İşğaldan azad olunmuş ərazilərin bərpası Böyük Qayıdışın sürətlənməsinə hesablanıb

 

Ötən il sentyabrın 27-də başlamış Vətən müharibəsinin başa çatmasından 4 aydan artıq vaxt ötüb. Xalqımızın yaddaşına əbədi həkk olunan 44 günlük ikinci Qarabağ müharibəsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun Ermənistan üzərində Böyük Qələbəsi ilə başa çatdı. Bu müddətdə Azərbaycan cəmiyyəti bütün dünyaya birlik nümunəsi göstərdi, haqq-ədaləti bərpa etdi. Erməni faşizminə ağır zərbə vuruldu, Ermənistan ordusu darmadağın edildi və nəhayət, 30 illik işğala, ədalətsizliyə son qoyuldu. Dövlət başçımızın bəyan etdiyi kimi, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. Azərbaycan bütün dünya tərəfindən tanınan sərhədlərə nəzarəti ələ aldı, BMT Təhlükəsizlik Şurasının ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı 4 qətnaməsini özü icra etdi. Beləliklə, xalq-ordu birliyi Ali Baş Komandanın sərkərdəliyi ilə tarixi zəfəri qazandı.

 

Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin və onun rəhbərliyinin qarşısında işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması əsas vəzifə kimi qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqində, həm də 2021-ci ildə görüləcək işlərdən danışmışdır. Dövlətimizin başçısı demişdir: ... Bizim planlarımız böyükdür. Müharibə cəmi 2 aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin”.

 

Qeyd edək ki, ölkəmizin rəhbəri bu müşavirədə azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri ilə əlaqədar konkret vəzifələr müəyyən etmişmüvafiq qurumlara zəruri tapşırıqlar vermişdir. Bu sırada ilk növbədə ərazilərin minalardan təmizlənməsi və dəymiş ziyanın qiymətləndirilməsi əsas yer tutur. Burada 30 illik işğal müddətində və 44 günlük müharibədə cəbhə bölgəsindən xeyli aralı məsafədə yerləşən ərazilərə dəymiş ziyan nəzərdə tutulur. Bildiyimiz kimi, ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri hərbi cinayət törədərək bizim mülki əhalini, şəhər, rayon və kəndlərimizi (Gəncə, Bərdə, Tərtər, Mingəçevir və sair) atəşə tutaraq öz xislətini göstərdi. Bu təcavüz nəticəsində bizim mülki əhaliyə, dövlət əmlakına, infrastrukturumuza, sahibkarlara çox ciddi ziyan vurulmuşdur. Bu zərərlərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi məqsədilə Azərbaycan Prezidenti 6 noyabr 2020-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama əsasən Dövlət Komissiyası yaradılmışdır. Verilən tapşırıqların icrası ilə əlaqədar İqtisadiyyat, Maliyyə, Fövqəladə hallar, Kənd təsərrüfatı nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Respublika Prokurorluğunun, “ASAN Xidmət” və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət 11 şəhər və rayonda 13 işçi qrupu yaradılmışdır. Ötən müddət ərzində zərərçəkmiş vətəndaşların özlərinin iştirakı ilə obyektlərə baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. Dövlət Komissiyası tərəfindən aparılmış qiymətləndirməyə əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatı texnikası, məhsulları və heyvanları üzrə mülki əhaliyə, dövlət əmlakına və sahibkarlıq subyektlərinə dəymiş ziyan hesablanmış və onun məbləği 1 mln. 281,1 min manat müəyyənləşdirilmişdir. Məlumat Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında yer almışdır. Ümumilikdə, 7 rayon (Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy) üzrə 1560 baş iri və xırdabuynuzlu mal-qara, 34 baş at, 107 arı yeşiyi, 6701 ev quşu tələf olub, 14107 ot bağlaması yanıb, 31 kənd təsərrüfatı texnikasına ziyan dəyib.

 

Eyni zamanda dövlət başçısının 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır. İşin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində idarələrarası mərkəz fəaliyyət göstərir.

 

İşğaldan azad edilən ərazilər, onların sərhədləri, sahəsi və yaşayış məntəqələrinin sayı barədə peyk monitorinqinin nəticəsi Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında göstərilib. Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azərkosmos” ASC tərəfindən birlikdə bütün ölkə ərazisinin məkan adlarının coğrafi informasiya sistemində hazırlanması və məlumat bazasının açıq məkan məlumatı formatına çevrilməsinə başlanılıb. Bundan başqa, peyk monitorinqi nəticəsində işğaldan azad edilən ərazilər, onların sərhədləri, sahəsi və yaşayış məntəqələrin sayı barədə ətraflı hesabat hazırlanıb. Hesabatda işğaldan azad edilmiş ərazilərin də kənd təsərrüfatı potensialı araşdırılıb, əkin sahələrinin, o cümlədən əsas əkinlər olan taxılçılıq və üzümçülük sahələrinin qiymətləndirilməsi və müqayisəli təhlili aparılıb.

 

Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi işğaldan azad edilmiş rayonlarda aparılan ilkin inventarlaşma işləri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, indiyədək işğaldan azad edilmiş rayonlardan səkkizi üzrə ümumilikdə 8618 əmlakın (6911 daşınmaz əmlak və 1707 infrastruktur obyekti) çöl inventarlaşma işləri tamamlanıb. Həmçinin infrastruktur obyektləri üzrə 299 kilometr avtomobil yolunun, 115 kilometr elektrik verilişi xəttinin, 35,8 kilometr qaz təchizatı xəttinin, 3 kilometr su təchizatı xəttinin, 31,3 kilometr suvarma şəbəkəsinin və 171653 hektar torpaq sahəsinin inventarlaşdırılması işləri başa çatdırılıb.

 

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur obyektlərinin torpaq sahələrinin və digər daşınmaz əmlakın ilkin inventarlaşdırılması işinin təşkili məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Gəncə şəhərində və Füzuli rayonunun Horadiz qəsəbəsində yerli qərargahlar, o cümlədən inventarlaşdırma nəticəsində əldə ediləcək məlumatların kameral qaydada işlənilməsi üçün Bakı şəhərində mərkəzi qərargah yaradılmışdır.

 

Ümumilikdə səkkiz rayon üzrə 102 yaşayış məntəqəsində işlər yekunlaşıb, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 273 yaşayış məntəqəsi isə tamamilə dağıdılıb yararsız hala salınıb. Torpaqların elektron kadastr və kəmiyyət uçotunun aparılması, torpaqların uqodiyasına (təsərrüfat yerinə), məqsədli təyinatına və hüquqi rejiminə uyğun kadastr məlumat bazasının yaradılması, torpağın keyfiyyətinin yoxlanılması və s. üzrə işlər davam etdirilir.

 

Azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu iqtisadi məsələlər üzrə İşçi Qrup hazırda əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir: Əvvəldə qeyd etdiyimiz kimi, bir neçə infrastruktur nəqliyyat və təchizat, eləcə də torpaq sahələrinin inventarlaşdırılması başa çatdırılıb. Bu ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Artıq investisiya layihələri ilə bağlı 400-dən artıq müraciət daxil olmuşdur. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir. Yeni təşviq alətlərinin formalaşdırılması, o cümlədən sənaye parkları, sənaye məhəllələri, aqroparkların yaradılması ilə bağlı təkliflər hazırlanır.

 

Sahəvi Tədbirlər Planına uyğun olaraq işğaldan azad edilmiş ərazilərin turizm potensialının qiymətləndirilməsi, bölgənin regional turizm strategiyasının formalaşdırılması, turizm marşrutlarının hazırlanması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən müvafiq işlər görülür.

 

Artıq işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinə start verilib. Eyni zamanda, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə səfərləri çərçivəsində ilkin infrastruktur layihələrin açılış və təməlqoyma tədbirlərinin keçirilməsini Qarabağa Böyük Qayıdışın qətiyyətli addımları kimi dəyərləndirmək olar. Ərazilərin minalardan təmizlənməsi, struktur layihələrinin, digər tədbirlərin həyata keçirilməsi azad olunmuş torpaqların daha tez dirçəldilməsinə və canlandırılmasına hesablanıb. Çox keçməz ki, keçmiş məcburi köçkünlər təhlükəsiz və rahat şəkildə daimi yaşayış yerlərinə qayıdacaq, dağılmış bütün şəhər, kənd və qəsəbələr bərpa ediləcək, Qarabağ cənnətə çevriləcək. Sadəcə olaraq bu prosesin zamana ehtiyacı var.

 

 

 

Ramiz YUSİFLİ

 

Respublika.- 2021.- 20 mart.- S.7.