Unudulmaz faciə: Xocalı
soyqırımı
Xocalı
faciəsi erməni faşizminin iç üzünü bir
daha açıb göstərməklə təkcə Azərbaycan
xalqına deyil, bütün bəşəriyyətə
qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq
hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən
məhkum olunmalıdır.
Heydər ƏLİYEV,
ümummilli lider.
Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentinə çatdırılmalı, bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti.
İyirminci əsr bəşəriyyət tarixinə
yüksək elmi-texniki nailiyyətlər, kosmosun fəthi sahəsində
qazanılmış uğurlarla yanaşı, kütləvi
insan qırğınları ilə müşayiət olunan iki
dünya müharibəsi, atom bombasının ixtirası,
“soyuq müharibə”, bir sıra beynəlxalq və lokal
münaqişələr əsri kimi düşdü.
Təbii fəlakətləri nəzərə almasaq,
milyonlarla insanın məhvi, kənd və şəhərlərin,
iri yaşayış məntəqələrinin yer
üzündən silinməsi məhz müharibə və
münaqişələrin payına düşür, itkilərin,
dağıntıların, məhv edilənlərin miqyası
isə heç də kiçik deyil. Zamanında dünya xəritəsinə
sadəcə coğrafi məkan kimi düşən
yaşayış məntəqələri məhvi elə “bəşəriyyətin
əşrəfi” adlandırılan insanın öz əli ilə
tarixin “qara” səhifələrinə yazıldı, qəddarlığın
və amansızlığın ifadəsinə çevrildi:
Babi Yar, Liditse, Oradur, Xatın, Xirosima, Naqasaki, Sonqmi,
Srebrenitsa... Ötən əsrin 90-cı illərinin
əvvəllərində bu “qara” siyahıya daha bir ad əlavə
olundu - Azərbaycanın Xocalı şəhəri.
Baş verən fəlakətin, törədilən vəhşiliklərin
miqyasına görə bu faciə özündən əvvəlkilərdən
heç də geri qalmır, əslində daha
amansızlığı ilə seçilirdi...
... 1992-ci
ilin fevralında Xocalı artıq çətin günlərini
yaşayırdı. Ətraf aləmlə əlaqə
demək olar ki kəsilmişdi. Blokada
şəraiti davam edir, mühasirə halqası get-gedə
daralırdı. Yollarda hərəkət
dayanmışdı. Ümid ancaq hava nəqliyyatına
idi. Axırıncı uçuş
fevralın 13-də olmuşdu. Şəhərdə
heç bir xidmət sahəsi işləmir, rabitə əlaqəsi
kəsilmiş, işıqlar söndürülmüş, su,
istilik təchizatı yox idi. Qida və ərzaq
məhsulları çatışmırdı. Bir tərəfdən də şəhər ermənilər
tərəfindən vaxtaşırı atəşə
tutulurdu. Yaşayış son dərəcə
ağırlaşmışdı. Əhalinin
yarıya qədəri artıq isti yuvalarını tərk
edib getmişdi. Ümid yalnız Allaha
qalırdı. Şəhəri Əlif Hacıyevin
(ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”
adına layiq görülmüşdür)
komandir olduğu aeroport milis mühafizəçilərinin,
könüllülərin və şəhər milis bölməsinin
yüngül silahlı dəstələri müdafiə edirdi.
... Xocalı imdad diləyir, kömək gözləyirdi.
Lakin sakinlərin, yerli qurumların Mərkəzə
ünvanladığı müraciətlər qulaqardına
vurulur, eşidilməz olurdu... Yaranmış gərgin vəziyyət
hansısa məşum faciənin
yaxınlaşdığından xəbər verirdi...
Fevralın 25-dən 26-na keçən gecə təpədən-dırnağadək
silahlanmış erməni silahlı dəstələri Xankəndidə
yerləşən sovet ordusuna məxsus 366-cı hərbi
briqadanın şəxsi heyətinin iştirakı ilə
ağır texnikayla Xocalıya hücuma keçdi. Düşmən
heç nəyə məhəl qoymadan evləri
dağıdır, yandırır, qarşılarına
çıxan hər kəsi - uşaqdan qocaya hamını
amansızlıqla qətlə yetirirdi. Canını
qurtarıb birtəhər şəhəri tərk etməyə
macal tapanlar Naxçıvanik kəndi
yaxınlığında gülləbaran edildilər.
Beləliklə,
baş verən qırğın nəticəsində 613 nəfər,
o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70
qoca xüsusi qəddarlıqla öldürüldü. 1275 nəfər əsir və girov
götürüldü. Onlardan 150 nəfərin,
o cümlədən 68 qadın və 26 uşağın taleyi
bu günədək məlum deyil. Qırğın
zamanı 487 nəfər müxtəlif dərəcəli bədən
xəsarətləri almışdır ki, onlardan da 76-sı
uşaqdır. 8 ailə bütövlükdə məhv
edildi; 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən
birini itirdi; 56 nəfər xüsusi qəddarlıq və
amansızlıqla işgəncə verilərək diri-diri
tonqalda yandırıldı, hamilə qadınların bədəni
süngü ilə dəlik-deşik edildi. Başı kəsilən,
dərisi soyulan, gözləri oyulub çıxarılanlar da az olmadı...
Hadisə yerinə gələn yerli və xarici jurnalistlər,
təhqiqatçılar dəhşətli mənzərədən
sarsıldılar. Baş verənləri ilk olaraq kameranın
yaddaşına köçürən telejurnalist Çingiz
Mustafayev (sonralar “Azərbaycanın Milli Qəhrəmanı”
adına layiq görülmüşdür) və teleoperator
Seyidağa Mövsümlünün çəkdiyi
videogörüntülərdən məlum olur ki, qətlə
yetirilənlər arasında 2 yaşından 15 yaşına qədər
uşaqlar heç də azlıq təşkil etmirdi.
Faciənin
şahidi olan fransız jurnalisti Jan - İv Ginyet sonralar
yazırdı:
“Mən müharibələr haqqında, alman faşistlərinin
qəddarlığı haqqında çox eşitmişəm,
lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla
ermənilər onları arxada qoydular”.
Tanınmış
ingilis yazıçı-jurnalisti, sonralar “Qarabağ: Ermənistan
və Azərbaycan sülh və savaş yollarında” adlı
kitabın müəllifi Tomas de Wall qeyd edirdi ki, “... hadisə
yerinə gələn müşahidəçilər dəhşətli
qırğın səhnəsinin şahidi oldular. Tikə-tikə edilmiş cəsədlər
donmuş torpağın üzərində hər tərəfə
səpələnmişdi”.
Bütün
bu vəhşilikləri görən 366-cı alayın
xüsusi şöbəsinin rəisi polkovnik Vladimir Savelyev
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Qərargahı
yanında Baş Kəşfiyyat İdarəsinə, BMT və
Avropa Şurasına ünvanladığı məlumatda Azərbaycan
xalqına qarşı soyqırımı cinayətinin törədildiyini
etiraf edir.
Azərbaycan
Respublikasına qarşı davam edən təcavüz fonunda
Ermənistanın başladığı müharibə,
insanlıq əleyhinə cinayətlər və Xocalı
soyqırımı insan hüquqları və beynəlxalq
humanitar hüququn, xüsusilə “1949-cu il Cenevrə
Konvensiyaları”, “Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqından Konvensiya”, “Mülki və Siyasi hüquqlar
haqqında Beynəlxalq Pakt”, o cümlədən “Ümumdünya
İnsan Hüquqları Bəyannaməsi” (BMT Baş Məclisi,
10.12.1948), “Vətəndaş və Siyasi hüquqlar barədə
Beynəlxalq Saziş” (BMT Baş Məclisi, 16.12.1966), “Fövqəladə
vəziyyətlərdə və hərbi münaqişələr
zamanı qadınların və uşaqların müdafiəsi
Bəyannaməsi”nin (BMT Baş Məclisi, 17.12.1974) müddəalarının
kobud şəkildə pozulduğunu sübut edir.
Xocalı faciəsinin dünya ölkələrində
tanıdılması və soyqırımı kimi qəbul
edilməsi Azərbaycanın xarici siyasətinin əsas
prioritetlərindən biridir. Bu haqda ulu öndər Heydər
Əliyev demişdir: “Azərbaycan hökuməti və
xalqı qarşısında Xocalı soyqırımı və
bütövlükdə ermənilərin Dağlıq
Qarabağda törətdikləri vəhşiliklər
haqqında həqiqətləri olduğu kimi, bütün
miqyası və dəhşətləri ilə dünya
dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə
çatdırmaq, bütün bunların əsl
soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi
durur”.
Təəssüfləndirici haldır ki, baş
vermiş qətliamın soyqırımı aktı kimi
tanıdılması üçün vaxtında zəruri
addımlar atılmadı. Ölkəmizdə bu faciəyə
ilk dəfə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə hüquqi-siyasi qiymət verilmiş, Milli Məclisin
1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın
26-ı “Xocalı Soyqırımı Günü” elan
olunmuş, bu barədə beynəlxalq təşkilatlara məlumat
verilmiş, erməni terrorizminə qarşı təsirli tədbirlər
görülməsinə çağırış
edilmişdir. Ölkə prezidentinin 25 fevral 1997-ci il tarixli Fərmanı ilə hər il fevral
ayının 26-ı saat 17:00-da Azərbaycan Respublikası ərazisində
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla qeyd olunur. Eyni zamanda, Xətai
rayonundakı “Ana harayı” heykəli önündə hər il şəhər sakinlərinin izdihamlı
anım tədbiri keçirilir.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, ona beynəlxalq səviyyədə
hüquqi-siyasi qiymət verilməsinə nail olmaq məqsədilə
Prezident İlham Əliyevin rəhbərliyi altında
uğurlu addımlar atılmış, məqsədyönlü
işlər görülmüşdür. Bu istiqamətdə Heydər
Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlıları Gənclər
Təşkilatının sədri, Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Əməkdaşlıq Təşkilatı
Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq
üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildən başlanmış “Xocalıya ədalət!”
beynəlxalq təbliğat kampaniyası müəyyən
uğurlara imza atmışdır. Kampaniya çərçivəsində
dünyanın bir çox ölkəsində Xocalı faciəsinə
həsr olunmuş tədbirlər, konfranslar, mitinqlər,
aksiyalar keçirilmiş, müsabiqələr, xatirə gecələri,
sərgilər təşkil edilmiş, fotoalbomlar
buraxılmış, “Qarabağ həqiqətləri” silsiləsi
və işğal olunan ərazilərdə mədəni-tarixi
abidələrin dağıdılması ilə bağlı
ingilis dilində nəşr edilmiş kitab və bukletlər
paylanmış, ingilis dilində çəkilmiş sənədli
film disket şəklində nümayiş etdirilmişdir. Bütün bunlar əsl həqiqətlərin, Ermənistan
tərəfindən ölkəmizə qarşı
yürüdülən təcavüzkar siyasətin mahiyyətinin
beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli
rol oynamışdır.
Təsadüfi deyil ki, bu möhtəşəm kampaniya
dünyanın 30-dan çox ölkəsində yüzlərlə
könüllü tərəfindən uğurla davam etdirilməkdədir. Bir sıra
ölkələrdə Xocalı şəhidlərinin xatirəsini
əbədiləşdirən abidələr
ucaldılmaqdadır. Kampaniyanın
Xocalı faciəsini soyqırımı aktı və
insanlığa qarşı cinayət kimi tanınması tələbini
irəli sürən müraciətini artıq bütün
dünyada on minlərlə insan imzalamışdır.
Fondun bu
istiqamətdə fəaliyyətini qiymətləndirən
Prezident İlham Əliyev bildirmişdir ki, “...faciə ilə əlaqədar
dəhşətli faktlar bu kampaniya çərçivəsində
aparılan işlər sayəsində geniş beynəlxalq
ictimaiyyətə çatdırılmış, planetin
bütün guşələrində milyonlarla insan erməni
millətçilərinin əsl simasına bələd
olmuş, onlar bilmişlər ki, ermənilər öz sərsəm
ideyalarını həyata keçirmək naminə heç nədən,
hətta uşaqları belə qətlə yetirməkdən
çəkinmirlər”.
Xocalı
soyqırımının dünya miqyasında
tanıdılması istiqamətində aparılan sistemli
işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı
Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru,
Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin
müvafiq sənədlərində Xocalıda törədilmiş
kütləvi qətllərin soyqırımı aktı olduğu
təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya,
İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə
də ABŞ-ın 22 ştatının icra və qanunvericilik
orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək
qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları
Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında
Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin
qətlə yetirilməsinin “müharibə cinayətləri və
ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə
bilən xüsusilə ağır əməllər”
olduğunu müəyyən edib.
Xocalı faciəsi xalqımıza qarşı ermənilərin
törətdiyi milli qırğın olmaqla yanaşı, həm
də beynəlxalq cinayətdir. Beynəlxalq cinayət
- ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini,
beynəlxalq səviyyədə tanınmış insan
hüquqlarını kobud və ya kütləvi şəkildə
pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında
müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə
deyilir. Beynəlxalq hüquqa görə,
genosid sülh və bəşəriyyət əleyhinə
yönələn əməl olaraq ən ağır beynəlxalq
cinayətlərdən biri sayılır.
BMT
Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi
ilə qəbul edilmiş “Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən
şərtlər Xocalı faciəsinin məhz soyqırım
adlandırılmasına imkan verir. Hüquq
üzrə mütəxəssislərin bildirdiyi kimi, Ermənistanın
Azərbaycana təcavüzü zamanı həmin sənəddə
təsbit olunmuş genosid (soyqırımı) cinayətini təşkil
edən bütün əməllər tətbiq olunmuşdur.
Bu müddəalar ermənilərin Xocalıda
törətdikləri dəhşətli cinayətlərin
genosid olduğuna heç bir şübhə yeri qoymur. Həmin beynəlxalq sənəddə göstərilir
ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən
məhv edilməsi ilə törədilən bir sıra hərəkətlər
genosid (soyqırımı) cinayətinin mahiyyətini təşkil
edir. Bu hərəkətlər - həmin qrupun üzvlərinin
öldürülməsi, ağır bədən xəsarətlərinin
yetirilməsi, onların fiziki məhvinə səbəb olan həyat
şəraitinin yaradılması və s. bu kimi əməllər
cinayətin soyqırımı kimi tövsif edilməsinə əsas
verir. Baş verənlər təsdiqləyir ki,
erməni silahlıları Xocalı sakinlərini məhz
milli-etnik-dini zəmində son nəfərinədək məhv
etməyi qarşılarına məqsəd kimi qoymuşdular.
Beynəlxalq Ədalət Məhkəməsi həm
dövlətlərə soyqırımı törətməyi
qadağan edir, həm də onlara belə bir halın baş
verməməsinin qarşısını almaq öhdəliyi
qoyur. Başqa sözlə, ikili məsuliyyətin, yəni
həm dövlətin, həm də şəxsin (şəxslərin)
məsuliyyətinin mümkünlüyünü qəbul edir.
Deməli, Xocalı soyqırımına görə,
bilavasitə həm Ermənistan dövləti, həm də
cinayət törətmiş ayrı-ayrı şəxslər,
dövlət məmurları məsuliyyət
daşıyırlar.
Xocalı soyqırımı son iki əsrdə erməni
millətçilərinin xalqımıza qarşı həyata
keçirdiyi milli-etnik təmizləmə və
işğalçılıq siyasətinin daha bir təzahürüdür. Təkcə son 30 ili
götürsək, törədilən qətliamların
heç də az olmadığını görərik:
Qazaxın Bağanis-Ayrım kəndində baş verənlər,
Qaradağlı hadisələri, Kəlbəcərin
Ağdaban-Başlıbel faciəsi və s. və i.a. ... Torpaqlarımızı işğaldan
azad etmək üçün apardığımız müqəddəs
müharibə zamanı düşmənin müharibə
qanunlarına məhəl qoymayaraq cəbhə xəttindən
uzaqda yerləşən yaşayış məntəqələrimizi
- Gəncə, Tərtər, Bərdə və s. yerləri
istifadəsi qadağan olunmuş raketlərlə atəşə
tutması, dinc, günahsız insanları hədəf
seçməsi, nəticədə yüzlərlə
soydaşımızın yaralanması, uşaqlı-böyüklü,
qadınlı-kişili 94 nəfəri qətlə yetirməsi
onun vəhşi təbiətini bir daha üzə
çıxarır. Sözsüz ki,
bütün bunlar beynəlxalq hüquq normalarına uyğun
şəkildə öz qiymətini almalıdır.
Torpaqlarımızdan erməni qəsbkarlarının
qovulması, ərazilərimizin işğaldan azad edilməsi
məqsədilə başladığımız müharibə
44 günün tamamında möhtəşəm Qələbəmizlə
başa çatsa da, müharibə yaralarının
sağalmasından danışmaq hələ tezdir. İndi mübarizə
diplomatiya müstəvisində aparılır: bölgədə
dayanıqlı və möhkəm sülhün yaradılması,
təcavüzkar Ermənistana qarşı həm maddi, həm
də mənəvi soyqırım iddiasının irəli
sürülməsi və s.
Xalqımızın qan yaddaşına keçmiş
Xocalı qətliamının bütün dünya ölkələri
tərəfindən soyqırımı kimi
tanıdılması istiqamətində fasiləsiz olaraq
işlər həyata keçirməlidir. Digər tərəfdən,
hələ də azadlıqda gəzən Xocalı qatillərinin
cəzalandırılması, Xocalı qətliamına
hüquqi-siyasi qiymət verilməsi üçün
müvafiq beynəlxalq qurumlara müraciətlər edilməlidir.
Eyni zamanda, beynəlxalq təcrübəyə əsaslanaraq
soyqırımı barədə cinayət işinə Azərbaycan
Respublikasının səlahiyyətli məhkəmələri
tərəfindən baxılması da mümkündür.
Beynəlxalq hüquq nəinki milli məhkəmələrə
belə bir imkan verir, hətta onların üzərinə belə
bir öhdəlik qoyur.
Xocalı
soyqırımının bəşəriyyətə
qarşı törədilmiş ən qanlı cinayət
aktı olduğu heç vaxt unudulmamalıdır!
Unudulmayası
sadə bir həqiqət də var: ədalət həmişə
qalib gəlir - bir az tez, bir az gec...
Səfər MAHMUDZADƏ
Respublika.- 2021.- 10 mart.- S.4.