Yeni Azərbaycan Partiyası ulu öndərin ideyaları əsasında inkişaf edir

 

Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir siyasi qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub.

 

Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Bir sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Bu partiyanın yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

 

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq, müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.

 

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

 

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiya kimi gündən-günə möhkəmləndi, üzvlərinin sayı sürətlə artdı. Bu, ulu öndər Heydər Əliyevə olan inam və etimadın bariz nümunəsi idi.

 

Böyük qürur hissi ilə üzvü olduğumuz YAP dahi Heydər Əliyevin əmanəti, siyasi “şah əsəri”dir. Ümummilli liderimizin böyük uzaqgörənliklə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” fikri ötən müddətdə öz tarixi həqiqiliyini təsdiq edib. Bu, olduqca böyük şərəf, eyni zamanda böyük məsuliyyətdir. Çünki cəmiyyətin bu baxımdan YAP-dan, onun üzvlərindən böyük gözləntiləri var. Daim yeniləşmə, modernləşmə, xalqa daha da yaxınlaşma YAP-ın fəaliyyətinin əsas prioritetləridir. Bu prinsiplər partiyamızın banisi Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün hörmətli sədrimiz İlham Əliyevin rəhbərliyi altında uğurla tətbiq olunur.

 

YAP ölkənin siyasi həyatının ən fəal, ən novator, ən təşəbbüskar qüvvəsidir. YAP Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan partiyadır. Faktiki olaraq YAP ümumxalq partiyasıdır. Cəmiyyətimizin avanqard hissəsi YAP-da birləşib. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP ulu öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

 

YAP yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən monolit, ən qüdrətli bir siyasi qurumudur. Bu partiya ümummilli lider Heydər Əliyevin xalqımıza verdiyi ən böyük töhfələrdən biridir. Ümummilli liderin rəhbərliyi ilə, Onun ətrafında yaranan bu partiya Azərbaycanda dövlət quruculuğuna, müstəqilliyin möhkəmlənməsinə, ölkənin inkişafına, respublikada vətəndaş cəmiyyətinin, milli birliyin formalaşmasına sanballı töhfələr verib. Partiyamız böyük beynəlxalq nüfuza malikdir, bir sıra ölkələrin aparıcı partiyaları ilə əməkdaşlıq edir ki, bütün bunlar da YAP-ın nə qədər mükəmməl bir siyasi qurum olduğunu təsdiqləyir. Bu gün YAP cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf, rifah və xalqın partiyası kimi qəbul edilir.

 

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, keçdiyi 29 ilə yaxın şərəfli yolda Azərbaycanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi zamana diqqət yetirsək, bir daha bu reallığı böyük inam və qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsinin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açıb.

 

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında dərin məzmunlu, proqram xarakterli nitqi ayrı-ayrı dövrlərin reallıqlarının aydın mənzərəsini yaratmaqla yanaşı, qarşıdakı illərin prioritetlərinin təqdimatı oldu. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatdakı çıxışında demişdir: “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.

 

Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına məruz qalırdı, eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitində yaşayan respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər”.

 

Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Gələn il 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan Partiyası yeniləşmiş formatda daha fəal olacaq, dövlətimiz qarşısında duran problemləri daha fəal icra edəcəkdir.

 

Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizdə son illərin ən mühüm hadisələrindən biri oldu. Çünki Azərbaycanın öz ərazilərini düşmən tapdağından azad etməsi ilə nəticələnən 44 günlük müharibədən sonra təkcə ölkəmizdə və Cənubi Qafqazda deyil, ümumiyyətlə, Avrasiya məkanında yeni reallıqlar ortaya çıxıb. Həmin reallıqlardan yaranan çağırışlara cavab vermək üçün isə mütləq yeniliklər edilməli, idarəçilik prinsipləri müasirləşdirilməli, beynəlxalq aləmdəki ən müasir metodologiya və texnologiyalara müraciət olunmalıdır. YAP-ın son qurultayında struktur islahatları da aparıldı. Bu da təbiidir, sürətlə yeniləşən Azərbaycanın qarşısında həllini gözləyən strateji vəzifələr dayanır. İqtidar partiyası kimi YAP-ın son qurultayında bununla bağlı bir sıra mühüm bəyanatlar səsləndi, postmüharibə dövründən sonra yaranmış yeni reallıqlara uyğun çevik və məqsədəyönümlü fəaliyyət göstərilməsinin önəmli olduğu vurğulandı. Xüsusilə də YAP-ın sədri İlham Əliyevin rəhbərlik etdiyi partiyanın ölkənin həyatında oynadığı tarixi rol barədə ətraflı məlumat verməklə yanaşı, partiyanın qarşısında dayanmış məqsəd və hədəfləri aydın şəkildə elan etdi. Ölkə başçısı açıqladı ki, YAP yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq, daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.

 

Bir məsələni də xüsusilə qeyd edim ki, qurultayda qəbul olunmuş ən əlamətdar hadisələrdən biri də məhz Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın belə mötəbər vəzifəyə təyin olunması YAP-ın fəaliyyətinə daha da güclü təsir göstərəcək. Bu gün bir faktdır ki, Azərbaycanın inkişafında, beynəlxalq miqyasda yüksək imici olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

 

Bu gün Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Partiyamızın qarşısında duran əsas vəzifələrdən ən başlıcası ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, dünyanın qüdrətli dövlətləri sırasında öz yerini qorumaqdır.

 

Vəli ALBƏNDOV,

“Qarabağ-E.R” MMC-nin baş direktoru, Əməkdar mühəndis,

Yeni Azərbaycan Partiyasının üzvü.

 

Respublika.- 2021.- 10 mart.- S.4.