Şelli qartalı
XOSROV
BİLAL OĞLU MƏMMƏDOV 1949-cu ildə yanvarın 20-də
Ağdam rayonunun Qurdlar kəndində anadan olmuşdur. Həmin
kənddə orta təhsili
almışdır. 1967-1969-cu illərdə Lənkəranda hərbi
xidmətdə olmuşdur. Sürücülük
peşəsinə yiyələnmişdi. 1973-cü ildə ailə
həyatı qurmuş, iki
qız atası idi . Xosrov
Məmmədov Ağdam Suvarma
Sistemləri İdarəsində mirab vəzifəsində
çalışırdı. Erməni hərbi təcavüzü
başlayan günlərdən silaha sarılaraq, çoxları kimi, o da
Vətənin müdafiəsinə qalxmışdır. Xosrov Şellidən olan gəncləri
ətrafına yığıb “Qarabağı müdafiə
şahinləri” özünümüdafiə dəstəsini yaradaraq, ermənilərə qarşı vuruşmuşdu. O, Qarabağı əlinin içi kimi
tanıdığından Ağdamın
özünümüdafiə dəstəsində kəşfiyyatçı
kimi iştirak edir, ən çətin tapşırıqlara
gedirdi. Xosrovun ailəsi
onun üz-gözü
sıyrılmış halda, yaralı və
tikanlar içində gəlməsinə
adət etmişdi. Ailə üzvləri hər
kəşfiyyatdan qayıdanda onun bədənindən
tikanları bir-bir təmizləyirdi. Həmişə gecə evə gələr, hal-əhval
tutub, qayıdardı. Gedəndə evdə
bişirilən təndir çörəyindən və
yavanlıqdan da döyüş
dostlarına aparardı. Xocalı faciəsi başlanan
gecə növbədən gəlmişdi.1992-ci il fevralın 25-dən 26-na keçən gecə
əksəriyyəti erməni silahlılarından
ibarət keçmiş 366-cı
motoatıcı alayı Xocalını mühasirəyə alaraq, neçə-neçə
günahsız insanı qətlə yetirdi,
girov götürdü,
insanlar itkin düşdü. Xosrovla
birlikdə könüllü
döyüşçülər faciədən sonra döyüşə atıldılar.
Onların əsas məqsədi mümkün
qədər irəliləyərək, qətliamdan sağ çıxanlara - qarlı meşədə
donub qalmış insanlara
kömək edib, onları xilas
etmək idi. Meşəyə
sığınan camaat Ağdam
tərəfə gələ bilmirdi, çünki Qaraqaya tərəfdən
erməni silahlıları atəş açırdı. Qoca bir kişidən
eşidəndə ki, ermənilər
adamları donuz pəyəsinə
salıb, o istiqamətə yollanır. Atəşlə
pəyənin qapısının qıfılını
qırıb açmış və içəridə olan yüzə yaxın arvad-uşağı azad edərək, onların Şelli
kəndinə getmələri üçün
təhlükəsizliklərini təmin etmişdi.
Bu vaxt
yaxınlıqda qadın naləsi eşidilib.
Sakitcə səs eşidilən tərəfə
yaxınlaşaraq, ermənilərin üç
qadına işgəncə verdiyini görür. Gördüyü
mənzərədən sarsılan Xosrov
erməninin ikisini öldürür,
o biri isə
qaçır. Sinəsindən bərk yaralansa
da, qaçan ermənini
diri tutmaq məqsədilə
onu qovmağa
başlayır. Qızı Səyyad xanımın
atasının ölümü haqqında
dedikləri: “Atılan atəş onu
dayandıra bilməyib. Dostu deyirdi ki, atam
son nəfəsində qəhqəhə
çəkib, gülərək bunları deyib:
“Kişi belə məqamda ağlamaz,
bala! Gülər, eşitdin, gülər!”. Ölümün
gözünə gülərək baxan Xosrov Məmmədovun məzarı
Ağdamın Şelli kəndindədir.
1997-ci il fevralın 25-də Xocalı
sakinlərinin xilas edilməsində
göstərdiyi igidliyə görə ulu
öndər Heydər Əliyevin fərmanına əsasən
“Azərbaycan bayrağı” ordeni ilə təltif
edilmiş və ona
“Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adı verilmişdir. Bu, Xosrovun qəhrəmanlığına
və Vətən sevgisinə verilən qiymətin göstəricisidir.
Azərbaycan xalqı və onun dövləti
Xocalı faciəsini heç vaxt unutmur və
unutmayacaqdır.
Rəqibə Məmmədova
Respublika.- 2021.- 10 mart.- S.6.