Ölkəmizdə dövlət qadın siyasətinin uğurları

 

Dövlət başçısı deyib ki, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətləri ilə qadınlar yeniləşən ölkəmizin ahəngdar yüksəlişinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar

 

 

 

İnsan həyatının ən mühüm amili olan qadınların hüququ, azadlığı, ictimai-siyasi həyatda iştirakı beynəlxalq aləmdə həmişə müzakirə olunan, tədqiq edilən və bu istiqamətdə davamlı addımlar atılan problemlərdən olub. Qeyd edək ki, bütün dünyada qeyd olunan 8 Mart - Beynəlxalq Qadınlar Bayramı da 1857-ci ildə Nyu-Yorkda 12 saatlıq iş gününə etirazı ilə başlanan qadınların hərəkatının tarixi ilə bağlıdır. Onların öz hüquqları üçün başladıqları mübarizə 1910-cu ildə alman sosialist qadın Klara Setkinin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olması ilə nəticələnib. 1977-ci ildə isə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da həmişə geniş qeyd edilir və xüsusi bir təntənə ilə keçirilir. ölkəmizin daxil olduğu keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü 1965-ci ildən istirahət günü elan olunub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da 8 Mart ölkəmizdə qeyri-iş günüdür. Beləliklə, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın və Ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.

 

Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizə nəzər salsaq mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi, neçə dünya miqyaslı siyasi salnaməmizin məhz Azərbaycan qadınının adı ilə bağlı olduğunu görərik. Bu incə, zərif analar bəşəriyyətin mədəni fikir xəzinəsinə nə qədər insani dəyərlərə mühüm töhfələr verən, mənəvi inciləri yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Təsadüfi deyildir ki, Ana məfhumunu xalqımız doğma torpağımızla əbədiləşdirib. Bu vəhdətlilik 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş olundu. Biz öz oğullarını VƏTƏN sevgisi ilə torpaq harayına, yüz ildən çox günahsız soydaşlarımıza olmazın zülmlər etmiş, qəddar, soyqırımı törədənlərdən, analarımıza, qızlarımıza, qocalarımıza, məsum, hətta dünyaya göz açmamış körpələrimizi işgəncələrlə məhv etmiş insan sifətli barbarlardan intiqamını almağa, bu yolu ilahi Haqq yolu qəbul edib şəhidlik və qazilik zirvəsinə ucalmağa göndərən analarımızı gördük. Tarixən də BU bizik! Birmənalı demək lazımdır ki, bu Qələbənin mahiyyətini dərk etməyən hərbi, siyasi ekspertlər hələ də çoxdur. Ali Baş Komandan İlham Əliyev isə bu cahanşümul qələbəni dronlarla, müasir texnika ilə bağlayanlara çox sərrast və aydın ismarıc göndərib ki, zəfəri qazanan Azərbaycan zabiti və əsgəridir. Biz analarımızın əllərindən öpmüşük. Çünki bizi öz canından çox sevən ONLARdır. Azərbaycanın böyük oğlu, ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətimizdəki, ictimai-siyasi həyatdakı xidmətlərini, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərməyə çağırırdı: “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”. Əbədiyyətə qədər xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümü olub və olacaqdır. Bineyi-qədimdən Azərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənmiş, Ana həmişə müqəddəs, namus, qeyrət rəmzi sayılmış, and yeri də olmuşdur. Tariximiz müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları ilə zəngindir.

 

Bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısıdır və proses davam edir. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası nəticəsində qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi getdikcə yüksələn xətt üzrə inkişaf edir.

 

Qadınların xarakter baxımından zəifi də olur, güclüsü də. Lakin onları birləşdirən yeganə ümumi bir adları var - ANA! Qadınlar xasiyyətcə, xarici görünüşcə fərqli olsalar da ananın fərqi olmur: istəkləri, arzuları, sevinc və kədərləri ailəsinin üzvləri ilə bağlı olur və bu baxımdan bir-birlərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür çətinliyə, cəfaya hazır olurlar. Onların yolunda gözlərinin nurunu itirir, saçlarını ağardır, gecələr yuxusunu balasından əsirgəmirlər. Balası güləndə gözləri gülən, üzü nur saçan, ağlayanda gözlərindən leysan tökən analar, qəlbinə atəş düşən, halımıza yanan, yaşımızdan asılı olmayaraq hər an aradığımız, soraqladığımız analar! Ümummilli lider Heydər Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”

 

Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycanın birinci xanımı, UNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.

 

Müasir Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli-əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın bizə irsən ötürdüyü qan yaddaşlarımızdandır. Bu proses min illərlə çətin və mürəkkəb dövrlərin sınağından uğurla çıxa bilib. Azərbaycan qadını tarixən cəmiyyətimizin sayılan, hörmət və ehtiram görən üzvü olub. Özünü demokratiyanın beşiyi sayan Qərbdən daha əvvəl - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı böyük uğurlar Azərbaycan qadınının yüksək mədəni və intellektual potensialından xəbər verir.

 

Ölkəmizdə dövlət qadın siyasətinin daha da təkmilləşdirilməsi ümummilli lider Heydər Əliyevlə başlıdır. O, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər həm sovetlər zamanında, həm də müstəqillik dövründə respublikaya rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, nəticədə lider qadınlar yetişdi. Heydər Əliyev siyasətini alternativsiz həyata keçirən onun ən layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən dövlət qadın siyasətin daim qətiyyət və müdrikliklə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.

 

Bu gün gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin başlıca ictimai-siyasi məqsədlərindəndir. Dünya dövlətlərində xalqların qadına münasibətləri onların öz milli-tarixi və bəşəri yönümündədir. Amma hansı xalqdan olsa da fərqi yoxdur, qadın Tanrının insanlara bəxş etdiyi insanlığın ən ali keyfiyyətlərinin və dəyərlərinin daşıycısının ifadəçisidir. Bu məfhum özündə həm zəriflik, incəliklə bərabər, şəfqət simvolu, milli dəyərlərin ifadə və daşıyıcısı, Vətəni yaşadan qüdrətin, qan yaddaşının irsi ötürücüsü, dünyanı qoruyan ali duyğuların Ana sözündən və laylasından başlandığı, pisliklərin insanlıq tərbiyəsi ilə gömüldüyü ünvandır. Tarix sübut edir ki, bəzən ailələrin, bəzənsə bütövlükdə ölkələrin, xalqların taleyüklü anlarında sülh, humanizm, insanpərvərlik amilləri məhz qadınların simasında və timsalında bərqərar olub. Çox olub ki, insanlıq bəşəriliyi, insaniliyi, humanizmi, mərhəmətliyi və şəfqətliyi itirmə təhlükəsi qarşısında qalan dövrlərdə qadın bu ali dəyərlərin mühafizinə çevrilib. Bəşər tarixində qadın zəkasının, müdrikliyinin, təmkininin, şəfqətinin, insanlığa Allah vergisi olan əbədi analıq duğusunun, hətta insan tələfatı ilə nəticələnə biləcək böyük münaqişələrin, toqquşmaların qarşısını aldığı barədə çoxsaylı faktlar vardır. Bu səbəbdən də bəşər tarixi gender bərabərliyi uğrunda əzmkar mübarizə səhifələrilə də zəngindir. Həyat əksliklərin mübarizəsi nəticəsində inkişaf edir, yüksək sivil və kamil mərhələyə doğru gedir. Cəmiyyətlər formalaşandan öz təbii hüquqları uğrunda əzmkar mübarizə aparan həm zərifliyi və həm də qüdrəti, müdrikliyi özündə ehtiva edən bu cinsin nümayəndələri ən müxtəlif çətinlikləri, psixoloji-mənəvi maneələri mətinliklə keçib, ictimai-siyasi həyatın ən müxtəlif sahələrində kişilərdən heç də geri qalmadıqlarını, hətta bir çox hallarda daha yüksək mərtəbəyə qalxmaları ilə onları üstələdiklərini sübut ediblər. Məsələn, anamız Tomris, Bərdə hökmdarı Nüşabə, Ağqoyunlu sultanı Uzun Həsənin anası Sara xatun və b.

 

Müasir dövrümüzdə dünyada milli-dini gərginliklər, toqquşmalar, müharibələr yeni qarşıdurmalar səngimir. İnsan hüquq və azadlıqlarının ali dəyər sayıldığı, insan hüquqlarının qorunması problemi daim aktuallaşdığı bu dövrdə, gender bərabərliyinin təmini son dərəcə əhəmiyyətlidir. Bu gün nəinki gərginlik və münaqişə ocaqlarında, hətta dünyanın ən inkişaf etmiş demokratik dövlətlərində də qadınların təbii və qazanılmış hüquqlarının etibarlı qorunması, onların kişilərlə bərabər səlahiyyət və imkanlara, imtiyazlara malik olması, təhlükəsizliyi xüsusi aktuallığa malik məsələyə çevrilib. Ümumiyyətlə, keçən əsrlərdən bugünədək dünya dövlətlərində kişilərlə müqayisədə qadınlar müəyyən ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalıblar və siyasi, sosial, mədəni hüquqları məhdudlaşdırılıb.

 

Azərbaycanda gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün dövlət saviyyəsində ardıcıl tədbirlər həyata keçirilir. Bu hədəfin tərkib hissəsi olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir və bu istiqamətdə bütün məsələlər dövlət qarşısında davamlı qaldırılır və həll edilir. Azərbaycan qadınları dövlət strukturlarında, bələdiyyələrdə, müxtəlif ictimai və siyasi qurumlarda uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə inkişafında böyük zəhmətləri vardır.

 

Statistik məlumata görə 2019-cu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini - 4 milyon 999,1 min nəfərini qadınlar təşkil etmişdir. Ötən il doğulmuş 139,0 min körpənin 46,6 faizini qız uşaqları təşkil etmişdir. Qadınların sağlamlığının qorunması dövlətin daim diqqət mərkəzindədir. Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası onlara xidmət edir.

 

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, məşğul əhalinin ümumi sayındakı xüsusi çəkiləri ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52,0 faizi, həkimlərin isə 62,0 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,7 faizi, ali təhsil müəssisələri tələbələrinin 48,2 faizi qızlardır.

 

Qeyd etmək vacibdir ki, onların elmin inkişafında da müstəsna rolları vardır. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 9-u, müxbir üzvlərindən isə 12-si qadındır. Dövlət qulluğunda çalışanlar arasında onların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,6 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,0 faizi qadınlardır. Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu xüsusi çəki 16,8 faizə çatmışdır.

 

İctimai-siyasi həyatda da iştirakları daim artır. İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5 236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0 faiz olmuşdur. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil etmişdir.

 

Xüsusi vurğulayaq ki, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətçiliyimizin inkişafına və möhkəmlənməsinə verdiyi töhfələr, xalqın rifahı üçün gördüyü işlər və xeyirxah əməlləri bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunun bariz nümunəsidir. Onun çoxşaxəli ictimai işi Azərbaycanın birinci xanımının dünya miqyasında da xeyirxahlıq missiyası, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin bütün beynəlxalq aləmdə həm təsdiq, həm də təbliğidir və əsl örnəkdir.

 

Vurğulayaq ki, SSRİ süqut edən ərəfədə və öz müstəqilliyini bərpa edəndən sonra Qarabağdakı ermənilərin separatçılıq hərəkatı və terrorçu dövlət Ermənistanın 20 faiz ərazimizi qeyri-qanuni işğalı dövründə də beynəlxalq miqyasda ermənilər, onların diasporu, havadarları tərəfindən Azərbaycan informatik blokadaya, təhrif və təxribatlara məruz qalırdı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycan həqiqətlərinin tanıdılması, Qarabağ reallıqlarının dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərib və bu fəaliyyət davam edir. Onun təşəbbüsü və iştirakı ilə həm ölkəmizdə, həm də dünya ölkələrində keçirilən tədbirlər Azərbaycan gənclərinin böyük potensialından xəbər verir.

 

Gender bərabərliyi deyəndə cəmiyyətdə qadın və kişinin sosial-siyasi bərabərliyi nəzərdə tutulur. Beləliklə, zəngin mənəviyyatlı cəmiyyətin qurulması cinsindən asılı olmayaraq, bütün insanların müxtəlif sosial-siyasi həyat şəraiti seçmələrinə imkan verən imkanın yaradılmasından asılıdır. Uşaq böyütmək və ona qulluq etmək vəzifəsinin yalnız qadınlara aid olması, işləməyin, idarəetmənin, dövlətin sosial-iqtisadi inkişafına şərait yaratmağın yalnız kişilərə aid edilməsi tarixi təcrübə göstərib ki, ziyanlı stereotiplərdir. Əslində kişi və qadınların siyasi həyatda, iş yerlərində və ailədə yerinin düzgün müəyyənləşdirilməsi sayəsində dövlət üçün çox vacib olan insan kapitalının yaradılması təməlinin cəmiyyətdə və onun təməli olan ailədə xoşbəxt və firavan həyat yaratmaqla mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində onların tariximizdə və müasir cəmiyyətimizdə mühüm rol oynadıqları barədə vurğulayıb: “Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli-mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır... Azərbaycanın dövlət müstəqilliyini bərpasından sonra da onlar sosial fəallıqları ilə seçilmiş, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanmışlar. Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər... Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətləri ilə onlar yeniləşən ölkəmizin ahəngdar yüksəlişinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar. Qadınlarımızın hazırkı ictimai mövqeyi və işgüzar nüfuzu vahid məfkurə ətrafında birləşmiş cəmiyyətimizin mühüm reallıqlarından biridir”.

 

 

 

Ataş CƏBRAYILOV,

 

“Respublika”.

 

Respublika.- 2021.- 7 mart.- S.3;7.