Dünyanı heyrətləndirən mədəniyyət
ocağı - Şuşa...
Sizlərə
təqdim etdiyim bu yazıda Azərbaycan xalqına, dünya azərbaycanlılarına
və türk dünyasına milli mənəvi dəyərimizin
alınmaz qala simvolu kimi müqəddəslik qədər əziz
olan Şuşa şəhərindən, bu şəhərdə
keçirilmiş poeziya və muğam festivallarından biri ilə
bağlı xatirələrimi danışacağam.
Bəri başdan deyək ki, bir ölkənin böyüklüyü o ölkənin ərazisi ilə deyil, insanlarının mədəni səviyyəsi ilə qiymətləndirilir. Qürur hissi ilə deməliyik ki, belə mədəni şəhərlərdən biri də Azərbaycanın Mədəniyyət Mərkəzi sayılan Şuşadır.
Dahilər söyləyiblər tərifin bizdən əzəl,
Gecələr ulduzların qoynunda yatan Şuşam!
Həqiqətən də, Şuşa başqa bir aləmdir, başqa bir dünyadır...
Sizdən nə gizlədim: ləl-gövhər yatır,
Şuşa torpağının hər guşəsində.
Özgə gözəllik var, özgə ətir var,
Şuşa torpağının bənövşəsində.
Zəngin flora və faunaya malik olan Şuşanın havası buz salı kimi şəffaf, gül-çiçəklərinin rəngi isə qeyri-adidir: qırmızıdırsa al qırmızıdır, sarıdırsa sapsarıdır, ağdırsa parlaq ağdır. Bu, torpaqdan, sudan və havadan asılıdır...
Bu müqəddəs şəhərin yaranma tarixi, memarlıq və incəsənət abidələri, dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətləri, şair və xanəndələri, sənətkarları, nəhayət, mənfur düşmənə - vətənsiz və işğalçı ermənilərə əbədi göz dağı olması ilə bağlı xeyli yazılar da yazmışam. Ayağım dəyən ölkələrdə, iştirakçısı olduğum tədbirlərdə, ayrı-ayrı mətbuat səhifələrində, radio və televiziya verilişlərində, hətta bir neçə xarici ölkə mətbuatında da Şuşadan söz açmağı, dünyaya tanıtmağı özümə mənəvi borc bilmişəm. Məndən Şuşanın necə şəhər olduğunu, hansı coğrafi məkanda yerləşdiyini soruşanlara:
Üç min il yaşayır sərv ilə çinar,
Onlar evkaliptin kölgəsindədir.
Everest
zirvələr şahı olsa da,
Şuşa
ulduzların cərgəsindədir!..
- cavabını vermişəm.
Şuşa həm keçmişi, həm də indiki qəhrəmanlıqlarıyla
dolu və saysız-hesabsız hadisələrin şahidi olan
Azərbaycan şəhəridir. Şuşa dədə-babalarımızın
Vətənimizə sonsuz sevgi və məhəbbətlərindən,
milli ruhlarından, milli istəklərindən, milli birliklərindən
yaranmış şəhərdir...
Sizlərdən
nə gizlədim, Şuşadan ayrı düşdüyüm
29 ilə yaxın müddətdə bir an da olsun yadımdan
çıxarmadığım, ümidimi üzmədiyim, nə
vaxtsa yenidən qovuşacağıma olan inamımı itirmədiyim,
muzeyləşdirib ürəyimdə - ruhumda
yaşatdığım Ana Vətənim Şuşaya:
Bir qara
daşın da əzizdir mənə,
Qarış torpağını yada qıymaram.
O, ürək
yerinə sığıb sinəmə,
Yüz il vəsf eləsəm yenə doymaram!
- dediyim bu şəhəri ona görə ürəyimdə
muzeyləşdirmişəm ki, Şuşanın
özünün və övladlarının nəyə qadir
olduqlarını məndən soruşanlara tanıda bilim.
Muzeyləşdirmişəm ki, Şuşaya qayıdanda (təəssüf
ki, işğaldan azad olduğu gündən bu günə qədər
gedib görməyimə şərait
yaradılmamışdır...) Ana Vətənimə əliboş
qayıtmayım!..
Qürur
hissi ilə deməliyəm ki, Şuşa 8 noyabr 2020-ci ildə
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın qəhrəman əsgərlərinin,
zabitlərinin, xüsusilə canlarını Vətən
uğrunda qurban vermiş şəhidlərimizin, qazilərimizin
və xalqımızın monolit birliyinin sayəsində
düşməndən azad edilmişdir. Şuşanı, eləcə
də digər şəhər və kəndlərimizi
işğaldan azad edən qəhrəman əsgərlərimizin,
şəhidlərimizin, qazilərimizin qarşısında
baş əyirəm!
Şəhidlərimizə
Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm!
Apardığımız
araşdırmalardan məlum olmuşdur ki, Şuşa
ilə bağlı 2000-dən çox əsər
yazılmışdır. Və yazılacaqdır...
Şair,
gözəlliyin vurğunusansa,
Dolan
Qarabağı, dayan Şuşada.
Yat
zümrüd meşədə, bulaq başında,
Bülbül
nəğməsinə oyan Şuşada!
...1989-cu
ilin may ayının 21-i idi. Həmin gün
evimizin on addımlığında yerləşən, adı
dillər əzbəri olan Cıdır düzündə
“Xarı bülbül” festivalı keçirilirdi. Həmin
gün Şuşa və
şuşalılar öz bəxtəvər günlərini
yaşayırdılar.
Həmin
gün:
Qarabağın
güllərinin,
Şeh öpürdü yanağından.
Şuşadakı
qızılgülün
Bal
axırdı dodağından!..
Ətrafdakı zümrüd meşələr,
başı qarlı əzəmətli dağlar, qoyunlu-quzulu
yaylaqlar, buz köynəkli qumru bulaqlar, nəğməkar
bülbüllər adamı ovsunlayırdı. Üçmıxın sinəsindəki
min bir dərdin dərmanı rəngbərəng
çiçəklər, öz qeyri-adi
görünüşü və gözəlliyi ilə
insanı məftun edən Xarı bülbül gülü əl-əl
gəzərək ilk dəfə görənləri
sözün həqiqi mənasında heyrətləndirirdi...
Sıldırım qayaların üstündə əsrlərlə
qərar tutan, neçə-neçə yadellilərin
işğalına məruz qalan, öz məğrurluğunu
qoruyub saxlayan, Şuşanın belinə kəmər kimi
qurşanan möhtəşəm qala divarları, bürclər
qədim Çin səddini xatırladırdı. Bir sözlə,
Şuşanı ilk dəfə görənlər sanki
möcüzələr aləminə
düşmüşdülər...
Mərhəmətli ana təbiət öz əlləri
ilə Cıdır düzünə gül-çiçəklərdən
xalı döşəmişdi. Allah bu torpaqdan heç bir gözəl
payını əsirgəməmişdi...
Festivala
Qazaxıstandan, Başqırdıstandan, Türkmənistandan,
Moskvadan, Pribaltika ölkələrindən, Ukraynadan, Dəmir
Qapı Dərbənddən, Borçalıdan, Belqoroddan, əsasən
də Azərbaycanın öz şəhərlərindən:
Bakıdan, Naxçıvandan, Şamaxıdan, Şəkidən,
Füzulidən, Cəbrayıldan musiqiçilər, xanəndələr,
şairlər, sənətkarlar və pəhləvanlar gəlmişdilər.
Şuşadakı Şərq Musiqi Alətləri Fabrikinin
ustalarının düzəltdikləri tar, kamança, saz,
qaval, ud, nağara və digər musiqi alətləri ilə
yanaşı, öz mahir sənətkarlığı ilə
tanınan şəbəkə ustası (ona Şuşada
“şəbəkə” Rafiq deyirdilər. Hazırda Bakıda
yaşayır, sənətini övladlarına: Vüsala və
Fəridə də öyrədibdir - Ə.Ş.) Allahverdiyev Rafiq Qaffar oğlunun düzəltdiyi şəbəkə
nümunələrinə qonaqlar heyranlıqla tamaşa edirdilər.
Tədbirdə iştirak edən bir çox
qonaqlar adlarını sadaladığımız musiqi alətlərindən
və şəbəkə nümunələrindən alıb
öz ölkələrinə apardılar.
Cıdır
düzündə Azərbaycanın məşhur pəhləvanı
mərhum Qaçay Balaca oğlu Hüseynovun özünün
və oğlanları Təvəkkülün, Allahverdinin,
qız nəvəsi 10 yaşlı Rəşadın, pəhləvanın
qızının (adını unutmuşam -Ə.Ş.)
atıb-tutduqları ağır çəki daşları,
dartıb saxladıqları minik maşınları, xüsusilə
Qaçay pəhləvanın arxası üstə uzanaraq sinəsinin
üstündən yük yerində 30-40 nəfər adamla dolu
“Qaz-53” markalı maşını keçirməsi səhnəsi
zamanı alqışlar hələ də gözlərimin
önündə canlanır.
Xanəndələrin
zəngulələri dağlarda, dərələrdə əks-səda
verirdi...
Yeddi rəngdə düzəldilmiş çadırlar qədim
Oğuz-türk fatehlərinin çadırlarını
xatırladırdı. Sanki yeni bir dünyaya düşmüşdük...
Yadımda ikən deyim ki, “Xarıbülbül”
festivalının baş tutmaması üçün Azərbaycanın
Xankəndi şəhərini terror yuvasına çevirmiş
vətənsiz, mədəniyyətsiz, mənəviyyatsız,
vəhşi, işğalçı və paxıl ermənilər
Ağdamdan Şuşaya gələn yolları keçmiş
SSRİ-nin 366-cı motoatıcı alayının əsgər
və zabitləri ilə birlikdə bağlamışdılar.
Onlar Şuşanın ətrafındakı
Şuşakənddən, Mıxatardan, Qırmızı kənddən,
Sığınaqdan, “Topxana” meşəsindən və digər
yerlərdən hər gün Şuşanı mərmi atəşinə
tuturdular. Hətta onlar Cıdır
düzünə toplaşmış festival
iştirakçılarına bir neçə dəfə
güllə atmışdılar. Şuşadan
başqa rayonlara gediş-gəliş olduqca çətin idi.
Elə buna görə də şənlikdə iştirakı
nəzərdə tutulmuş bir çox mötəbər
qonaqlar Əsgəran, Xocalı, Xankəndi və Şuşa yollarında təhlükəsizliklərinə
şərait yaradılmadığı üçün
yarı yoldan geri qayıtmağa məcbur olmuşdular, bir
çoxları isə vətənpərvər
oğullarımızın köməyi ilə gəlib
çıxmışdılar.
Xankəndidə
erməniləri qoruyub saxlayan, havadarlıq edən Volski
hökuməti və onun tabeçiliyində olan “Xüsusi Təşkilat
Komitəsi”nin “sülhməramlı” qoşunları ermənilərlə
birlikdə qəsdən qonaqların Şuşaya gəlmələrinə
əngəl yaratmışdılar.
...Amfiteatrı
xatırladan Cıdır düzündə bir-birindən 30-40
metr aralı qurulmuş çadırların
qapısının üstündə ifa ediləcək
muğamın adı yazılmışdı.
Qazax, Türkmən və Başqırd musiqiçiləri
yerə döşənmiş xalı və gəbələrin
üstündə bardaş qurmuşdular.
Festivalın açılışında dahi Üzeyir
Hacıbəylinin milli ruhundan, milli istəyindən
yaranmış “Koroğlu” uvertürası səsləndirildi. Bu qəhrəmanlıq
və vətənpərvərlik əsərinin sədaları
dağlarda, dərələrdə, Qarabağın
bütün el-obalarında, göylərin sonsuzluğunda əks-səda
yaradırdı. Bu möhtəşəm musiqi əsəri
Şuşanın böyük şəxsiyyətlər Vətəni
olduğunu dünyaya çatdırırdı... Bu uvertüra
həm də o vaxtlar Qarabağın və onun zümrüd
tacı sayılan Şuşanın üstünə uzanan
düşmən caynaqlarının təhlükəsindən
xəbər verirdi, bizi ayıq-sayıq olmağa
çağırırdı...
Mən Qarabağ xanlığının banisi Pənahəli
xan tərəfindən təməl daşının
qoyulduğu Şuşanın oğluyam. Səmimi deyim
ki, Şuşanın işğal altında olduğu illərdə
məni doğma şəhərimizə qayıdacağımıza
güclü inamı yaşadıbdır. Səmimi deyim
ki, Şuşadan ayrı düşdüyüm illərdə:
Ümidi
qoymadım puç ola gedə,
İçimdən kədəri, qəmi qovmuşam.
Sönmüş
çıraqları yandırmaq üçün,
Gah alov
olmuşam, gah od olmuşam!
...Yaxşı
yadımdadır: moskvalı Vyaçeslav, xarkovlu Natalya
çıxış etdilər. Onlar Qarabağın,
Şuşanın, Xankəndinin, Şahbulağın, Əsgəranın,
Xocalının Azərbaycan xalqına məxsusluğundan, ermənilərin
1828-1830-cu illərdə Qarabağa
köçürülüb gətirildiklərindən elmi əsaslarla
tarixi faktlar söylədilər, Şuşanın gözəlliyi
qarşısında heyranlıqlarını dönə-dönə
dilə gətirdilər. Onların
çıxışları alqışlarla
qarşılandı.
“Xarı bülbül” festivalında Azərbaycanın mədəniyyət
naziri Polad Bülbüloğlu da iştirak edirdi.
Azərbaycan Respublikasının Xalq artisti, mərhum
professor Vasif Adıgözəlovun çıxışı
iştirakçılarda xoş təsir yaratdı.
“Xarı
bülbül” festivalında Vasif Adıgözəlovla birlikdə
Oqtay Quliyev, Bayram Hüseynov, Həsən Adıgözəlov,
Şamil Axundov və Qarabağın gözəli, təkrarsız
və bənzərsiz muğam ifaçısı, Xalq artisti
Sara Qədimova da iştirak edirdi. Söz
çıxış üçün Sara xanıma verildi.
Sara xanım bir anlığa gözlərini Cıdır
düzündən açıq-aydın görünən
Şahbulağa, Əsgərana, Xocalıya, Xankəndiyə,
“Topxana” meşəsinə, Daşaltı çayına,
Qırxqız və Kirs dağlarına, Gülablıya,
Malıbəyli və Quşçular kəndlərinə, bir
sözlə, Qarabağın mənzərələrinə tərəf
yönəldərək “Qarabağ şikəstəsi”
muğamını oxudu.
Sara xanımın insanı ovsunlayan qeyri-adi səsi göylərin ənginliklərində buludlara layla çalırdı. Onun zəngulələri Təbrizə, Ərdəbilə, Dəmir Qapı Dərbəndə, Borçalıya qanadlanırdı. Bu sehrli şikəstə Şuşadan bütün türk dünyasına yayılırdı... Mənə elə gəlirdi ki, bir vaxtlar vətənindən ayrı düşmüş Ağabəyim ağanın ruhu da Şuşada gəzib-dolaşırdı. Sara xanım Ağabəyim ağanın dilindən deyilmiş bayatını olduğu kimi oxuyurdu:
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ...
Bu məşhur bayatı ilə “Qarabağ şikəstəsi” Şuşada bir-birinə qovuşmuşdu... Səmimi deməliyəm ki, bu “Qarabağ şikəstə”si milli ruhumuzun, tariximizin, mədəniyyətimizin, poeziyamızın qızıl səhifələrindəndir.
Həmin anlarda “Ağzıyastı” kahanın qarşısında çay dəstgahı süfrəsi ətrafında əyləşmiş “Məclisi-üns”ün və “Məclisi-fəramuşan”ın şair və xanəndələrinin ruhları da festivala qovuşmuşdu.
...Naxçıvanlılar “Segah” çadırında çıxış etdilər. Xanəndə Hünər Əliyevi tarda Elman Əliyev, kamançada Nazim Hüseynov müşayiət edirdilər. Onlar öz çıxışları ilə tamaşaçıları feyziyab etdilər.
Şəkililər “Şur” çadırında oxuyurdular. Milli geyimdə 75-80 yaşlı qoca xanəndənin şaqraq zənguləsini bu vaxta qədər unutmamışam. Onu tarda Əbdülrəşid Məmmədov, kamançada Fərrux Məmmədov müşayiət edirdilər. Şəkililərin mədəniyyət evi Ələsgər Abdullayevin adını daşıyırdı. Xanəndənin adı Əbülfəz Nəcəfov idi. Onun yanıqlı səslə oxuduğu “Dərdimi söylədim bir gözəl qıza, o da bənzəyirdi aya, ulduza” mahnısının əvəzi yox idi... Bu vaxta qədər onların ifa etdikləri “Ah gülə-gülə” mahnısını da unuda bilməmişəm.
Şamaxılılar “Rast” çadırında çıxış edirdilər. Ağakərim və Hafiz adlı xanəndələr oxudular. Onları tarda Şamil İsmayılov, kamançada Azər Hacıbalayev milli geyimdə və başlarında gümüşü papaqla müşayiət edirdilər.
Füzulilərin çadırı “Şüstər” adlanırdı. Məşhur xanəndə Ağabala Abdullayevin oğlu Nizami Abdullayev və Təşkilat Nəsirov oxudular. Təşkilatı, Nizamini və Fatma Əhmədovanı tarda Rasim Tahirov, kamançada Əhməd Vəliyev müşayiət edirdilər. Fatmanın şaqraq və yanıqlı səsi adamı ovsunlayırdı.
Cəbrayıl elindən gələnlər “Bayatı-Şiraz” çadırında əyləşmişdilər. Bu muğamı Məmməd Muradov adlı xanəndə oxudu. Onu tarda Nurəddin Quliyev, kamançada şuşalı Vaqif Mirzəyev müşayiət etdilər. Çox gözəl çalıb-oxudular.
Bakı Muğam Teatrının nümayəndələri “Çahargah” çadırında idilər. Xanəndə Mehman Səmədovu tarda Mirxalid Salayev, kamançada Zahid Rzayev müşayiət etdilər. Mehman Səmədovun qeyri-adi səsini hələ də unutmamışam. Onun “Göstər ey gül üzünü, bülbüli-şeyda gülsün” misraları ilə başlanan qəzəllə oxuduğu muğam hamını ovsunlamışdı.
Dünyanı heyrətə salan - Qafqazın konservatoriyası sayılan Şuşanın çadırı ağ rəngdə idi. Şuşanın muğam və mahnı ifaçıları mərhum Hüseyn Məşədiyev, Gülnaz Tağıyeva, Hafiz Sədirzadə, Mehdi Mehdiyev, mərhum xanəndə İsa Rəhimov, qarmon və tar ifaçısı mərhum Tapdıq Zeynalov, tarzən mərhum Nadir Abbasov, tarzən mərhum Gülağa Zeynalov (Gülağa Zeynalov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olmuşdur), tarzən İntiqam Abbasov, nağarada Natiq İbrahimov, kamançada Mərkəz Əliyev, sazda Əli Baxşəliyev öz məharətlərini göstərdilər. İsa Rəhimov klassik xanəndələrə xas olan dəstgahla “Qarabağ şikəstəsi” və “Heyratı”, Gülnar Tağıyeva, “Qatar”, Hafiz Sədrzadə “Şur”, Hüseyn Məşədiyev “Mənsuriyyə” muğamlarını məharətlə ifa etdilər. Şuşalıların ansamblına Əməkdar incəsənət xadimi Eldar Əliyev rəhbərlik edirdi. Konsertmeystr Rəsul İsmayılov idi. Şuşalılar sözün əsl mənasında tədbirə sonsuz gözəllik qatdılar. Tədbirə Nizami Gəncəvinin, Əfsələddin Xaqaninin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin, İmadəddin Nəsiminin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Xurşidbanu Natəvanın, Seyid Əzim Şirvaninin, Cabbar Qaryağdıoğlunun, Zabul Qasımın, Keçəçi oğlu Məhəmmədin, Əbdülbaği Zulalovu (Bülbülcanın), Sadıqcanın, Üzeyir Hacıbəylinin ruhları qovuşmuşdu.
Bu möhtəşəm tədbirdə mən mərhum tarzən Gülağa Zeynalovun çaldığı “Zabul” segahın müşayiəti ilə “Aman Allah, Şuşada nə möcüzələr vardı?!.” və “Şuşaya gəlməlisən” şeirlərimi söylədim.
Bu gün Şuşa bizi qələbə ruhu ilə öz ana qucağına çağırır. İnanırıq ki, tezliklə, hamılıqla yolumuzu gözləyən el-obalarımıza qovuşacağıq, xarabalıqdan cənnətə döndərilmiş şəhərlərimizi və kəndlərimizi yenidən gülüstana çevirəcəyik!
Şuşa bizi çağırır ki, 1993-cü ildən bu günümüzə qədər unutmadığımız, qoruyub saxladığımız “Məclisi-üns”ümüzü (“Məclisi-üns” - “Söz-gülüstanı” adı ilə fəaliyyət göstərir) və “Məclisi-fəramuşan”ı öz anasına - Şuşaya qovuşduracağıq.
İnanırıq ki, tezliklə Şuşa şəhərində xalqımızın, bütün türk dünyasının, eləcə də dünyanın sülhsevər ölkələrinin şairləri, yazıçıları, musiqiçiləri, sənət korifeyləri, dövlət xadimləri, muğam ifaçıları, xüsusilə də Şuşanı və digər el-obalarımızı işğaldan azad edən qəhrəman əsgərlərimiz “Xarıbülbül” festivalı süfrəsi ətrafında əyləşəcəklər!
Əyyub
ŞIRLANLI,
şair-publisist, Əməkdar müəllim,
Birinci Qarabağ müharibəsinin veteranı,
“Məclisi-üns” - “Söz
gülüstanı” Ədəbi Birliyinin rəhbəri.
Respublika.- 2021.- 5 mart.- S.6.