Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi

 

Cənub Qaz Dəhlizinin başa çatdırılmasını qeyd etdiyimiz bir vaxtda biz gələcəyə baxmalı, yeni plan və ideyalar üzərində işləməliyik. ...Bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti.

 

 

 

Qloballaşan müasir dünyada enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. Bu da təbiidir. Çünki hər bir dövlət milli təhlükəsizliyinin möhkəmləndirilməsində maraqlıdır. Odur ki, enerji siyasəti digər iqtisadi amillərlə birlikdə dövlət siyasətinin prioritetlərindən sayılır. Bu amilin nəzərdən qaçırıldığı ölkələr gec-tez müxtəlif problemlərlə qarşılaşmalı olurlar. Hazırda beynəlxalq aləmdə baş verən regional və lokal münaqişələrin bir səbəbi də (bəlkə də əsas səbəbi) məhz bununla bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “...enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir”. Hazırda dünyada karbohidrogen ehtiyatları, enerji mənbələri uğrunda mübarizə səngimək bilmir. Zəngin təbii yanacaq ehtiyatlarına malik olan dövlətimiz, yürütdüyü uğurlu siyasət nəticəsində həm özünün enerji təhlükəsizliyini təmin edir, həm də digər ölkələrə dəyərli töhfəsini verir. Bir-birinin ardınca həyata keçirilən infrastruktur layihələri arasında enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə dair proqramlar, layihələr mühüm yer tutmaqdadır. Ötən ilin sonuncu günü tam şəkildə istifadəyə verilən Cənub Qaz Dəhlizi məhz enerji təhlükəsizliyi layihəsidir. Bu boru xətti vasitəsilə ölkəmiz ilk dəfə olaraq Avropa bazarlarına böyük həcmdə mavi yanacaq nəql etməklə həm də etibarlı qaz ixracatçısı kimi tanınmağa başlamışdır.

 

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ölkəmizin maliyyə imkanlarını artırmaqla yanaşı, iqtisadi müstəqilliyimizin də güclənməsi üçün yeni üfüqlər açır. Enerji strategiyasının daha geniş miqyasda həyata keçirilməsinə əlavə imkanlar yaradır.

 

Bu günlərdə CQD Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən 7-ci iclasında dünyanın 18 ölkəsindən beş aparıcı beynəlxalq maliyyə təsisatının və 19 aparıcı şirkətin rəhbərləri iştirak etmişlər.

 

Məşvərət Şurası - beynəlxalq əməkdaşlığın nümunəvi formatı

 

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının kəşfi (1999-cu il) ölkəmizin zəngin qaz ehtiyatına malik olduğunu göstərdi. Hesablamalar kollektorda 1,2 trilyon m3 qaz, 240 mln. ton kondensat olduğunu təsdiqləyirdi.

 

Xəzər dənizinin qaz potensialı Avropa ölkələrinin marağını tezliklə Azərbaycana yönəltdi. Beləliklə, 2006-cı il noyabrın 6-da Brüsseldə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Avropa qazının Avropaya çıxarılmasına şərait yaradan növbəti addım isə 2007-ci ildə Türkiyə və Yunanıstan qazpaylayıcı şəbəkələrinin birləşdirilməsi oldu. Bununla da Azərbaycan neftinin ardınca təbii qazının da Avropa bazarlarına çatdırılması perspektivləri genişləndi.

 

Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərinin fəaliyyətə başlaması “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinə yol açaraq Azərbaycan qazının Avropa bazarlarına çıxmasını təmin edən TANAP və TAP kimi strateji layihələrin meydana gəlməsinə təkan verdi.

 

Avropa İttifaqı ilə Azərbaycan arasında 2011-ci il yanvarın 13-də “Xəzər dənizindən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat” imzalandı. Prezident İlham Əliyevin “Azərbaycan qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” 2013-cü il 29 oktyabr tarixli sərəncamına əsasən Dövlət Komissiyası yaradıldı. Bir il sonra, 2014-cü il fevralın 25-də dövlət başçısı “Şahdəniz qaz yatağının istismarının ikinci mərhələsinin işlənməsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzaladı.

 

“Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması ideyası da Prezident İlham Əliyevə məxsusdur.

 

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantısı 2016-cı il fevralın 29-da, üçüncü toplantısı 2017-ci il fevralın 23-də, dördüncü toplantısı 2018-ci il fevralın 15-də, beşinci toplantısı 2019-cu il fevralın 20-də, altıncı toplantısı 2020-ci il fevralın 28-də, nəhayət, Bakı şəhərində hələlik sonuncu - yeddinci toplantısı 2021-ci il fevralın 12-də videoformatda keçirilmişdir. 

 

Ötən illər ərzində Məşvərət Şurası dünya miqyaslı “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında bütün səyləri gücləndirən beynəlxalq əməkdaşlıq formatı kimi fəaliyyət göstərmiş, çox səmərəli işçi mexanizminə çevrilmişdir. Hər il yalnız Azərbaycanda deyil, digər ölkələrdə də keçirilən çoxsaylı görüşlərdə layihənin icrası ilə bağlı ortaya çıxan problemlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Ötən ilin sonlarında layihənin həyata keçirilməsi uğurla başa çatdırılmış və dekabrın sonuncu günü Azərbaycan qazı Avropa istehlakçılarına nəql olunmağa başlamışdır.

 

... İştirakçı ölkələrin və qurumların say çoxluğuna görə əvvəlki görüşlərdən fərqlənən iclasda Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunan təbii qazın Avropa qitəsinə çatdırılmasının əhəmiyyəti, istehsalçı, tranzit və istehlakçı ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında onun rolu, bölgədə qarşılıqlı iqtisadi əməkdaşlıq fonunda ölkələrarası mövcud əlaqələrin daha da genişləndirilməsi, eləcə də perspektivdə qarşıda duran vəzifələrin reallaşdırılması imkanları barədə geniş diskussiya aparılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi iclasda bu nəhəng meqalayihənin həyata keçirilməsində vahid komanda şəklində birgə fəaliyyət göstərən ölkələrin və qurumların səmərəli işi xüsusi vurğulanmışdır. Dövlət başçısı iclasın ənənəvi formatdan fərqli olaraq bu dəfə videoformatda keçirilməsinin mövcud pandemiya şəraitinin tələbindən irəli gəldiyini qeyd edərək, onun xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

 

CQD-nin sonuncu seqmenti olan Trans-Adriatik boru xəttinin yekunlaşdırılmasını “tarixi nailiyyət” adlandıran Prezident İlham Əliyev bütövlükdə layihənin həyata keçirilməsində iştirak edən tərəfdaş ölkələrə, eləcə də Avropa Komissiyasına, ABŞ və Böyük Britaniya hökumətinə, BP şirkətinə, aparıcı beynəlxalq maliyyə qurumlarına təşəkkürünü bildirərək Məşvərət Şurasının Bakıda keçirilən ilk iclasını yaxşı xatırladığını da diqqətə çatdırmışdır. “...Əminəm ki, bu layihənin həyata keçirilməsi məqsədilə nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaq. Layihə vaxtında icra olunacaq və hamımız “Cənub” qaz dəhlizinin baş tutmasını qeyd edəcəyik. Lakin buna nail olmaq üçün əlaqələndirmə, qarşılıqlı etimad və bu prosesə qoşulmuş bütün ölkələr arasında sıx qarşılıqlı əlaqə lazımdır... Hamımız bu layihənin həyata keçirilməsinə töhfə verməliyik ki, onu vaxtında icra edək”, - Prezidentin əminliyini ifadə edən, eyni zamanda çağırış ruhlu bu fikirlərini zaman öz diqtəsi ilə həyata keçirdi.

 

Xatırladaq ki, Cənub Qaz Dəhlizi bir çox parametrləri ilə nadir bir layihədir. Azərbaycanla birlikdə yeddi ölkəni - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən 3500 km uzunluğunda ixrac boru kəməri çox mürəkkəb relyefli məkanlardan, hündürlüyü 2500 metr olan dağlardan, 100 km-lik hissəsi isə Adriatik dənizinin 820 metr dərinliyindən keçir. Ötürücülük qabiliyyəti hələlik 16 mlrd. m3 olan kəmərin texniki imkanları gələcəkdə bu həcmin iki dəfə artırılmasına imkan verir. Başlanğıcda mavi yanacağın 6 mlrd. m3-nin Türkiyəyə, 10 mlrd. m3-nin isə Avropaya (İtaliyaya 8 mlrd. m3, Yunanıstan və Bolqarıstana 2 mlrd. m3) nəql edilməsi nəzərdə tutulur.

 

Mövcud olan ən yüksək ekoloji standartlara cavab verən layihənin maliyyə dəyəri ilkin olaraq 44,6 mlrd. ABŞ dolları məbləğində hesablansa da, səmərəli idarəçilik və düzgün planlaşdırma bu rəqəmin 33 mlrd. dollar civarında olmasını təmin etmişdir. Eyni zamanda, Azərbaycan özü 10 mlrd. dollar həcmində vəsait xərcləmiş və layihənin bütün dörd seqmentində - “Şahdəniz” yatağının işlənməsi, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-ın çəkilişində birbaşa iştirak etmişdir.

 

Yaxın keçmişə qısa nəzər

 

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan Hökuməti ilə Avropa Komissiyası arasında Birgə Bəyanatın imzalanmasından sonra meydana çıxmışdır. Lakin qeyd edilməlidir ki, Bəyanatın qəbulu həmin dövrə qədər həyata keçirilmiş bir sıra strateji əhəmiyyətli layihələrin icrası nəticəsində mümkün olmuşdur. Prezident İlham Əliyev hələ CQD Məşvərət Şurasının ilk iclasında bu barədə ətraflı bəhs etmişdir. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq həmin tarixə qısaca nəzər salmaq yerinə düşər.

 

...Azərbaycan dünyada neft hasil edən ilk ölkə kimi tanınır. “Qara qızıl”ı dənizin dibindən çıxaran ilk ölkə də məhz Azərbaycan olmuşdur. Bu səbəbdən ölkəmizdə neft sənayesinin tarixi qədim olmaqla yanaşı, həm də çox zəngindir. Belə bir faktı qeyd etmək yerinə düşər ki, İkinci Dünya müharibəsi dövründə Sovetlər Birliyində hasil olunan bütün neftin 80 faizi məhz Azərbaycanın payına düşürdü. Lakin 90-cı illərin əvvəllərinə doğru neft sənayesi xeyli geriləmişdi. Qurudakı yataqlar artıq tükənmiş, istehsal texnologiyası, demək olar ki, köhnəlmişdi.

 

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndə ölkə iqtisadiyyatı bütünlüklə çökmüş, daxili ictimai-siyasi şərait acınacaqlı vəziyyətə düşmüşdü... Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra sabitləşmə prosesinin başlanğıcı qoyuldu. Ölkədə hökm sürən xaos, siyasi böhran aradan qaldırıldı, iqtisadi həyatın dirçəlişi istiqamətində lazımi addımlar atılmağa başlandı. Lakin bu heç də asan başa gəlmədi. Ölkənin iqtisadi gücü zəifləmiş, büdcə-maliyyə imkanları tükənmişdi. İslahatlara başlanması isə həyati zərurət kimi qarşıda dururdu. Bu isə iqtisadiyyata güclü sərmayə qoyuluşu, investisiyalar yatırılması sayəsində mümkün idi.

 

Belə bir dövrdə ulu öndər tərəfindən müdrikliklə, uzaq gələcəyə hesablanmış neft strategiyasının tətbiqinə start verildi. İslahatların mühüm elementlərindən biri də Azərbaycanı dünyaya açıq ölkə kimi tanıtmaq idi. Bu məqsədlə xarici şirkətlərlə və beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparıldı. Nəticədə dünyanın 7 ölkəsindən 11 şirkətin rəhbərləri Azərbaycana dəvət olundu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” adlanan saziş imzalandı. Beləliklə, o vaxtdan qapalı su hövzəsi kimi tanınan Xəzər dənizində xarici mütəxəssislər tərəfindən ilk dəfə olaraq mövcud karbohidrogen ehtiyatlarının işlənməsi və istismarı üçün geniş üfüqlər açıldı. 1994-cü il enerji strategiyamızın başlanğıc ili kimi tarixə düşdü. Xəzər dənizi ilk dəfə olaraq xarici investorlar və xarici sərmayələr üçün açıq elan edildi.

 

Əsas investoru BP şirkəti olan “Azəri-Çıraq-Günəşli” yatağında aparılan kəşfiyyat işləri orada zəngin neft ehtiyatlarının olduğunu müəyyənləşdirdi. Müstəqillik illərində ilk dəfə olaraq 1997-ci ildə “Çıraq” platformasından qazılan quyudan neft hasil edilməyə başlandı. Bu, bəlkə də neft sənayesi tarixində rekord sayılır. Çünki müqavilənin imzalanması ilə ilk neftin hasil olunması arasındakı müddət cəmi üç il təşkil edirdi.

 

Yeri gəlmişkən qeyd edək ki, bu yataq hazırda dünyanın ən böyük neft yataqlarından biri sayılır. Əvvəllər potensialı 500 milyon ton ehtimal edilirdisə, hazırda bu rəqəmin 1 milyard tondan qat-qat çox olduğu bildirilir. İyirmi beş ildən artıq müddətdə uğurla istismar olunan bu yataq hazırda ixrac neftinin əsas mənbəyi olaraq qalmaqdadır. Təsadüfi deyil ki, yatağın istismarına dair BP ilə imzalanmış müqavilənin müddəti 2024-cü ildən 2050-ci ilədək uzadılmışdır.

 

...Getdikcə artan hasilat, neft ixracı üçün boru kəmərlərinin inşasını tələb edirdi. Beləliklə, 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa kəməri çəkildi. Bunun çox böyük iqtisadi əhəmiyyəti vardı. Çünki ölkəmiz ilk dəfə beynəlxalq bazara çıxa bildiyinə görə gələcək sərmayələr üçün imkan qazanmış oldu.

 

1996-cı il iyunun 4-də Azərbaycanla BP-nin rəhbərlik etdiyi şirkətlər konsorsiumu arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinə dair saziş imzalandı. 1999-cu ildə kəşf edilən yataq “Cənub Qaz Dəhlizi” layihəsi üçün ən mühüm resurs bazası rolunu oynadı. İlkin hesablamalar kollektorda 1 trilyon kubmetrlik qaz ehtiyatı olduğunu bidirsə də, sonralar aparılan dəqiqləşdirmələr bu həcmin 1.2 trilyon m3 və hətta daha çox olduğunu deməyə əsas verirdi. “Şahdəniz” dünyanın ən böyük qaz-kondensat yataqlarından biri sayılır. Yatağın tammiqyaslı istismarı ölkənin qaza olan ehtiyacını bütünlüklə ödəməyə və tələbatdan artıq hissənin xaricə ixrac olunmasına imkan verirdi.

 

2006-cı ildə saziş sahəsində bir hasilat platforması quraşdırılmış və noyabr ayında həmin platformadan qazılmış quyudan ilk qaz hasil edilmişdir. Həmin qazla əvvəlcə Azərbaycanla Gürcüstanın, 2007-ci ildən isə Türkiyənin mavi yanacağa olan ehtiyacı ödənilir.

 

“Şahdəniz” yatağı iki mərhələ üzrə işlənmişdir. Birinci mərhələdə yataqdan illik təxminən 9 milyard kubmetr qaz hasil edilmişdir. İkinci mərhələdə yatağın tam şəkildə istismarı qaz həcminin 16 milyard kubmetr və daha çox olmasına imkan verirdi. Bu isə “Şahdəniz” və daha sonra digər yataqlardan çıxarılacaq təbii qazın Avropa məkanına çatdırılması üçün ixrac kəmərinin çəkilməsini zəruri edirdi. Odur ki, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı Komissiyası arasında Bakıda Birgə Bəyanat imzalandı. Bu sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsas töhfə verən ölkə kimi göstərilirdi.

 

2012-ci ildə Trans-Anadolu boru kəmərinin çəkilişi ilə Azərbaycan və Türkiyə hökumətləri arasında saziş imzalandı. Bu saziş CQD layihəsinin həyata keçirilməsində mühüm rol oynadı. Çünki əvvəllər uzun müddət ərzində Avropaya qaz nəqli ilə bağlı müxtəlif layihələr, təkliflər müzakirə olunsa da, nəticəsiz qalmışdı. Nəhayət, hər iki ölkə rəhbərinin birgə rəyi ilə bu layihə irəli sürülmüş, bəyənilmiş və hər iki dövlətin qanunverici orqanları tərəfindən təsdiq olunmuşdur. Beləliklə, CQD-nin ən önəmli hissəsi olan, 2015-ci il martın 17-də Qars vilayətinin Selim rayonunda təməlqoyma mərasimi keçirilən, 1850 km-lik uzunluğuna malik TANAP-ın icrası 2018-ci ilin iyun ayında başa çatdırılmışdır. Nəhayət, layihənin sonuncu seqmenti - icrasına 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində başlanan, uzunluğu 878 km-lik Trans- Adriatik (TAP) boru kəmərinin inşasının ötən ilin noyabr ayında tamamlanması ilə CQD tam olaraq istifadəyə verilmiş və dekabrın 31-dən etibarən Azərbaycan təbii qazı Avropa qitəsinə nəql olunmağa başlamışdır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “...Azərbaycanda və qonşuluqda yaradılmış həmin mühüm elementlər olmasaydı, “Cənub Qaz Dəhlizi” layihəsi yalnız yaxşı bir ideya, istək kimi tarixdə qalacaqdı”. Lakin bu gün artıq bu layihə reallığa çevrilmişdir.

 

Perspektivlər və yeni çağırışlar ətrafında fikir mübadiləsi

 

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik (TAP) boru kəmərinin istismara verilməsi Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində atılan sonuncu addım deyil. Növbəti mərhələdə Qərbi Balkan ölkələrinin də Azərbaycan qazından bəhrələnməsi imkanları diqqət mərkəzinə gəlir. Bunun üçün yeni yataqların işlənilməsi və yeni təchizatçılar üçün yeni tranzit marşrutlarının yaradılması tələb olunur. Dəqiq hesablamalar ölkəmizin mavi yanacaq ehtiyatının 2,6 trilyon kubmetr həcmində olduğunu bildirir. Lakin proqnozlaşdırılan rəqəm 3 trilyon kubmetr civarındadır. Bu isə Azərbaycanın 100 ildən çox müddət ərzində karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olmaq imkanından xəbər verir.

 

Prezident İlham Əliyev sözügüdən iclasda bildirmişdir ki, qazanılmış tarixi nailiyyətlə yanaşı, biz gələcəyə baxmalı, yeni plan və ideyalar üzərində işləməli, enerji resurslarımızı inkişaf etdirməyə davam etməliyik: “Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Xüsusilə 400 milyon kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağını qeyd edə bilərəm. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var və ümid edirəm ki, orada hasilat gələn il başlayacaqdır. Digəri isə “Ümid” yatağıdır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənmiş ehtiyata malik olan yataqlardır ki, onlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına töhfə verəcəkdir”. Kəşfiyyat mərhələsindəki digər yataqlara dair layihələrin də olduğunu bildirən dövlət başçısı vurğulayır ki, biz növbəti illərdə yeni kəşflərin olacağına ümid bəsləyirik. Beləliklə, şaxələndirilmiş bu neft-qaz kəmərləri şəbəkəmizin hasilat gücünün artırılmasına xidmət edəcəkdir.

 

Birgə planlardan söhbət açılarkən ilk növbədə İonik-Adriatik boru kəmərinin əhəmiyyəti göz önünə gəlir. TAP-ın başa çatdırılması bu xəttin inşasına real imkanlar yaradır. Uzunluğu 516 km, illik buraxılış gücü 5 mlrd. m3 olacaq İAP Albaniya, Monteneqro, Bosniya və Hersoqovinadan keçərək Xorvatiyaya çatacaq. Layihənin icrası ilə bağlı artıq Qərbi Balkan ölkələri ilə anlaşma memorandumları imzalanıb. İnşaat işlərinin başa çatdırılması ilə ölkəmiz təchizat marşrutlarının şaxələndirilməsi üçün imkanlar əldə etməklə yanaşı, Qərbi Balkan dövlətləri üçün də belə imkanlar yaratmış olacaq.

 

Perspektivdə Xəzər dənizi və onun hüdudlarından kənarda gələcək əməkdaşlıq üçün əlavə imkanlar açan daha bir mənbə - “Dostluq” yatağı var. Bu yataq hələ 1989-cu ildə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub. Lakin Xəzər dənizi akvatoriyasının Azərbaycanla Türkmənistan sərhədində yerləşdiyinə görə işlənməsi barədə uzun müddət razılıq əldə edilməsi mümkün olmayıb. Yeri gəlmişkən qeyd edək ki, yatağın 100 mln. ton (bəzi mənbələrə görə 200 mln. ton) neft, 30 mlrd. m3 isə təbii qaz ehtiyatına malik olduğu bildirilir. Uzun illər ərzində hər iki ölkə rəhbərləri arasında keçirilən müntəzəm görüşlər və aparılan intensiv danışıqlar, nəhayət, öz bəhrəsini verdi. Cari ilin yanvar ayının 21-də Azərbaycan və Türkmənistan hökumətləri “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfi, işlənməsi və mənimsənilməsi haqqında “Anlaşma Memorandumu”nu imzaladılar. “Tarixi əhəmiyyətli hadisə” kimi dəyərləndirilən, strateji əməkdaşlığın genişləndirilməsi yolunda aydın üfüqlər açan bu razılaşma hər iki ölkə arasında energetika və neft-qaz kommunikasiya sahələrində əlaqələrin yeni bir mərhələyə qaldırılmasında çox vacib rol oynayacaq, bütövlükdə bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılmasına təkan verəcək. Yatağın istismarı nəticəsində əldə edilən mənfəət hər iki ölkənin iqtisadi potensialının artırılmasına ciddi təsir göstərəcək (Məlumat üçün bildirək ki, bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Tükmənistan Respublikası Hökuməti arasında “Dostluq” yatağının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədilə imzalanmış Anlaşma Memorandumu haqqında Qanun”u təsdiq edib. Yatağın işlənməsi üçün coğrafi koordinatların müəyyən edilməsinə başlanılacaq).

 

Azərbaycanda son 20 il ərzində yaradılmış infrastruktur “Dostluq” yatağından çıxarılan qazın dünya bazarlarına çatdırılmasına tam təminat verir. Beləliklə, həm zəngin enerji resurslarına, həm də tranzit imkanlarına malik ölkəmizin Avrasiyadakı əhəmiyyəti daha da artacaq. Onu da qeyd edək ki, Azərbaycan Xəzər dənizinin şərq sahilində olan enerji ethiyatlarının nəqli üçün etibarlı tranzit ölkəsi olduğunu çoxdan təsdiq edib. Artıq neçə illərdir ki, bu regionun karbohidrogen ehtiyatları Bakı-Tbilisi- Ceyhan boru kəməri və ölkəmizin dəmir yolu sistemi ilə vacib marşrutlar üzrə Şərqdən Qərbə daşınmaqdadır. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində razılaşdırılmış Bəyanata uyğun olaraq Azərbaycanın tarixi Zəngəzur torpaqları vasitəsilə Naxçıvana və oradan Türkiyəyə çəkilməsi nəzərdə tutulan nəqliyyat infrastrukturları iqtisadi cəhətdən səmərəliliyinə görə bu prosesə müəyyən töhfə verə bilər.

 

Torpaqlarımızın 30 illik işğaldan azad edilməsindən sonra ölkəmizdə aparılan bərpa-quruculuq işləri sırasında enerji məsələləri də mühüm yer tutur. Təsadüf deyil ki, həmin ərazilər ölkə Prezidenti tərəfindən “yaşıl enerji” bölgəsi elan edilmişdir. Hazırda bütün ölkədə, o cümlədən düşmən tərəfindən dağıdılmış ərazilərin enerji təminatı ilə bağlı alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə dair planlar hazırlanır, lazımi addımlar atılır. Bu işə dünyanın aparıcı şirkətləri də cəlb olunub. Hazırda iki şirkətlə müqavilə imzalanmışdır. Onlardan biri külək, digəri isə günəş enerjisi ilə bağlıdır. Toplam gücü 440 meqavat olan bu elektrik stansiyaları bütünlüklə xarici sərmayələr hesabına inşa ediləcək. Azərbaycanın sərmayələr və investisiya yatırımları üçün kifayət qədər əlverişli və münbit mühitə malik olması buna möhkəm zəmin yaradır.

 

Artıq qeyd edildiyi kimi, enerji strategiyamızda işğaldan azad edilmiş ərazilərimizin külək, su və günəş elektrik stansiyaları vasitəsilə hasil edilən enerji ilə təmin edilməsi prioritet məsələ kimi mühüm yer tutur. Bunun üçün həmin ərazilər kifayət qədər potensiala malikdir. İşğala qədər təkcə Laçın və Kəlbəcər rayonlarında 17 su elektrik stansiyasının olması deyilənləri təsdiq edir (Bu günlərdə Laçındakı Güləbird su elektrik stansiyası yenidən inşa edilərək istifadəyə verilmişdir).

 

Qarşıda duran mühüm vəzifələrdən biri də bütün azad olunmuş ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin icra edilməsidir ki, bununla bağlı da hazırlıq işləri gedir. Bu, həm də böyük bir çağırış olmaqla işğal nəticəsində dağıdılmış kənd və şəhərlərimizin ən müasir texnologiyalar üzrə yeni quruculuq konsepsiyası əsasında bərpa olunması məqsədini güdür. “... Biz bunun öhdəsindən qısa müddət ərzində gəlmək və keçmiş köçkünlərimizi doğma torpaqlarına qaytarmaq məsələsinə sadiqik”, - deyə Prezident İlham Əliyev bununla da ölkənin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətini ifadə edir.

 

***

 

...Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yeddinci iclası Avropanın enerji təminatı sahəsində qazanılmış uğuru qeyd etməklə yanaşı, perspektivlər və çağırışlar ətrafında səmərəli fikir mübadiləsi aparmaq baxımından da əhəmiyyətli oldu. 2050-ci ilədək bu qitədə iqlim neytrallığının yaradılması, qarşıdakı 10 il ərzində emissiyaların həcminin azaldılaraq 55 faizə endirilməsi, gələcək “yaşıl razılaşma” ilə ümumiyyətlə dünyada qazın karbonsuzlaşdırılması, öz yerini hidrogenin və digər karbonsuzlaşdırılmış yanacaq növlərinin tətbiqi üçün təhvil verməsi, təbii qazın hasilatı zamanı havaya qalxan zərərli metan emissiyalarının azaldılması, eyni zamanda, havanı çirkləndirən kömür yanacağının istifadəsindən tədricən imtina edilməsi və s. bu kimi məsələlərin gələcək fəaliyyətlər zamanı diqqət mərkəzində saxlanılmasının zəruriliyi vurğulandı. Avropa Komissiyası nümayəndəsinin fikrincə, CQD-nin davamı kimi müasir infrastrukturun yaradılması yolu ilə Azərbaycan qazının Qərbi Balkanlara mümkün qədər tez çatdırılması qarşıda duran problemlərin həllində əhəmiyyətli rol oynaya bilər.

 

Səfər MAHMUDZADƏ

 

Respublika.- 2021.- 20 mart.- S.8.