Azərbaycan xalqı öz
lideri,Müzəffər Sərkərdəsi ilə Zəfər
tarixini yazdı
30 ilə yaxın idi ki, torpaqlarımız faşist xislətli ermənilər tərəfindən işğal olunmuşdu. Atəşkəs dövründə mənfur düşmənlərimiz ölkəmizə qarşı mütəmadi təxribatlar törədir, ərazilərimizi atəşə tutur, Şuşa şəhərində qondarma Dağlıq Qarabağ rejiminin “rəhbəri”nin andiçmə mərasimi”ni keçirir, “Dağlıq Qarabağ parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsi barədə qərar qəbul edirdi.
Bütün bunlar azmış kimi, Birləşmiş Millətlər Təşkilatının hələ 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələrində işğal olunan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərini yerinə yetirmək əvəzinə, yeni ərazilər ələ keçirməyə cəhd göstərirdi.
Xatırladaq ki, ərazisi işğala məruz qalan Azərbaycanın 30 ilə yaxın müddətdə diplomatik təmkin nümayiş etdirməsi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışına həssaslıqla yanaşması, lakin bunun müqabilində işğalçı Ermənistana ciddi beynəlxalq təzyiqin göstərilməməsi vəziyyəti daha da gərginləşdirmişdi.
Qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupu ötən 28 il ərzində münaqişənin həllində heç bir rol oynamadı. Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəallığı olsa da, bunlar heç bir nəticə vermədi. Əslində, Ermənistanın aşkar şəkildə ərazi ilhaqı siyasəti yürütməsi danışıqlar prosesini “dalana dirəmişdi”.
Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun başladığı hücuma əks-həmlə əməliyyatları ilə cavab verdi. Vətən müharibəsinin 44 günü ərzində silahlı qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Noyabrın 10-da Azərbaycan, Rusiya dövlətinin başçıları və Ermənistanın baş naziri tərəfindən üçtərəfli bəyanatlar imzalandı. Bununla da 30 ilə yaxın davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu. Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətinin yeni formatı şərtləndirildi.
Cəmi otuz il ərzində müstəqil fəaliyyətə başlayan bir dövlətin inkişaf etmiş ölkələrin sırasına çıxması Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü dövlət siyasətinin uğurlu nəticəsidir. Vurğulamaq lazımdır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 44 gün ərzində istədiyimizə nail olduq, ədalət bərpa edildi. 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan ordusu irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olsun qüdrətli, müzəffər Azərbaycan ordusu geri çəkilmədi. Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamlar darmadağın edildi.
Vətən müharibəsində Azərbaycanın əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı uğurla yerinə yetirdi və bunun nəticəsində doğma torpaqlarımız işğaldan azad olundu. Düşmən ağır məğlubiyyətə uğradı. Vətənini igid, şahin oğulları düşmənin başına dəmir yumruq endirdi, onlar döyüş meydanından qaçmaqla canlarını qurtara bildilər. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər, Murovdağ silsiləsi, Ağdam, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad olundu, orada Azərbaycan bayrağı qaldırıldı.
Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad edildikdən sonra düşmənin beli qırıldı, daşnaklar təslim olmağa məcbur qaldı. Ümumiyyətlə, Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, sıldırım qayalardan keçərək, qayaları dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi. Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad olundu və Ermənistan dəmir yumruğa tab gətirməyərək təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Ermənilərin uzun illər yaratdıqları istehkamlar darmadağın olundu. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, çoxlu sayda hərbi texnikası məhv olundu, canlı qüvvəsi dağıdıldı, Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Daha doğrusu ermənilərin havadarlarının sinəsinə çalın-çarpaz dağ çəkildi...
Vətən müharibəsinin ilk günlərində Azərbaycandan siyasi, mənəvi dəstəyini əsirgəməyən, dostluğun, qardaşlığın, birliyin, həmrəyliyin nümunəsini bütün gücü ilə nümayiş etdirən Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bugünkü mərasimlər, bugünkü həyəcan, təbii ki, fərqli bir vəziyyət ortaya qoydu: “Şuşa bir tarixdir, Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də bir sevgidir”.
Müzəffər Zəfər paradı bir daha təsdiq etdi ki, qədim tarixi kökləri olan, zamanın sərt sınaqlarından üzüağ çıxan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır.
Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq. Bir çoxları, xüsusilə bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə demişdir ki, münaqişənin hərbi yolu yoxdur.
Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli var. Biz nə qədər dözə bilərdik?
Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi.
Vətən müharibəsi ilə bağlı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: “Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq qələbə və mütləq qələbə olacaqdır”.
Vətən müharibəsi nəticəsində ordusu demək olar ki, məhv edilən Ermənistan həm də 1 milyard dollardan çox maliyyə itkisinə məruz qalıb, gündəlik müharibə xərcləri təxminən 30-35 milyon ABŞ dolları təşkil edib.
Ölkə rəhbərinin işğaldan azad edilmiş rayonlara artıq ənənə halını alan səfərləri həm də erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış, yerlə yeksan edilmiş şəhər, rayon və kəndlərin bərpası və yenidən qurulması layihələri ilə yerində qərar qəbul etmək məqsədi daşıyır.
Prezident İlham Əliyevin tapşırığı əsasında hazırlanan baş planlar işğaldan azad edilmiş yaşayış məntəqələrinin - şəhər və rayonların, qəsəbələrin müasirliklə tarixin sintezinə əsaslanan şəhərsalma-arxitektura elementləri əsasında bərpasına və yenidən qurulmasına imkan yaradır.
İşğaldan azad edilmiş bəzi ərazilərin qısa müddətdə elektrik enerjisi ilə təchiz edilməsi, eyni zamanda “Azərenerji” və “Azərişıq” ASC-yə bölgənin enerji infrastrukturunun bərpası istiqamətində verilən tapşırıqlar qlobal böhran şəraitində güclü iqtisadi-maliyyə potensialının göstəricisidir. İşğaldan azad edilmiş ərazilərin bol sulu çayları, eyni zamanda Xudafərin, Sərsəng, Suqovuşan və digər su anbarları təkcə su elektrik stansiyalarının yaradılmasına, yeni enerji güclərinin alınmasına deyil, eyni zamanda, suvarma infrastrukturunda bərpasına imkan yaradır.
İşğaldan azad edilmiş ərazilərdə həm respublika, həm də yerli əhəmiyyətli 2700 kilometrədək yolların bərpası nəzərdə tutulmuşdur.
Son olaraq vurğulamaq istərdim ki, 44 gün ərzində Azərbaycan bütün dünyaya haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirdi. Azərbaycan xalqı öz lideri, Müzəffər Sərkərdəsi ilə Zəfər tarixini yazdı.
Natiq HƏSƏNOV,
Respublika Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar
icraatlar idarəsinin rəisi,
ədliyyə polkovniki.
Respublika.- 2021.- 17 mart.- S.10.