Qarabağda həyata keçiriləcək layihələr sosial-iqtisadi inkişafa güclü təkan verəcək

 

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması çoxəsrlik tariximizdə möhtəşəm yer tutur. Xalqımız son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Vətən müharibəsində parlaq qələbəmiz nəticəsində Azərbaycanın müasir reallıqlarına uyğun olaraq həm respublika daxilindəki yeni vəzifələr müəyyənləşdirilir, həm də bölgədə mühüm önəm daşıyan əməkdaşlıq formatları yaradılır. Strategiyada işğaldan azad edilən ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, yeni yaradılan beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanılması hesabına Azərbaycanın inkişafına böyük təkan veriləcəyi bildirilir. Bununla da regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşacağı, eləcə də Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşməsində rolunun daha da möhkəmlənəcəyi vurğulanır.

 

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də Qarabağın dirçəlişinin reallaşdırılması ilə bağlı qeyd edilir ki, əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilən ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu bölgəmiz ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını gerçəkləşdirmək mümkündür. Qeyd edək ki, Prezident İlham Əliyev hələ 44 günlük müharibə zamanı işğal faktına, habelə işğal zamanı törədilən barbarlığa, həmçinin müharibə və insanlıq əleyhinə cinayətlərə görə vandalların lazımi formada cəzasını alacaqlarını, Ermənistan dövlətinin vurulan ziyanın əvəzinin ödənilməsinə məcbur ediləcəyini bildirib. Ona görə də vəhşicəsinə dağıdılan evlərin bərpasından əvvəl sənədləşdirilməsi, maddi sübut kimi tanınmasının həyata keçirilməsi mühüm vəzifələrdən biri kimi planlaşdırılıb.

 

Böyük Qayıdışın tezliklə başlanması üçün ərazilərin minalardan təmizlənməsi prosesinin sürətlə aparılması mühüm önəm daşıyır. Erməni barbarları 30 il ərzində torpaqlarımızı işğal altında saxlamaqla, istismar etməklə, təbii resurslarımızı talan etməklə, kəndlərimizi, şəhərlərimizi dağıtmaqla bərabər, həm də əraziləri minalayıblar. Bu, düşmənin vəhşiliyindən, faşist xislətindən xəbər verir. Ona görə də müharibədən sonra azad edilən torpaqlarda təəssüf ki, tez-tez bədbəxt hadisələr baş verir. Bu, əsasən, mənfur düşmənin işğaldan sonra bütün yaşayış sahələrinin, infrastrukturun, təmas xəttinə yaxın olan ərazilərin, yolların, önəmli strateji yüksəkliklərin minalanması ilə əlaqədardır. İşğalçının müharibədən sonra bu cür təhlükəli zonaların xəritəsini verməkdən belə imtina etməsi isə onun qəddarlığının bariz ifadəsidir. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatandan sonra kritik yol xətlərinin bərpasına başlanacaq. Bu, yaşayış sahələrarası gediş-gəlişi və digər vacib təminatların təchiz olunmasını asanlaşdıracaq. İçməli su, sanitariyairriqasiya sistemlərinin yenidən qurulması prosesi isə insanların həyat səviyyəsinin yaxşılaşmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək. Artıq “ağıllı kənd” layihəsinə başlanılıb. Bu, torpaqlarından qovulmuş soydaşlarımız üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq məqsədi daşıyır. Butün bu tədbirlərin həyata keçirilməsi, ərazilərin bərpası üçün Prezidentin siyasi iradəsi, ölkəmizin güclü maliyyə resursları var. Azərbaycan Prezidenti mətbuat konfransında işğaldan azad edilən ərzilərdə bərpa-quruculuq işlərinin gedişindən, reallaşdırılacaq layihələrdən, logistika məsələlərindən danışarkən, Füzulidə artıq uçuş-enmə zolaqlarının ən ağır yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək beynəlxalq aeroportun tikintisinə başlanıldığını, cari ilin sonunadək istifadəyə veriləcəyini, eyni zamanda, ərazidə minalardan təmizlənmə prosesinin operativ surətdə aparılaraq başa çatmaq üzrə olduğunu da diqqətə çatdırıb. Təyyarə limanının işə salınması xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpasına müsbət təsir göstərməklə yanaşı, xarici dövlətlərin də vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün əlverişli şərait yaradacaq. Hazırda aeroportun tikintisi aparılmaqla bərabər, Şuşa şəhərinə iki avtomobil yolu da çəkilir. Həmin yollardan biri dövlətimizin başçısı tərəfindən “Qələbə yolu” adlandırılıb. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək, Şuşa şəhərinə daxil olublar. Nisbətən aran ərazidən keçən digər yol da sözügedən aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək.

 

Prezident İlham Əliyev mətbuat konfransında bununla bağlı deyib: “Əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar. Deməliyəm ki, bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq. Bildiyiniz kimi, keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də bizim böyük planlarımız varbiz onları reallaşdıracağıq. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Biz bağlanmış müqavilələr əsasında ilk ödənişləri həyata keçirməyə başlayırıq”.

 

Xatırladaq ki, bir müddət bundan əvvəl Prezident İlham Əliyev tərəfindən Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması da mühüm əhəmiyyətə malik hadisədir. Bu dəmir yolu xətti nəinki bölgənin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ən önəmli cəhət isə odur ki, adıçəkilən infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək. Bununla da Azərbaycan təhlükəsiz tranzit ölkə kimi növbəti mərhələyə daxil olur. Eyni zamanda, bu infrastruktur bütün türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasını şərtləndirir. Beləliklə, sözügedən layihənin reallaşması ilə Azərbaycanın regionda strateji əhəmiyyəti artır, o cümlədən iqtisadi potensialı daha da güclənir. İlkin sosial-iqtisadi inkişafın vacibliyi postkonflikt dövrdə insanların mərhələli şəkildə köçürülməsinə və yardım asılılığından qısa zamanda azad olmalarına gətirib çıxarır. Belə halda isə təhsil, səhiyyə və telekommunikasiya obyektlərinin koordinasiyalı bərpası insanların adaptasiya prosesini sürətləndirir. Paralel şəkildə əhalinin məşğulluğunun artırılması məqsədilə kiçikorta bizneslərin dəstəklənməsi, bilavasitə ev təsərrüfatlarının inkişafına səbəb olacaq təşəbbüslərin artırılması məqsədəuyğun sayılır.

 

Beləliklə də öz doğma torpaqlarından köçkün düşən insanların Vətənə qayıdışı, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasına və ölkənin iqtisadi fəaliyyətinə qoşulmasına töhfə verəcək.

 

Kamaləddin MƏNSİMOV,

Nabucco Architecture and Construction” şirkətinin direktoru.

 

Respublika.- 2021.- 13 mart.- S.6.