Tarixi ədalətsizliyə siyasi-hüquqi qiymət verən fərman

 

Ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərmanına imza atdığı vaxtdan 23 il keçir. Bu fərmanın ermənilərin və onların tarixi havadarlarının yurdumuzun, yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir.

 

“Azərbaycanlıların soyqırımı” haqqında imzalanan Prezident fərmanı tariximizin daha bir açılmamış səhifəsinə gur işıq saldı. Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi yad etməklə xəyalən tarixə, keçmişə qayıdır, baş verənləri yenidən ağlın süzgəcindən keçiririk.

 

XIX-XX əsrlərdə xalqımızın başına bir sıra faciələr gətirilib. Qonşuluğumuzda bərqərar olmuş bədnam ermənilər xalqımıza qarşı dəfələrlə soyqırımı və deportasiya siyasətini həyata keçiriblər. Ötən əsrin əvvəllərində, yəni 1905-1907-ci il birinci rus inqilabının yaratdığı tarixi şəraitdən istifadə edən ermənilər qədim Azərbaycan torpaqlarında soyqırımı və təmizləmə prosesinə başlayaraq qısa bir zamanda minlərlə azərbaycanlını öldürdülər, on minlərlə soydaşımızı təhqir və işgəncə ilə yurd-yuvasından qovdular.

 

Ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törədilmişdir. Bakı, Şamaxı, Quba qəzalarında, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə dinc əhali qılıncdan keçirilmiş, qadınlara, uşaqlara, qocalara belə rəhm edilməmişdir. Qarət və zorakılıqlarla müşayiət olunan soyqırımı zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmiş, adamların burun-qulaqları kəsilmişdir. Günahsız əhali güllələnmiş, kütləvi qətllər törədilmişdir. Bu vəhşi aksiyalar zamanı Azərbaycana məxsus ərazilər zəbt edilmişdir.

 

Bu baxımdan 1918-ci ilin martında “əks-inqilabçı ünsürlərlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən Bakı Quberniyasının azərbaycanlılardan təmizlənməsini qarşısına məqsəd qoyan mənfur planı xüsusi qeyd etmək olar. Ən dəhşətli olaylar martın 30-31-i və aprel ayının ilk günlərində baş verdi. Bakıda 12 mindən artıq azərbaycanlı - qoca, uşaq, qadın öldürüldü. Həmin günlərdə yalnız azərbaycanlı olduğu üçün minlərlə gənc sakin məhv edilmişdir. Evlərə od vurulmuş, milli memarlıq inciləri, məktəb, xəstəxana, məscid və digər abidələr dağıdılmış, Bakının böyük bir hissəsi xarabalığa çevrilmişdir.

 

Analoji hadisələr Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyanda və daha ağır formada Şamaxıda təkrarlandı. Ümumilikdə bu hadisələrdə 30 minə yaxın yurddaşımız qətlə yetirildi.

 

Bu qanlı siyasət Sovet hakimiyyəti illərində də davam etdirildi. 1948-1953-cü illərdə artıq o zaman Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından 150 min soydaşımız deportasiya olundu.

 

“Qorbaçov yenidənqurması” adlanan dövrdə bu terror və işğal siyasəti geniş vüsət aldı. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk gündən Moskva əl altından erməni separatçılarını dəstəkləyir, bacardığı qədər onlara kömək göstərirdi. Hadisələrin başlanğıc mərhələsində Sumqayıtda əvvəlcədən düşünülüb hazırlanmış və xüsusi xidmət orqanları vasitəsilə həyata keçirilən “qırğın aksiyası” təşkil edib, onun gedişində aparılan video-foto çəkilişlərini dünyaya yayan ermənilər mənfi azərbaycanlı obrazı da formalaşdıra bildilər.

 

1988-1992-ci illərdə ermənilər ən sonuncu azərbaycanlını da öz dədə-baba yurdundan didərgin saldılar. Və beləliklə, ötən əsrin əvvəllərində əhalisinin 75-80 faizini azərbaycanlılar təşkil edən bugünkü Ermənistanda bir nəfər də olsun soydaşımız qalmadı.

 

Bu yalan və iftira dolu təbliğatın qarşısı 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra alındı. Hazırda bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Elə ona görədir ki, indi Azərbaycan hər səviyyədə ermənilərin iftira və böhtanlarına kəsərli cavab verib, onların məxsus olduğu əsl murdar xisləti dünya ictimaiyyətinə çatdıra bilir. Düşmən artıq öz fitnə dolu planlarını həyata keçirməkdə çox çətinlik çəkir. Çünki dünya artıq ermənilərin yalanlarına inanmır. Kimin kim olduğunu yavaş-yavaş anlamağa başlayır. Bu gün Azərbaycan da dəyişib və 25-30 il əvvəlki yarıdağılmış, iqtisadiyyatı böhran içində boğulan ölkə deyil. Müasir Azərbaycan dinamik inkişafda olan, sürətlə qabaqcıl ölkələr sırasına inteqrasiya edən bir dövlətdir.

 

İndi Azərbaycan hər sahədə ermənilərin iftira və böhtanlarına kəsərli cavab verib, onların qaniçən arzularını ürəyində qoya bilir. Elə bu amillərdir ki, ötən ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq şanlı ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində otuz ilə yaxın müddətdə işğalda olan torpaqlarımız azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti böyük şücaətlər göstərərək düşmən ordusunu darmadağın etdi və erməniləri biabırçı kapitulyasiya bəyanatına imza atmağa vadar etdi. Bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edib. Buna bizim həm mənəvi, həm də hüquqi haqqımız var idi. Axı bu torpaqlar tarix boyu bizim dədə-babalarımızın yurd yerləri olub. Ulu öndər Heydər Əliyev təbiri ilə desək “Tarixi dəyişmək qeyri-mümkündür. Əsrlər boyu Qarabağ Azərbaycanın olub və Azərbaycanın da olacaq”.

 

Müasir mərhələdə azərbaycanlıların soyqırımı ilə bağlı baş vermiş hadisələri nəzərdən keçirərkən aydın görünür ki, xalqımız Sovet hakimiyyəti illərində beynəlmiləlçilik ruhunda tərbiyə olunduğundan ermənilərə qarşı kin-küdurəti, ədavəti yaddan çıxarmış, dəhşətli faciələr unudulmuşdur. Xalqımızın yaddaşından olmuşları silmək üçün hazırda Şəhidlər Xiyabanı adlanan ərazidə, 1918-ci ildə erməni və bolşeviklərin qırdığı azərbaycanlıların uyuduğu Çəmbərəkənd qəbiristanlığının yerində böyük bir park salınmışdır. Xalqımızın ən böyük düşməni olan Şaumyanın adını əbədiləşdirmək üçün heykəlləri ucaldılmış, adına bağlar salınmış, onlarca küçə, kitabxana bu cəlladın adını daşımışdır. 1918-ci ilin qanlı mart hadisələrini əks etdirən bədii əsərlər, qəzetlər yandırılmış, tamamilə məhv edilmişdir.

 

Müasir mərhələdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi baş verməsəydi, bugünkü gənclərimiz erməni xislətindən, tarix boyu xalqımızın başına açdıqları dəhşətli faciələrdən bəlkə də xəbərsiz olacaqdı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının xalqımızın soyqırımı tarixinin öyrənilməsində və milli şüurun formalaşmasında böyük əhəmiyyəti vardır. Fərmanda xalqımızın tarixində ermənilər tərəfindən həmvətənlərimizin zaman-zaman vəhşicəsinə qırılmasına, torpaqlarımızın işğalına ilk dəfə siyasi qiymət verilmiş, alimlərimiz, ziyalılarımız qarşısında mühüm vəzifələr qoyulmuşdur. Məhz bu fərman işıq üzü gördükdən sonra hər il martın 31-i azərbaycanlıların soyqırımı günü kimi nəinki ölkəmizdə, soydaşlarımızın yaşadığı dünyanın hər nöqtəsində qeyd edilir.

 

Mətanət PİRQULİYEVA,

SDU-nun nəzdində

Sumqayıt Dövlət Kollecinin

direktoru.

 

 

 

Respublika.- 2021.- 30 mart.- S.8.