Vətənpərvərlik hissi,
yaxud cəsur döyüşçümüzü
xatırlayarkən
Hər bir xalq, eləcə də ona mənsub olan rayon, qəsəbə, kənd, el-oba öz adət-ənənələri ilə cəmiyyətdə tutduğu fəal həyat mövqeyinə görə tanınır, sevilir. Rayonumuzda belə yenilməz, qüdrətli, abad kəndlərdən biri də Avşar kəndidir. Bu kənd nəinki rayonumuzda, respublikamızda, habelə böyük və şöhrətli Vətənimizin hüdudlarını aşaraq xarici ölkələrdə belə məşhurdur. Tarixi zərurət nəticəsində Avşarlar respublikamızın bir çox yerlərində-Bakıda, Şuşada, Xocavənddə və Ağcabədinin qəsəbə, kəndlərində, eləcə də Türkiyə, İran, İraq, Əfqanıstan, Hindistan, Orta Asiya respublikalarında və s. yerlərdə xeyli sayda yaşayırlar. Eyni zamanda Əfqanıstan Respublikasında Afşar-Tapa adını daşıyan şəhər də mövcuddur.
Avşarlı gənclərlə bağlı bir epizodu xatırlatmaq istərdim. 1993-cü ilin fevralın ikinci ongünlüyünün əvvəlləri idi. Güclü, qalın qar yağmışdı. Adamları soyuq qılınc kimi kəsirdi. Havaların belə bir sərt vaxtında öz ürəklərinin hökmü və böyük vətənpərvərlik hissi ilə avşarlılar isti ocaqlarını tərk edib, şəxsi problemlərindən əl çəkərək bir yumruq kimi birləşdilər. Onlar yaşadıqları ərazidən, Avşar kəndindən 30 kilometrdən artıq bir məsafədə yerləşən yataq (ferma) yerlərimizi, kəndlərimizi, rayonumuzu yağı düşmənlərimizdən gecə-gündüz qorumağa getmişdilər. Erməni quldur dəstələri Xocavənd rayonunun Kuropatkin istiqamətindən Ağcabədi ərazisinə tez-tez hücumlar təşkil edirdilər. Bu zaman Avşar camaatı dərhal gözlənilmədən könüllü batalyon yaradaraq həmin hücumların qarşısını mərdliklə alırdılar. Erməni quldur dəstələrinin ən böyük, başlıca məqsədi avşarlıların dədə-baba yurdu olan, çox mühüm strateji əhəmiyyət kəsb edən Nərgiz təpə yüksəkliyini ələ keçirib Ağcabədini və onun bütün kəndlərini işğal etmək və orada oturaq həyat keçirmək idi. Lakin onların bu çirkin, murdar niyyətləri baş tutmadı, ürəklərində qaldı. Avşarın cəsur, cəngavər oğulları burada böyük qəhrəmanlıqlar göstərdi. Azğınlaşmış, qudurmuş düşmənlərimizə sarsıdıcı zərbələr vurdular. Elə əslən avşarlı olan Milli Qəhrəmanımız Namiq Abdullayev bu döyüşdə misilsiz qəhrəmanlıqlar göstərdi. Düşmənlərimizin bu yerlərə ayaq basmasına imkan vermədi. O, qeyri-bərabər döyüşdə bir qəhrəman kimi şəhid oldu.
Vətənpərvərlik hissi Avşar camaatının qanından iliyinə keçib. Məhz elə buna görə onlar bu amalla yaşayırlar: torpağa su töküləndə palçıq, qan töküləndə Vətən olur. Birinci Qarabağ savaşında olduğu kimi, 2-ci Qarabağ müharibəsində də avşarlılar son dərəcə böyük vətənpərvərlik, qəhrəmanlıq, əzmkarlıq göstərmişlər. İstər ulu öndərimiz Heydər Əliyevin, istərsə də möhtərəm Prezidentimiz İlham Əliyevin hər bir çağırışının önündə gedən avşarlılar hərbi səfərbərliklə əlaqədar müraciət olunan vaxtda da ilk öndə gedənlərdən biri oldu. Belə cəsur döyüşçülərimizdən biri şəhidlik zirvəsinə yüksələn, adı dillər əzbəri olan, 2-ci Qarabağ müharibəsində ilk şəhidimiz Tapdıqov Azad Azər oğludur. O, 1997-ci il fevralın 2-də Ağcabədi rayonun Avşar kəndində anadan olub. Uşaqlıq və qaynar gənclik illərini doğma kəndində keçirib. Onun məktəbəqədər, məktəb illərini və döyüş yolunu anası İlahə Tapdıqova bir tərəfdən ürəkağrısı, digər tərəfdən isə böyük nikbinliklə belə xatırlayır:Azad ailəmizin ilk oğlan uşağı, həm də iki bacının bir qardaşı idi. O, hələ 4-5 yaşında olarkən qoçaqlığına, diribaşlığına, şirin, gülərüz xasiyyətinə görə onu hər bir yaxın qohumu çox sevirdi. Uşaqlıq və sinif yoldaşları-Mehdiyev Elgiz, Tapdıqov Məhəmməd, Mamedov Amid, Tapdıqov Asim, Şöhrətli Elşən, Əhmədov Elşən, Mamedov Kənan və başqaları da ona eyni münasibət bəsləyirdilər. Bu uşaqlar hər gün bizə gələrək onunla oynamağa gedirdilər. Evimizin yaxınlığında çay axırdı. Yay olanda öz yoldaşları ilə bu çayda çimməyə, balıq tutmağa gedirdi. Bunlar onun ən sevimli məşğuliyyəti idi. Əlində nə olurdusa onu yoldaşları ilə yarı bölürdü. Elə hallar da olurdu ki, nahar vaxtı həmyaşıdları bizə gələndə onları süfrəyə dəvət edirdi. Onlarla birlikdə xörək yeyəndə çox sevinirdi. O, ilbəil böyüdükcə ailəmizə kömək etməyi də unutmurdu. Kənd həyatında yaşayırıq. Lazım olan vaxtlarda heyvanlarımızı örüşə, otlaq sahəsinə aparıb-gətirilməsində, yaxud bostan bitkilərinin əkilib-becərilməsində atasına yaxından köməklik göstərirdi. At belinə qalxmaq, at çapmaq onu tay-tuş yoldaşlarından xüsusi olaraq fərqləndirirdi. O, bu cəhətə görə rəhmətlik babası Qaçay kişiyə oxşamışdır.
Onu da demək istərdim ki, Azad böyüyəndə hərbçi olacağını deyirdi. Onun məktəb illəri ölkəmizdə gedən ədalətsiz müharibə dövrünə düşmüşdü. Elə onda hərbçi olmaq istəyi də bundan irəli gəlmişdir. 2015-ci ildə həqiqi hərbi xidmətə getdi. İl yarım Gədəbəy rayonunun N saylı hərbi hissəsində xidmətdə oldu. Oradan da səsi, sorağı yaxşı gəlirdi. Hərbi xidməti başa vurandan sonra evimizə gəldi. Atasına kömək edərək təsərrüfatımızla məşğul oldu. 2-ci Qarabağ müharibəsi zamanı cəbhəyə getməyə daha çox can atırdı. Lakin onu ilk anda cəbhəyə aparmadılar. Belə ki, hərbi səfərbərlik elan olunandan sonra da könüllü olaraq cəbhəyə getdi. Onun döyüş yolu Füzuli istiqamətində oldu. Düzü bir ana kimi çox gərgin, həyəcanlı günlər keçirirdim. Buna görə onunla, bəzən də döyüş yoldaşları ilə tez-tez telefon əlaqəsi saxlayırdım. O, çox qısa bir müddətdə əsgər yoldaşları ilə birlikdə erməni faşistlərinə qarşı gecə-gündüz ölüm-dirim müharibəsi apardı. Axırda Vətən yolunda bir qəhrəman kimi şəhid oldu. Vaxtsız övlad itkisi valideyn üçün böyük dərddir. Lakin biz analar heç vaxt bu dərd, kədərlə yaşamamalıyıq. Qeyrətli, cəsur, vətənpərvər oğul yetişdirən hər bir valideyn həyata daim nikbin gözlə baxmalıdır. Möhtərəm Prezidentimizin uzaqgörən, müdrik siyasəti nəticəsində olduqca qəddar, qaniçici erməni faşistləri üzərində çox qısa bir müddətdə—44 gündə şanlı, misilsiz qələbə qazanmağımız bizim hədsiz sevincimizə səbəb oldu. Başqa analar kimi mən də elə bilirəm ki, heç oğlum şəhid olmayıb. Ulu Tanrı möhtərəm Prezidentimizi, Ali Baş Komandamızı qorusun; bundan sonra da onun bütün istək və arzularının həyata keçməsində daim üstündə yar olsun.
Azad orta məktəbdə oxuyarkən bəxti gətirmişdi. Ona məktəbin ən yaxşı müəllimləri dərs deyirdi. Elə onda yüksək bəşəri keyfiyyətləri, ideyaları formalaşdıran sevimli müəllimləri olmuşdur. Belə yüksək səviyyəli, valideyn və şagirdlərinin sevimlisi, özünü fəal ictimaiyyətçi kimi tanıdan, peşəkar müəllimlərdən biri Bəstəgül xanım Əliyevadır. O, istəkli, əziz, unudulmaz şagirdi haqqında danışarkən dedi: mən Azadın həm sinif rəhbəri, həm də müəllimi olmuşam. O, hələ məktəbdə oxuyarkən özünü çox ağıllı, dəyərli, nümunəvi bir şagird kimi aparırdı. Ona görə bütün müəllim və şagird yoldaşlarının dərin rəğbətini qazanmışdır. Azad düzgün bədən quruluşuna, uca boyuna, enli kürəyinə, dolu sifətinə görə yoldaşlarından fərqlənirdi. Güclü yaddaşa, hafizəyə, iradəyə, təxəyyülə malik bir məzun kimi qəlbimdə özünə belə əbədi yer tutub. Məktəbimizdə keçirilmiş elə bir tədbir olmazdı ki, orada fəal iştirak etməsin. Özünə və şagird yoldaşlarına qarşı olduqca tələbkar idi. Həmişə öndə getməyə daha böyük təşəbbüs göstərirdi. Dərsdənkənar məşğələlərdə işğal olunmuş ərazilərimiz və XX əsrin ən böyük faciəsi Xocalı haqqında icmal dərslərində onun necə böyük fəallıq göstərməsi, çox erkən əsl vətəndaş kimi yetişməsi bir kino lenti kimi gözlərimin qabağından gəlib keçir. İndi onunla haqlı olaraq fəxr edirəm.
Cəsur döyüşçümüzü dərindən tanıyan, hər kəsin qəlbində silinməz izlər buraxan dostları çoxdur. Tapdıqov Orxan, Qasımov Ayxan, Zeynalov Eltun və başqaları onun belə sədaqətli dostlarıdır. Tapdıqov Orxan unudulmaz dostu Azada sonsuz hörmət və ehtiram bəslədiyini belə ifadə etdi: Azad mənim uşaqlıq və gənclik dostum idi. O, yoldaşlıqda və dostluqda son dərəcə sədaqətli olması ilə həmyaşıdlarından fərqlənirdi. Çox şən, zarafatcıl olmaqla tay-tuş yoldaşlarının böyük hörmətini qazanmışdır. O, xatirimdə olduqca sadə, səmimi, təvazökar bir dost bir kimi qalıb. Fiziki cəhətdən çox güclü idi. Hər birimiz ondan nümunə götürür, özümüzü ona oxşatmaq istəyirdik. Vətənimizi tükənməz məhəbbətlə sevirdi. Elə bu sevgiyə görə də 2-ci Qarabağ savaşı başlayan kimi könüllü olaraq cəbhəyə getdi. Azadın erməni faşistləri ilə döyüşdəki uğurları məni çox sevindirirdi. O, Füzulinin işğaldan azad edilməsi uğrunda gedən şiddətli döyüşlərin birində ağır yaralandı. Lakin həkimlər onu sağalda bilmədi.
Artıq xeyli vaxtdır cəsur döyüşçümüz, Vətən fədaisi Azad aramızda yoxdur. O, qısa, ancaq tarixdə qalacaq bir ömür sürdü. Vətən yolunda əbədiyyətə qovuşdu. Tariximizə qızıl hərflərlə yazılmış Zəfər gününü görmək ona nəsib olmadı.
Azad öz həmvətənlərinin qəlbində özünün əzəmətli, əbədi heykəlini ucaldıb.Onun həyat yolu hər bir gənc üçün böyük örnəkdir. Bu nümunə istər bugünkü, istərsə də gələcək minlərlə təhsilalanların, gənclərin bir vətəndaş, qəhrəman kimi tərbiyə olunmasında mühüm rol oynayacaq. Rayonumuzun qəsəbə və kəndlərində bütün şəhidlər kimi, cəsur döyüşçümüz, şəhid Azad Tapdıqovun da doğulduğu kəndin ən önəmli yerində dəmir lövhənin hər iki tərəfində öz əksini tapmış böyük şəkillərini lazımi yerdə ucaltmış, ətrafı səliqə-sahmana salınmışdır. Eyni zamanda onun vaxtilə yaşadığı küçədə digər nəzərdə tutulmuş işlər də görülmüşdür. Bundan sonra da bu cəsur döyüşçümüz hər an anılacaq, ruhu daim şad olacaq.
Ədalət
QARABAĞLI
Respublika.- 2021.- 13 mart.- S.5.