Miqrasiya proseslərinin tənzimlənməsi
məsələlərinə xüsusi
önəm verilir
Azərbaycan Respublikasının zəngin maddi-mədəni resursları, yerləşdiyi coğrafi məkan və strateji mövqeyi, ölkəmizdəki stabillik, tolerantlıq və davamlı iqtisadi inkişaf, həmçinin geniş turizm imkanları miqrasiya məsələlərinin daim diqqətdə saxlanılmasını və bu sahədə kompleks yanaşmanın göstərilməsini şərtləndirir. Milli təhlükəsizliyin qorunması, sosial-iqtisadi inkişafın dəstəklənməsi, insanların hərəkət azadlığının həyata keçirilməsinin asanlaşdırılması, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanı təşviq edən, miqrasiyanı innovasiya və dayanıqlı inkişafın mənbələrindən birinə çevirən idarəçiliyin formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ölkəmizin miqrasiya siyasətinin əsas istiqamətlərindəndir. Uğurlu miqrasiya siyasətinin əsas göstəriciləri ölkəyə gələn əcnəbilərin sayının artması, qanunsuz miqrasiya dinamikasının azalması və miqrasiya rejiminin iqtisadi inkişaf üçün əlverişli olmasıdır. Miqrasiyanın transmilli xarakteri və digər sahələrlə əlaqəsi, eləcə də dünyada, regionda və ölkəmizdə baş verən mühüm hadisələr bu sahədə yeni çağırışların yaranmasına səbəb olur.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik, iqtisadi inkişaf və quruculuq strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində dövlətimiz möhtəşəm nailiyyətlər qazanmaqda və yeni zirvələr fəth etməkdədir. 2020-ci il dövlətimiz və xalqımız üçün müstəqillik tarixində ən şərəfli il kimi yadda qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızı azad etdi. Vətən müharibəsində qazanılmış bu şanlı qələbə regionda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və ticarət əlaqələrinin genişləndirilməsi, o cümlədən miqrasiya sahəsi üçün yeni imkanlar yaratdı. Hazırda azad olunmuş ərazilərə Böyük Qayıdışla əlaqədar əsas prioritetlər müəyyənləşdirilir və Dövlət Miqrasiya Xidməti də işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafın dəstəklənməsi, həmin ərazilərə xarici investisiyaların cəlb olunması və miqrasiya axınlarının bu ərazilərə istiqamətləndirilməsi üçün öz fəaliyyət istiqamətlərinə uyğun olan bütün tədbirləri icra edəcəkdir.
2020-ci il həm də dünyada pandemiya elan edilən COVİD-19 koronavirusu ilə mübarizə ili kimi tarixə düşdü. COVİD-19 pandemiyası digər sahələrdə olduğu kimi miqrasiya prosesləri üçün də yeni situasiya və çağırışlara səbəb oldu. Xəstəliyin daha çox insan təması ilə yayılması dünya dövlətlərini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə almaqla müxtəlif spesifik tədbirlər görməyə, eləcə də 2020-ci ilin mart ayından etibarən milli sərhədlərini sərnişindaşıma üçün bağlamağa və digər məhdudlaşdırıcı addımlar atmağa məcbur etdi. Nəticədə, beynəlxalq və ölkədaxili yerdəyişmə kəskin azaldı və beləliklə miqrasiya COVİD-19-un ən çox neqativ təsir etdiyi sahələrdən biri oldu.
Azərbaycanda ilk yoluxma faktının qeydə alındığı tarixdən daha əvvəl cənab Prezidentin Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulmasına, həmçinin miqrasiya idarəçiliyi sahəsində çevik qərarların qəbul olunmasına imkan yaratdı. Pandemiya dövründə, cənab Prezidentin təbirincə desək “insan sağlamlığı, insan həyatı və insanların sosial müdafiəsi dövlətimiz üçün prioritet məsələyə çevrildi”.
COVİD-19-un mənfi təsirlərindən qorunmaq
üçün dövlət başçısı tərəfindən təkcə ölkə daxilində deyil, qlobal səviyyədə də mühüm addımlar atılmışdır. Bu dövrdə cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşləri keçirilmişdir. Həmçinin Qoşulmama Hərəkatının sədri qismində dövlət başçısının təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVİD-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının təşkili Azərbaycanın artan beynəlxalq nüfuzunun və gücünün ən bariz nümunələrindəndir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündən irəli gələn məsələlərin müzakirəsi məqsədilə 2020-ci il mayın 7-də Azərbaycan Respublikasının sədrliyi təşkilata üzv və müşahidəçi dövlətlərin miqrasiya orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin videokonfrans vasitəsilə iclası keçirilmiş, miqrasiya sahəsində maraq doğuran məsələlər, eləcə də mövcud vəziyyətlə əlaqədar əməkdaşlıq müzakirə olunaraq birgə fəaliyyətin daha da genişləndirilməsi məqsədilə işçi qrupu təsis edilmişdir.
Etiraf edək ki, COVİD-19-un yayılma sürəti və müasir dövrdə bu sahədə analoji təcrübənin olmaması beynəlxalq icmanın miqrasiya məsələlərində ümumi prinsip və istiqamətlər formalaşdırmasını çətinləşdirdi. Pandemiya dövründə dövlət sərhədlərində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən olduqları ölkəni tərk edə bilməyən əcnəbilərin hüquqi statusunun müəyyənləşdirilməsi, qaçqın statusu əldə etmək üçün müraciət edən şəxslərin vəziyyəti, qanunsuz miqrantlar barəsində görüləcək tədbirlər başda olmaqla, miqrasiya sahəsində çevik qərarların qəbul edilməsini və preventiv addımların atılmasını zəruri etdi.
Mövcud şəraitdə Azərbaycanın miqrasiya idarəçiliyi elektron xidmətlərdən istifadənin təşviqi, kommunikasiyanın gücləndirilməsi və miqrasiya proseslərinin bütün iştirakçıları ilə əməkdaşlığın genişləndirilməsi üzərində quruldu. Ölkədə tətbiq olunan xüsusi karantin rejiminin şərtləri də nəzərə alınmaqla, əcnəbilərin maksimum rahatlığını təmin etmək və insan sağlamlığını qorumaq məqsədilə miqrasiya xidmətləri üçün tətbiq olunan inzibati prosedurlar xeyli sadələşdirildi.
Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin göstərdiyi bütün xidmətlərin elektron qaydada əldə edilməsi təmin olundu. Belə ki, göstərilən xidmətlərin daha əlçatan, operativ və əlverişli olması məqsədilə elektron xidmətlərin sayı artırılmış və ondan istifadə xeyli sadələşdirilmiş, həmçinin Xidmətin mobil tətbiqi (MigAz) üzərindən müraciət imkanları genişləndirilmişdir. Bununla yanaşı, fiziki olaraq qəbul şöbələrinə yaxınlaşmaqla müraciət imkanı da saxlanılmışdır. Qeyd edilməlidir ki, 2020-ci ildə iş və yaşama icazələri ilə bağlı elektron müraciətlərdən istifadə edənlərin sayı 8.5 dəfə artmışdır.
Bu dövrdə Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən rahat istifadənin təmini, eləcə də mövcud vəziyyətlə əlaqədar müvafiq prosedurlar barədə ictimaiyyətin vaxtında və dolğun məlumatlandırılması diqqət mərkəzində saxlanılmışdır. Elektron xidmətlərdən istifadə qaydaları və həyata keçirilən işlərlə bağlı müxtəlif dillərdə hazırlanmış maarifləndirici və məlumatlandırıcı vəsaitlər, o cümlədən videotəlimatlar, həmçinin müvafiq prosedurlar barədə məlumatlar Xidmətin rəsmi veb-səhifəsi, “WhatsApp” əlaqə vasitəsi, MigAz mobil tətbiqi və 919 Çağrı Mərkəzi, sosial şəbəkə hesabları (Facebook, Twitter, YouTube, İnstagram, Telegram) da daxil olmaqla Kütləvi İnformasiya Vasitələri ilə hədəf qruplarına çatdırılmışdır. Fasiləsiz fəaliyyət göstərən və ölkə xaricindən gələn zənglərə də açıq olan, bu dövrdə gücləndirilmiş iş rejiminə keçirilməklə yanaşı, işçi qüvvəsi və texniki imkanları artırılmış Çağrı Mərkəzinə 2020-ci ildə edilən zənglərin sayı 2019-cu illə müqayisədə 2.2 dəfə artmışdır.
2020-ci ildə Dövlət Miqrasiya Xidməti pandemiyanın sahibkarlara mənfi təsirlərini nəzərə alaraq, özəl sektorla olan tərəfdaşlığını daha da gücləndirmişdir. Ölkədə mövcud olan səmərəli dövlət-özəl sektor tərəfdaşlığı və əmək miqrasiyası sahəsində Azərbaycanın müsbət beynəlxalq imici ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislərin işə cəlb olunması prosesini bu dövrdə də uğurla davam etdirməyə imkan vermişdir. Belə ki, 2020-ci ildə iş icazəsi əldə edən əcnəbilərin sayı pandemiyanın miqrasiyaya kəskin mənfi təsirlərinə baxmayaraq, 2019-cu illə müqayisədə cəmi 9% azalmışdır. Bu dinamika pandemiya şəraitində ölkənin sosial-iqtisadi stabilliyinin qorunması üçün dövlət tərəfindən görülmüş tədbirlərin nə qədər səmərəli və effektiv olmasını göstərir.
Dövlət Miqrasiya Xidmətinin pandemiya dövründə sığınacaq axtaran şəxslər və qanunsuz miqrantlarla bağlı həyata keçirdiyi tədbirlər də qabaqcıl beynəlxalq təcrübələrlə uyğunluq təşkil etmişdir. Bu dövrdə Xidmət tərəfindən qaçqın statusunun əldə edilməsi üçün müraciətlərin qəbulu davam etdirilmiş və sığınacaq sistemi ilə bağlı müvafiq sənədləşmə elektron qaydada təmin edilmişdir. Bu innovativ yanaşma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ən yaxşı təcrübə kimi qeyd olunmaqdadır.
Qaçqınların və sığınacaq axtaran şəxslərin sosial ehtiyaclarını təmin etməsinin çətinliyi nəzərə alınaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaş cəmiyyəti institutları, o cümlədən “Miqrasiya Könüllüsü” İctimai Birliyi və digər tərəfdaşlarla birgə davamlı olan sosial yardım layihələrinin həyata keçirilməsi təmin olunmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan vətəndaşları kimi ölkəmizdə məskunlaşan qaçqınlar və sığınacaq axtaran şəxslər üçün də tibbi yardım ödənişsizdir. Hazırda bu kateqoriyadan olan şəxslərin dövlət tərəfindən pulsuz vaksinasiyası davam etdirilir.
Pandemiya dövründə miqrasiya sahəsində ən vacib məsələlərdən biri ölkəni tərk edə bilməyən əcnəbilərin qanunsuz miqrant vəziyyətinə düşməsinin qarşısını almaq və qanunsuz miqrantların ölkədə yaşamasını leqallaşdırmaq idi. 2020-ci ildə dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən ölkəni tərk edə bilməyən 60 minə yaxın əcnəbinin olma müddəti əlavə müraciət olmadan Dövlət Miqrasiya Xidməti tərəfindən uzadıldı. Hazırda dövlət sərhədində giriş-çıxış tam bərpa olunanadək bu əcnəbilərin ölkədə yaşaması leqal hesab olunur.
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiya ilə mübarizə sahəsində müvafiq inzibati tədbirlərin görülməsi ilə yanaşı, qanuni miqrasiyanın təşviq edilməsini ən təsirli vasitələrdən biri hesab edir. Son 3 ildə ölkədə qeyri-qanuni vəziyyətdə olan miqrantların ümumi sayı təxminən yarıyadək azalıb. Bu nəticə əldə olunarkən ölkə ərazisində qeyri-qanuni vəziyyətdə yaşayan miqrantlarla bağlı sərt inzibati tədbirlər görülməsi deyil, onların leqallaşdırılması əsas istiqamət olaraq müəyyən olunub.
Beynəlxalq təşkilatlar tərəfindən rəhbərlik edilən Saxlamaya Alternativlər üzrə İşçi Qrup, BMT-nin Miqrasiya üzrə Şəbəkəsi başda olmaqla, bir çox beynəlxalq təsisatlar pandemiya dövründə dövlətlərə miqrantların saxlama mərkəzlərinə yerləşdirilməsini və məcburi qayıdışını dayandırmaq, saxlama mərkəzlərində olanları azad etmək və qanunsuz miqrantları leqallaşdırmaqla bağlı çağırışlar edirdilər. Lakin unutmayaq ki, Azərbaycan beynəlxalq qurumların açıqlamalarından daha əvvəl qanunsuz miqrasiya ilə bağlı siyasətini qeyd olunan istiqamətlərdə formalaşdırmışdı. Hazırda ölkəmizdəki miqrantlarla bağlı saxlama mərkəzlərində çox az sayda əcnəbi maddi imkanlarının zəifliyi səbəbindən öz müraciətləri əsasında qalırlar. Ötən dövr ərzində Mərkəzlərdə sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılmış və zəruri profilaktik tədbirlər görülmüşdür. Xüsusən vurğulanmalıdır ki, indiyədək saxlanılan əcnəbilərin heç birində COVİD-19 aşkar edilməyib.
Dövlət Miqrasiya Xidməti pandemiya dövründə bütün zəruri tədbirlər görməklə yanaşı, postpandemiya dövründə əsas fəaliyyət istiqamətlərini müəyyən edib. Dövlət sərhədlərində hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra ölkədən çıxa bilməyən əcnəbilərin qısa müddətdə ölkəni rahat tərk etməsi təmin olunmaqla yanaşı, qanuni miqrasiya kanallarının uzun müddət məhdudlaşdırılması fonunda artması gözlənilən qanunsuz miqrasiya meyllərinə qarşı miqrasiya nəzarəti tədbirləri gücləndiriləcək və bu məsələ xüsusi nəzarətdə saxlanılacaqdır.
2020-ci ildə Dövlət Miqrasiya Xidməti tərəfindən görülmüş işlər həm dövlətdaxili, həm də beynəlxalq tərəfdaşların tərtib etdikləri hesabatlarda yüksək qiymətləndirilib. Belə ki, dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin yekunlarına görə, Dövlət Miqrasiya Xidməti əvvəlki iki ildə olduğu kimi, 2020-ci ildə də mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəni (85.54 faiz) əldə etdi. Bununla yanaşı, qeyd edilməlidir ki, Avropa İttifaqının ənənəvi “Azərbaycanda Biznes Mühiti Hesabatı”nda son iki ildir (2019 və 2020) ki, miqrasiya siyasəti 5 ən yaxşı biznes mühiti göstəricisi arasında qeyd edilir. 2020-ci ildə dərc olunan daha bir sənəddə - Alman-Azərbaycan Xarici Ticarət Palatasının “Azərbaycanda Xarici Biznes Hesabatı”nda Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən, o cümlədən elektron xidmətlərin optimallaşdırılmasından, özəl sektorla faydalı tərəfdaşlığın qurulmasından və şəffaf miqrasiya rejiminin təmin edilməsindən razılıq ifadə olunmuşdur.
Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri də səmərəli beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsidir. Ötən dövrlərdə Xidmət tərəfindən bu sahədə bir sıra mühüm nəticələr əldə olunub. 2020-ci ilin fevralında Azərbaycan üzvlərinin sayına və əhatə dairəsinə görə miqrasiya sahəsində ən böyük beynəlxalq təsisat olan Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçilib. Forumun məqsədi miqrasiya sahəsində mövcud regional məsləhətləşmələri dəstəkləməklə, milli, eləcə də beynəlxalq səviyyədə miqrasiya və inkişaf üçün inteqrə edilmiş yanaşmanı təşviq etməkdən ibarətdir.
Bununla yanaşı, ölkəmiz də daxil olmaqla, BMT-yə üzv 152 dövlət tərəfindən qəbul edilmiş “Təhlükəsiz, Nizamlı və Tənzimlənən Miqrasiya üzrə Qlobal Kompakt”ın icrası məqsədilə təsis olunan BMT-nin Miqrasiya Şəbəkəsi 2020-ci ilin iyulunda Azərbaycanda da yaradılıb.
2020-ci il fevralın 25-də Azərbaycan və Türkiyə vətəndaşları üçün xüsusi əhəmiyyət daşıyan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” (2020-ci il 13 avqust tarixində qüvvəyə minmişdir) və dekabrın 10-da isə Sazişə 1 saylı Protokol, eləcə də 2020-ci il martın 11-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş” (2020-ci il 6 iyun tarixində qüvvəyə minmişdir) imzalanıb.
Son dövrdə Azərbaycanın miqrasiya sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsində önəmli hadisələrdən biri də 2021-ci ilin 16 martında Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin təsis edilməsi haqqında müqavilənin imzalanması oldu. Bununla, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə miqrasiya sahəsində Azərbaycanda daimi nümayəndəliyi olan beynəlxalq təşkilatların sayı 3-ə çatdı.
Dövlət Miqrasiya Xidmətinin maddi-texniki və intellektual bazası, innovativ həllərə əsaslanan çevik və səmərəli idarəçilik modeli Azərbaycanın miqrasiya sahəsində regional mərkəzə çevrilməsi üçün əlverişli şərait yaradıb. Hazırda Xidmət Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsini icra etməkdədir. Bu layihə Azərbaycanın miqrasiya siyasətinin və idarəçiliyinin uğurlu olmasının mühüm göstəricilərindəndir.
Bundan sonrakı dövrdə də Dövlət Miqrasiya Xidməti öz fəaliyyətini beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, elektronlaşmanın təşviqi, bütün mümkün vasitələrlə effektiv kommunikasiyanın gücləndirilməsi və sosial-iqtisadi inkişafı dəstəkləyən miqrasiya rejiminin təmini istiqamətində qurmaqda davam edəcəkdir. Elektron resurslardan doğru istifadə olunması ilə qurumdaxili idarəçilikdə çevikliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi qalacaqdır.
Miqrasiya proseslərinin tənzimlənməsi məsələlərinə Prezident cənab İlham Əliyevin verdiyi xüsusi önəm Dövlət Miqrasiya Xidmətinin kollektivini daha da inamla xidmət etməyə, dövlət qarşısında xidməti borclarını daha əzmlə yerinə yetirməyə sövq edir. Kollektivimiz bundan sonra da dövlətçiliyimizin maraqlarının qorunmasında və təhlükəsizliyimizin təmin edilməsində fəal iştirakla yanaşı, ölkə vətəndaşlarına, həmçinin əcnəbilərə yüksək səviyyədə xidmət göstərəcəkdir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Dövlət Miqrasiya Xidmətinin kollektivi bundan sonra da Miqrasiya proseslərinin tənzimlənməsi məsələlərinə daha da inamla xidmət göstərməyə, müəyyən edilmiş tapşırıqların icrasını daha əzmlə yerinə yetirməyə davam edəcək.
Vüsal HÜSEYNOV,
Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin
rəisi,
2-ci dərəcəli
dövlət miqrasiya xidməti müşaviri.
Respublika.- 2021.- 19 mart.- S.8.