Fədakarlıq, cəsarət və vətənpərvərlik rəmzi

 

Uzun illərdən bəri respublikamızın iqtisadi, siyasi və mədəni həyatının fəal iştirakçısı olaraq qadınlarımız milli dövlətçilik quruculuğu işinə, ölkəmizin sürətli dinamik inkişafına öz dəyərli töhfələrini verirlər. Ölkəmizdə qadınlarımızın hüquq və azadlıqları tam təmin olunmuşonlar dövlət idarəçiliyinin bütün sahələrində yüksək mövqeyə malikdirlər.

 

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dönəmində qadınlarımızın cəmiyyətimizdə fəallığının daha da artması, bütün sahələrdə işlə təmin olunmaları və yüksək vəzifələrə irəli çəkilmələrinə diqqət və qayğı göstərmişdir. Dahi rəhbər Azərbaycan qadını barədə danışarkən demişdir ki, Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyət həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik, ismət, qeyrət, qüdrət rəmzidir”.

 

Azərbaycanda bütün sahələrdə çalışan qadınlara bu günböyük diqqət və qayğı göstərilir və onların uğurlu fəaliyyətləri üçün hər cür şərait yaradılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafı naminə həyata keçirdiyi bütün işlərdə, aparılan islahatlarda qadınlarımızın oynadığı rol mühüm əhəmiyyət kəsb edir. Bu barədə danışarkən ölkə başçısı demişdir: “Qadınlarımız suveren ölkəmizin dinamik inkişafını təmin edən təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər”.

 

Hazırda müstəqil Azərbaycanın müasir qadınlarının sorağı dünyanın hər bir yerindən gəlir və onlar çalışdıqları hər sahədə ölkəmizin başını uca edir, şərəflə, ləyaqətlə dövlətimizi təmsil edirlər, xalqımızı tanıdırlar. Xüsusilə qeyd etmək lazımdır ki Azərbayca Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı və şərəfli fəaliyyəti Azərbaycan qadınına məxsus olan ən gözəl keyfiyyətləri özündə cəmləşdirir. Qadınlarımızın fəxri olan Mehriban Əliyeva yüksək dövlət rəhbərliyində öz Vətəninə və xalqına ləyaqətlə xidmət edir, ölkəmizin davamlı inkişafına yeni-yeni töhfələr verir.

 

Cəmiyyətimizin bütün sahələrində olduğu kimi ölkənin dəmir yolunda da çalışan qadınlarımız az deyil. Onlar son illər bu sektorda həyata keçirilən islahatlar, yenidənqurma, müasirləşmə işlərində öz layiqli töhfələrini verirlər, əzmlə fəaliyyət göstərirlər. Bu bayram ərəfəsində onları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, xoşbəxtlik, cansağlığı arzulayıram.

 

 

 

Lətafət MƏMMƏDOVA,

 

Biləcəri Lokomotiv Deposunun əməkdaşı.

 

Respublika.- 2021.- 7 mart.- S.7.