Aşıq Ələsgərin 200 illik yubileyi
qarşısında
XX əsrin müdrik
ozanı, korifey sənətkarı
Aşıq poeziyasının, ümumən folklor ədəbiyyatımızın ən uca zirvələrindən sayılan böyük ustadımız göyçəli Aşıq Ələsgərin adı, şəxsiyyəti, yaradıcılığı xalqımız üçün əziz və doğmadır. Bu doğmalığın səbəbi ondan ibarətdir ki, Dədə Ələsgər XIX əsrin müdrik ozanı, korifey sənətkarı kimi tarixə düşmüş, böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənələrini, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla öz əsərlərində əks etdirmişdir.
Saz, söz sərrafı, aşıq poeziyasının, ədəbiyyatımızın ən uca zirvəsində dayanan şair, Aşıq Ələsgər 1821-ci ilin baharında Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmış, kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir.
O, hər bir azərbaycanlının fəxr etdiyi, xalqımızın mədəniyyətinin bir hissəsinə çevrilmiş saz ustadıdır. Şair, görkəmli aşıq sehr dolu şeirləri ilə şöhrət qazanmışdır. Belə sənətkarlara eldə “Haqq Aşığı” deyərlər. Ruhunda, cismində Dədə Qorqudu, Qurbanini, Qaracaoğlunu, Yunis Əmrəni, Sarı Aşığı daşıyan Dədə Ələsgər şirinliyi, doğmalığı müdrikliyin, səmimiyyətin zirvəsidir.
Ələsgər Azərbaycan aşıq poeziyasının sonuncu nəhəngidir. O, xalqımızın yaddaşında gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadı kimi əbədi həkk olunmuşdur.
Sinəsini özünə dəftər edən Ələsgər aşıq şeirinin, demək olar ki, bütün formalarına müraciət etmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, deyişmələr iştirakçısı olmuşdur.
2021-ci il fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.
Sərəncamda göstərilir ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuna həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox saylı yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir.
El şairi Aşıq Ələsgərin 200 illik yubileyi ərəfəsində biz onun nəticəsi “Dədə Ələsgər İctimai Birliyinin”, sədri Xətai Ələsgərlini redaksiyamıza dəvət etdik. Söhbət əsnasında o, bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:
—Aşıq Ələsgərin böyüklüyü xalq həyatını, insan taleyini, sevinc və kədər hisslərini məharətlə ifadə etməsindədir. Dədə Ələsgər minillik ənənələr axarında öz sözünü deyə bilmiş, insanların işlətdiyi adi sözlərlə hamını heyrətdə qoyacaq bir poeziya ümmanı yaratmışdır.
Aşıq Ələsgər Azərbaycan aşıq sənəti, milli aşıq poeziyası tarixində şərəfli yer tutan sənətkardır. O, qeyri-adi fitri qabiliyyəti sayəsində yaratdığı müxtəlif səpkili, müxtəlif məzmunlu bədii incilərində özünəməxsus boyalarla ifadə etdiyi ümumbəşəri fikirləriylə sənətin müqəddəs zirvəsinə yüksəlmişdir. Qüdrətli el sənətkarının yaratdığı əsərlər bu gün də aşıqlarımızın repertuarında geniş yer tutur, şənliklərin, məclislərin bəzəyinə çevrilməkdədir. Aşıq Ələsgərin şan-şöhrəti Azərbaycanın hüdudlarını çoxdan aşmışdır. Ustad sənətkarımızın adı və yaradıcılığı indi qardaş Türkiyədə, İranda, Gürcüstanda, Dağıstanda, eləcə də Orta Asiya Respublikalarında da məşhurdur.
Xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Dədə Ələsgər yalnız qüdrətli şair-aşıq kimi yox, həm də xalqımızın qəlbində bir ocaq, pir, bir övliya olaraq heykəlləşmişdir.
Aşıq Ələsgərin atası Alməmməd işgüzar və halal zəhməti ilə dolanan, xalq arasında şair kimi tanınmış bir el ağsaqqalı idi. Ələsgər Aşıq Alının yanında beş ilə qədər şagirdlik etmişdir. Bu müddət ərzində özünün qeyri-adi istedadı sayəsində sənətin sirlərini öyrənərək, müstəqil aşıqlıq etməyə başlamış, müxtəlif səpkili şeirləri ilə xalq arasında böyük şöhrət qazanmış, səsi-sorağı hər yana yayılmışdır. O, hafizəsi, dərin zəkası və həmişə öyrənməyə cəhd göstərməsi sayəsində zəngin bilik əldə etmişdir. Aşıq Ələsgərin şeirlərində Firdovsinin, Nizaminin, Nəsiminin, Füzulinin, Hafizin adlarının çəkilməsi, “Onlar da yazdığı, ayə, məndədi” deməsi təsadüfi sayılmamalıdır. Aşıq dinləmə yolu ilə onların əsərlərindən çox şey öyrənmişdir. Onun bədahətən şeir söyləməsi hamını heyrətləndirmişdir.
Deyilənə görə Aşıq Ələsgər yeri gələndə, sazı sinəsinə basar, şeiri elə oradaca bədahətən yaradar, yadında saxlar, sonradan şəyirdlərinə öyrədərmiş.
Aşıq Ələsgər böyük bir ailənin qayğısını çəkmiş, Bəşir, Əbdüləzim, Talıb adlı üç oğul, Nigar, Xeyransa, Gülnisə, Bəsti, Əsli və Zümrüd adlı altı qız böyüdüb ərsəyə çatdırmış, ev-eşik sahibi etmişdi. Şagirdlərinin, qohumlarının dediyinə görə Aşıq Ələsgər sazı solaxay çalarmış, Havaları çox məharətlə ifa edən, həmişə özünü ağır və təmkinli aparan aşıq dastanları çox ustalıqla söyləyər, dinləyiciləri cərəyan edən hadisələrin doğruluğuna inandırarmış. “Təmiz adı ilə” ellər dolaşan Aşıq Ələsgər hamı tərəfindən sevilir, hər yerdə hörmətlə qarşılanırdı. Şeir-sənət xiridarları onunla dostluq etməyi, evində qonaq saxlamağı özlərinə şərəf sayardılar.
Görkəmli şair-aşığın çox böyük sənətkar olduğunu hələ sağlığında ikən dövrünün ziyalıları, ustad aşıqları dönə-dönə etiraf etmişlər. Fars, türk və ərəb dillərində mükəmməl təhsil görmüş, klassik ədəbiyyatı və aşıq poeziyasını kamil bilən Mirzə Bəylər Ələsgəri onu Şərqin böyük şairi Hafiz Şirazilə bərabər tutmuş, yaradıcılığını yüksək qiymətləndirmişdir. Ustadın yaratdığı sənət inciləri ilə Azərbaycan aşıq poeziyasına ucalıq gətirmişdir.
Aşıq Ələsgər Qafqaz elini qarış-qarış gəzmiş, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Şərurda, Dərələyəzdə, Borçalıda, Qazaxda, Şəmkirdə, Şınıxda və başqa yerlərdə saysız-hesabsız məclislər keçirmişdir. Onun “Ayə məndədi” rədifli qoşması məclislərdə maraqla söylənərdi:
Ahəngər deyiləm, naşı bəzirgan,
Sözüm dürdanədə, a yaməndədi,
Sinəmdədi eşqin şirin çeşməsi,
Ləzzəti meyil edib, ay əməndədi.
Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim
tərpədər nə
simi?
Firdovsi,
Füzuli, Hafiz, Nəsimi,
Onlar da yazdığı ayə məndədi.
Kişi
gərək zəhmət
çəksin, dər
salsın,
Süfrə açsın, ad qazansın,
dər salsın.
Dərsi
azlar Ələsgərdən
dərs alsın,
Altı min altı yüz ayə məndədi.
1849-cu ildə Tiflisin 40 kilometrliyindəki Dəmirçi
Həsənli kəndində
Aşıq Ələsgəri
ilk dəfə dinləyən
Polonski başqa bir kənddəki görüşündə onun
“Əsli və Kərəm” dastanını
danışmasını göstərdikdən
sonra yazır: “Ələsgər yanıqlı-yanıqlı
oxuyurdu, camaat onu böyük təntənə və məftunluqla dinləyirdi.
Mən dili bilməsəm də, havaların ahəngindən yaxşı
başa düşürdüm”.
Nəğmələri mənə tərcümə
edirdilər.
Aşıq Ələsgərin şeirlərində
qadın gözəlliklərindən
daha çox söhbət açılır. Bənzətmələrdən
ən geniş istifadə edən sənətkar əksər
hallarda klassik şeir ənənələrinə
sadiq qalaraq, qaşı-kamana, büllura,
yanağı-almaya, laləyə,
dişləri dürrə,
dodağı -qönçəyə,
saçı -şahmara,
qaməti -sərvə
bənzədir:
Axşam-sabah, seşmə, sənin başına.
Bilirsənmi, necə canlar dolanır?!
Büllur
buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülfü pərişanlar
dolanır.
Azərbaycan klassik aşıq
şeirinin, xüsusən
Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Şəmkirli Aşıq Hüseyn, Aşıq Alı kimi qüdrətli saz-söz sənətkarlarının
yaradıcılıqları sənət incilərinin Aşıq Ələsgər
poeziyasının təşəkkül
tapmasında böyük
təsiri olmuşdur. Aşıq Ələsgərin yaradıcılığında
aşıq şeiri şəkillərində yazan
klassik şairlərimizin,
xüsusən də Vaqif və Zakir
şeirlərinin təsiri
aydın hiss edilməkdədir.
O, öz elini, Göyçə gölünün
nəğməli sahillərini,
başı buludlardan nəm çəkən “çalmalı” dağının
romantik mənzərələrini,
bütövlükdə “Qafqaz
elini” necə dolandığını ustalıqla,
poetik ilhamla qələmə almışdır.
Dədə Ələsgər ömrünün
son çağlarında söylədiyi
bir şeir diqqəti xüsusi cəlb edir:
Səksəni-doxsanı keçibdi yaşım,
Əzrail həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç
təblini çal, qoca baxtım.
1918-1919-cu illərdə daşnakların türklərə
qarşı törətdiyi
qırğın nəticəsində
Göyçə mahalının
var-yoxu talanmış,
əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur
olmuşdu. İki ilə qədər
Kəlbəcərin Yanşaq
kəndində yaşayan
Aşıq Ələsgər
sonra Tərtərə
köçmüş, bir
neçə ay orada qalmışdır. Lakin onun
ürəyi Göyçə
eşqi ilə döyünürdü. Ustad aşıq
tezliklə hər qarışında ayaq izləri qalmış Göyçənin Ağkilsə
kəndinə dönmüş,
yenidən öz şeirləri ilə insanların qəlbinə
yol tapmışdır.
1972-ci ildə Dədə Ələsgərin anadan olmasının 150 illiyi, 1998-ci ildə isə 175 illiyi Azərbaycanın hər yerində qeyd olunmuş Azərbaycan Elmlər Akademiyası tərəfindən dahi şairin əsərlərinin iki cildlik elmi nəşri hazırlanmış və çap edilmişdir.
Vaxtilə Ulu Göyçənin Ağkilsə kəndində Dədə Ələsgərin büstü qoyulmuş, dövlət səviyyəsində keçirilən bu tədbirdə Azərbaycan nümayəndələri görkəmli incəsənət ustaları, el aşıqları iştirak etmiş, geniş yubiley tədbirində Basarkeçər rayon İcraiyyə Komitəsinin sədri Zərbəli Qurbanov şairin həyat və yaradıcılığı barədə çıxış etmişdir. Təəssüflər olsun ki, Aşıq Ələsgərin dünyada göz açdığı Ağkilsə kəndi bu gün erməni faşistlərinin işğalı altındadır. Göyçəlilər əmindirlər ki, gün gələcək ki, 30 il qəribsəmiş yurd yerləri düşməndən azad olunacaq, türkün dəmir yumruğu daşnakların başına enəcək, köç karvanları Göyçə mahalına üz tutacaqdır...
X. Ələsgərli sözünə davam edərək vurğuladı ki, 2011-ci ildə Aşıq Ələsgərin anadan olmasının 190 illiyi təntənə ilə qeyd edilmiş, xeyriyyəçi kimi məşhurlaşmış tədqiqatı və Göyçə mahalının yetirməsi Akif Nəbiyevin təşəbbüsü ilə Dərnəgül Əyləncə Mərkəzində, geniş bir məkanda Dədə Ələsgərə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Mərasimdə bəlkə də minə yaxın saz-söz həvəskarı Ukrayna, Rusiya Federasiyası, İran və başqa ölkələrdə yaşayan həmvətənlərimiz, müxtəlif bölgələrdən gəlmiş el aşıqları iştirak edirdilər. Belə bir əzəmətli tədbir Heydər Əliyev sarayında da keçirilmişdir.
Akif Nəbiyevin təşəbbüsü ilə son illərdə Xaçmaz rayonunda şair-aşıq Ələsgərlə bağlı yaddaqalan tədbirlər davam edib.
Çoxəsrlik aşıq poeziyasını əlçatmaz, əzəmətli bir dağa bənzətsək, bu dağın zirvəsində sənət qartalı olan, XIX əsrin müdrik ozanı Dədə Ələsgər dayanır. Aşıq Ələsgər şifahi xalq ədəbiyyatına, aşıq poeziyasına dərindən bələd olan, şeirin-sənətin qiymətini bilən el sənətkarı kimi məşhurlaşmışdır. 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə 200 illik yubileyinin keçirilməsi Azərbaycanımızın mədəniyyət tarixinə, XXI əsrə qızıl hərflərlə yazılacaqdır.
Qədir ASLAN,
Əməkdar jurnalist.
Respublika.- 2021.- 13 mart.- S.7.