Qələbəyə
aparan yol və ya “Xilaskar güllə”
Heç vəchlə unutmayacağım cəbhə
xatirələrimi yaşadığım hisslərin,
gözümlə gördüklərimin təsiri altında qələmə
alıram. Tanışlıq üçün deyim ki, orta məktəb
illərindən həvəsim əsasən dəqiq elmlərə,
texniki sahəyə olub. Odur ki, 2007-ci ildə təhsil
aldığım Masallı rayonu, Ərkivan qəsəbəsi,
şəhid Əlvan Bağırov adına
tam orta məktəbi bitirəndə sənədlərimi Azərbaycan
Texniki Universitetinə verdim. Elektrotexnika mühəndisi
ixtisasına yiyələndim. 2011-13-cü
illərdə hərbi xidmətdə olanda, üç
aylıq zabitlik kursunu bitirdiyim üçün leytenant
rütbəsində taqım komandiri idim. Hərbi
xidməti başa vurub mülki işimə qayıtdım.
Ailə qurdum. İki oğlum - Ariflə
İslam dünyaya gəldi...
Bu
yazıya haradan, necə başlayacağımı bilmirəm...
Axı mən qələm adamı -
yazıçı, jurnalist deyiləm. Bir həqiqət
də var ki, bəzən insan yaşadıqlarını
olduğu kimi ifadə edə bilmir. Amma necə
olsa, xatirəmi qələmə almaqda israrlıyam. Bu, Vətən müharibəsində qan-qadanı
görmüş bir zabit olaraq mənəvi borcumdu. Qoy gələcək nəsil - Arifin, İslamın
yaşıdları atalarının keçdiyi həyat
yolundan xəbərdar olsunlar, bizim Vətənə sədaqətimizi,
yolunda canımızdan keçməyə hazır
olduğumuzu bilsinlər. Bu yolda nə qədər
igidlərimiz şəhidlik zirvəsinə ucaldılar.
Himnimizdə deyildiyi kimi, Vətən, Torpaq, Müstəqil Azərbaycan
uğrunda can verməyə hazır olan, qan tökməyə
qadir olan atalarının Qarabağın işğalda olan
torpaqlarını azad edərək bütün
yaşayış məntəqələrinə
sancdığı Üçrəngli Bayrağı ləyaqətlə,
şərəflə qorusunlar. Onların qəhrəmanlığına
dastan bağlasınlar, mahnılar bəstələsinlər,
kitablar yazsınlar, filmlər çəksinlər. Qoy gələcək
nəsillər Azərbaycan oğullarının rəşadətindən
örnək götürsünlər...
Böyük Qələbə ilə başa çatan 44
günlük müharibənin hər günü dərsliklərdə
əks olunacaq, ən yeni tariximizin şərəfli səhifəsi
kimi millətimizin yaddaşına yazılacaq. Çünki,
bu şanlı tarixi Müzəffər Ali Baş Komandanın
rəhbərliyi altında igid döyüşçülərimiz,
Şəhidlərimiz, Qazilərimiz öz qanları,
canları bahasına qazandılar. Xalqın
da, Ordumuzun rəşadətli əsgərlərinin də
yüksək olan milli ruhu Dəmir yumruq əməliyyatlarının
uğurlarını gerçəkləşdirdi. Bütün bunlardan sonra kar, kor dünya Azərbaycan
həqiqətlərinə, onun gücünə, qüdrətinə
şahid oldu.
...Otuz il əvvəl - hələ mən və mənim
yaşıdlarım dünyada olmayanda, nələr olmuşdu,
Vətənin başına nə qovğalar
açılmışdı, gözəllər gözəli
Qarabağımızı kimlər talan etmişdi, biz
bunları böyüklərimizdən eşitmiş, mətbuatdan
oxumuşduq. Birinci Qarabağ savaşının
dəhşətlərini, ağrı-acısını
yaşayanların söhbətindən xəbər
tutmuşduq. Xocalı müsibətini dəfələrlə
televiziyadan izləmişdik. Soydaşlarımızın
müsibətini bilincə, dişimiz
dil-dodağımızı kəsirdi. Bəzən
atalarımızı, babalarımızı qınamaqdan da
çəkinmədik: Axı, niyə belə olmalıydı?.. Görünür, bir çox
suallara cavab verməyin də vaxtı, vədəsi
varmış. Buna Zaman hökm verəcəkmiş...
Gözlənilən vaxt gəlib
çatmışdı. VƏTƏN öz igidlərini otuz il
düşmən tapdağı altında inləyən gözəl
Qarabağın xilası naminə qəvi düşmənlə
döyüşə çağırırdı. Daha sonra ölkə başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin xalqımızı Vətən
uğrunda mübarizədə birliyə səsləyən
müraciəti, torpaqlarımızı azad edəcəyimizi
inamla bəyan etməsi xalqı müqəddəs amal
uğrunda birləşdirdi. Həmin vaxt
ehtiyatda olan istehkamçı zabit kimi ön cəbhədə
olmağımı dərk etdim (hərbi dildə deyildiyi kimi,
istehkamçı döyüşə birinci atılır,
döyüşü hamıdan sonra tərk edir).
Sentyabrın 21-i saat 9-da hərbi komissarlıqda
olmalıyam. Hələ nə baş verdiyini tam dərk etməyən
Arifi, İslamı yanıma çağırdım.
Anası onlara ötən həftə aldığım “əsgər
paltarı”nı geyindirmişdi. Xoş əhvalla, gülərüzlə ikisini də
bərk-bərk sinəmə sıxdım.
Boylarını süzdüm, gözlərinə baxdım...
Anaları kövrəldiyini, yaşla dolu gözlərini gizlətmək
üçün bir bəhanəylə mətbəxə
keçdi... Mənsə həmin anlarda hər
şeyi olduğu kimi yaddaşıma köçürmək
istəyirdim. Baxışlarımla hər
yeri həyəcanla nəzərdən keçirirdim.
Beş il kirayədə
yaşadığımız ikiotaqlı mənzilin
daşı, divarı, şəbəkəli qapısı, hətta
qəbiristana açılan pəncərəsi belə mənə
elə doğma göründü ki...
On yaşım olanda dünyasını dəyişən
anamın şəkli qarşısında dayandım. Gülümsəyən
gözlərini, mehriban çöhrəsini
baxışlarımla oxşadım və həmişə
olduğu kimi, indi də ona ürəyimdəkiləri
açdım: “Ağır, həm də şərəfli bir
yola çıxıram, Ana! Sən məni
dünyaya bu müqəddəs yolun yolçusu olmaq
üçün gətirdin. Bu məqamda
birgə olduğumuz günləri xatırlayıram. Birinci sinifdə oxuyanda mənə “Azərbaycan”
şeirini sən öyrətdin. İndi
boynumda olan haqqı ödəməyin vaxtıdır. Bilirəm, indi yanımda olsaydın, bütün gecəni
yatmayıb dua-səna edəcəkdin. Başımın
üstündə “Qurani-Kərim”i saxlayıb məni Allaha
tapşıracaqdın. Arxamca bir qab su atacaq, titrəyən
səsinlə “sağ get, salamat qayıt” ,-
deyəcəkdin... Gedirəm, ana, bilirəm ki, müqəddəs
ruhun daim məni qoruyacaq...”. Və
yola düşəndə uşaqlarımın anası arxamca
su atdı. Bu anlarda qəlbimi çulğamış
hisslərimə hakim olmağa çalışırdım...
Qismən səfərbərlik elan edildiyindən
komissarlığın həyəti qələbəlik idi. Düşmənlə
qanlı savaşda olaraq qalib gəlməyi yeganə məqsədi
bilən, bütün şüuru ilə dərk edən gənclər
komissarın oxuduğu siyahıda adlarını eşitmək
istəyirdilər. Adı siyahıda olmayanlar təkid
edirdilər... Qürurverici mənzərəydi.
Mənimlə yanaşı dayanmış atam,
qardaşım, əmim bu qələbəliyin içində
lap yaxın günlərdə hərb tariximizə qəhrəmanlıq
salnaməsi yazacaq gəncləri məhəbbətlə
süzürdülər. Bir qədər kənarda, yola
salanların arasında həmişə həyanım
olmuş, uğurlarıma sevinmiş, kədərimi, sevincimi
bölüşdüyüm, ziyası ilə yolumu
işıqlandırmış, hamının hörmətlə
“Ayiq müəllim” - deyə müraciət etdiyi, mənim isə
“bircə dayım” deyib, şəfqətinə,
böyüklüyünə sığındığım
Ayiq Səmədov dayanmışdı. O, həmişəki
kimi, şux ovqatla məni qucaqladı. Halımı, əhvalımı
sınayıcı nəzərlə süzdü... və
ayrılanda ərklə çiyinlərimi sıxıb
özünəməxsus tərzdə: - “Cəsarət, dəyanət,
qorxmazlıq və lazımi anda özünü fəda etmək
nəslimizə xas olan keyfiyyətdir, bunu unutma!” - dedi...
Yolumuz
Qarabağadı. Bizi aparan avtobusun sürücüsü sanki
vətənpərvər ruhlu mahnılardan çələng
hörmüşdü... Bir neçə
döyüşçü coğrafi biliyini nümayiş
etdirirmiş kimi elə hey mübahisə edirdilər.
Füzuliyə çatanda Qarabağın tutqun çöhrəsi,
sıxıntılı mənzərələri məndə
acı hisslər doğururdu: “Mənim gözəl diyarım,
bir vaxtlar sənin necə gözəl çağların
vardı, gur çayların, çiçəkli vadilərin,
uca dağların, qırqovullu meşələrin görənlərin
gözünü oxşayırmış. Torpağını əkib-becərən,
sadə, əməksevər övladların necə bəxtiyar
idi...”.
Üzücü, sakit 26 sentyabr gecəsi
başçısı olduğum taqımla səngərdə
dayanıb komandirin əmrini gözləyirdik. Hər dəqiqə bizə
bir il kimi görünürdü. Quşların pırıltısı belə sinirləri
tarıma çəkirdi. Rota komandiri bizimlə
tez-tez əlaqə saxlayırdı. Növbəti dəfə
yerləşdiyimiz səngərə girdi, yaxınlaşıb
mənə bir avtomat gülləsi verərək sakit, təmkinli
tərzdə dedi: “Kaş ki, bu güllədən istifadə
etməyəsən. Amma, müharibədir, hər şey ola
bilər...”.
Mənə verilən bu əlahiddə güllənin
mahiyyətini, təyinatını yaxşı bilirdim. Əsir düşməkdən
məni qoruyacaq “xilaskar güllə”...
Artıq, dan yeri sökülürdü. Tarixə
yazılacaq 27 sentyabr. Komandiri olduğum
istehkamçı dəstə “Allahu-Əkbər” sədası
ilə irəli atıldı. Bu, bizim Füzuli uğrunda
ilk döyüşümüz idi... Detallarına
varmayacam. Döyüşə-döyüşə
Burğa dərəsindən düşmənin mövqeyinə
tərəf irəliləyirdik. Göydən
yerə sanki yağış təki mərmi
yağırdı. Gündüz saat
dörd olardı. Düşmənin
minomyotlardan atdığı mərmilərdən bir neçəsi
söykəndiyimiz səngərə düşdü. Zərbənin
gücü həmin anda məni qaldırıb yerə vurdu... Kəllə-beyin travması aldığımdan bir
müddət özümdə olmamışam. Zərbədən beynim silkələnir,
qulaqlarım guruldayır, heç nə eşitmirdim.
Özümə
gələndə gördüm, yoldaşımızdan biri həlak
olub... İlk döyüşün, ilk şəhid
əsgərin bizdə yaratdığı ağır,
üzücü əhvalın nə demək olduğunu
sözlə ifadə etmək mənim üçün
çox çətindir. Amma
döyüşdükcə müharibənin qanunlarına
alışırsan. Anlaşılmaz qorxu,
həyəcan geridə qalır. Onun yerini
vətənpərvərlik hissi, müqəddəs amal
uğrunda apardığın savaşın məsuliyyəti
tutur. Başqa heç nə barədə
düşünməyə belə vaxt olmur. Yalnız irəli!
Bir-birinin ardınca Füzulinin Alxanlı kəndində, Kənd
Horadizdə, yaddaşımı itirdiyim üçün
adını unutduğum Cəbrayılın neçə-neçə
kəndində, Dostlar bulağında, Xocavəndin Tuğ kəndində,
Böyük Tağlarda Azərbaycan bayrağını
sancdıq. Zəfər sevincinin yaratdığı
qürurverici anlar yaşadıq. Bu
şanlı qələbələrin qazanılmasında qəhrəman
şəhidlərimizin, yaralı əsgərlərimizin
şücaəti misilsizdir, ağrı-acısı bu gün
də qəlbimizi göynədir.
Xüsusilə,
10 yaşlı qızını, 11 yaşlı oğlunu nənəsinə
tapşırıb Vətən müharibəsinə yollanan
tibb bacısı, bütün döyüşçülərə
doğma bacı olan Arəstə xanımın həlakı
hamımızı sarsıtdı. Təcili yardım
maşınında yaralılara ilk yardım göstərəndə
düşmənin snayper gülləsi sinəsindən dəymişdi...
Düşünürəm, şəhid bacımız Arəstə
Baxışovanın qəhrəmanlığını əbədiləşdirmək
qələm sahiblərinin mənəvi borcudur...
Noyabrın 10-nunda Ali Baş Komandan İlham Əliyev
televiziya ilə çıxış edib Azərbaycan
xalqını tarixi Qələbə münasibətilə təbrik
etdi. O gecə
sevincdən səhərə qədər yatmadıq. Bir-birimizi qucaqlayıb təbrik edir, Vətən
haqqında mahnılar oxuyurduq. Şadlığından
ağlayanlar da vardı. Bütün gecəni
keçdiyimiz döyüş yolundan fəxrlə
danışırdıq. O gecə Şəhidlərimizi
bir-bir xatırlayıb ruhlarına dualar oxuduq. Hospitallarda
müalicə olunan qazilərimizi xatırladıq.
Unudulmaz anlar idi...
İki gündən sonra müalicə almaq
üçün hospitala göndərildim. Həkimlər
gecikdiyimi bildirsələr də, tezliklə
sağalacağımı dedilər. Müalicə hələ
də davam edir... 2021-ci il, yanvar ayının 9-da ordudan tərxis
olunub, bir an da gözümün
qarşısından getməyən doğmalarımın, ailəmin
yanına alnıaçıq, vüqarla qayıtdım. Məni qarşılamaq üçün “əsgər
paltarlarını” geyinmiş Ariflə İslama zabit salamı
verdim. Otağa girib anamın şəklini,
gülər üzünü öpdüm. Sonra da “xilaskar
gülləni” ömür-gün yoldaşıma verib
tapşırdım ki, onu həmişəlik saxlasın, gələcəkdə
nəvələrinə “xilaskar güllə”nin
nağılını danışsın.
Və yeri gəlmişkən döyüşə
qatıldığım ilk gündən mənə həyan
olan İmaməliyə, Orxana, Nihada, Asimə, Toğrula və
digər dostlarıma təşəkkür edirəm. Döyüş bölgəsində
olarkən, mənə və əsgər yoldaşlarıma
baş çəkən, döyüşçülərə
maddi kömək, ailəmə mənəvi dəstək
göstərən əməkdaşı olduğum “Bank
Respublika”nın rəhbərliyinə sonsuz
minnətdarlığımı bildirirəm...
“Heç kəs unudulmur, heç nə yaddan
çıxmır!” - zahirən şüar kimi səslənsə
də, əslində həyatın doğurduğu gerçək
bir misaldır. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin Sərəncamı ilə fəxri adlara layiq
görülənlər arasında adımı görəndə
keçirdiyim qürur hissi sinəmə
sığmırdı: “Füzulinin azad olunmasına görə”
və “Xocavəndin azad olunmasına görə” medalları ilə
təltif edilmişdim.
Füzuli uğrunda döyüşlərdə göstərdiyim
şücaətə görə, mənə vaxtından əvvəl
baş leytenant rütbəsi verildi.
Gələcək nəsillər bilməlidir ki,
İkinci Qarabağ savaşı Xeyirlə Şərin
savaşı idi. Bu savaşda müttəhim 200 ildən bəri dədə-baba
torpaqlarımızı öz havadarlarının köməyi
ilə mərhələ-mərhələ işğal edən,
soydaşlarımıza qaçqınlıq, məcburi
köçkünlük ağrısı yaşadan faşist
xislətli ermənilər, nəhayət, 30 ilə yaxın
bir zamanda Dağlıq Qarabağ və onun ətrafında olan
7 rayonu öz murdar tapdağı altında saxlayan Ermənistan
rəhbərliyi və onun işğalçı ordusu olub.
Bu gün
inamla deyirik ki, 44 günlük Vətən müharibəsində
Müzəffər Ali Baş Komandanın rəhbərliyi
altında Azərbaycan ordusunun cəsur əsgərlərinin və
xalqımızın milli ruhunun, birliyinin təntənəsi Zəfəri,
Böyük Qələbəni labüd etdi.
Rövşən
MEHTİYEV,
Vətən
Müharibəsi qazisi,
ehtiyatda
olan baş leytenant.
Respublika.- 2021.- 30 mart.- S.9.