İctimai-siyasi həyatın
fəalları
Şərq aləmində 8 Mart - Beynəlxalq Qadınlar Gününün belə təntənəli keçirilməsinin böyük siyasi mənası və əhəmiyyəti vardır. Bu kütləvi tədbirlər zəhmətkeş qadınlara yüksək mənəvi təsir edir, onları fərəhləndirirdi. Qadınlar və qızlar dövlətimizin tədbirlərindən getdikcə həvəslənir, ictimai-siyasi həyatda daha fəal iştirak etməyə səy göstərirdilər. Onların ictimai işə cəlb olunması, maarif və mədəniyyətə yiyələnməsi məsələsini həyata keçirmək işinə kömək etmək məqsədilə xüsusi qadın mətbuatı yaradılması qərara alındı.
1923-cü ildə Azərbaycan qadınlarının həyatında daha yeni bir hadisə baş verdi. Həmin ilin noyabr ayında “Şərq qadını” jurnalının ilk nömrəsi çapdan çıxdı. Üz qabığında üç qadın şəkli çəkilmişdi. Onlardan birinin üzü qara pərdə ilə örtülmüş, ayaqlarına zəncir vurulmuşdu. İkinci qadın çadrasını açıb günəşin qızıl şəfəqlərilə boyanmış Şərqə baxır, üçüncü qadın isə onun əlindən tutub yeni tikilmiş gözəl bir imarətin pillələri ilə yuxarı qaldırır və sanki deyirdi: “Əsrlərlə qara çadraya bürünən, dünya işığına həsrət qalan Şərq qadını, oyan, azad həyat səni çağırır”.
1975-ci il də dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il beynəlxalq qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının ümumi qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü kimi qəbul edildi.
Müasir dövrdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan sosial fərddir. Müasir Azərbaycan qadını həm də ölkədəki ictimai-siyasi proseslərdə yaxından iştirak edir. Azərbaycanın müstəqil dövlət kimi inkişaf edərək dünyanın qabaqcıl ölkələri sırasında tanınmasında çox böyük zəhməti olan ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin qadınlarımıza verdiyi qiymət hər kəsə yaxşı məlumdur. Ümummilli lider hər il 8 Mart- Beynəlxalq Qadınlar Günü ərəfəsində qadınlarla görüş təşkil edər, onların bayramlarını yüksək səviyyədə keçirərdi. Bu, Azərbaycan qadınına dövlət tərəfindən göstərilən diqqət və qayğının bir təzahürü idi.
Heydər Əliyevin qadın haqqında çox dəyərli sözlərini xatırlamaq yerinə düşərdi: “Azərbaycan qadını mərd, cəsarətli, qeyrətli, namuslu qadındır. Biz fəxr edirik ki, Azərbaycan qadını dünyaya böyük alimlər bəxş edir. Bunlar hamısı Azərbaycan qadınının xidmətidir”.
Qadınların siyasi hakimiyyətdə təmsil olunmaları cəmiyyətin tərəqqisinin göstəricisidir. Bu gün qadınlar siyasi həyatda da önəmli yer tutaraq dövlət işlərində, müvafiq problemlərdə, müvafiq qərarların qəbul edilməsində yaxından iştirak edirlər. Ölkəmizdə müxtəlif sahələrdə qadın liderlərinin sayı artmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda sosial-iqtisadi və mədəni həyatda qadınların rolunun artmasına böyük önəm verir. Bu gün Azərbaycan qadını ziyalı, alim, müəllim, siyasətçi, tibb işçisi, millət vəkilidir.
Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan əbədi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir.
Ölkəmizdə 2021-ci ildə Beynəlxalq Qadınlar Günü daha yüksək səviyyədə keçirilir. Biz bu bayram günündə sonsuz fərəh hissi keçiririk. Belə ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti sayəsində 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimiz 44 gün ərzində azad edildi, faşist xislətli erməni daşnaklarına ağır zərbə vuruldu.
Bu gün məktəbimizin pedaqoji kollektivi əziz 8 Mart bayramını yüksək əhval-ruhiyyə ilə qarşılayır. Məktəbdə çalışan qadın müəllimlərimiz təhsildə yeni hədəflərə çatmağa maksimum səy göstərir, gənc nəslin formalaşmasında ikiqat qüvvə ilə işləyirlər.
Bayram günündə müəllimlərdən Arzu Qulamova, Palmira Nəbiyeva, Tamella Mürsəlova, Təranə Nəsibova, Dildar Eminova, Mətanət Ağayeva və başqalarının adlarını fərəhlə qeyd etmək olar.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlarımızı təbrik edir, əminliklə bildiririk ki, onlar bundan sonra da gözlərinin nurunu və qəlblərinin hərarətini gənc nəslin təlim-tərbiyəsinə sərf edəcəklər.
Məhəbbət ƏSGƏROVA,
Yasamal rayonundakı 176 nömrəli
məktəbin direktoru.
Respublika.- 2021.- 7 mart.- S.7.