Azərbaycanın çoxpartiyalı siyasi sistemi
Bu günlərdə Yeni Azərbaycan Partiyasının VII (fövqəladə) qurultayı başa çatdı. Qurultayda partiyanın rəhbər strukturlarında ciddi islahatlara gedildi, kollegial idarə orqanı kimi İdarə Heyətinin tərkibi əsaslı surətdə yeniləndi. İqtidar partiyasındakı bu yeniliklər cəmiyyətdəki siyasi proseslərə yeni stimul verməli, ölkə Prezidentinin 2018-ci ildən başlatdığı siyasi islahatlar və partiyalararası dialoq praktikasını daha da dərinləşdirməlidir.
Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi də göstərdi ki, ölkədə siyasi partiyalar arasında siyasi inteqrasiya və siyasi təmərküzləşməyə güclü meyil var və bu meyil ölkəmizdə Vətən müharibəsi ərəfəsində formalaşmış milli həmrəyliyin daha da güclənməsi, onun ictimai inkişafımızın aparıcı amilinə çevrilməsi şəraiti var. Bu isə o deməkdir ki, ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə, demokratik ənənələrin şaxələnməsinə xidmət etməklə siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi və onlar tərəfindən vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır. Baş verənlər eyni zamanda, iqtidara olan müsbət ictimai rəyin artmasından xəbər verir. Bu bir də ona görə diqqətçəkicidir ki, Azərbaycanda uzun illər iqtidar-müxalifət dialoqu, görüşləri ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, başqa beynəlxalq təşkilatların vasitəçiliyi ilə keçirilirdi. Amma son ilyarımda bu missiyanı Azərbaycan dövləti öz üzərinə götürüb. Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsi yaradıldıqdan sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai qurumların rəhbərləri arasında görüşlər daha praktiki və nəticəli xarakter daşımağa başlayıb.
Çoxpartiyalılıq müasir demokratik inkişafın məntiqindən doğan və ictimai inkişafın aparıcı təmayüllərindən biri kimi cəmiyyətin təşkilinin mühüm formasıdır. Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra təkpartiyalı sistemin inhisarından çıxaraq çoxpartiyalı demokratik cəmiyyət quruluşuna başladı. Qısa müddətdə sağ, sol, mərkəzçi təmayüllü partiyalar formalaşmağa və cəmiyyətin siyasi təşkilində müəyyən rol oynamağa başladı. Amma cəmiyyətin siyasi həyatında uzun müddətdir ki, aparıcı rolunu qoruyub saxlayan, hakimiyyətin bütün qollarında - qanunverici, icraedici və digər qollarında yüksək təmsilçilik səviyyəsi olan Yeni Azərbaycan Partiyası özünün avanqard rolu ilə seçilir.
Çoxpartiyalı siyasi sistemin inkişafı və təkmilləşməsinə qayğı, onların cəmiyyət həyatında, milli maraqların qorunmasında düzgün mövqe tutmalarına yardım Azərbaycan Respublikası Prezidentinin daima diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir. Seçkilərdə qalib gəldikdən sonra Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların perspektivlərindən bəhs edərək ölkənin ictimai-siyasi və mədəni həyatının hər bir sahəsini əhatə edəcək çoxşaxəli islahatların yeni mərhələsinin anonsunu verdi.
Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından etibarən daha da intensivləşdi. Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında struktur və kadr dəyişiklikləri aparıldı, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqləndi və ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bu, ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlıq qurulması, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi əhəmiyyətdən irəli gəlirdi. Bu həm də siyasi partiyalarların fəaliyyətini canlandırmaq, cəmiyyətin ictimai-siyasi həyatında oynadıqları rola yeni impuls vermək, onları cəmiyyətin təkmilləşən siyasi strukturuna daha da uyğunlaşdırmaq məqsədi daşıyır. Qeyd edilməsi vacibdir ki, Şöbə ilk günlərdən bu işin səmərəliliyini təmin etmək, fundamental dövlətçilik və milli məsələlər ətrafında siyasi partiyaların sıx əməkdaşlığının yaradılmasına novatorcasına yanaşmaqla qısa müddətdə ciddi nəticələr əldə etməyə başladı. Partiya nümayəndələri ilə, tanınmış ictimai-siyasi xadimlərlə aparılan görüşlər, burada ölkə həyatının ən vacib məsələlərinin səmimi və şəffaf surətdə müzakirəsinin təşkili qısa müddətdə açıq və prinsipial mühitin formalaşmasına gətirib çıxardı.
Onu da qeyd edək ki, siyasi plüralizm və çoxpartiyalı siyasi sistem ideyası Azərbaycanda demokratik cəmiyyət quruculuğunun əsas meyarı kimi öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında tapmışdır. Açıq etiraf etmək lazım gəlir ki, bir müddət partiyaların yaradılması, onların qeydə alınması və səmərəli fəaliyyətlərinin təmin edilməsi sahəsində qaydalar hələ tam oturuşa bilmədi. “Siyasi Partiyalar” haqqında Qanunun mövcudluğuna baxmayaraq ölkədə siyasi partiyaların bu qanuna uyğun fəaliyyətlərində müəyyən qüsurlar var idi. Partiyalar üçün qoyulmuş üzvlük baryerinə əməl edilməməsi, partiyalarda sənədləşmənin aparılması qaydalarının normativ aktlara uyğun olmaması, onların aidiyyəti orqanlar qarşısında maliyyə və digər hesabatlarının verilməməsi bu işlərdə pərakəndəliyi və sistemsizliyi artırırdı. Elə bu səbəbdən də partiyaların ideoloji, siyasi və digər əlamətlərə görə fərqləndirilməsi, onların nizamlı sisteminin formalaşdırılması müəyyən çətinliklərlə üzləşirdi.
Ötən ilin fevral ayında şöbə tərəfindən aparılmış ilk monitorinqin nəticəsində müəyyən edilmişdir ki, dövlət qeydiyyatında olan 55 siyasi partiyadan 8-nin sədri vəfat edib, 6-sının sədrinin səlahiyyət müddəti nizamnamə ilə tənzimlənməyib, mövcud siyasi partiyaların bir çoxunun uzun illərdir (bəzən 20 ilə qədər müddətdən söhbət gedir) ya sədri yoxdur, ya da sədr adına iddia edən şəxslər legitim deyillər. Nəinki sədrlər, uzun illər qurultayları keçirilmədiyindən 21 siyasi partiyanın heç bir ali orqanları seçkili və legitim sayılmırdı. 7 siyasi partiya isə qanunvericiliyin tələblərini nəzərə almadan maliyyə hesabatlarını Azərbaycan Mərkəzi Seçki Komissiyasına təqdim etməmişdir. Beləliklə, onlarla partiyanın legitimliyi şübhə altında idi. Yalnız 16 partiyanın qurultayı nizamnaməyə uyğun keçirilmiş və yeni sədrin seçilməsi ilə əlaqədar müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmişdi.
Burada bir tərəfdən müvafiq orqanların səhlənkar münasibətinin rolu var idisə, digər tərəfdən fəaliyyətlərində etinasızlıq, süni imitasiyalarla hərəkət edən qüvvələr faktiki olaraq, kağız üzərində işlə, yalnız seçki kampaniyaları zamanı bu və ya digər səbəblər müqabilində özlərini yada salmaqla kifayətlənmişlər. Bəzən də qeydə alınmış partiyası olmaq, sözün müstəqim mənasında, sərmayə sayılmış, müəyyən cəlbedici təkliflərin qarşılığında partiyalar cari siyasi bloklara qoşulmuş, perspektivli və maddi imkanlı təsiri bağışlayan şəxslər ətrafında təmərküzləşmiş və faktik olaraq ictimai rəyi yanıltmaqla məşğul olmuşlar. Beləliklə, Nizamnamədə təmtəraqlı surətdə bəyan edilmiş siyasi hədəflər, geniş partiya quruculuğu və siyasi proseslərdə fəal iştirak etmək vəzifələri bir kənarda qalmış, siyasi partiya faktik olaraq siyasi manipulyasiyalarla məşğul olmuşdur. Hesabatsızlıq, Nizamnamə qaydalarına əməl edilməməsi, bəzi hallarda isə onların kobud şəkildə pozulması siyasi mühitdə nizamsızlığın yaranmasına, mənasız intriqa və demoqoqikaya gətirib çıxarırdı. Belə hüquqi nizamsızlıq real partiyaların qeydiyyatı önündə süni əngəllər yaratmaqla bərabər, real fəaliyyəti olmayan partiyaların işinə də bir növ əlverişli şərait yaradırdı.
Azərbaycan Prezidentinin tapşırığı ilə Şöbənin rəhbərliyi ötən il fevralın 17-dən martın 12-dək 55 siyasi partiyanın fəaliyyətdə olan 43 sədrindən 38-i ilə, eləcə də bir çox tanınmış siyasi xadimlə görüşlər keçirmişdir. Sonralar da görüşlər davam etdirilmiş, artıq real fəaliyyətdə olan 52 partiyadan 51-nin rəhbəri ilə təkrar görüşlər keçirilmişdir. Görüşlərdə səsləndirilən fikir və təkliflər araşdırılaraq ümumiləşdirilmiş, bunlarla bağlı praktik tədbirlərin görülməsi üçün müvafiq addımlar atılmışdır. Zaman məhdudiyyəti qoyulmayan görüşlərdə müstəqilliyin qorunması, milli həmrəylik, korrupsiyaya qarşı mübarizə, iqtidar-müxalifət dialoqunun inkişafı, yeni siyasi konfiqurasiyanın formalaşması, Prezidentin islahatlar kursu, çoxpartiyalı siyasi sistemin inkişaf perspektivləri, ölkənin tolerant və sülhpərvər imicinin qorunması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti və digər aktual ictimai-siyasi mövzular müzakirə edilmişdir. Bu proses faktiki olaraq iqtidar-müxalifət dialoqunun bir növ başlanğıcını qoymuş, iqtidar-müxalifət münasibətlərini tədricən normal və konstruktiv məcraya yönəltməyə başlamışdır. Beləliklə, ölkə Prezidentinin siyasi partiyalara daimi diqqəti sonradan bu prosesin həcmli və miqyaslı bir işə çevrilməsinə güclü təkan vermişdir. Açıq etiraf etmək lazım gəlir ki, bu sahədə görülən işlər, aparılan dəyişiliklər, əldə edilən praktiki nəticələr kifayət qədər diqqətçəkicidir. Azərbaycanda siyasi islahatlar dərinləşdikcə siyasi plüralizmin daha da şaxələnməsi, siyasi hüquq və azadlıqların durmadan genişlənməsi, çoxpartiyalı siyasi sistemin yeni konfiqurasiyasının formalaşması prosesi daha intensiv getməyə başlamışdır. Birmənalı təsdiq olunur ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə hələ Vətən müharibəsi ərəfəsində həyata keçirilən siyasi islahatların gətirdiyi dəyişiliklər bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühitini daha da gücləndirmiş, ölkədə sabitliyin, siyasi və milli həmrəyliyin daha da möhkəmləndirilməsi üçün qüvvətli əsaslar yaratmışdır ki, bu da qələbəmizi şərtləndirən amillərdən birinə çevrilmişdir.
Yaradılmış şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər, aparılmış təhlillər, siyasi partiyalarla yaxından tanışlıq və əməkdaşlığa yönəlmiş çoxsaylı görüşlər, habelə konstruktiv əməkdaşlığın qurulması, yeni siyasi mədəniyyətin təşəkkülü və formalaşmasında əvəzsiz rol oynadı. Elə bu zəmin üzərində cəmiyyətin siyasi palitrasında qarşıdurmadan əməkdaşlığa, destruktiv şüarçılıqdan, qaragüruhçuluqdan konstruktivliyə doğru kəskin dönüş əmələ gəlməyə, cəmiyyətin monolitliyi, mənəvi-siyasi birliyi daha da möhkəmlənməyə başladı. Məhz bunların nəticəsidir ki, bu gün cəmiyyəti maraqlandıran müzakirə və polemikalar küçə və meydanlardan parlamentə, digər hakimiyyət orqanlarına və ciddi kütləvi informasiya vasitələrinə daşınmasına daha yaxşı şərait yaradılıb, cəmiyyətin mənəvi mühiti ölçüyəgəlməz dərəcədə sağlamlaşıb. Buna Vətən müharibəsində qalib Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığımız möhtəşəm Zəfərin yaratdığı övqat da öz təsirini göstərib.
Aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi bu il iyulun 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-də Ermənistanın yeni hərbi təcavüzü, dinc sakinləri, uşaqları, mülki obyektləri, beynəlxalq nəqliyyat-kommunikasiya və tranzit xətlərini hədəfə alması haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tanınmış ziyalı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi mütəmadi olaraq raket atəşinə tutması, mülki əhaliyə qarşı müharibə cinayətləri törətməsi, Gəncəyə dəhşətli hücumu haqda 50 siyasi partiya, noyabrın 25-də Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı 49 siyasi partiya beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müraciətlər ünvanlamışlar. Bəyanat və müraciətlərdə siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları Müzəffər Ali Baş Komandanın Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi-hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildirmiş, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikili standartlardan çıxış etməsi kəskin tənqid olunmuşdur.
Bir sıra yeni partiyaların dövlət qeydiyyatına alınması, onların simvolik icarə xərcinə geniş ofislərlə təmin edilməsi, bir sıra partiya liderlərinin və qeyri-hökumət təşkilatının rəhbərlərinin müalicəsinin dövlətin və Heydər Əliyev Fondunun öz üzərinə götürməsi ölkə Prezidenti və Birinci vitse-prezidentin yüksək humanizminin, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni gözlə baxmasının əyani ifadəsidir. 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara çox mühüm bir töhfə sayıla bilər. Həmin vaxt ölkədə rəsmən mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etmişdir. Ümumilikdə, seçkilərə qatılmış 1314 namizəddən 305 nəfəri siyasi partiya üzvü olmuşdur. Həmin 305 şəxsdən 244-nün namizədliyi mənsub olduğu siyasi partiya tərəfindən, 61-nin namizədliyi isə özü tərəfindən irəli sürülmüşdür. Seçkilərin yekunu olaraq parlamentə seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf olmuşdur.
Yaradılmış süni əngəllərin aradan qaldırılması nəticəsində uzun illərdən sonra 6 yeni siyasi partiya qeydə alınmışdır. Uzun müddət obyektiv və subyektiv səbəblərdən qurultayları çağırılmayan 11 siyasi partiyanın videokonfrans formatında qurultayı keçirilmiş və nəticələri dövlət qeydiyyatına alınmaqla onların fəaliyyətində legitimlik təmin edilmişdir.
Nəzərə alınmalıdır ki, parlament plüralizmi fərqli fikirlərin azad və sərbəst rəqabətinə yol açmaqla bir yandan cəmiyyətdəki fikir plüralizminin parlamentə daşınmasına, digər tərəfdən isə demokratik baxış və rəylərin cəmiyyətin siyasi mədəniyyətində möhkəm kök salmasına yol açır. Fərqli fikir və baxışların bu cür yarışı həm cəmiyyətdəki düşüncə gərginliyini səngidir, həm də inkişafımızın ən doğru və düzgün yolunu axtarıb tapmaqda ölkə rəhbərliyinə kömək edir.
Heç kimə sirr deyildir ki, parlament həm hakimiyyət bölgüsünün vacib qolu, ölkədə həyata keçirilən siyasi islahatların mühüm mərkəzi, demokratik siyasi sistemin təkmilləşdirilməsi və siyasi qüvvələr nisbətinin düzgün müəyyənləşdirilməsində daima ön plana çıxan strukturlardandır. Son parlament seçkiləri də bunu əyani surətdə təsdiqə yetirdi. VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirildirilməsi, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis sədrinin müavini vəzifəsinə seçilməsi, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq etmələri haqqında danışdığımız siyasi konfiqurasiyanın ayrı-ayrı elementləridir və bunların gələcəkdə daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Demokratik parlament quruculuğu ənənələrinin ən yaxşı nümunələrinə söykənən bu konfiqurasiya siyasi sistemin yeniləşməsinə yol açmaqla yanaşı, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərir.
Yeni siyasi konfiqurasiya çoxrəngliliyin, çoxsəsliliyin təcəssümü kimi də dəyərləndirilir. Belə ki, qanunları yaradan orqanımızın monotonluqdan, fikirlər və mövqelər üzərindəki inhisarçılıqdan xilas olduğunu, azad sözün, azad fikrin sərbəst dolaşdığı bir məkana çevrildiyini cəsarətlə söyləmək olar. Onu da əlavə edək ki, bu həm də, müharibə və pandemiya dövründə cəmiyyətdə kəskin ehtiyac duyulan siyasi və milli həmrəyliyin daha da güclənməsi, cəmiyyətin monolitliyinin möhkəmləndirilməsi işinə mühüm töhfə deməkdir. O da xüsusi vurğulanmalıdır ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda siyasi və iqtisadi islahatların artıq yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, pozitiv proses iqtidar-müxalifət münasibətlərinin müzakirələr və qarşılıqlı dialoq vasitəsilə inkişaf etdirilməsinə söykənir. Bu cəmiyyətimizin ictimai-siyasi həyatında baş verən dərin keyfiyyət dəyişilikliyi, siyasi idarəçiliyimizi dünya standartları səviyyəsinə qaldırmaq naminə ortaya qoyulan siyasi iradənin göstəricisidir.
Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən təşəbbüslərinin şahididir. 2020-ci il martın 10-da Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində bu görüşlərin xarakteri, məqsədi və ilkin nəticələri haqqında məlumat vermiş, gələcəkdə çoxpartiyalı idarəçilik sisteminin oturuşması üçün iqtidar komandasının iradəsi olduğunu və parlamentin də bu istiqamətdə hüquqi baza yaratmalı olduğunu vurğulayaraq demişdir: “İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz... Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.
Siyasi konfiqurasiyanın yeni forması artıq bir vaxtlar mövcud olmuş siyasi konfrontasiya mühitini siyasi dialoq və barış müstəvisinə gətirməyə imkan vermiş, cəmiyyəti xeyli sabitləşdirmiş, yeni siyasi ənənələrin, siyasi mədəniyyət nümunəsinin formalaşmasına rəvac vermişdir. Siyasi partiyaların qeydiyyatının davam etdirilməsi, yeni partiyalar hesabına cəmiyyətin təşkilatlanmasının, cəmiyyətin siyasi ab-havasının daha yaxşı tənzimlənməsinin təmin edilməsi siyasi plüralizmin dərinləşməsinə və çoxpartiyalı siyasi sistemin inkişaf edib möhkəmlənməsinə yeni perspektivlər açmışdır. İndi siyasi partiyalar da, onların liderlərinin qayğıları da hər bir Azərbaycan vətəndaşı kimi dövlətin, Azərbaycan Prezidentinin daima diqqət mərkəzindədir. Bu miqyaslı işdə Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik orqanı ilə əlaqələr şöbəsinin oynadığı rolu nəzərdən qaçırmaq olmaz.
Azərbaycanın müstəqillik tarixində fəaliyyətdə olan siyasi partiyaların əksəriyyətinin iştirakı ilə ilk dəfə keçirilən görüşlər, qəbul edilən birgə müraciət və bəyanatlar birmənalı olaraq siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edir. Real praktikada bəzən eyni siyasi cinahda olan iki partiyanın öz aralarında dialoq qura bilmədiyini nəzərə alsaq, 52 real siyasi partiyadan 51-nin bir araya gəlməsi, ümummilli məsələləri müzakirə edərək vahid mövqe ortaya qoyması ciddi nəticədir. Bu, dövlətçilik uğrunda birləşməyin, milli vəhdətin bariz nümunəsi, həm də aparılmış ardıcıl, gərgin, məqsədyönlü fəaliyyətin nəticəsidir. 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin daxili siyasi mübarizə alətinə çevrilməsinin bizi hansı fəlakətlərlə üz-üzə qoyduğunu unutmamalıyıq. Qazanılmış tarixi Qələbə münasibətilə xalqa müraciətində də Prezident İlham Əliyev bütün siyasi partiyaların vahid milli hədəf naminə birləşməsini xüsusi qeyd etmişdir: “Hətta fərqli siyasi baxışlara malik olan, bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə yüksək şüur nümunəsi göstərdilər. Dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz”.
Siyasi konfiqurasiyanın yeni forması artıq bir vaxtlar mövcud olmuş siyasi konfrontasiya mühitini siyasi dialoq və barış müstəvisinə gətirməyə imkan vermiş, cəmiyyəti xeyli sabitləşdirmiş, yeni siyasi ənənələrin formalaşmasına rəvac vermişdir. Siyasi partiyaların qeydiyyatının davam etdirilməsi, yeni partiyalar hesabına cəmiyyətin təşkilatlanmasının, cəmiyyətin siyasi ab-havasının daha yaxşı tənzimlənməsinin təmin edilməsi siyasi plüralizmin dərinləşməsinə və çoxpartiyalı siyasi sistemin inkişaf edib möhkəmlənməsinə yeni perspektivlər açmışdır. İndi siyasi partiyalar da, onların liderlərinin qayğıları da hər bir Azərbaycan vətəndaşı kimi dövlətin, Azərbaycan Prezidentinin daima diqqət mərkəzindədir.
Siyasi islahatların dərinləşdirilməsi üçün Şöbə tərəfindən Milli Məclisdə təmsil olunan siyasi partiyaların yaxından iştirakı ilə partiyalararası konstruktiv siyasi müzakirələrin təşkil olunması Azərbaycan dövlətçiliyi üçün prinsipial olan məsələlərin yalnız və yalnız milli dialoq və milli həmrəylik yolu ilə həll edilməsinin vacibliyini nümayiş etdirir. Sonradan bu cür müzakirələr ölkədə fəaliyyətdə olan digər partiyaların nümayəndələri ilə də keçirilmişdir.
Bizcə, müxalifətin bütün dəstələri hakimiyyətin bu xoş niyyətlərinə adekvat cavab verməyi bacarmalıdır. Amma, AXCP və Milli Şuranın timsalında radikal müxalifətin qeyri-konstruktiv fəaliyyətləri, qeyri-ciddi arqumentlərdən ibarət davranışları bir daha onların mövqelərinin əsassızlığını və intriqa xarakteri daşıdığını ortaya qoyur. Onlar görməzlikdən gələrək ölkə Prezidentinin siyasi və iqtisadi islahatlar kursuna, Azərbaycanda sabitliyin möhkəmlənməsinə, ölkəmizin ümumi inkişafı və demokratik proseslərin sürətlənməsinə yönəldilmiş tədbirlərinə, Vətən müharibəsindəki misilsiz qələbəmizə kölgə salmağa çalışırlar. Bu açıq-aşkar dövlətə qarşı getmək, Azərbaycana qarşı bəzi xarici mərkəzlərin sifarişlərini yerinə yetirməkdir.
Qabil HÜSEYNLİ,
Professor.
Respublika.- 2021.- 10 mart.- S.5.