Azərbaycan mətbuatının
patriarxı, ictimai xadim, dəyərli alim
Teymur Əhmədov
Tanrının ona bəxş etdiyi ömür payını ləyaqətlə,
şərəflə yaşadı, nəsillərə
nümunə oldu
Yalan, yalan, yalan dünya, yalan olduğu qədər də
çətin dünya. Bu çətin dünyada rahat olmaq və həyata
sıx bağlanmaq, yalnız torpaqla doğmalığın, həyata
və insanlığa məhəbbətin sayəsində
mümkün ola bilər. Dünyanın hər
üzünü görüb, onun dolanbaclarını mətinliklə,
səbrlə, dözümlə aşıb yaşamaq, həqiqətə
güvənmək... Onun böyüklüyü bunda idi... Böyük alim, böyük insan - Teymur Əhmədov.
Ümid qapısı, mərhəmət
ünvanı idi Teymur müəllim. Azərbaycan
mətbuatının patriarxı, böyük mühərrir,
zəhmətsevər, əla təşkilatçı, ictimai
xadim, dəyərli alim, təcrübəli baş redaktor, ləyaqətli-əxlaqlı
insan, vətənpərvər, millətsevər Teymur Əkbər
oğlu Əhmədov.
Dünyamızın yaxşı və xeyirxah
adamlarından biri olan Teymur müəllimdən söhbət
açmaq çətin və həm də şərəflidir. İndi bizim
üçün belə ağır məqamda o böyük
insandan bilsəniz yazmaq nə qədər çətindir.
Asan deyil, doğma övladıtək əzizləyib bəslədiyi,
hər gün sənət və həyat dərsi verdiyi, səbrlə,
təmkinlə qəzetçilik peşəsini içimizə
hopdurduğu, nəhayət, ailə həyatı quranda
müdrik ağsaqqal kimi irəli çıxıb ata nəvazişi
və qayğısı ilə köməyini əsirgəmədiyi
redaksiya əməkdaşları üçün indi onun
yoxluğu ilə barışmaq məcburiyyətində qalmaq
çətin deyilmi? Ustadımızla ayrılıq məqamında
bir sual qarşısındayıq: demək istədiklərimizi
elə çözələməliyik ki, istəkli müəllimimizin
zəngin, çoxçalarlı, mürəkkəb, təqdirəlayiq
ömür kitabını bütünlüklə
açıqlaya bilək. Yox, bu mümkünsüzdür.
Olsa-olsa cürət edib həmin ömür kitabını
ötəri vərəqləyib Teymur müəllimin ruhunu
şad etmək istəyirik...
Teymur Əhmədov zəngin və şərəfli 90
illik ömür payının 70 ilini mütəmadi,
davamlı şəkildə mətbuata həsr edib. Akademik Cəmil Quliyev “Zəhmət
və istedadın vəhdəti” məqaləsində
yazır: “Soruşularsa Teymur Əhmədov tədqiqatçı
kimi qüvvətlidir, yoxsa jurnalist kimi? Çətin
sualdır, məncə, o, jurnalistik fəaliyyətində
yaxşı jurnalistdir. Bu iki tərəf onun
yaradıcılığında vəhdət təşkil
edir! Ən ümdə Teymur zəhmətkeş,
sadə insandır”.
Lap kiçik yaşlarından yazıya-pozuya olan həvəs
onu bir gün böyük mətbuata aparan yolun
başlanğıcına gətirdi. Azərbaycan Dövlət
Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra,
1954-cü ilin avqsut ayından doğma yurdu İrəvanda Ermənistan
KP Mərkəzi Komitəsinin orqanı olan “Sovet Ermənistanı”
qəzeti redaksiyasında əmək fəaliyyətinə
başladı. 1959-1961-ci illərdə Moskvada “Pravda”
redaksiyasının təşkil etdiyi ikiillik Ümumittifaq qiyabi jurnalistika
lektoriyasında nəzəri biliyini artırdı və
SSRİ Jurnalistlər Birliyinə üzv oldu. Gənc
jurnalistin qələm məhsulları müxtəlif sahələri
əhatə etməklə böyük marağa səbəb
olurdu. O, imkan tapdıqca İrəvan Dövlət Tarix
Arxivinin dəmir rəflərində üstünü toz
basmış qovluqlarda qat kəsmiş, saralmış vərəqləri
araşdıraraq çox qiymətli sənəd və
faktları aşkara çıxarır, maraqlı yazılarla
çıxış edirdi. Həmin vaxtlarda
1918-1920-ci illərin milli münaqişələr zəminində
baş vermiş hadisələri əks etdirən çoxlu
sayda sənəd və digər materiallar üzə
çıxarmışdı. Onların arasında
Abbasqulu bəy Şablinski və onun silahdaşlarının qəhrəmanlığı,
“Qırmızı tabor”un fəaliyyəti
ilə bağlı material toplamış, silsilə yazılar
yazmışdı. Erməni
qadağalarının, fitnə-fəsadının içində
belə, yazdığı o yazılar oxucular tərəfindən
maraqla qarşılanırdı. Teymur
Əhmədov o zaman erməni mətbuatında Azərbaycan
tarixini, onun qəhrəman oğullarını bilərəkdən
gözdən salan yazılara da cəsarətlə cavab verir,
onların saxtakarlığını ifşa edirdi.
Teymur
Əhmədovun İrəvanda “Sovet Ermənistanı” qəzeti
redaksiyasında (1954-1961) işləməsi onun vətəndaş
ziyalı kimi yetkinləşməsinə ciddi təsir göstərdi,
işgüzarlığı, jurnalistika aləmində ilk cəsarətli
addımları, arxivlərdə çalışması,
inadlı axtarış bacarığı, ilk qələm təcrübələri
böyük arzularla yaşayan gəncin sonrakı ədəbi,
elmi fəaliyyətinə uğurlu zəmin yaratdı.
1961-ci ildə
ailəlikcə Bakı şəhərinə köçən
Teymur Əhmədov elə həmin il Azərbaycan
Elmlər Akademiyasının Dil və Ədəbiyyat
İnstitutunun aspiranturasına daxil oldu. Elmi rəhbəri,
Xalq yazıçısı, akademik Mirzə İbrahimovun təklifi
ilə görkəmli ictimai-siyasi xadim, yazıçı Nəriman
Nərimanovun ədəbi irsini araşdırmağa
başladı. Sovet hakimiyyəti
dövründə adının belə çəkilməsi
qadağan olunmuş Nəriman Nərimanov irsini
araşdırmaq müşkül məsələ idi. Buna baxmayaraq, gənc tədqiqatçı var
qüvvəsi ilə çalışaraq “Nəriman Nərimanovun
dramaturgiyası” mövzusunda elmi-tədqiqat əsərini
vaxtında yazıb başa çatdırdı. Elmi rəhbəri
müdafiədən bir gün qabaq öz xətti ilə ilk
aspirantına belə bir məzmunda fototeleqram göndərir:
“Əzizim Teymur, təbrik edirəm. İnanıram
ki, müdafiən uğurla keçəcəkdir. Mirzə İbrahimov”. Belə də
olur. Bundan sonra o, “Nəriman Nərimanovun
yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyası
üzərində işləyib onu da uğurla müdafiə
edir.
Teymur Əhmədov elmi və jurnalistik fəaliyyətini
paralel şəkildə davam etdirir, müqtədir bir elm, mətbuat
fədaisi olduğunu sübuta yetirir. Nəşrinə rəvac verdiyi qəzet
və jurnalları “Ata yurdu”, “Vətən səsi”, “Elturan”, “Vətən
həsrəti”, “Hikmət”, “Yeni fikir”, “Füyuzat”ı
yanğı və sevgi ilə işıq üzünə
çıxarır.
1996-cı ildə Teymur Əhmədovu Ulu Öndər
Heydər Əliyev Prezident Administrasiyasının təsisçiliyi
ilə gələcəkdə dövlətçiliyimizin
möhkəmlənməsi və inkişafında müstəsna
xidmətləri olan “Respublika” qəzetinə baş redaktor təyin
edir. O,
düz 25 il müstəqilliyimizin
qorunması, dövlət siyasətinin təbliğində,
iqtisadi-sosial, ədəbi-mədəni mövzularda mənalı,
milli və bəşəri əhəmiyyət kəsb edən
oxunaqlı məqalələrlə qəzeti rövnəqləndirdi.
Teymur müəllimin bu vəzifəyə təyin
olunması heç də təsadüfi deyildi. Çünki Ulu Öndər XX əsrin 90-cı illərində
milli oyanış dövrünün ilk mətbuatının
yaradıcısı olan bu şəxsin fəaliyyətinə
yaxşı bələd idi. Heydər Əliyev siyasi
kursuna sədaqətini nümayiş etdirən redaktor
böyük siyasətçinin “müstəqilliyi əldə
etmək necə çətindirsə, onu saxlamaq ondan da
çətindir”, - fikrinin məntiqi mahiyyətinə söykənərək
ölkə həyatının bütün sahələrindən
bəhs edən materiallara qəzetin səhifələrində
geniş yer verirdi. Bugün Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı olan Prezident İlham
Əliyev ölkənin inkişafında yeni və
irimiqyaslı layihələri uğurla həyata keçirir.
Bütün bunlar xalqın maariflənməsi
ideyası ilə “Respublika”da öz əksini tapır. Bir sözlə, Teymur Əhmədovun mətbuat
yaradıcılığında “Respublika” qəzetinin müstəqil
dövlətimizin möhkəmlənməsi, azərbaycançılıq
ideyalarının, milli-mənəvi dəyərlərin yeni ənənələr
zəminində inkişaf etdirilməsi, zaman-zaman tarixi həqiqətlərin
işıqlandırılmasında onun redaktorluq fəaliyyəti
xüsusi bir səhifə təşkil edir. Bu da bir həqiqətdir ki, Vətənin və
xalqın taleyinə peşəkarlıqla, bir ziyalı, vətəndaş
yanğısı ilə yanaşan Teymur Əhmədovun mətbuat
yaradıcılığı bütün zamanlarda ictimai mənafelərin
ifadəsinə söykənmişdir.
Teymur Əhmədov Azərbaycanın milli oyanış
dövrü mətbuatına həm də yeni nəfəs, ənənə
gətirdi. İctimai-siyasi mühitin doğurduğu
mövzuları analitik təhlil müstəvisində xalqa təqdim
etdi. Məhz bu geniş təcrübə və
səriştəsinə görə də respublika jurnalistləri
Teymur Əhmədovu özlərinin ağsaqqalı hesab edirlər.
Ədəbiyyatşünas
alim, akademik Yaşar Qarayev “Zəhmətkeş alim, xeyirxah
insan” adlı məqaləsində yazır: “Nüfuzlu
“Respublika” qəzetinin baş redaktoru kimi ağır bir vəzifənin
öhdəsindən ləyaqətlə gəlməklə
yanaşı, elmi fəaliyyəti davam etdirmək asan iş
deyil.... Teymur Əhmədovun təbiəti, həyatı
elə qurulub ki, onu tanıyanlar da, elə mən də gənclik
illərindən ona ağsaqqal kimi baxmışıq. Bu da onun uzaqgörənliyi, daxili mədəniyyəti,
səmimiliyi ilə bağlıdır”.
1996-cı ildə Teymur müəllim “Respublika” qəzetinə
baş redaktor təyin olunduqdan sonra redaksiyaya istedadlı və
bacarıqlı qələm sahibləri cəlb olundular. Onun baş
redaktorluğu ilə qəzet böyük tirajla
çıxır, tələbkar oxucu zövqünü
oxşayır, rəngarəng yazılarla pərəstişkarlarını
sevindirirdi. Elə ilk vaxtlardan öncül
mövqeyə çıxan qəzet qısa zamanda
özünün əvəzsiz yerini təsdiqlədi. Bunun da əsas səbəbi Teymur müəllimin
peşəkar qəzetçiliyindən, günün müasir
tələbləri ilə ayaqlaşmağından savayı,
geniş dünyagörüşlü, istedadlı, sağlam
düşüncəli qələm sahiblərini öz ətrafına
toplaması, onların hər birinin qəlbində
yaradıcılıq məşəli alovlandırması idi.
Teymur müəllim bacarıqlı “komandan” kimi
güclü bir “ordu” yaratmışdı.
Redaksiya əməkdaşlarının hər birinin
özünəməxsus xüsusiyyətini, xasiyyətlərini
bildiyindən onlara fərdi yanaşır, ciddiliyi, ötkəmliyi
ilə bərabər, könül almağı,
yıxılana, səhv edənə doğru yol göstərməyi,
adamları ruhlandırmağı, işçilərini
özünə bağlamağı bacarırdı.
Teymur müəllimin qəzetin 25 illiyi ilə bağlı öz arzuları vardı, müxtəlif tədbirlər nəzərdə tutmuşdu... Təəssüf ki, dünyanı cənginə alan pandemiya ilə bağlı onları həyata keçirmək müəyyən çətinliklər yaradırdı. Ömür də vəfa etmədi... Ağırdır, onun yoxluğu ilə barışmaq çox çətindir. Uzun illər onunla çiyin-çiyinə çalışanlar üçün isə daha ağırdır. 25 il əvvəl başlayan yolçuluq, min bir əzab ilə keçən günlər yaddaşlara elə həkk olunub ki... Nağılvari məqamlar, keşməkeşli, çətin, fəqət unudulmayan fərəhli yaradıcılıq saatları, böyük müəlliflər ordusu, tanınmış insanlarla unudulmaz görüşlər... kino lenti kimi göz önündən keçir. Bütün bunlar bir xatirə kimi beyinlərə həkk olunub. Ən başlıcası, uzun illər rəhbərlik etdiyi qəzetin demək olar ki, qurucusu olan Teymur müəllimlə redaksiyada hər günkü təmas, ondan mühüm tapşırıq, göstəriş almaq, yeri düşəndə, ağıllı məsləhətlər eşitmək, hələ üstəlik, nə gizlədək, danlanmaq... yaddan çıxarmı?
Teymur müəllimin Vətən, xalq qarşısında xidmətləri dəfələrlə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, müxtəlif mükafatlara layiq görülüb. 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına layiq görülüb, Həsən bəy Zərdabi və Beynəlxalq Atatürk mükafatları, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2002-ci ildə “Tərəqqi” medalı, 2020-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib. Prezidentin fərdi təqaüdçüsü idi. Ən böyük mükafatı isə insanların sevgisi idi. O, xoşbəxt insan idi, çünki bu sevgini qazana bilmişdi. Tanrının ona bəxş etdiyi ömür payını ləyaqətlə, şərəflə yaşadı, nəsillərə nümunə oldu. İnanırıq ki, mətbuat tariximizin ənənələrinə söykənən və onu yeni dəyərlərdə inkişafa aparan cəsarətli, əqidəli, dəyanətli, mətanətli, baş redaktor Teymur Əhmədovun alim və jurnalist kimi fəaliyyəti tədqiqat mövzusuna çevriləcəkdir. Çünki yaşatdığı kimi, yaşamağa da haqqı var.
Ruhunuz şad olsun, hər zaman bizimlə olacaqsınız!..
“Respublika”.
Respublika.- 2021.- 17
mart.- S.7.