Veteranlar ölkə rəhbərliyinin
diqqətindədir
Azərbaycanda “Veteran hərəkatı”nın tarixi şərəfli səhifələrlə zəngindir. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev müstəqilliyin ilk illərində yazırdı: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər... Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, veteranlar bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək, bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının müqəddəs borcudur”. Tarixi qələbəmizi dərindən düşünüb təhlil edərkən daha çox veteranlar və veteran hərəkatı yada düşür. 27 sentyabr 2020-ci ildən başlayan, Qarabağ uğrunda döyüşlər - Vətən müharibəsi və ya “Dəmir yumruq” adlanan əməliyyat, məhz Ali Baş Komandanımız cənab İlham Əliyevin öz ordusuna, Silahlı Qüvvələrinə, veteranlarına verdiyi tarixi qiymətin və dəyərin haqlı olduğunu tam təsdiq etdi. Şəxsən onun bilavasitə rəhbərliyi və çağırışı ilə başlanan xilaskarlıq missiyası, 44 gün davam edərək, tarixi qələbəni - erməni faşizminin otuz ildən çox əsarətdə saxladığı tarixi ərazilərimizin - Müqəddəs Vətən torpağının - Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın və başqa yerlərimizin işğaldan azad edilməsi ilə nəticələndi. Artıq dünya hərb tarixi elminə qızıl hərflərlə yazılmış “Dəmir yumruq əməliyyatı” və ya Müqəddəs Vətən müharibəsi, milli tariximizin ən şərəfli və unudulmaz səhifələrindəndir. “Haror” (kamikadze) pilotsuz aparatlarından, Bayraktar TB2 pilotsuz dronlarından, yaradıcılıqla və böyük məharətlə istifadə edən Milli Ordumuz - əsgərlər və zabitlər düşmənin 2 milyard dollardan çox dəyərdə olan hərbi texnikasını məhv etdi. Azərbaycan Ordusunun unikal, fərdi, taktiki və texniki manevrləri, uçuşları tarixi qələbəni təmin etdi, inanılmaz qələbə qazanıldı. Xüsusilə, tarixi şəhərimiz Şuşanın erməni faşistlərindən qəhrəmanlıqla azad edilməsi taktikası dünya hərb tarixinə artıq bir qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Dronların düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələr endirməsi, artilleriya atəşlərini korreksiya etməsi və ən yüksək kəşfiyyat aparmaq keyfiyyətlərinə sahib olması Azərbaycan Ordusunun yüksək texnoloji keyfiyyətə və üstünlüyə sahib olduğunu təsdiq etdi. Qərbdə deyildiyi kimi, Azərbaycan Ordusunun sahib olduğu “sehrli texnologiya” onun real qələbəsini təmin edən əsas amil olsa da, əsgərlərimizin və zabitlərimizin fədakarlığı və qəhrəmanlığı təkrarsızdır. Bu misilsiz tarixi qələbə Ali Baş Komandanımız İlham Əliyevin gündəlik rəhbərliyi ilə əldə edildi. “Biz birlikdə güclüyük!” çağırışı bütün ölkə vətəndaşlarını, necə deyərlər, qələbə bayrağı altında bir yumruq kimi Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında birləşdirdi və tarixi qələbənin təmin olunmasını reallaşdırdı. KİV-lərin məlumatlarına görə hazırda Azərbaycan Ordusunun tarixi qələbəsini təmin edən döyüş strategiyası və taktikası dünya hərb elminin tanınmış mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir, öyrənilir, tədqiq edilir və dərsliklərə daxil edilir. Bu tarixi Qələbəyə görə, faktlara görə hər birimiz böyük qürur hissi keçiririk, bu zəfər həm də millətimizin və xalqımızın Vətənə bağlılığını, azadlıq uğrunda ölüm-dirim mübarizəsinə fədakarlıq və cəsarətlə getdiyini, milli döyüş ruhumuzun tarixi ənənələrə söykənərək çox yüksək olduğunu bir daha təsdiq etdi.
Azərbaycanın veteranlar hərəkatı çox böyük tarixi yol keçmiş və bugünkü qələbəmizin tarixi və ideoloji əsasında dayanmışdır. “Veteran” sözü öz etimoloji mənbəyini Qədim Romanın hərb tarixindən götürsə də, onun öz üstünlükləri və keyfiyyət göstəriciləri milli qürur yerimizə çevrilmişdir. “Qocaman əsgər”, “təcrübəli döyüşçü” və s. bu kimi mənaları ifadə edən “veteranus”, latınca “qoca” mənasını ifadə edir. Qədim Romanın müharibə tarixində, hərbi xidmətini başa vurmuş döyüşçülərə “veteran” adı verilməklə bu söz həm də böyük səfərbəredici mahiyyət daşımışdır. Yuli Sezarın “Dəmir döyüşçülər” adlandırdığı “veteranlar legionları” xüsusi hərbi bacarığı və şücaəti ilə fərqlənən peşəkar hərbçilərə deyilirdi. Belə şəxslər İtaliyada, Qədim Romada köləlikdən azad edilir və onlara vətəndaşlıq hüququ verilirdi. Təsadüfi deyil ki, Roma İmperatorluğu, dünya tarixində ilk dəfə olaraq, belə şəxslərin sosial təminatının ən yüksək formada həll edilməsi ilə tarixə düşmüşdür. Orduda döyüşmək və qalibiyyəti təmin etmək - Böyük Roma İmperatorluğu vətəndaşlarının, Vətən qarşısında dayanan ən mühüm və şərəfli vəzifəsi hesab olunurdu. Bütün İmperiyanın tarixi mövcudluğu dövründə daim fəaliyyətdə olan “Roma veteranları” nəhəng dövlətin monolit birliyinin məhək daşı idi. Məhz bunun nəticəsində də hələ e.ə 1-2-ci əsrlərdə Roma Respublikasında peşəkar ordu və donanmanın yaradılması, onun tarixi qələbələrinin əsasında dayanırdı. “Veteran” adlandırılan təcrübəli əsgərlər və onların ailə üzvləri, imperiya qanunları əsasında bütün vergilərdən və öhdəliklərdən azad olunur, onlara vətəndaşlıq statusu verilir və onlar öz valideynlərinin əmlaklarına varislik hüququ əldə edirdilər. Hətta veteran övladları atalarının daşıdığı statusdan bəhrələnərək, yeni Roma ordusunun əsas heyətini təşkil edirdilər. Qay Yuli Sezar e.ə 45-44-cü illərdə yüz minə qədər veteranı İtaliyada və onun ən yaxşı koloniyalarında yerləşdirməyə nail oldu. Onların çoxu öz dövrü üçün ən qiymətli nemət hesab edilən - mülk torpaqlarla mükafatlandırıldılar. Belə əsaslarla formalaşdırılan Roma ordusu, dünyanın ən döyüşkən və qalib ordusu kimi tarixə düşmüşdür.
Hələ Rusiya İmperiyasının tərkibində olduğu dövrdə xüsusi döyüşkənliyi, cəsarəti, mərdliyi və sədaqəti ilə fərqləndiyinə baxmayaraq, müsəlman azərbaycanlıların hərbi xidmətə çağrılması, hərbi məktəblərdə oxuması, təhsil alması, zabit kimi fəaliyyət göstərməsi, faktiki olaraq məhdudlaşdırılmışdır (bu işdə ermənilərin də tarixi rolu olmuşdur). Buna baxmayaraq, milli tariximizdə Səməd bəy Mehmandarov, “Rus artilleriyasının Allahı” kimi şərəfli ad qazanmış Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, sərkərdələr -Əbülfət ağa Şahtaxtinski, Kəlbəli xan Naxçıvanski, Xosrov bəy Sultanov, İbrahim ağa Vəkilov, Həbib bəy Səlimov, İbrahim ağa Usubov, Hüseyn xan Naxçıvanski, Mirkazım bəy Talışxanov, Firudun bəy Vəzirov, Qalib bəy Vəkilov, Daniyel bəy Hələcov, Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev, Teymur bəy Novruzov, Əmir Kazım Mirzə Qacar, Feyzulla Mirzə Qacar, Cavad bəy Şıxlinski, Əbdülhəmid bəy Qaytabaşı, Murad Tlexas, Məmməd Sadıq bəy Ağabəyzadə, Məhəmməd bəy Sulkeviç, Əmənulla Mirzə Qacar və onlarla digərləri öz qələbə uğurları ilə tarixə düşmüşlər. Təsadüfi deyil ki, Azərbaycanda Novruzovlar nəslindən üç, Qacarlar nəslindən yeddi, Yadigarovlar nəslindən dörd, Cavanşirlər nəslindən dörd, Talışxanovlar nəslindən beş, Şıxlinskilər nəslindən üç, Kəngərlinskilər nəslindən beş, Bakıxanovlar nəslindən üç hərbi sərkərdə - general yetişmişdir. Birinci Dünya müharibəsində 81 saylı Abşeron alayı, 82 saylı Dağıstan alayı, 83 saylı Samur alayı, 84 saylı Şirvan alayı, 205 saylı Şamaxı alayı, 206 saylı Salyan alayı Rusiya İmperiyası tərəfindən fədakarlıqla vuruşmuşlar. Azərbaycan Xalq Cümhuriyyəti qalib gəldikdən sonra, Rusiya ordusunda xidmət edən 21 general Bakıya gələrək yeni yaradılmış Xalq Cümhuriyyəti ordusunda xidmət etmək arzularını bildirmişlər. Erməni-daşnak terroru nəticəsində Milli Ordumuzda xidmət edən 12 general, 27 polkovnik, 46 kapitan, 148 praporşik, 260 nəfər digər rütbəli hərbi qulluqçularımız qətlə yetirilmişlər. Onlar sırasında general-mayorlar Həbib bəy Səlimov, Əmir Kazım Mirzə Qacar, İbrahim Ağa Usubov, Əbdülhəmid bəy Qaytabaşı, Murad Gəray bəy oğlu Tleyxas, Əliyar bəy Haşımbəyov, general-leytenant Məmməd bəy Sulkeviç kimi qüdrətli sərkərdələr olmuşlar.
Azərbaycan hərb tarixinin ən şərəfli səhifələrindən biri II Dünya müharibəsi illərinə təsadüf edir. SSRİ-nin tarixi qələbəsinin təmin olunmasında Azərbaycanın Bakı neftinin misilsiz xidmətləri olmuşdursa da, döyüşçülərimiz və sərkərdələrimiz tarixi varislərin ənənələrini təkrar etmişlər. Təsadüfi deyil ki, Sovet ordusunun tarixi qələbəsində böyük xidmətlərinə görə neft Bakısına “Qəhrəman şəhər” adı verilməsi barədə dəfələrlə ən yüksək səviyyələrdə təşəbbüslər göstərilsə də, layiq olduğu bu adın verilməsinə bəzi qüvvələr mane olmuşlar.
Hələ Rusiya İmperiyasının işğalçılıq siyasəti zaman-zaman ordu quruculuğunun daim diqqət mərkəzində saxlanılması haqlı olaraq önə çəkilmiş, əsgər və zabitlərə xüsusi diqqət və güzəştlər tətbiq olunmağa başlanılmışdır. Bu iş, xüsusilə, SSRİ-nin fəaliyyətdə olduğu dövrdə, II Dünya müharibəsində əldə edilmiş böyük qələbədən sonra, ciddi vüsət almış, İmperialist dövlətlərin əhatəsində olan SSRİ-nin ordu quruculuğu ən vacib dövlət siyasətinə çevrilmişdir. SSR İttifaqının tərkibində olduğu dövrdə, ölkəmizdə bu sahədə də müəyyən uğurlu addımlar atılmışdır. Müttəfiq Respublika olmasına baxmayaraq, məhz ulu öndər Heydər Əliyevin qətiyyəti ilə, hələ 1971-ci ildə, Bakıda C.Naxçıvanski adına ixtisaslaşmış hərbi lisey yaradılmışdır. Ulu öndərin bu böyük və tarixi xidmətləri, gələcəkdə müstəqillik əldə edəcək Azərbaycan Respublikasının Milli Ordusunun kadr ehtiyaclarını ödəməyə hesablanmış böyük uzaqgörənlik idi. Veteran hərəkatı isə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da daim diqqətdə saxlanılmış və inkişaf etdirilmişdir. 3 iyun 1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi böyük rəşadətlər və igidliklər göstərərək, nəinki SSRİ-ni, habelə bütün Avropanı faşizmdən xilas etmiş müharibə veteranlarını bir təşkilatda birləşdirmək təşəbbüsü ilə çıxış etdi. Buna görə də 29 sentyabr 1956-cı ildə “Sovet Müharibə Veteranları Komitəsi” təsis edildi. Sonradan digər veteranların da (əmək veteranı və s.) həmin təşkilatda birləşməsi təmin edildi və müttəfiq respublikalarda da onun nümayəndəlikləri təsis olundu. Maraqlı burasındadır ki, SSRİ büdcəsinin hər il 35 faizi məhz bu istiqamətdə - sosial məsələlərin və mədəniyyətin inkişafı problemlərinin həlli üçün ayrılırdı. Buna görə də illər keçdikcə “Veteran hərəkatı” daha böyük vüsət aldı, genişləndi və yeni-yeni səhifələrlə zənginləşdi. Xüsusilə faşizm üzərində qələbənin 20 illik yubileyinin keçirilməsi münasibətilə veteranlara və veteran təşkilatlarına göstərilən diqqət daha da inkişaf etdirildi. Gənclər bütün İttifaq miqyasında tarixi yürüşlər keçirir və ölkənin inkişafında fəallıq göstərirdilər. Bu yürüşlər içərisində “Brest qalasına tarixi yürüş” xüsusilə qeyd edilməlidir. Tarixçilər qeyd edirlər ki, “Brestin məşhur meydanında, bütün ölkə veteranları adından, qalanın tarixi müdafiəçiləri, yürüş iştirakçıları olan gənclərə, simvolik olaraq qəhrəman qalanın açarını təqdim etdilər. “Brest qalasının mövcud olduğu bütün tarixi dövr ərzində, ilk dəfə olaraq onun müdafiəçiləri, bu əfsanəvi darvazanın açarını gənclərə etibar etdilər”. Çox maraqlıdır ki, qəhrəman “Brest” qalasının tarixi açarını SSRİ gənclərinin nümayəndəsi, gənc toxucu Valentina Kondratiyevaya Azərbaycan məktəblisi İlham Əliyev (hazırkı Prezidentimiz) təqdim etdi. Fikrimcə bu gün ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan veteranlarına göstərdiyi xüsusi qayğı və diqqət məhz həmin dövrdən başlanmışdır.
İttifaq miqyasında geniş vüsət almış “Veteran hərəkatı” 21 mart 1987-ci ildə Azərbaycan Respublikasında Veteranlar Təşkilatının birinci qurultayında, yeni bir təşkilatın - veteranlar təşkilatının təsis edilməsi ilə nəticələndi.
Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, bütün ölkədə olduğu kimi, Veteran hərəkatının da yeni inkişaf mərhələsinə keçidinə səbəb oldu. Veteranlara və veteran təşkilatlarına lazımi şərait yaradıldı. Ən böyük və yaddaqalan hadisə isə 28 iyun 1994-cü ildə ölkə tarixində ilk dəfə olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi oldu. Həmin Qanun Heydər Əliyev tərəfindən Milli Məclisə təqdim edilmişdir. Bu Qanunda veteranlara dair dövlət siyasətinin əsas istiqamətləri müəyyən edilmiş, müharibə veteranlarının, Silahlı Qüvvələr veteranlarının, Əmək veteranlarının statusu, onların pensiya təminatı, istehsal fəaliyyəti, mənzil-məişət şəraiti, dərman və müalicə vasitələri ilə təminatı, onlar üçün nəzərdə tutulan əlavə güzəştləri, veteranların sosial və tibbi müdafiəsi, digər zəruri və vacib məsələlər, ilk dəfə olaraq hüquqi baxımdan mükəmməl tənzim edilirdi. Qanunun 21-ci maddəsində göstərilirdi ki, veteranların sosial müdafiəsi tədbirlərini müvafiq icra hakimiyyəti orqanları planlaşdırır və veteranların sosial müdafiəsi proqramları dövlət büdcəsinin, Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Veteranların Respublika Təşkilatı isə dövlət büdcəsi hesabına ayırmalarla maliyyələşir.
Ulu öndərimiz Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik və ideoloji kursunun şərəfli davamçısı, ölkə Prezidenti, Qalib Ordunun Ali Baş Komandanı İlham Əliyev isə veteranlara üz tutaraq demişdir: “Onlar xalqımızın fəxridir. Cəmiyyətin ən dəyərli insanlarıdır... Hər bir vəzifəli şəxs, Sizə böyük diqqət və qayğı göstərməlidir. Mən bütün məmurlara tapşırmışam ki, Sizin problemlərinizlə məşğul olsunlar ki, Siz rahat yaşaya biləsiniz. Sizin buna haqqınız çatır... Çünki Siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz... Biz Sizinlə fəxr edirik. Gənc nəsil də Sizinlə fəxr etməlidir. Gənc nəslimizin vətənpərvərlik uğrunda tərbiyə olunmasında, Sizin kimi insanların rolu çox böyükdür”. Məhz cənab İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqəti və qayğısı nəticəsində Respublikanın Veteran Təşkilatı müasir ofislə, istifadə etmək üçün inventarlarla, nəqliyyat vasitələri ilə təmin edilmişdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Prezident təqaüdçüsü, fədakar ana Fatma xanım Səttarova ölkədə veteranlara göstərilən qayğı və diqqəti qürur hissi və minnətdarlıqla xatırladaraq, yaxın günlərdə keçirilən Veteran Təşkilatının Plenumdakı çıxışında “ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı Veteranlarımızın hamisi” adlandırmaqla, onlara öz dərin minnətdarlığını bildirmişdir.
Bəhram ZAHİDOV,
Azərbaycan Respublikası Veteranlar
Təşkilatının hüquq və kadr
şöbəsinin müdiri,
Müharibə və Əmək veteranı,
hüquq elmləri doktoru, professor.
Respublika.- 2021.- 30 mart.- S.9.