Tariximizin ən parlaq səhifəsi

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tarixə qızıl hərflərlə yazılıb

 

Tarix boyu Azərbaycan çox şərəfli anlar yaşamış, xalqımızın qüruruna səbəb olan hadisələr baş vermişdir. Ancaq bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Azərbaycan xalqı 30 ildə yorulmadan, dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə inamını sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Ancaq bütün qələbələrin əsasında, əlbəttə ki, Prezident İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı.

 

 

Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır. Uzun illərdən bəri dərin intizarla gözlədiyimiz bu Qələbə, eyni zamanda, Azərbaycanın erməni işğalçıları tərəfindən pozulan ərazi bütövlüyünün bərpasının təsdiqidir.

Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, bununla bərabər, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Silahlı Qüvvələrimiz daha sonra Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdükapitulyasiyaya məcbur etdi. Beləliklə, 30 il ərzində aparılan danışıqlar prosesində düşmən dövlətin niyyəti reallaşmadı, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planı isə tamamilə alt-üst oldu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir:”İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.

Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistan üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi, şərtlərə uyğun olaraq, əvvəlcə Ağdam şəhərini və rayonun işğal altında qalan kəndlərini qeyd-şərtsiz azad etdi. Növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ildən sonra, nəhayət əzəli torpaqlarını düşmən tapdağından xilas etdi. Təbiidir ki, Zəfər müjdəsinin verildiyi həmin gün hər bir azərbaycanlının bayram günü idi. İllərdir sülh danışıqlarının getməsinə, diplomatik müstəvidə məsələnin həll yoluna çalışılmasına baxmayaraq, sonda Azərbaycan, erməni tərəfinin heç bir vəchlə torpaqlarımızı qaytarmaq niyyətində olmadığını anlayaraq “dəmir yumruğunu mənfur düşmənə göstərdi və düşmənin belini qırdı.

44 gün davam edən Vətən Müharibəsi tariximizin, eləcə də Azərbaycan xalqının iftixarqürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Bu ilin yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə də dövlətimizin başçısı bunu xüsusi olaraq vurğuladı. Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekununun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu diqqətə çatdıran möhtərəm Prezidentimiz Azərbaycanın 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdiyini, düşmənə sarsıdıcı zərbələr endirdiyini, Ermənistanı məğlub etdiyini bir daha bildirdi. Bu məğlubiyyətin nəticəsində Ermənistanın məcbur olub kapitulyasiya aktına imza atdığını, təslim olduğunu vurğulayan dövlət başçısı, hətta 3 rayonumuzun bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytarıldığını bildirdi.

Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Şərq torpaqlarına birləşməsi, dünya Azərbaycanlılarının bir yumruq kimi bir olması ilə tarixə yazıldı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. Hazırda qarşıda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir.

Vətən müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, xalq-Prezident-ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir. Fond işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə güclü iqtisadiyyat və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək.

Düşmən 30 ilə yaxın bir dövrdə Qarabağda qəsb etdiyi şəhər və kəndlərimizi xaraba qoymaqla bərabər, kənd təsərrüfatına yararlı münbit və məhsuldar torpaqlarımızı, örüş-otlaq sahələrimizi, təbii sərvətlərimizi də istismar edib, mövcud 160 müxtəlif qiymətli metal yatağını talayıb. Bundan sonra həmin təbii sərvətlərimiz regionun iqtisadiyyatının bərpası və yenidən qurulması prosesində önəmli rol oynayacaq, xalqımızın rifahına yönəldiləcək. Bu isə son nəticədə qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsini, yerlərinin yaradılmasını, ixrac potensialımızın artırılmasını şərtləndirəcək.

Azərbaycan müstəqiliyini bərpa etdikdən sonra ölkəmizin ictimai-siyasi həyatında baş verən hadsələrin bəziləri acı, bəziləri isə şirin xatirə kimi yaddaşlara əbədi həkk olunub. Bu müddət ərzində ölkəmizin beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlib. Postsovet ölkələri ilə müqayisədə Azərbaycanın dünya birliyində qazandığı uğurlar daha yaddaqalan olmuşdur. Qısa müstəqillik tarixində bir sıra nüfuzlu beynəlxalq qurumlara sədrilk etmək, kosmik ailənin üzvü olmaq, orbitə süni peyk buraxmaq, dünyanın ən qüdrətli 50 ordusundan birni formalaşdırmaq hər ölkəyə nəsib olmur. Azərbaycan isə bu uğurları əldə edib.

Ölkəmizin müstəqilliyini bərpasından sonra xalqımızı ən çox narahat edən məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli olub. Ancaq dünyada baş alıb gedən ikili standartlar, ədalətsizlik, islamofobiya münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivsində həllinə problem yaradıb. Digər tərəfdən ermənipərəst qüvvələrin Azərbaycana təzyiq və təhdidləri də işğalçı ölkəni getdikcə quduzlaşdırıb. Nəhayət, 30 il davam edən ədalətsizlik Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və ölkəyə rəhbərlik etdiyi müddətədə formalaşdırdığı müzəffər ordumuzun qəhrəmanlığı sayəsində öz həllini tapdı. 2020-ci il noyabrın 10-da Ermənistan təslim olduğunu rəsmən elan etdikaputilyasiya aktını imzaladı. Bir ay sonra isə isə - dekabrın 10- da Baklda Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan bu Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bununla da Azərbaycan XXI əsrdə ilk Zəfər paradı keçirən dövlət kimi dünya tarixinə düşdü.

Bu gün ərazilərin bərpası ilə bağlı həyata keçirilən fəaliyyət dağlıq və düzən Qarabağ bölgələrinə yönəlik dövlət siyasətimizin yeni strategiyasının tərkib hissəsidir. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə irəli sürülən taleyüklü tarixi təşəbbüslər təsdiqləyir ki, dövlətimiz azad edilmiş rayonlarımızla bağlı dəqiq və sistemli siyasət kursuna malikdir. Ölkə Prezidentinin bərpa siyasətinin bu istiqamətdə göstərilən birgə səylərlə uğurlu nəticələri milli birliyimizin daha bir əyani təcəssümünə çevriləcəkdir.

 

Kənan ZEYNALOV,

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətinin böyük prokuroru.

 

Respublika.- 2021.- 7 mart.- S.6.