AMEA Mərkəzi Elmi
Kitabxanasına Mir Cəlal Paşayevin
kitabları hədiyyə edilib
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz
Paşayeva tərəfindən, XX əsr Azərbaycan nəsrinin
görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar
elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin
beşcildlik və görkəmli ədibə həsr
olunmuş ikicildlik kitabları AMEA Mərkəzi Elmi
Kitabxanasına hədiyyə edilib.
Bu barədə AZƏRTAC-a Mərkəzi Elmi Kitabxanadan məlumat verilib. Bildirilib ki, beşcildliyə
Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin
inkişafında misilsiz
xidmətlər göstərmiş
xeyirxah insan Mir Cəlalın yığcam
janrlarda yazılmış
əsərləri daxil
edilib. Hekayə Mir Cəlal yaradıcılığında
əsas yer tutduğundan dörd cilddə onun hekayə yaradıcılığı
ardıcıl izlənib.
Son cilddə isə
ədibin yaradıcılığında
epizodik xarakter daşıyan janrlar - oçerklər, şeirlər,
tərcümələr, xatirələr
və felyetonlar verilib.
Digər orijinal tərtibatlı ikicildlik kitab Azərbaycan xalqının
sevimli yazıçısı,
görkəmli pedaqoq,
ədəbiyyatşünas alim və publisist
Mir Cəlal Paşayevin
əziz xatirəsinə
həsr edilib. “Mir Cəlal: Həyatı, mühiti, ədəbi, elmi və pedaqoji
fəaliyyəti” adlı
birinci cilddə Mir Cəlal haqqında müasirlərinin ədəbi-nəzəri
düşüncələri və ədibə həsr olunmuş poetik nümunələr yer alıb. Kitabın ikinci cildi isə “Mir Cəlal: Ömrün mənalı anları” adlanır. Bu cilddə
ədibin fotoşəkilləri,
şəxsi arxivindəki
əlyazmaları və
epistolyar irsi toplanıb.
Azərbaycanın elm dünyasının görkəmli
nümayəndəsi Mir Cəlal
Paşayevin bütöv
bir obrazını özündə ehtiva edən bu kitablar,
MEK oxucularının böyük
marağına səbəb
olacaq və elmi tədqiqat işlərinin aparılmasında
dəyərli mənbə
kimi istifadə ediləcək.
AZƏRTAC
Respublika.- 2021.- 13 mart.- S.6.