəxsləri İrəvana verməkdən imtina etməsindən gedir. Üçtərəfli Bəyanatın imzalandığı vaxta qədər qeydiyyata alınmış hərbi əsirlərin hamısı, həm də Azərbaycan öz vətəndaşlarını geri almazdan əvvəl erməni tərəfə verilib. Prezident İlham Əliyev sualların birinə cavabında bu barədə danışdı. Lakin İrəvanın hansı səbəbdən Bəyanatın üçüncü bəndini pozması və öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq əvəzinə oraya, özü də müharibə başa çatandan bir neçə həftə sonra təxribatçılar göndərməsi barədə həm erməni boşboğazlar, həm də onların xaricdəki ruporları rüsvayçı şəkildə susurlar, onlara, sadəcə, üzündən oxumaq üçün mətn verilir. Bəs onlardan kimsə maraqlanıbmı ki, bu 60-dan çox adam kimdir, onlar Azərbaycan ərazisinə necə və nə vaxt keçiblər və ən başlıcası, onlar ölkəmizə nə məqsədlə gəliblər?! Axı, onlar buraya gül əkmək və ya kəpənək dalınca qaçmaq üçün gəlməyiblər.
Azərbaycanda hərbi əsir yoxdur, həmin 60 nəfər terrorçu və təxribatçıdır, bu cür hallarda bütün başqa ölkələrdə də belələri ilə söhbət qısa olur. Buna görə də Ermənistanda və onu himayə edən dairələrdə artıq çoxdan başa düşməli idilər ki, demaqoq hoqqalar, isteriya, qara piar, Azərbaycanın xaricdəki səfirlikləri qarşısında təşkil olunan hər cür oyunbazlıqlar, ucuz fləşmoblar artıq bizə təsir etmir. Əslində, onlar əvvəllər də güclü təsir etmirdi, nəinki Qələbədən sonra! Öz ölkələrinin biabırçı kapitulyasiyasından sonra Azərbaycanın ərazisinə soxulmuş, müharibədən sonra bizim dörd hərbi qulluqçunu və mobil rabitə operatorunu qətlə yetirmiş terrorçular məhkəmə qarşısına çıxarılacaq və “terrorizm” maddəsi ilə ittiham olunaraq qanun qarşısında cavab verəcəklər. Onları müdafiə etmək üçün səsini ucaldan Avropa Parlamentinin üzvləri, müxtəlif dövlətlərin parlamentlərinin deputatları, üçüncü ölkələrin mədəniyyət xadimləri isə beynəlxalq hüquq sahəsinə aid məsələləri şərh etməkdənsə, mahnı oxumağı, rəqs etməyi, filmlər çəkməyi və simfoniyalar yazmağı daha yaxşı bacarırlar. Qoy, onlar fikirləşsinlər, Quantanamo, Əbu-Qreyb məhbuslarının, İŞİD, Əl-Qaidə və başqa təşkilatların terrorçularına azadlıq verilməsini tələb edərdilərmi? Bəlkə türkləri və azərbaycanlıları qətlə yetirənlər terrorçu “hesab edilmir”? Qoy, onlar erməni xuntasının iki Kəlbəcər sakinini - öz dədə-baba yurdunda doğmalarının məzarlarını ziyarət etməyə cəsarəti çatmış insanları neçə il həbsxanada saxladıqlarını yada salsınlar.
P rezident İlham Əliyev jurnalistlərdən birinin sualına cavab verərkən bu mövzuya birdəfəlik nöqtə qoydu, bu məsələ bağlanıb və Azərbaycana təzyiq göstərməyin faydası yoxdur. Amma Ermənistanın istər işğal illərində, istər müharibə günlərində, istərsə də bu gün törətdiyi hərbi cinayətlər məsələsi açıq qalır. Axı, Prezidentin qeyd etdiyi kimi, minalanmış sahələrin xəritələrini verməkdən imtina edilməsi də belə müharibə cinayətlərindən biridir.
Dövlətimizin başçısı öz cavablarında bir daha xatırlatdı ki, Azərbaycan Ermənistanın zəbt etdiyi ərazilərini işğaldan könüllü azad etməsini təqribən 30 il gözləyib. Bizim bu məsələni hərbi yolla həll etmək üçün dəfələrlə imkanımız olub, lakin ölkəmiz son məqama qədər gözləyib, qan tökülməsini istəməyib, Ermənistanı vicdanlı olmağa, vəziyyəti anlamağa çağırıb, bunun nəticələri barədə xəbərdar edib, insan tələfatının qarşısını almaq üçün hər cür - mümkün olan və olmayan şanslar verib. Prezident İlham Əliyev Britaniyanın “Telegraph” xəbər agentliyinin müxbirinin sualını cavablandırarkən xatırlatdığı kimi, hətta müharibə dövründə də Bakı qan tökülməsinin dayandırılması üçün İrəvana bir neçə dəfə şans verib. Ermənistan hökumətinin başçısı öz qoşunlarının çıxarılması qrafikini elan etsəydi, elə həmin anda müharibə dayandırılardı. Bu, Azərbaycan dövlətinin sülhsevərliyini və müharibənin nə ilə nəticələnəcəyini ilk günlərdən bildiyi halda öz qoşunlarını mənasız qırğına göndərən Ermənistan rəhbərliyinin avantürizmini bütün dünyaya göstərdi.
H ətta bütün baş verənlərdən, yaşanmış bütün sarsıntılardan sonra da Azərbaycan öz düşməninə yenə birinci olaraq kömək əli uzadır, əməkdaşlıq, birgə iqtisadi inkişaf, kommunikasiya layihələri təklif edir, başa salır ki, bu layihələr bütün tərəflərin xeyrinə olacaq və heç kəs uduzmayacaq. Prezidentin dediyi “Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada - Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər” sözləri Ermənistanda sağlam düşüncəli insanlara ünvanlanmış daha bir mesaj idi. Yuxarıda sitat gətirdiyimiz sözlərdən dərhal sonra səslənən mesaj isə revanşist məqsədlər güdənlərə ünvanlanmışdı. Prezident İlham Əliyev çox ciddi şəkildə xəbərdarlıq etdi: “Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır”.
Yaponiyanın “Jiji Press” agentliyinin müxbirinin sualına Prezidentin cavabında daha bir mühüm mesaj səsləndi. Bu, azərbaycanlı köçkünlərin hazırda sülhməramlıların nəzarətində olan zonalara aid edilən yerlərə, məhz Xocalıya və digər yaşayış məntəqələrinə qayıtmasının labüdlüyü barədə idi. Prezident İlham Əliyev birmənalı şəkildə bəyan etdi: “Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar”.
Prezident başqa bir sualın cavabında vurğuladı ki, indi artıq Dağlıq Qarabağ anlayışı yoxdur. O, tarixdə qaldı. İndi Azərbaycanın tərkibində vahid Qarabağ var.
Azərbaycan dövlətinin başçısının dünya liderlərinə bir mesajı da diqqətdən kənar qala bilməzdi. O, həmin liderləri bundan sonra Ermənistana pulsuz silah verməkdən çəkinməyə, imkan daxilində ona verilmiş ölümsaçan silahları - “İskəndər”, “Toçka-U”, “Skad” raket sistemlərini geri almağa çağırdı. Axı, avantüristlərin, özü də bu və ya digər raket növləri arasında fərqi görməyən avantüristlərin əlində belə silahlar dəhşətli nəticələrə gətirib çıxara bilər. Prezident o vaxta qədər ictimaiyyətə məlum olmayan daha bir detalı açıqladı: müharibə günlərində Vladimir Putin ilə çoxsaylı danışıqlarının birində o, Rusiya rəhbərindən İrəvana təsir göstərməsini, onu Azərbaycanın dinc şəhərlərinə qarşı raketlərdən istifadə etməkdən çəkindirməsini xahiş etmiş, əks halda, Bakının İrəvana cavab zərbələri endirməyə hazır olduğunu bildirmişdi. Dövlətimizin başçısı xəbərdarlıq edərək dedi: “Əks halda, bizim seçimimiz olmayacaq, biz onların şəhərlərini bombalayacağıq. Bizdə hər şey nişan altında idi. Bizim raketlərimiz təkcə Naxçıvan Muxtar Respublikasından deyil, digər regionlardan da rahatlıqla Yerevanadək çatar. Biz bunu hər an nümayiş etdirə bilərik. Buna görə də mənim bu çağırışım artıq bütün qırmızı xətləri keçmiş, azğınlaşmış Ermənistan hərbi-siyasi rəhbərliyini vəziyyətin sağlam düşüncəli təhlilinə çağırış idi”.
Bu açıq-aydın mesaj müharibədən sonra da öz aktuallığını saxlayır. Ermənistanda başa düşməlidirlər ki, ona hökmən cavab veriləcək və bunun bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək. Prezident İlham Əliyevin etiraf etdiyi kimi, onun Rusiya rəhbəri ilə telefon danışıqlarının gedişində bu məsələnin müzakirəsi faktı İrəvan üçün bir növ “soyuq duş” effekti verməlidir: əgər siz bu cür təxribata getsəniz, sizə dərhal cavab veriləcək və heç kəs sizi dəstəkləməyəcək, heç kəs köməyinizə gəlməyəcək! Bütün bunların Ermənistan rəhbərliyinin diqqətinə hansı formada çatdırıldığını bilməsək də, Bərdəyə zərbə endiriləndən sonra bu cür təxribatların dayandırıldığı göz qabağındadır: Bakının xəbərdarlığı İrəvanda quzğunların dumanlı başlarını ayıltdı.
Rusiyanın Ermənistan ordusunu modernləşdirmək planları barədə məlumat haqlı olaraq Prezidenti heyrətləndirdi. O, “Zvezda” telekanalı vasitəsilə müvafiq ünvan sahiblərinə müraciətlə dedi: “Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur”. Prezident İlham Əliyev bu günlərdə Ermənistanda hökm sürən siyasi hərc-mərcliyi xatırladaraq soruşdu: “Belə adamların əllərinə təhlükəli silah vermək olarmı?”.
Eyni zamanda, Prezident İlham Əliyev Bakı ilə Moskva arasında hərbi-texniki əməkdaşlığın səviyyəsini çox yüksək qiymətləndirdi. O, Rusiya silahının keyfiyyəti barədə də yüksək fikirdə olduğunu bildirdi. Prezident Rusiya silahının ayrı-ayrı növlərinin “effektivliyinin 10 faiz olması” barədə Paşinyanın dediklərini nəzərdə tutaraq dəqiqləşdirdi: “Rusiyanın hərbi texnikası bəzi göstəricilər üzrə dünyada ən yaxşı texnika və bütövlükdə dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, o, düzgün əllərdə olmalıdır ki, sonradan bu cür əsassız, əslində, Ermənistanda hərbi-siyasi böhrana gətirib çıxarmış ittihamlar olmasın”.
A zərbaycan dövlətinin başçısı Britaniyanın “İndependent” qəzetinin müxbirinin sualını cavablandırarkən daha bir mühüm mesaj səsləndirdi: xarici ölkə əsgərlərinin Azərbaycan ərazisində qalmaları müvəqqəti xarakter daşıyır - bu, hansısa “hərbi baza” deyil və əgər beş ildən sonra Azərbaycan həmin əsgərlərin burada olması məsələsinə öz fikrini bildirərsə, onların fəaliyyəti başa çatacaq. Beləliklə, Prezident üçtərəfli Bəyanat imzalandığı andan etibarən yəqin ki, hər bir vətəndaşımızı narahat edən bir sualı Azərbaycan cəmiyyətinin gündəliyindən çıxarmış oldu. İndi Bakının rəsmi mövqeyi açıq elan edilib. Bu da öz növbəsində, əksəriyyəti müxalifət dairələrindən olan çoxsaylı opponentləri tərksilah edir, Azərbaycana o qədər də rəğbət bəsləməyən bəzi əcnəbi şərhçilərin nikbinliyinə son qoyur.
Bir mühüm məsələ də var ki, Prezident İlham Əliyev sülhməramlı kontingentin müsbət rolunu məhz azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtması kontekstində qeyd edib. Əgər həmin əhali qayıdarkən sülhməramlılar tərəfindən onların təhlükəsizliyinə zəmanət verilməsi tələb olunursa, onlar haraya qayıdacaq? Təbii ki, sülhməramlıların nəzarətində olan zonaya, bu insanlar etnik təmizləməyə məruz qaldığı illərdə qovulduqları keçmiş DQMV-nin Xocalı, Kərkicahan, Umudlu, Muğanlı, Əmiranlar, Kuropatkino, Cəmilli, Meşəli, Sırxavənd, Çərəktar, Narınclar, Kosalar, Malıbəyli və azərbaycanlılar yaşayan digər kəndlərə qayıdacaqlar.
Ermənistan tərəfindən ölkəmizə vurulmuş zərərin həcminin hesablanması və beynəlxalq qurumlarda iddia qaldırılması mövzusu ayrıca diqqət tələb edir. Prezident öz çıxışında bu sahədə aparılan böyük iş barədə jurnalistlərə məlumat verdi, lakin, eyni zamanda, qeyd etdi ki, hələ çox məqamlar beynəlxalq məhkəmənin mövqeyindən və onun obyektivliyindən asılıdır. Hakimlər ədalət normalarına riayət edəcəklər, yoxsa yenə siyasi sifarişi yerinə yetirəcəklər? Prezident İlham Əliyev bu fikri səsləndirərək bu dəfə beynəlxalq birliyə daha bir mesaj ünvanladı. Prezident bildirdi ki, ölkəmizdə bu praktika və analoji presedentlər ilə yaxşı tanışdırlar və hakimlər bu məsələyə ədalətlə yanaşsalar, Ermənistanın dünyadakı himayədarlarının siyasi sifarişlərindən asılı olmasalar, cavabdehin gözlənilən hökmdən yaxa qurtarmaq şansı olmamalıdır. İndi beynəlxalq strukturlar özləri vicdanlılıq və obyektivlik imtahanı verməli olacaqlar.
Ümumiyyətlə, həmin mətbuat konfransını həqiqətən tarixi hadisə kimi səciyyələndirmək olar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, o, özü sonuncu dəfə jurnalistlərlə məhz bu cür geniş formatda nə vaxt görüşdüyünü xatırlamırdı. Prezident bunu onunla izah etdi ki, bu qədər çoxsaylı xarici jurnalistin eyni vaxtda ölkəmizdə olması şəraitində müzakirələr üçün heç də həmişə bu qədər mövzu yığılıb qalmamışdı. Məhz indi belə bir fürsət yaranıb, media işçilərindən azad edilmiş ərazilərə səfərləri çərçivəsində Prezidentdən müsahibə verməsi xahişləri alınıb. Media nümayəndələri ilə görüşün ən yaxşı forması məhz bu cür mətbuat konfransı olub. Müharibə dövründə isə dövlətimizin başçısı 44 gün ərzində xarici KİV-lərə 30-dan çox müsahibə verib.
B eləliklə, Prezident İlham Əliyev bütün dünyaya bir daha nümayiş etdirdi ki, o, mətbuata daim açıqdır. Müxbirləri qəbul edərkən, onların suallarını cavablandırarkən bəyanatlar verir, mesajlar göndərir, həm ölkədə, həm də xaricdə cəmiyyəti istər döyüş meydanında, istərsə də siyasi arenada baş verən proseslər barədə məlumatlandırırdı. Prezident haqlı olaraq dedi: “Buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.
KİV-lərin köməyi ilə ictimaiyyətlə daimi əlaqə dünya mediasının Azərbaycana münasibətinin dəyişməsində müsbət rol oynayıb. “Bu məsələyə yanaşma dəyişir, fikirlər dəyişir və reallıq artıq daha yaxşı dərk edilir”, - deyən Prezident bildirib ki, müharibə dövründə o, Azərbaycana hücumlar ediləcəyini və ədalətsiz yanaşmaları gözləyirdi. Lakin Azərbaycanın haqq işinin bütün dünyada etiraf edilməsi, həmçinin onilliklər boyu davam etmiş işğal dövründə xalqımızın Birinci Qarabağ müharibəsindən sonra yaranmış status-kvo ilə razılaşmamasını bircə gün belə bildirməməsi faktı öz rolunu oynayıb - dünyada Azərbaycan xalqı üçün bu ağrılı məsələyə daha həssas yanaşmağa başlayıblar və bu, müharibə günlərində də özünü göstərib.
“Məni təəccübləndirdi ki, Azərbaycana qarşı ədalətli mövqe var idi. Bunun da əlbəttə, səbəbi ondan ibarətdir ki, biz haqlı idik, biz öz ərazilərimizi işğaldan azad edirdik. Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun”. Əminəm ki, Prezidentin bu mesajı həm də təcrübəli siyasi xadimin jurnalistlərə xeyirxah məsləhəti - vicdanlılığı, obyektivliyi qoruyub saxlamaq və “bizim etdiklərimizin hamısını gözdən salmaq, bizə qara yaxmaq, Azərbaycan haqqında və onun hökuməti barədə yalan təsəvvürlər yaratmaq” məqsədi güdən rəhbərlərinin göstərişlərinə həmişə əməl etməmək tövsiyəsi kimi qəbul olunub.
Xocalı soyqırımının 29-cu ildönümü günündə Azərbaycan Prezidenti İlham Əliyevin həqiqətən tarixi mətbuat konfransı sonradan dünya KİV-lərində müsbət yöndən işıqlandırılıb. Bu fakt onu göstərir ki, jurnalistlərin Azərbaycana şəxsən səfər etmələri, onların burada öz gözləri ilə gördüklərini yuxarıdan “kukla oynadanların” göstərişi ilə deyil, vicdanla işıqlandırmaları obyektiv jurnalistin reputasiyasını qoruyub saxlamaq üçün yeganə düzgün yoldur.
Bu, bizim peşə nümayəndələrinin kredosu olmalıdır.
Aslan Aslanov,
AZƏRTAC-ın
İdarə Heyətinin
sədri,
OANA-nın
vitse-prezidenti.
Respublika.- 2021.- 5 mart.- S.3.