Tanınmış ziyalı Teymur Əhmədovun xatirəsi qəlbimizdə
həmişə yaşayacaq
Azərbaycan media ictimaiyyətinə ağır
itki üz verib. “Respublika” qəzetinin
baş redaktoru, tanınmış alim, filologiya üzrə elmlər doktoru, professor Teymur Əkbər oğlu Əhmədov
2021-ci il mart ayının 16-da 90 yaşında
vəfat edib.
Teymur Əhmədov 1930-cu il dekabrın 25-də
Şəmkir şəhərində
anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsində, Azərbaycan
Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Dil
və Ədəbiyyat
İnstitutunun aspiranturasında
təhsil alıb.
Görkəmli jurnalist 1965-1968-ci illərdə
“Azərbaycan” jurnalı
redaksiyasında şöbə
müdiri, 1968-ci ildə
Nizami Gəncəvi adına Dil və Ədəbiyyat İnstitutunda baş
elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində
müdir müavini,
1988-ci ildən aparıcı
elmi işçi olub.
1990-1991-ci illərdə “Vətən həsrəti”,
1992-1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləyib.
1995-ci ildən “Respublika” qəzetinin baş redaktoru, 1996-cı ildən
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Azərbaycan
ədəbiyyatı şöbəsinin
müdiri vəzifələrində
çalışıb.
Teymur Əhmədovun Azərbaycan
jurnalistikasının inkişafı
sahəsində göstərdiyi
xidmətlər və
səmərəli əməyi
yüksək dəyərləndirilərək
Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı, akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilib. 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına
layiq görülüb,
Həsən bəy Zərdabi və Beynəlxalq Atatürk mükafatları, Azərbaycan
Respublikası Prezidentinin
müvafiq sərəncamları
ilə 2002-ci ildə
“Tərəqqi” medalı,
2020-ci ildə isə
“Şöhrət” ordeni
ilə təltif edilib.
Tanınmış ziyalı, qayğıkeş
və səmimi insan Teymur Əkbər
oğlu Əhmədovun
xatirəsi media ictimaiyyətinin
və onu tanıyanların qəlbində
həmişə yaşayacaq.
Allah rəhmət eləsin!
Əhməd İsmayılov,
Medianın İnkişafı
Agentliyinin İcraçı
direktoru.
Respublika.- 2021.- 17 mart.- S.7.