Böyük Qələbə ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır

 

Hər bir xalq varlığını, keçmişini sübuta yetirmək, azadlığını, müstəqilliyini əldə etmək üçün qanlı-qadalı, məşəqqətli, faciəli günlər yaşayır. bu günlər bir tarix kimi o xalqın ədəbiyyatında, musiqisində, daş heykəllərində, yaddaşlarında yaşayır, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə bir salnamə kimi yadigar qalır. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı da tarixin amansız hökmü ilə zaman-zaman böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində olmuş, parçalanmış, torpaqları zəbt edilmiş, hərbi, siyasi, mənəvi təcavüzə məruz qalmış, lakin öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq qalaraq Vətənin azadlığı və müstəqilliyi naminə zamanın sərt sınaqlarına sinə gərmiş, torpaqlarının bütövlüyü uğrunda mübarizədən usanmamış, bu yolda saysız-hesabsız qurbanlar vermək əzmini dünyaya nümayiş etdirmişdir.

 

Bəşəriyyət üçün ən ağır və ən dəhşətli dövr müharibələr, istilalar dövrüdür. Azərbaycan xalqı bu dövrü keçən əsrin sonlarında bir daha yaşadı. Bir daha xalqımızın tarixinə qanlı hadisələr, faciələr, misli görünməmiş soyqırımı yazıldı. Bu dövr qan yaddaşımıza həm də hünər, qəhrəmanlıq, milli oyanış dövrü kimi həkk olundu.

 

Ötən əsrin 80-ci illərindən başlayaraq, qəsbkar, mənfur erməni separatçılarının Azərbaycanın əzəli və əbədi torpaqlarına göz dikməsi, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq xülyası ilə torpaqlarımızın 20 faizdən çox hissəsi zəbt edilmiş, ərazi bütövlüyümüz pozulmuş, 300 mindən çox soydaşlarımız yurd-yuvalarından didərgin düşmüşdülər. Bu illər ərzində xalqımız başına gələn bütün müsibətlərə səbirlə yanaşaraq münaqişənin sülh yolu ilə həll olunacağı, regionda sülhün, sabitliyin bərqərar olacağı, haqqın, ədalətin zəfər çalacağı günü səbirsizliklə gözləmişdi. Lakin heç bir aparıcı beynəlxalq təşkilatlara, beynəlxalq vasitəçilərə məhəl qoymayan, atəşkəs rejimini dəfələrlə kobudcasına pozan, ata-baba torpaqlarımızı öz adlarına çıxan mənfur ermənilərin cavabını vermək zamanı artıq gəlib çatmışdı. Dəfələrlə “əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik” - deyən MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 2020-ci il sentyabr ayının 27-də əks-hücum əməliyyatlarına başladı. Həmin gün Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan azadlıq istəyinin dünyaya bəyan edildiyi gün idi. Bu tarixi gün xalqımızı daha sıx birləşdirdi, mübarizə ruhumuzu daha da yüksəltdi. Kölə kimi yaşamayaq deyə azadlığı qanı ilə, canı bahasına qazanan mərd, qəhrəman oğul və qızlarımız sübut etdilər ki, Azərbaycan xalqının inam və iradəsini, azadlıq uğrunda mübarizə əzmini qırmaq, milli mənliyini alçatmaq mümkün deyil. Şanlı Ordumuz 44 gün ərzində böyük şücaət göstərərək 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı düşmən əsarətindən qurtardı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Vətən müharibəsi zəfərlə, xalqımızın Böyük Qələbəsi ilə başa çatdı.

 

Həqiqətən də, şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrum xalqdır. Bir qarış torpaq uğrunda gözünü qırpmadan canından keçən minlərlə igid, qəhrəman oğullarımızın rəşadəti sayəsində Vətənimizin başı üzərindən qara buludlar dağıldı. Şəhidlərimizin qanı tökülən hər qarış torpaq Vətənə döndü. Azərbaycan xalqının birlik və həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyi qəhrəman Azərbaycan Ordusunun zəfəri oldu. Möhkəm əqidəli, hərtərəfli yüksək hazırlığa malik, qətiyyətli lider kimi hərb işinə də böyük bacarıqla rəhbərlik edən ölkə başçımız, eyni zamanda informasiya müharibəsində də sarsılmaz iradə göstərib xarici ölkələrin televiziya kanallarına, xəbər agentliklərinə dərin məzmunlu müsahibələr verərək Azərbaycan xalqının sülhsevər, sülhməramlı olduğunu bütün dünyaya bəyan etdi.

 

Azaddır elimiz, azad Qarabağ!

 

Allah ordumuza qoy olsun dayaq,

 

Gəlir qəlbimizdən bir səs, bir səda

 

Qarabağ Azərbaycandır, bir nida!

 

Belə tarixi Qələbəni, işğaldan azad olunmuş tarixi torpaqlarımızda üçrəngli müqəddəs bayrağımızın dalğalanmasını bizə bəxş edən rəşadətli Azərbaycan ordusuna, Silahlı Qüvvələrin Ali Baş Komandanı, qalib Sərkərdə, möhtərəm Prezidentimiz İlham Əliyevə öz adımdanbütün Laçın camaatı adından minnətdarlığımı bildirirəm. Biz laçınlılar əminik ki, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş bütün rayonlarımız, o cümlədən Laçın rayonu qısa müddət ərzində müasir səviyyədə yenidən qurulacaq, bütün laçınlılar öz doğma yurd-yuvalarına qayıdaraq ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər. Bu qələbə 30 illik yurd həsrətimizə, Vətən nisgilimizə son qoymaqla yanaşı, eyni zamanda ölkəmizdə aparılan dayanıqlı inkişaf siyasətinin, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasını, siyasi münasibətlərin müsbət səviyyəyə yüksəlməsini təmin etdi. Böyük Qələbə ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olacaq. Bu gün işğaldan azad olmuş əzəli torpaqlarımızda yeni mərhələ başlayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə bu torpaqlarda geniş tikinti-quruculuq işləri aparılacaq, yurd yerlərimiz abadlaşdırılacaq. İşğaldan azad olunmuş bütün şəhər, rayon, qəsəbə və kəndlərimiz çiçəklənən Azərbaycanın sinəsində gülüstana dönəcək. Ulu öndər Heydər Əliyevin dediyi kim, gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq. O gün uzaqda deyil...

 

 

 

Yaqut SADIQOVA,

13 saylı məktəbin direktoru,

Əməkdar müəllim.

 

Respublika.- 2021.- 16 mart.- S.4.