YER (TORPAQ) ÇƏRŞƏNBƏSİ

 

Ağır qış günləri həddindən çox zəifləmiş Ana torpaq öz övladı insana heç bir vəchlə kömək əlini uzada bilmir. İlin bu çağında müdriklərimiz “qışınki yatmaqdı, yazınki oyatmaqdı”- deyə, insanları qışın ətalətindən silkələyib qaldıraraq onları ulu Torpağı müxtəlif vasitələrlə qış yuxusundan oyatmağa çalışmışlar. Bir-iki həftə bundan əvvəl oyanmış ulu SuOd varlıqlarının yardımı sayəsində soyuqların artıq kəsərdən düşdüyü bir vaxtda Torpaq yavaş-yavaş cana gəlir, nəfəs almış kimi buğlanıb tərləməyə başlayır, onda bir ilıqlıq əmələ gəlir. Ulularımızın təbirincə desək, bu günlər XIZIRın isti nəfəsi torpağa baxır, üskü yerə gəlir.

 

Doğru ÇƏRŞƏNBƏlərdən IV sayılan YERÇƏRŞƏNBƏ (xalq arasında ona “Ağır Çərşənbə”, “Zinda Çərşənbə”, “Xak Çərşənbə, // Torpaq Çərşənbə” də deyirlər) “yer üzünün qarası, ağacların anası” müqəddəs TORPAQ varlığının oyanması ilə əlaqələndirilir. Bu bayramda insanlar bir qayda olaraq yenə od-ocaq qalayıb, 6 Çərşənbə Tonqalı çatır ki, yer üzərində yanan alovların hərarəti Yerin 7 qatına (əski inama görə Yer bir vaxtlar sönüb daşa dönmüş alovdur) keçərək soyuq-şaxtadan donmuş torpağın “bətnini” qızdırsın, onun üstündəki “soyuq yorğan” atılsın və torpağı xış-kotanla diksindirib onu əkinə hazırlamaq, toxum səpməkdən ötrü lazımi şərait yaransın.

 

Bir el rəvayətinə görə, bu mübarək Çərşənbə Axşamı XIZIR babanın qardaşı yer və dağ-təpə sahibi ZİNDA öküzünü itirironu axtarmaq üçün yaxınlıqdakı meşəyə yollanır. Xeyli axtarıb öküzü tapa bilmiryorulub meşədə yatır, yağan qar onun üstünü örtür. Elə bu gecə asimanın IX qatından ayrılıb, Boz atın belində Yer üzünə nazil olmuş Xoşqədəm XIZIR bir qədər qardaşını axtardıqdan sonra onu qar-buz altından tapıb öz isti nəfəsilə Torpaq Sahibini qızdırır. ZİNDA tərləyib qar altından çıxır, öküzünü tapır və hamı sağ-salamat ZİNDAnın evinə gəlir. Bu axşam ZİNDAya qonaq olan müqəddəs XIZIR özüylə gətirdiyi əmanəti - büsbütöv qızıldan tökülmüş kotan ilə boyunduruğu (başqa yerdə qızıl çubuq) qardaşına çatdırır və çərşənbələşdikdən sonra əl-ələ verib hər ikisi XIZIRZINDA // XİZİRZİNDƏ// adı altında YERÇƏRŞƏNBƏ bayram tədbirlərilə ulu torpağı oyatmağa çalışırlar.

 

Əski əqidəyə görə, XIZIRZINDA mübarək Çərşənbə Axşamı hamıya bərəkət paylayır. Üzə gələn il ruzili olsun, bar-bərəkət artsın deyə, bu gecə evdəki un çuvallarının ağzını açıq qoyurlar ki, bərəkət paylayanda bağlı olmasınlar. Hər ev sahibi heç kəslə danışmadan əllərini una bulayıb evin divarlarına sürtür, sonra bağ-bağçaya çıxıb buradakı meyvə ağaclarının kötüyünə balta ilə yüngülcə bir-iki dəfə toxunub, “nə yatmısan, oyan bərəkət payını götür” deyir və inanırdı ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri gen-bol olacaqdır. Heç bar verməyən ağacları isə, “kəsəcəyəm” deyə, balta ilə zədələyir və bu zaman kənarda durmuş bir başqası (əslində o, XIZIRZINDAnı təmsil edirdi) ona “kəsmə, bu ağac hökmən gələn ildə bar verəcək, buna mən zamin”- deyirdi...

 

Yurdumuzda “səməni”, bir adət olaraq iki niyyətlə göyərdilir. Biri, Bayram Süfrəsi üçün təbiətin və canlı aləmin oyanmasına bir işarə, yaşıllıq rəmzi tək. Bu, əsasən arpa göyündən ibarət olan səməniyə ayrı-ayrı yerlərdə “arpa göyü // göy səməni // səməni otu” və “səbzə” deyilir. İnanırmışlar ki, “arpa göyü” düz, rəvan cücərərsə, təzə il nemətli olacaq, dolaşıq, əyri-üyrü bitərsə, qıtlıq, aclıq baş verəcəkdir. Mübarək YERÇƏRŞƏNBƏ axşamı hər ailə, yaxud bir məhəllə sakinləri müştərək şəkildə “səməni mayası” (“ona maya səməni // səməni həlimi” də deyirlər) hazırlayırdı. Səməni mayası, bir qayda olaraq təmiz çəmənlik və ya açıq bir tarlada (sonralar müqəddəs pir, yaxud məscid yanında) bişirilirdi. Vaxtilə ÇƏRŞƏNBƏ Axşamı gecə başlayıb sübh çağı tamamə yetirilən Səməni Büsatı əsl el şənliyinə, toya çevrilərək el-oba içində “səməni toyu // sümənaq toyu” adlanırdı.

 

YERÇƏRŞƏNBƏ tədbirləri taxıla, buğdaya, ümumiyyətlə, dənli bitkilərə pərəstişlə başlarbu nadir nemətləri insana bəxş edən TORPAQ varlığına tapınma ilə başa çatırdı. Ağsaqqallarımız tövsiyə edirdilər ki, səməni büsatı, xış-kotanlı mübarək YERÇƏRŞƏNBƏdən sonra tarladakı torpaq üzərində qar, buz qalmamalıdır, əks halda torpaq boğula bilər. Bu, baş verməsin deyə ÇƏRŞƏNBƏ günü camaat üzərinə qar yağmış əkin yerlərini iri mal-qaraya tapdadır, üzərində at çapır, qarlı torpaq üstə qoç və kəl döyüşü keçirirdilər. Sözün qısası, bu gündən etibarən torpağa yaz nəfəsi gəlir, o, rütubət və günəşdən yumşalıb narınlaşır, necə deyərlər, “quzulayırdı”. Bu ÇƏRŞƏNBƏdə xalqımız bağ-bostan, küçə və həyətlərdə ağacların dibindəki torpağı belləyib yumşaldır, xış-kotanı sazlayaraq əkinə hazırlıq işlərini görüb qurtarır, təzə ilin ruzisinin təməlini qoyurdu.

 

Əski qaynaqlardan bəlli olur ki, bir zamanlar indiki Xızı rayonu ərazisindəki uca “Beşbarmaq” dağının ətəklərində isti iqlimə malik bol taxıllı Bəğrəvan // Badərvan // adlanan bir şəhər yerləşmişdir. Deyirlər ki, bu şəhərdə mərhəmətli XIZIR baba tərəfindən tikilmişbu gün də müqəddəs pir sayılan məscid xarabalıqları üzərində hər il YERÇƏRŞƏNBƏ səhəri göydən yerə enmiş gözəgörünməz babanın Bozatının ayaqları altından götürülmüş torpağı kor gözə sürtsən, onlar açılır. Aşıq Qəribin kor olmuş anasının gözləri Bozatın ayağı altından götürülmüş torpaqla açılmamışdımı? Ulu babalarımız demişlər: “Torpaq müqəddəsdir, o hər şeyin əzəli və axırıdı”.

 

 

 

Elçin Muxtar Elxan, 

 

Yeddi çərşənbə, yeddi bayram”) kitabından.

 

Respublika.- 2021.- 16 mart.- S.6.